Davud Məcid oğlu Nəsibov (25 avqust 1942, Qazax – 26 mart 2003, Bakı) — şair, publisist, tərcüməçi, 1969-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan komsomolu mükafatı laureatı (1984), Ümumittifaq komsomolu mükafatı laureatı (1986).
Davud Nəsib | |
---|---|
Davud Məcid oğlu Nəsibov | |
Doğum tarixi | 25 avqust 1942 |
Doğum yeri | |
Vəfat tarixi | 26 mart 2003 (60 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | yol-nəqliyyat hadisəsi |
Təhsili | |
Fəaliyyəti | tərcüməçi, şair, publisist |
Fəaliyyət illəri | 1956-cı ildən |
Janr | poeziya |
İlk əsəri | "Mənim doğma çayım - Mənim Kür çayım" (1956) |
Mükafatları | |
davudnasib.az |
Davud Nəsib 1942-ci il avqustun 25-də Azərbaycanın Qazax şəhərində anadan olmuşdur. Qazax şəhər 2 saylı orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsində təhsil almışdır (1959–1963).[1]
Ədəbi fəaliyyətə 1956-cı ildə "Qalibiyyət bayrağı" (Qazax rayonu) qəzetində dərc edilən "Mənim doğma çayım — Mənim Kür çayım" adlı ilk şeiri ilə başlamışdır.[2] Həmin vaxtdan fəal poetik yaradıcılıqla məşğul olmuşdur. SSRİ xalqları poeziyasından bədii tərcümələri də vardır. Macar şairi Mikloş Radnotinin şeirlər kitabını Azərbaycan dilinə çevirmişdir.[3] Onun Moskvada "Sovetski pisatel" nəşriyyatı tərəfındən "Anama məktublar" (1974), "Ocaq daşları" (1981) şeirlər kitabları çap olunmuşdur.[4]
1966–1969-cu illərdə Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində incəsənət redaksiyasında redaktor işləmişdir.
Moskvada, SSRİ Yazıçılar İttifaqı nəzdində olan ikiillik ali ədəbiyyat kursunu bitirmişdir (1971–1972).[5] Sonra Bakıya qayıtmış, "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi, təsviri sənət şöbəsinin müdiri olmuş, sonra burada poeziya şöbəsinə rəhbərlik etmişdir. Azərbaycan Yazıçılar İttifaqı Rəyasət Heyətinin üzvü idi. 1978–1980-ci illərdə Macarıstan Xalq Respublikasında yaradıcılıq ezamiyyətində olmuşdur.[6]
ÜİLKGİ — XVU qurultayına nümayəndə seçilmişdi. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanına (1984), Ümumittifaq və Azərbaycan LKGİ-nin Fəxri fərmanlarına layiq görülmüşdü.[7]
2003-cü il martın 26-da qəzaya uğrayıb dünyasını vaxtsız dəyişmişdir.[8]
Məxfirət Nəsibova (Hüseynova) ilə ailəli idi. Xəyal, Xəyyam adlı iki övladı var.[9]
Davud Nəsibin atası Məcid Nəsibov Böyük Vətən müharibəsində həlak olub.[10]
2022-ci ildə Qazax Rayon İcra Hakimiyyəti və Azərbaycan Yazıçılar Birliyi (AYB) Qazax zona filialının birgə təşkilatçılığı ilə Davud Nəsibin anadan olmasının 80 illiyi ilə əlaqədar Qazax şəhərinin Ədəbiyyat Muzeyində xatirə gecəsi keçirilmişdir.[11]