Diqora mədəniyyəti - Diqora dərəsində (Şimali Osetiyanın qərbi), Kabarda- Balkariyanın dağlıq rayonlarında və Raçidə (Qərbi Gürcüstan) Son Tunc dövrünə (e.ə. XV-XIII əsrlər) aid arxeoloji mədəniyyət.[1] Y.İ.Krupnov tərəfindən müəyyənləşdirilməsi (1951) mübahisələrə səbəb olsa da, 1990-cı illərin sonu - 2000-ci illərin əvvəllərində yazılmış elmi əsərlərlə təsdiqlənmişdir. Müasir tədqiqatlara görə, Diqora mədəniyyəti Şimali Qafqaz və Mərkəzi Qafqazın qohum protokoban mədəniyyətləri ilə sinxrondur; protokoban dövrünün ikinci mərhələsinə aiddir; 2 mərhələyə bölünür. Ağac-daş konstruksiyalı sərdabalarda meyityandırma izləri var; uzadılmış vəziyyətdə dəfn olunmuş meyitlərə (bəzən torpaq quyularda) rast gəlinir. Çaxmaqdaşıdan ucluqlar, dəstəli xəncərlər, baltalar, ucluqlu (volyuta, oval və s. şəkilli) sancaqlar, lövhəşəkilli tilli qolbaqlar, qoç başlı quşabənzər piləklər, asmalar, şüşə muncuqlar, sürməli bəzək əşyaları və s. aşkar edilmişdir.
Diqora mədəniyyətinin dolmen mədəniyyəti, Svaneti, Qaraçay-Çərkəz, Inquşetiya və Dağıstan abidələri (Qinçi mədəniyyəti, Qayakənd-Xoroçoy mədəniyyəti) ilə əlaqələri izlənilir. Diqora mədəniyyətinin Koban mədəniyyətinin formalaşmasında mühüm rol oynamışdır. Diqora mədəniyyəti ilkin mədəniyytlərdən e.ə.XV-XIII əsrlərdə ayrılmışdır.
Artıq 30 ilə yaxındır ki, Şimali Osetiyanın Diqor dərəsində republikanın Tarix və Milli muzeyinin ekspedisiyası arxeloji qazıntılar aparır. 2012-ci ildə ərazidən unikal məişət və mədəniyyət əşyaları aşkar olunmuş. Bölgədə onlarca saxsı və metallurgiya emalatxanalarının olması diqqəti cəlb edir. Tapılmış bəzək əşyaları içərisində ən dəyərli olanı - gümüş yüyəndir. Demək olar ki, tam saxlanılmış bu yüyənin qayışının enini belə tarixçilər ölçə bilmiş.[2] İki min metr yüksəklikdə yerləşən bu ərazidə eramızdan əvvəl insanlar gildən müxtəlif əşyalar hazırlamış. Ən qədim tapıntının yaşı - yeddi min ildir. Ən gənc tapıntılar isə orta əsrlərə aid edilir.
Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. ISBN 978-9952-441-00-0.