Davud Cəbrayıl oğlu Məmmədov (21 fevral 1910, Yelizavetpol – bilinmir) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR yerli sənaye naziri (1958–1963).
Davud Məmmədov | |
---|---|
30 mart 1963 – 11 iyun 1963 | |
Əvvəlki | vəzifənin adı dəyişdirilib |
Sonrakı | Nəbibə Həsənova |
31 dekabr 1958 – 28 mart 1963 | |
Əvvəlki | Qurban Xəlilov |
Sonrakı | vəzifənin adı dəyişdirilib |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 21 fevral 1910 |
Doğum yeri | |
Vəfat tarixi | bilinmir |
|
|
Təltifləri |
Davud Məmmədov 1910-cu ildə hazırkı Gəncə şəhərində xırda qulluqçu ailəsində anadan olmuşdur. 1928-ci ildə orta məktəbi bitirərək Tiflis Politexnik İnstitutuna daxil olmuş, sonra isə Bakıdakı Azərbaycan Neft İnstitutuna keçərək həmin institutu 1933-cü ildə mühəndis-mexanik ixtisası üzrə bitirmişdir. Davud Məmmədov təhsil aldığı illərdə S. M. Kirov adına mexaniki zavodda mühəndis vəzifəsində çalışmış, təhsilini tamamladıqdan sonra da burada qalaraq əvvəlcə mühəndis-texnoloq, sonra növbə rəisi və mexaniki sexin rəis müəvini işləmişdir.[1]
1935-ci ildə Davud Məmmədov Sovet Ordusu sıralarına hərbi xidmətə çağırılmış, tərxis olunduqdan sonra yenidən işlədiyi zavoda qayıtmışdır. Burada texnoloji proseslər üzrə qrupun rəhbəri, 1939-cu ilin avqustunda isə zavodun baş mühəndisi olmuşdur. Bundan sonra o, rəhbər işə irəli çəkilərək "Azərneftmaş" trestinə müdir təyin edilmişdir.[1]
Davud Məmmədov Sovet İttifaqının sifariş etdiyi qazıma avadanlığını texniki cəhətdən yoxlayıb qəbul etmək üçün 1946-cı ildə mütəxəssis qismində Amerika Birləşmiş Ştatlarına göndərilmiş, ezamiyyətdən qayıtdıqdan sonra bir müddət Leytenant Şmidt adına maşınqayırma zavoduna başçılıq etmiş, sonra isə yenidən "Azərneftmaş" trestinin müdiri olmuşdur.[1] 1957–1958-ci illərdə Davud Məmmədov Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasının sədr müavini, sonra isə Azərbaycan SSR yerli sənaye naziri olmuşdur.[2]
Davud Məmmədov "Lenin", "Qırmızı əmək bayrağı", "Şərəf nişanı" ordenləri və medallarla təltif edilmişdir. O, dəfələrlə Bakı və rayon zəhmətkeş deputatları sovetlərinə deputat seçilmişdir.[1]