Orxan Səfərov

Orxan Səfərov (10 avqust 1991, Lənkəran) — Azərbaycanı təmsil edən cüdoçu, Avropa Çempionatının qalibi.[1]

Orxan Səfərov
Orxan Səfərov 2016-cı ildə
Orxan Səfərov 2016-cı ildə
Şəxsi məlumatlar
Tam adı Orxan İlham oğlu Səfərov
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi (33 yaş)
Doğum yeri Lənkəran, Azərbaycan SSR
Boyu 172 sm. (5 ft 6 in)
İdman növü Cüdo
Məşqçisi Fərhad Məmmədov
Medallar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Orxan Səfərov 1991-ci il avqustun 10-da Lənkəran şəhərində anadan olub. Şəxsi məşqçisi Fərhad Məmmədovdur.

Orxan Səfərov 2009-cu ilin martında Sumqayıt şəhərində U-20 Azərbaycan Çempionatını gümüş medalla başa vurdu. Həmin il Orxan Səfərov həm də AvstriyaYunanıstanda baş tutan gənclər arasında beynəlxalq turnirlərdə müvafiq olaraq gümüş və qızıl medallara sahib oldu. 2011-ci ildə isə Orxan Səfərov İstanbul şəhərində European Cup beynəlxalq turnirinin qalibi oldu.

2012-ci ilin mayında Orxan Səfərov IJF Qran-Pri beynəlxalq turnirini gümüş medalla başa vurdu. Noyabrda Azərbaycan Çempionatının qalibi olan Orxan Səfərov həmin ay həm də Çexiyanın Praqa şəhərində baş tutan U-23 Avropa Çempionatının bürünc medalına sahib oldu. 2013-cü ilin avqustunda isə Orxan Səfərov Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan Dünya Çempionatını bürünc medalla başa vurdu. Həmin ilin noyabrında Orxan Səfərov Azərbaycan Çempionatının gümüş, Əbu-Dabi şəhərində IJF Qran-Pri beynəlxalq turnirinin isə bürünc medallarına sahib oldu.

Karyerası ərzində Orxan Səfərovun uğurlu mövsümlərindən biri 2014-cü ildə oldu. Orxan Səfərov Gürcüstanda IJF Qran-Prisinin, AzərbaycanBirləşmiş Ərəb Əmirliyində isə IJF Grand Slam beynəlxalq turnirlərində üç qızıl medala sahib oldu. Orxan Səfərov həmçinin apreldə Fransanın Monpelye şəhərində baş tutan Avropa Çempionatını da beşinci pillədə başa vurdu.

2015-ci ildə Orxan Səfərov fevralda Samsun şəhərində IJF Grand Slam, mayda isə Rabat şəhərində IJF World Masters beynəlxalq turnirlərini gümüş medallarla başa vurdu. İyunda Orxan Səfərov Azərbaycanda baş tutan Birinci Avropa Oyunlarında mübarizə apardı. Turnirin final görüşündə Orxan Səfərov Rusiya nümayəndəsi Beslan Mudranova məğlub oldu və Avropa Oyunlarının gümüş medalına sahib oldu. Noyabrda isə Orxan Səfərov Cənubi Koreyada IJF Qran-Pri beynəlxalq turnirini bürünc medalla başa vurdu.

Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli Sərəncamına əsasən Birinci Avropa Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Orxan İlham oğlu Səfərov "Tərəqqi" medalı ilə təltif edildi.[2]

2016-cı ildə Orxan Səfərov əvvəl yanvarda Kubanın Havana şəhərində baş tutan IJF Qran-Pri beynəlxalq turnirinin bürünc medalına, daha sonra isə apreldə Rusiyanın Kazan şəhərində baş tutan Avropa Çempionatının gümüş medalına sahib oldu. Mayda Quadalaxara şəhərində IJF World Masters beynəlxalq turnirinin qalibi olan Orxan Səfərov IJF olimpiya reytinq cədvəlində mövqeyini yaxşılaşdırdı və olimpiya lisenziyasına sahib oldu.

Orxan Səfərov Azərbaycanı 2016-cı ilin avqustunda Braziliyanın Rio-de-Janeyro baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil elədi. Təsnifat mərhələsindən azad olan Orxan Səfərov olimpiadanın 1/16 final mərhələsində Peru nümayəndəsi Xuan Postiqos ilə üz-üzə gəldi. Həmin görüşdə Orxan Səfərov rəqibi üzərində ipponla qələbə qazandı və olimpiadanın 1/8 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Qırğızıstan nümayəndəsi Otar Bestayev idi. Bu görüşdə də Orxan Səfərov rəqibi üzərində ipponla qələbə qazandı və olimpiadanın 1/4 final mərhələsinə adladı. Yarım-finala gedən yolda onun rəqibi Braziliya nümayəndəsi Felipe Kitadai oldu. Felipe Kitadai 2012-ci il London Olimpiadasının bürünc medalçısı idi. Titullu və təcrübəli rəqibi ilə görüşdə Orxan Səfərov ardıcıl üçüncü dəfə ipponla qələbə qazandı. Bununla da o, olimpiadanın yarım-final mərhələsinə adladı. Finala gedən yolda onun rəqibi Qazaxıstan nümayəndəsi Yeldos Smetov oldu. Rəqib 2015-ci ildə Astanada Dünya Çempionatının qalibi idi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Orxan Səfərov görüşün sonuna 20 saniyə qala vaza-ari fəndi ilə hesabda geri düşdü və nəticədə rəqibinə məğlub oldu. Bürünc medal uğrunda görüşdə isə onun rəqibi Yaponiya nümayəndəsi Naohisa Tahato oldu. Rəqib 2013-cü ildə Budapeştdə Dünya Çempionatının qızıl medalına sahib olmuşdu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüş bərabər səviyyədə idi. Nəticədə nə Orxan Səfərov, nə də Naohisa Tahato fənq tətbiq edə bilmədi. Amma Orxan Səfərovun hesabında şido cərimə balı olduğuna görə rəqib qalib elan edildi. Bununla da Orxan Səfərov Rio-de-Janeyro Olimpiadasını beşinci pillədə başa vurdu.

Olimpiadadan sonra Orxan Səfərov 2017-ci ildə fevralda Fransada, martda isə Azərbaycanda baş tutan IJF Grand Slam beynəlxalq turnirlərinin bürünc medallarına sahib oldu. Daha sonra Orxan Səfərov apreldə Polşanın Varşava şəhərində baş tutan Avropa Çempionatını bürünc medalla başa vurdu, mayda isə Azərbaycanda IV İslam Həmrəyliyi Oyunlarının qalibi oldu. Mövsümün əsas turniri avqustda Macarıstannın Budapeşt şəhərində baş tutan Dünya Çempionatı oldu. Bu turnirdə isə Orxan Səfərov final görüşündə məğlub olaraq Dünya Çempionatını gümüş medalla başa vurdu.

2018-2019-cu illər Orxan Səfərov üçün uğursuz mövsümlər oldu. 2018-ci ildə apreldə İsrailin Təl-Əviv şəhərində Avropa Çempionatını beşinci pillədə başa vuran Orxan Səfərovun mövsüm ərzində yeganə uğuru noyabrda Azərbaycan Çempionatının qalibi olmaq oldu. 2019-cu ildə isə Orxan Səfərovun yeganə medalı Əbu-Dabi şəhərində IJF Qran-Pri beynəlxalq turnirinin gümüş medalı oldu.

Orxan Səfərov 2020-ci ildə əvvəl Macarıstanın Budapeşt şəhərində IJF Qran-Pri beynəlxalq turnirini bürünc medalla başa vurdu, daha sonra isə noyabrda Çexiyanın Praqa şəhərində baş tutan Avropa Çempionatında bütün rəqibləri üzərində qələbə qazanaraq turnirin qalibi oldu.

2021-ci ildə Orxan Səfərov IJF olimpiya reytinq cədvəlində mövqeyini yaxşılaşdırdı və olimpiya lisenziyasına sahib oldu. Orxan Səfərov Azərbaycanı 2021-ci ilin avqustunda Yaponiyada baş tutan XXXII Yay Olimpiya Oyunlarında təmsil elədi. Olimpiadanın 1/16 final mərhələsində Orxan Səfərovun rəqibi Qazaxıstan nümayəndəsi Yerlan Sericanov oldu.[3] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşün əsas hissəsində qalib müəyyənləşmədi.[3] Qızıl hissədə isə Orxan Səfərov rəqibinə ipponla məğlub oldu və turnirdə mübarizəsini dayandırdı.[3]

Olimpiadadan sonra Orxan Səfərov noyabrda Azərbaycanda IJF Grand Slam beynəlxalq turnirinin qalibi oldu. 2022-ci il ərzində də Orxan Səfərov beynəlxalq turnirlərdə ciddi uğura imza ata bilmədi və mövsüm ərzində yeganə uğuru noyabrda Azərbaycanda IJF Grand Slam beynəlxalq turnirinin bürünc medalı oldu. 2023-cü ilin fevralında Təl-Əviv şəhərində (İsrail) IJF Grand Slam beynəlxalq turnirini gümüş medalla başa vuran Orxan Səfərov sentyabrda 32 yaşında idmanla vidalaşdı.

  1. Olympedia.org. "Orxan SƏFƏROV". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  2. Normativ hüquqi sənədlərin vahid internet bazası. "I Avropa Oyunları qaliblərinin və Azərbaycan idmanında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli Sərəncamı". www.e-qanun.az (az.)). 22.08.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  3. 1 2 3 Azerisport.com idman portalı. "Токио-2020: Орхан Сафаров проиграл в первой схватке". www.azerisport.com (rus.)). 11.02.2022. 2020-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11.02.2022.