Delft Texnologiya Universiteti (nid. Technische Universiteit Delft) — Niderland Krallığının ən böyük və qədim dövlət universitetlərindən biri; Beynəlxalq standartlara və normalara uyğun müasir maddi-texniki bazaya malik ali təhsil ocaqlarından biri.
Delft Texnologiya Universiteti TU Delft | |
---|---|
52°00′06″ şm. e. 4°22′21″ ş. u.HGYO | |
Əsası qoyulub | 8 yanvar 1842 |
Tip | dövlət universiteti |
Tələbə sayı | 24.703[1] |
Ölkə | |
Ünvan | Niderland, Delft şəhəri |
Sayt |
tudelft.nl tudelft.nl/en/ |
Vikianbarda əlaqəli mediafayllar |
Universitet 8 yanvar 1842-ci ildə Niderlandda mühəndis və ticarətçi yetişdirən Kral Akademiyası adı ilə kral II Vilhelm tərəfindən yaradılmışdır. Kral Akademiyanın əsas məqsədi Niderland Krallığının müstəmləkələrində fəaliyyət göstərən "Ost-Hind" holland şirkətində çalışmaq üçün dövlət qulluqçuları hazırlamaq idi. Akademiyanın ilk direktoru ilk Lipkens adlanan holland optik teleqrafının konstruktoru Antuan Lipkens təyin edilmişdir.
Akademiyada ilk tələbə təşkilatı 1848-ci il martın 22-də yaradılıb.
1863-cü il mayın 23-də "Niderlandda texniki təhsilin tətbiqi haqqında" qanun qəbul olunur. Bir il sonra iyunun 20-də kralın sərəncamına əsasən Kral Akademiyasının adı dəyişdirilərək Delft Politexnik Məktəbi olur. Yeni yaradılmış məktəbin məzun mühəndisləri XIX əsr sənayeləşdirmə dövrünün əsas iştirakçılarına çevrilirlər.
1905-ci il mayın 22-də məktəbin akademik təhsilini vurğulamaq üçün Delft Politexnik Məktəbinin adı Delft Texniki İnstitutu adı ilə əvəz olunur. İnstitut elmi dərəcə vermək hüququ qazanır, ali məktəbin tələbələrinin sayı qısa müddət ərzində 450-yə yüksəlir. 1905-ci il iyulun 10-da institutun yeni binasının açılışında Niderland kraliçası Vilhelmina iştirak edir.
Həmin dövrdə institut binalarının əksəriyyəti Delft şəhərinin mərkəzində, bir neçəsi isə Uippolder rayonunda Schie çayının sahilində yerləşirdi. 1917-ci ildə universitetin Texniki plantasiyası (hazırda Delft Texnologiya Universitetinin Botanika bağı) yaradılır. Eyni zamanda 1917-ci ildə bu ali məktəbə ilk qadın professoru (Toos Korvezee) təyin edilir.
II Dünya müharibəsi bitdikdən sonra Delft Texniki İnstitutu tez bir zamanda əvvəlki nüfuzunu bərpa edərək sürətli inkişaf yoluna qədəm qoyur.
1986-cı il sentyabrın 1-də institut rəsmi olaraq Delft Texnologiya Universiteti adlandırılır. Universitetin tələbələri arasında oğlanlar çoxluq təşkil etdiyi üçün 1990-cı illərdə burada qız tələbələrin sayının artırılması məqsədilə xüsusi komissiyalar yaradılır. Qızların bu ali məktəbə cəlb edilməsi işinin davamı olaraq universitetdə "Qızlar texnologiyanı öyrənirlər" günləri təşkil olunur. 1997-ci il sentyabrın 1-də isə universitetin 13 fakültəsinin birləşdirilməsi nəticəsində 8 fakültə yaradılır.
2006-cı ildə Delft Texnologiya Universitetinin bütün binaları Delft şəhərinin mərkəzindən kənara köçürülür. 2008-ci il mayın 13-də universitetdə qısaqapanma nəticəsində yanğın baş verir və Memarlıq fakültəsinin binası tamamilə yararsız vəziyyətə düşür. Yalnız xoş təsadüfdən fakültənin minlərlə kitab və xəritə, memarlıq modelləri və s. materiallardan ibarət kitabxanası yanğından heç bir zərər çəkmir.
İlk vaxtlar Delft Texnologiya Universitetinin binaları Delft şəhərinin tarixi mərkəzində yerləşirdi. 2006-cı il sentyabrın 12-də Mekelpark ərazisi rəsmi olaraq universitetin kampusu kimi təsdiq olunur və 2009-cu il iyulun 5-də kampusun açılışı baş tutur. Universitetin bu kampusu II Dünya müharibəsi dövründə burada çalışmış professor Yan Mekelin şərəfinə adlandırılır. Kampusda xüsusi diqqətçəkən yerlər velosiped yolu və dayanacaqları, eləcə də avtomobil dayanacaqlarıdır. Buradakı binalar memarlıq üslubunun zənginliyi ilə diqqəti cəlb edir.
Delft Texnologiya Universitetinin rəmzi Zevsin razılığı olmadan Olimp dağından alovu oğurlayıb insanlar üçün gətirən qədim yunan əsatirindən tanıdığımız Prometeydir. Prometey insanlara alovdan istifadə etməyi öyrədən ilk mühəndis kimi tanınır. Mekelpark kampusunun girişində Prometeyin böyük heykəli qoyulub.
Universitetin Aula korpusunun rəsmi açılışı 1966-cı il yanvarın 6-da Hollandiyanın Baş naziri Cals Conun iştirakı ilə baş tutub. Bu korpus klassik Brutalist üslubunda tikilmiş binadan ibarətdir. Burada universitetin arxivi, mühazirə və konfrans zalları, inzibati binaları yerləşir. Elmi dərəcələrin verilməsi, rəsmi tədbirlər, görüş və konsertlər məhz bu korpusda keçirilir.
Delft Texnologiya Universitetində onlarca departament və şöbələrdən ibarət Memarlıq, Vətəndaş quruculuğu və yer elmləri, Elektrotexnika, riyaziyyat və informatika, Sənaye dizaynı, Aerokosmik mühəndisliyi, Texnologiya, siyasət və idarəetmə, Tətbiqi elmlər, Mexanika, dəniz və materialşünaslıq elmləri fakültələri fəaliyyət göstərir.
Universitetdə 16 bakalavr proqramı təklif olunur. Tələbələr üç il təhsil aldıqdan və test imtahanları verdikdən sonra bakalavr səviyyəsinə yüksəlirlər. Onu da qeyd edək ki, bakalavr proqramları universitetin bütün fakültələrində holland, yalnız Aerokosmik mühəndislik fakültəsində isə ingilis və holland dillərində keçilir.
Universitetdə 39 magistr proqramı təklif edilir və bu proqramlar ikiillik təhsildən ibarətdir. Təhsilin birinci ilində nəzəri tədqiqatlar, tapşırıq və laborator işlər aparılır, ikinci il isə elmi-tədqiqat, təcrübə keçmə işlərinə, tezis hazırlanmasına həsr olunur.
Delft Texnologiya Universiteti Avropa Kredit Köçürmə Sistemini qəbul edib və bu sistemə əsasən magistr hər il 60 ECTS (European Credit Transfer System) xal toplamalıdır. Niderland qiymətləndirmə şkalasına əsasən 7.5 və daha yüksək bal toplayan, bütün kurslarda mütəmadi iştirak edən magistrant əlaçı hesab olunur. Dünyanın bir sıra universitetləri ilə əməkdaşlıq çərçivəsində Delft Texnologiya Universitetində "3 TU" federasiya, Erasmus Mundus, IDEA Liqa birgə magistr proqramları mövcuddur.
Delft Texnologiya Universitetində doktorantura səviyyəsi üç mərhələdən ibarətdir. Birinci mərhələ bir il nəzərdə tutulub və bu bir il ərzində şəxs doktorluq səviyyəsi üzrə tədqiqat aparma qabiliyyətini sübut etməlidir. Namizəd qiymətləndirmədən yaxşı keçərsə, doktorluq dissertasiyasının işlənilməsi və müdafiəsi işinə buraxılır. Doktorluq dissertasiyası universitet və kənardan olan digər alimlərin iştirakı ilə qiymətləndirilir. Daha sonra komitə üzvlərinin rəylərinə baxılır və namizəd rəsmi olaraq doktorluq dissertasiyasının müdafiəsinə buraxılış hüququ qazanır. Doktorluq dissertasiyasının müdafiəsi təntənəli xarakter daşıyır və bir saat davam edir. Bu vaxt ərzində doktorant komitə üzvünün hər birinin suallarını cavablandırmalıdır. Universitetdə bütün müdafiə tədbirləri rektorun və ya onun nümayəndəsinin sədrliyi ilə keçir və açıq şəkildə aparılır.
Mineralogiya-Geologiya Mərkəzi Vətəndaş quruculuğu və yer elmləri fakültəsinin bir hissəsidir. Burada 200000-dən çox geoloji, mineraloji, kristalloqrafik elementlərdən ibarət materiallar çoxlu sayda sub-kolleksiyalara bölünüb. Beyerink en Klyuyver arxivində isə tarixi sənədlər, eksponat və digər materiallar saxlanılır.
Delft Texnologiya Universitetinin Botanika bağı mikrobioloq və botaniklər Herrit van İterson və Martinus Beyerink tərəfindən yaradılıb. 1948-ci ilədək Herrit van İterson bağın ilk direktoru vəzifəsində çalışıb. Botanika bağının yaradılmasında məqsəd Hollandiyanın Ost-Hind müstəmləkəsində tropik kənd təsərrüfatı tələbatının artması ilə əlaqədar olub. Botanika bağında 7000-dən çox müxtəlif tropik, subtropik və dekorativ bitki növü mövcuddur. Bağda yetişdirilən bitkilər 2,5 hektar ərazini əhatə edir. Eyni zamanda universitet istilikxanalarında 2000-dən çox nadir bitki növü qorunur. Bağdakı bütün bu nümunələr istənilən şəxs üçün açıqdır.
Delft Texnologiya Universitetinin prezidenti Dirk van den Berq, rektoru isə Karel İr Luybendir. Universitetdə 4588 nəfər işçi çalışır. İşçilərin 2683 nəfərini akademik, 1905 nəfərini isə inzibati heyət təşkil edir. Ali məktəbdə ümumilikdə 16427 nəfər tələbə təhsil alır. Onların 10000-dən çoxu bakalavr, qalanları isə magistr və doktorantlardır. Tələbələrin 14%-ni əcnəbilər təşkil edirlər.
Delft Texnologiya Universiteti bir çox kəşflərin, elmi layihələrin həyata keçirildiyi elmi-tədqiqat mərkəzi kimi tanınır. Universitetdə çalışmış alim-mikrobioloq Martinus Beyerink 1898-ci ildə ilk dəfə olaraq bir çox virusları kəşf edib, müqayisəli mikrobiologiyanın atası hesab olunan Albert Yan Klyuyverin əvəzolunmaz xidməti nəticəsində Delft Mikrobiologiya Məktəbi yaradılıb. 1998-ci ildə universitetdə ilk tranzistor nümayiş olunub. Son dövrlərdə universitetdə insan kimi hərəkət edən ilk Flame (Alov) robot-humanoidi, saatda 250 km sürətə malik "Superbus" avtobusları, günəş batareyası ilə işləyən "Nuna" yarış maşını hazırlanıb və s.
Delft Texnologiya Universiteti müxtəlif fənlər vasitəsi ilə keyfiyyətli təhsil verərək sahibkar liderlər yetişdirmək məqsədini daşıyır. Universitet multi-mədəni elmi-tədqiqat mərkəzi olaraq, dünyanın ən aparıcı dövlətləri ilə əməkdaşlıq edir. Qədim tarixə və şərəfli inkişaf yoluna malik bu ali məktəb məşhur məzunları və alimləri ilə tanınır. Delft Texnologiya Universiteti yeni nəsil tədqiqatçılar, xüsusi bilik və peşəkar bacarığa malik alimlər yetişdirməklə, əsaslı dəyişikliklərə yol açan kəşflərə imza atmaqla, eləcə də sosial problemlərin həllini tapmaq axtarışları ilə öz əsas missiyasını yerinə yetirməkdədir.
Delft Texnologiya Universitetinin əsas kitabxanası 1997-ci ildə Mecanoo memarlıq bürosunun layihəsinə əsasən tikilib. Kitabxana Aula korpusunun arxa hissəsində yerləşir. Kitabxananın damı təbii ot örtüyünə malikdir. Kitabxana divarlarının bir hissəsi şüşədən ibarətdir. Tikilinin üzərindəki polad konus binaya əvəzolunmaz görüntü bəxş edir.
1998-ci ildə universitet kitabxanası polad və hibrid konstruksiyalar kateqoriyası üzrə Hollandiya Milli Polad Mükafatına layiq görülüb.
Delft Texnologiya Universitetinin üç muzeyi mövcuddur:
Delft Elmi Mərkəzi 2010-cu ildə açılıb və Texniki Sərgi Mərkəzinin, Delft Texniki Muzeyinin davamı kimi fəaliyyət göstərir. Texniki Sərgi Mərkəzinin tarixi kolleksiyaları Delft Texniki Muzeyinə köçürülüb. Burada universitetin texnologiya üzrə əldə etdiyi nailiyyətlər nümayiş olunur. Bu kolleksiyaların əksəriyyəti İsrail, Çexiya və s. kimi xarici ölkələrdə də sərgilənir.
Universitetin 2009-2010-cu tədris ilində illik büdcəsi 382700000 avro təşkil edib, şəxsi gəlirləri isə 282700000 avro olub.
Universitetdə təhsil haqqı yerli, Avropa Birliyi və Avropa İqtisadi Məkanı ölkələrini təmsil edən, eləcə də əcnəbi tələbələr üçün fərqlidir. Yerli, Avropa Birliyi və Avropa İqtisadi Məkanı ölkələrindən olan tələbələrin təhsil haqqı 2010-2011-ci tədris ilində bakalavratura və magistratura səviyyələrində fakültədən asılı olaraq 1672-12780 avro arasında dəyişib. 2011-2012-ci tədris ilində bu məbləğin 1713-12500 avro arasında olacağı gözlənilir. Əcnəbi tələbələrin təhsil haqqı 2010-2011-ci tədris ilində fakültədən asılı olaraq bakalavratura səviyyəsində 8000, magistratura səviyyəsində isə 12500 avro təşkil edib.
Delft Texnologiya Universitetinə təhsil almağa gələn tələbəyə ilkin olaraq 1500 avro lazım gəlir. Tələbə sonradan yataqxana, qidalanma, nəqliyyat, kitab və mütləq tibbi sığorta daxil olmaqla ayda 850-1100 avro xərcləyir. Yataqxanalarda qalmaq üçün tələbəyə ayda 450-600, qida, geyim, nəqliyyat, məişət xərcləri üçün 350-450, tibbi sığorta və müayinə üçün 40-100, kitab və digər dərs ləvazimatları üçün 65-85, digər ümumi xərclər üçün isə 500 avro lazım gəlir.
2007-ci ildə Niderlandın digər iki texniki ali məktəbi - Eyndhoven və Tvente universitetləri ilə birlikdə 3TU ("3 Texnologiya Universiteti") adlı federasiya yaratmışdır.
Delft Texnologiya Universiteti Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, 100 ən yaxşı ali məktəb arasında 83-cü yerdə olmuşdur.
"Times Higher Education World University Rankings"in 2010-cu il üzrə reytinq cədvəlində isə dünyanın ən nüfuzlu universitetləri arasında 151-ci, "QS World University Rankings"in açıqlamasına əsasən isə 108-ci yerdə qərarlaşmışdır.
Buranın məzunu olan məşhurlardan misal olaraq aşağıdakıların adlarını çəkmək olar: