Elçin İsmayılov (27 sentyabr 1982, Bakı) — Azərbaycanı təmsil edən cüdoçu və məşqçi, 2000, 2001 və 2005-ci illər Avropa Çempionatlarının qalibi.[1]
Elçin İsmayılov | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Elçin Mehdi oğlu İsmayılov |
Vətəndaşlığı | Azərbaycan |
Doğum tarixi | 27 sentyabr 1982 (41 yaş) |
Doğum yeri | |
Boyu | 164 sm. (5 ft 6 in) |
İdman növü | Cüdo |
Karyerasının birinci ciddi uğuruna Elçin İsmayılov 1998-ci ilin noyabrında imza atdı. Rumıniyanın Buxarest şəhərində baş tutan U-20 Avropa Çempionatında Elçin İsmayılov final görüşündə məğlub olaraq turniri gümüş medalla başa vurdu. Daha sonra Elçin İsmayılov 1999-cu ildə İtaliyada və 2000-ci ildə Kiprda baş tutan U-20 Avropa Çempionatlarında bütün görüşlərdə rəqibləri üzərində qələbə qazanaraq turnirlərin qızıl medallarına sahib oldu.
Hələ 16 yaşında "ulduzu parlayan" Elçin İsmayılov 2000-ci ilin mayında Polşanın Vrotslav şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı. Turnirin final görüşündə Fransa nümayəndəsi Eri Despezelle üzərində qələbə qazanan Elçin İsmayılov 17 yaşında Avropa Çempionatının qızıl medalına sahib oldu.
Son Avropa çempionu Elçin İsmayılov Azərbaycanı 2000-ci ildə Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil elədi. Kişilər -60 Kq. turnirində mübarizə aparan Elçin İsmayılov olimpiadanın təsnifat mərhələsində Yeni Zelandiya nümayəndəsi Brendon Kroos oldu.[2] Həmin görüşdə Elçin İsmayılov rəqibi üzərində ipponla qələbə qazandı və turnirin 1/16 final mərhələsinə adladı.[2] Bu mərhələdə onun rəqibi İsveçrə nümayəndəsi David Moret oldu.[2] Həmin görüşdə də Elçin İsmayılov rəqibinə ipponla qalib gəldi və turnirin 1/8 final mərhələsinə adladı.[2] Bu mərhələdə onun rəqibi Dünya və Avropa Çempionatlarının bürünc medalçısı olan Belarus nümayəndəsi Natiq Bağırov oldu.[2] Üçüncü görüşündə də Elçin İsmayılov rəqibinə üzərində ipponla qələbə qazandı və olimpiadanın 1/4 final mərhələsinə adladı.[2] Bu mərhələdə isə onun rəqibi Özbəkistan nümayəndəsi Əlişir Muxtarov oldu.[2] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Elçin İsmayılov rəqibinə məğlub oldu və mübarizəsini bürünc medal uğrunda təsəllivirici qrupda davam elədi.[2] Bu qrupda onun birinci rəqibi Əlcəzair nümayəndəsi Ömər Rəbahi oldu.[2] Həmin görüşdə Elçin İsmayılov rəqibinə ipponla qalib gəldi və növbəti mərhələyə adladı.[2] Bu mərhələdə onun rəqibi Qazaxıstan nümayəndəsi Bazarbəy Donbay oldu.[2] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Elçin İsmayılov rəqibinə məğlub oldu və olimpiadanı yeddinci pillədə başa vurdu.[2]
Olimpiadadan sonra Elçin İsmayılov 2001-ci ildə Avropa və Dünya Çempionatlarında mübarizə apardı. Mayda Fransanın Paris şəhərində baş tutan Avropa Çempionatının final görüşündə Fransa nümayəndəsi Ciril Soyer üzərində qələbə qazanan Elçin İsmayılov növbəti dəfə Avropa Çempionatının qızıl medalına sahib oldu. İyulda Almaniyanın Münhen şəhərində baş tutan Dünya Çempionatında isə Elçin İsmayılov bürünc medal uğrunda görüşdə məğlub oldu və debüt Dünya Çempionatını beşinci pillədə başa vurdu.
2002-ci ildə Elçin İsmayılov Sloveniyanın Maribor şəhərində baş tutan Avropa Çempionatında ardıcıl üçüncü dəfə Avropa Çempionatlarının final görüşünə vəsiqə qazansa da, həlledici görüşdə Fransa nümayəndəsi Yasin Dumaya məğlub oldu və turniri gümüş medalla başa vurdu. 2003-cü ildə isə Elçin İsmayılov Yaponiyada Dünya Çempionatını yeddinci pillədə başa vurdu.
2004-cü ildə Elçin İsmayılov dördüncü dəfə Avropa Çempionatlarının final görüşündə mübarizə apardı. Mayda Rumıniyanın Buxarest şəhərində baş tutan turnirin həlledici görüşündə Elçin İsmayılov Türkiyə nümayəndəsi Behtaş Demirela məğlub oldu və Avropa Çempionatını gümüş medalla başa vurdu. Avqustda isə Elçin İsmayılov Azərbaycanı 2004-cü ildə Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil elədi. Elçin İsmayılov olimpiadanın 1/16 final mərhələsində Macarıstan nümayəndəsi Mihloş Unqvari ilə üz-üzə gəldi.[3] Həmin görüşdə Elçin İsmayılov rəqibinə ipponla məğlub oldu və turnirdə mübarizəsini başa vurdu.[3]
Elçin İsmayılov 2005-ci ilin mayında Niderlandın Rotterdam şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı və turnirin final görüşündə bir il əvvəl olimpiada da məğlub olduğu Macarıstan nümayəndəsi Mihloş Unqvari üzərində qələbə qazanaraq üçüncü dəfə Avropa Çempionatının qızıl medalına sahib oldu.
Karyerası ərzində üç dəfə Avropa çempionu olsa da, Olimpiya Oyunları və Dünya Çempionatlarında uğura imza ata bilməyən Elçin İsmayılov 2008-ci ildə 26 yaşında idmanla vidalaşdı. Karyerasını başa vurduqdan sonra məşqçi olaraq çalışır.