Eldən-elə — Əzizə Cəfərzadənin Zeynalabdin Şirvanidən bəhs edən[1] tarixi romanı.[2]
Eldən-elə | |
---|---|
| |
Janr | roman |
Müəllif | Əzizə Cəfərzadə |
Orijinal dili | azərbaycanca |
Nəşr ili | 1992 |
Nəşriyyat | Gənclik |
ISBN | 978-9952-34-015-0 |
Yazıçının "Xoş gördük, səyyah" adlı povestinin yenidən işlənmiş və genişləndirilmiş variantı kimi təqdim etdiyi "Eldən-elə" romanı Azərbaycan alimi və səyyahı Zeynalabdin Şirvaninin həyatından bəhs edir.[3]
"Eldən-elə" romanını Əzizə Cəfərzadə atası Məhəmməd Cəfər oğluna və coğrafiyaşünas alim Nurəddin Kərimovun xatirəsinə həsr etmişdir. Əsər 1992-ci ildə qələmə alınmışdır.[4]
Həyatının otuz yeddi ilini səyahətlərdə keçirmiş olan bu görkəmli səyyah-mütəfəkkirin ömür yolunu vərəq-vərəq izləmiş, bir çox məqamlara aydınlıq gətirmişdir. Roman Zeynalabdin Şirvaninin uşaqlıq illəri ilə başlayır, beləcə səyyahın ömrünün sonunadək təsvir olunur. Burada alimin İran, Türkiyə, Hindistan, Pakistan, Orta Asiya, ərəb ölkələrinə səyahəti haqqında geniş təfsilatlı məlumat vermişdir. Ölkələr haqqında verilmiş zəngin məlumatlar əsərin oxunaqlılığını və inandırıcılığını təmin edir.
Əsərdə Zeynalabdin Şirvaninin atası İsgəndər, anası Şirinbəyim,qardaşı Məhəmmədəli obrazları da yaradılmışdır. Atası çox ciddi, zəhmli, dininə çox bağlı biri kimi təsvir olunur. Anası isə çox mülayim, mehriban bir qadındır. Eyni zamanda Süheyla, Altıntelli, Ömür bəy, vəliəhd Erkin və başqalarının obrazları yaradılmışdır. Əsərdə 1821-1827-ci illərdə "Riyazüs-səyahə", 1826-cı ildə "Hədayiqüs-səyahə", 1832-ci ildə isə "Bustanüs-səyahə", "Kəşfül-maarif" kimi əsərlərini yazması haqqında da məlumat yer almışdır. Biz görürük ki, yazıçı əsəri yazarkən də bu əsərlərdən istifadə etmiş, Şirvaninin öz əsərlərindəki məlumatlara istinad edərək gözəl bir əsər meydana gətirmişdir.
Kitab ilk dəfə 1992-ci ildə Kiril qrafikalı Azərbaycan əlifbası ilə Bakıda, "Gənclik" nəşriyyatında çap edilib.[5]
Latın qrafikalı Azərbaycan əlifbası ilə ilk dəfə 2006-cı ildə Bakıda, "Şərq-Qərb" nəşriyyatında 384 səhifədə nəşr edilib. Bu kitab Azərbaycan Respublikasının 4-cü Prezidenti İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli sərəncamına əsasən nəşr edilib və ölkə kitabxanalarına hədiyyə edilib.[6]
Roman ilk nəşri və müəllifin həmin nəşr üzərində apardığı redaktə-korrektura, həmçinin yazıçının Ev Arxivindəki əlyazması əsasında MİMTA Yayınları tərəfindən 2022-ci ildə "Səyyah: Eldən-elə" adı ilə Bakıda, 512 səhifədə təkrar nəşrə hazırlanıb. Həmin il oktyabrın 7-də Bakı Ekspo Mərkəzində “Şuşa İli”nə həsr olunmuş 8-ci Bakı Beynəlxalq Kitab Sərgisində Bülbül təqdimat zonasında təqdimatı keçirilib.[7]
Alim A.T.Əliyeva "Bakı Universitetinin xəbərləri" jurnalında yayımlanmış "Əzizə Cəfərzadə yaradıcılığında şifahi xalq ədəbiyyatı motivləri" məqaləsində bu əsərdən bayatı sitat gətirərək müəllifin təsvir etdiyi əhvalatların ruhuna uyğun bayatı seçib işlətməyi sevdiyini qeyd edib.[8]
Filoloq Arifə Telmanqızı "Əzizə Cəfərzadənin bədii dünyası" adlı filologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiyasında əsər haqqında belə qeyd edir: "Yazıçının "Xoş gördük, səyyah!" povestinə qayıdaraq onu roman səpkisində işləməsi ilə adıçəkilən povest yeni romanın 1-ci hissəsini təşkil edir. Müəllif romana "Gənclik" və "Kamillik" adlı daha 2 hissə əlavə edib və beləliklə povest romana çevrilib.[3]
2017-ci ildə AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əli Həşimovun “Əzizə Cəfərzadənin yaradıcılığında tarixi povest janrı” monoqrafiyasında bu povest də tarixilik və müasirlik kontekstində araşdırılıb.[9]