Elçin Mehdi oğlu Məmmədov (29 may 1946, Bakı – 18 fevral 2001, Bakı) — Azərbaycan teatr rəssamı, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1991), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1984).
Elçin Məmmədov | |
---|---|
Doğum tarixi | 29 may 1946 |
Doğum yeri | |
Vəfat tarixi | 18 fevral 2001 (55 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Atası | Mehdi Məmmədov |
Anası | Barat Şəkinskaya |
Fəaliyyəti | aktyor, rəssam |
Fəaliyyət illəri | 1970-ci ildən |
Təhsili | |
Mükafatları | |
IMDb | ID3608516 |
Elçin Məmmədov 29 may 1946-cı ildə Mehdi Məmmədov və Barat Şəkinskayanın ailəsində anadan olmuşdur. O, məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rəssamlıq fakültəsinə daxil olmuşdur.[1]
Elçin Məmmədov uşaqlıq dostu Azərpaşa Nemətovun Gənc Tamaşaçılar Teatrında rus dilində quruluş verdiyi "Mənim qardaşım klarnetdə çalır" tamaşasının rəssamı olub və bu onun professional səhnədəki ilk işi olmuşdur.[1]
Bakıda fəaliyyət göstərən bütün teatrlarda, eyni zamanda Moskva, Arxangelsk, Serebrovskidə də 100-dən çox tamaşada rəssamlıq edib. O təkcə Bakıda deyil, həmçinin Naxçıvan, Gəncə, Lənkəran, Sumqayıt, Mingəçevir teatrlarında da bir çox əsərlərə səhnə tərtibatı vermişdir.[1]
Elçin Məmmədov Akademik Milli Dram Teatrında, Azərbaycan Dövlət Musiqili Teatrında, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında, Azərbaycan Dövlət Rus Dram Teatrında bir sıra tamaşaların rəssamı olmuşdur. Məmmədov Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının baş rəssamı olmuşdur.[1]
Rəssam Akademik Milli Dram Teatrında M. F. Axundovun "Xırs quldurbasan", C. Məmmədquluzadənin "Dəli yığıncağı", H. Cavidin "İblis", M. Qorkinin "Meşşanlar", S. Vurğunun "İnsan", V. Şekspirin "Hamlet"; Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında C. Məmmədquluzadənin "Danabaş kəndinin məktəbi", N. Nərimanovun "Şamdan bəy", Anarın "Keçən ilin son gecəsi", R. Vaqnerin "Salam, Hotsi"; Azərbaycan Dövlət Rus Dram Teatrında M. Qorkinin "Həyatın dibində", R. Durkonun "Mənim məhəbbətim Elektra", H. Andersenin "Qar kraliçası", H. Cavidin "Şeyx Sənan", M. Şatrovun "Amansız oyunlar" və sair tamaşaların rəssamı olmuşdur. Elçin Məmmədovun rəssam kimi quruluş verdiyi son tamaşa Azər Paşa Nemətovun "Hamlet" tamaşası olmuşdur.[1]
Elçin Məmmədov 18 fevral 2001-ci ildə Bakı şəhərində vəfat etmişdir.[1]
Elçin Məmmədov "İblis" tamaşasına verdiyi tərtibata görə 1984-cü ildə Azərbaycan Dövlət Mükafatı laureatına, 22 may 1991-ci ildə Əməkdar incəsənət xadimi fəxri adına və 1999, 2001-ci illərdə Azərbaycan Teatr Xadimləri İttifaqının "Qızıl Dərviş" mükafatına layiq görülmüşdür.[1]