Densterfors (ing. Dunsterforce) — 1917-ci ilin dekabrında yaradılmış və onun komandiri general-mayor Lionel Denstervilin adını daşıyan Atlanta hərbi qüvvəsi. Qüvvə Qərb və Mesopotamiya cəbhələrindən cəlb edilmiş 350-dən az Avstraliya, Yeni Zelandiya, Britaniya və Kanada zabitləri və unter-ofiserlərdən ibarət idi. Bu qüvvə Ermənistanda Osmanlı ordularına qarşı vuruşan çar ordusunu əvəz etmək üçün Şimali İran (Fars) və Cənubi Qafqazda yerli birləşmələr təşkil etmək niyyətində idi. Ruslar, həmçinin alman və osmanlı agentlərinin Orta Asiya, Əfqanıstan və Hindistana çatmasının qarşısını almaq üçün bir kordon yaratmaq üçün İranın cənubunu ingilislər ilə əməkdaşlıq edərək Şimali İranı da işğal etmişdilər.
Rəsmən "Densterfors" adlanırdı. Denstervil missiyası Böyük Britaniya hökuməti üçün olduqca əhəmiyyətli idi. "Densterfors"un əsas məqsədi alman-türk qoşunlarının Əfqanıstan və Hindistana doğru hərəkətinə mane olmaq idi. Bağdad-Bakı-Buxara istiqamətində hərəkət etmək əmri aldıqdan sonra, Denstervil 12 zabit, 40 əsgər və "Ford"markalı 41 avtomobildən, həmçinin bir zirehli maşından ibarət dəstəsi ilə 1918 il fevralın 11-də Həmədana, 16-da Qəzvinə, 18-də Ənzəliyə çatdı. Ənzəli bolşevik əhvali-ruhiyyəli rus hərbçilərinin əlində olduğundan, Denstervil fevralın 25-də öz dəstəsi ilə Həmədana qayıtdı. Həmədan-Ənzəli yolu ilə yanaşı, Qafqaza Zəncan və Təbriz vasitəsilə də çıxmağın mümkünlüyü müzakirə olundu. Beləliklə, Denstervil Həmədandan Bakıya yürüş üçün bir neçə istiqamətdə qızğın fəaliyyətə başladı. 1918-ci ilin yazınadək ingilislər Cənubi Azərbaycanın bir sıra vilayətlərini tutdular və Xəzərin cənub sahillərində möhkəmləndilər. Rus ordusunun İranda qalmış kazak hissələrinin komandiri podpolkovnik L. Biçeraxovla yaxınlaşan Denstervil 1918 il martın ortalarında onunla saziş imzaladı. İngilislər L. Biçeraxovun kazak dəstələrinə Xəzər dənizinə nəzarəti təmin edəcək qüvvə kimi baxırdı. Göstərəcəyi xidmət müqabilində Denstervildən böyük məbləğdə pul alan L. Biçeraxov öz dəstəsiylə Denstervilin hərbi qüvvələrinə qatıldı və hazırlanmış plana uyğun olaraq, martın 28-də Qəzvini tutdu. 1918-ci il avqustun əvvəllərində B. Britaniya qoşunlarının Bakıya daxil olması üçün əlverişli şərait yarandı. Avqustun 1-də daşnak və eser-menşevik tör-töküntülərindən qurulan oyuncaq "Sentrokaspi Diktaturası" hökuməti Qafqaz İslam Ordusu ilə mübarizədə Denstervildən yardım istədi. Avqustun 4-də polkovnik Stoksun başçılıq etdiyi 300 zabit və əsgərdən ibarət ilk ingilis dəstəsi Bakıya gəldi. Avqustun 9–17 arası üç batalyon, bir səhra artilleriya batareyası və bir neçə zirehli maşından ibarət olan ingilis hərbi qüvvələri də Bakıya daxil oldular.
Denstervilin Bakıdakı hərbçilərinin sayı 1000-ə qədər idi. Ordu qərargahı "Avropa" (indiki Lukoyl şirkətinin binası) hotelində, ordunun digər xidmətləri isə "Metropol" (indiki Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin binası) hotelində yerləşdirilmişdi. ―Sentrokaspi diktaturasının başçıları cəbhənin ingilislərə tabe etdirilməyəcəyini, yalnız onların nümayəndələrinin cəbhə qərargahına daxil ediləcəyini bildirsələr də, əslində, ingilislərin gəlməsi ilə Bakının qorunmasının təşkili onların nəzarəti altına keçdi. Cəbhə xəttinin ən vacib nöqtələrinə ingilis bölmələri yerləşdirildi. Müdafiə xəttinin sol cinahı Şimali Stafford alayına tapşırıldı. Bu alayın 100 nəfərlik bir dəstəsi cəbhə xəttinin mərkəzində yerləşdirildi. Denstervil yerli hərbi qüvvələrin hazırlıq səviyyəsindən, qeyri-peşəkar döyüş qabiliyyətindən narazı qaldı. İngilislərin bütün müdafiə xəttini qorumağa imkanı olmadığı üçün cəbhənin ən vacib sahələrinin qorunmasını öz üzərlərinə götürmüşdülər. Cəbhənin sol cinahından başqa Qurd qapısı yüksəkliyi də Şimali Stafford alayının nəzarəti altında idi. Bundan başqa bu alayın kiçik bir dəstəsi Palçıq Vulkanı yaxınlığına göndərilmişdi. Sonradan Bakıya gələn Vervik və Uorçester taborları məhz bu istiqamətə göndərilərək, oranın müdafiəsi gücləndirilmişdi. Ön xətdəki qoşunlara rəhbərlik polkovnik Keyvorta, bütün briqadaya rəhbərlik isə polkovnik Favielə həvalə olunmuşdu. Avqustun sonu üçün döyüşlər, başlıca olaraq, Binəqədi yüksəklikləri ətrafında cərəyan edirdi. İngilis qüvvələri ilə "Sentrokaspi" hissələri Bakıya doğru sıxışdırıldı. Şəhərin müsəlman əhalisi türklərə xilaskar kimi baxırdı. Britaniya komandanlığı aclıq çəkən şəhərdə əsgərlərini ərzaqla belə təmin edə bilmirdi. İngilislərin İrandan Bakıya hərbi sursat daşıması getdikcə çətinləşirdi. L. Biçeraxovdan yardım almağa çalışan Denstervil avqustun 20-də Dərbəndə yola düşsə də, yerli bolşeviklər buna mane oldular. Avqustun 25-də Ənzəliyə gələn Denstervil, avqustun 27-də oradan silah və sursatla Bakıya qayıtdı. Avqustun sonu üçün Bakını qorumağın faydasız olduğunu görən Denstervil geniş müşavirə keçirərək ordunu şəhərdən çıxarmaq qərarına gəldi. Qafqaz İslam Ordusunun qəti hücumu ərəfəsində ingilislər gəmiləri səfər üçün hazırlayırdılar. Sentyabrın 14-də axşam şəhəri tərk etmək qərara alındı. Xəstələr, yaralılar "Kursk" və "Abo" gəmilərində, silah, sursat və şəxsi heyətin əsas hissəsi isə "Prezident Kryuger"də yerləşdirilmişdi. Bakıdan çıxarılan adamların sayı 1300 nəfərə çatırdı. Onların 900 nəfəri döyüşçü, 400 nəfəri isə arxa cəbhədə çalışanlar idi. Denstervilin gəmisi Bakını sonuncu tərk etdi. Sentyabrın 19-da Ənzəliyə çatdıqdan sonr "Densterfors" rəsmən buraxıldı, bir qis mi isə Şimali İran ordusu adlanan 14-cü diviziyaya qatıldı. Şimali İran ordusuna general U. Tomson komandan təyin edilmişdi.