Elina Hacıyeva

Elina Hacıyevanın ölümüBakı şəhərində 162 saylı tam orta məktəbdə 14 yaşlı 8-ci sinif şagirdi Elina Ədalət qızı Hacıyevanın intihar hadisəsi. Elina Hacıyeva 2019-cu il aprelin 4-də saat 09:11-də məktəbin 3-cü mərtəbəsindən özünü ataraq intihar edib. Bu, onun 2-ci intihar cəhdi olub.[1] Bu, 2015–2019-cu illərdə Azərbaycanda baş verən 10-cu məktəbli intihar hadisəsidir.[2]

Elina Hacıyevanın ölümü
Tarix 4 aprel 2019
Saat 09:11
Yeri Bakı şəhəri 162 nömrəli tam orta məktəb, Bakı, Azərbaycan
Səbəbi İntihar
Qurbanlar
Elina Hacıyeva
Şübhəli olanlar Sevinc Abbasova
Lalə Məhərrəmova
Könül Ağayeva
Xalidə Bayramova

Elina Hacıyeva 6 aylıq olanda onun valideynləri boşanıb.[3] Sonradan anası Sevil Hacıyeva ikinci dəfə ailə quraraq, bu izdivacdan da iki övladı olub.[3]

O, 1-ci sinifə Bakı şəhəri 49 nömrəli tam orta məktəbə gedib.[3] 3 il orada oxuyub. Həmin məktəbin rus bölməsi bağlananda, bu bölmənin şagirdləri azərbaycandilli bölmələr arasında bölüşdürüləndə valideynləri Elinanı başqa məktəbə keçirməli olublar.[3] 4-cü sinifdən başlayaraq Elina Bayılda Bakı şəhəri 203 nömrəli tam orta məktəbə getməyə başlayıb.[3] Ancaq evdə daha bir azyaşlı bacısının varlığı, üstəlik, anasının da hamilə olması Elinanın növbəti dəfə məktəbdən ayrılmasına səbəb olub.[3] O, 5-ci sinifə evin yaxınlığındakı Bakı şəhəri 162 nömrəli tam orta məktəbdə başlayıb.[3]

Elinanın xalası qızı Diana Hacıyevanın sözlərinə görə, Elina "Cənubi Koreya qızlarına bənzəyirdi, saçlarını sevirdi, onları tez-tez boyamağı, fərqli görünməyi xoşlayırdı, özünə vurğun, diqqət tələb edən, dəli-dolu, yetkinlik dövrünü maraqlı yaşamaq istəyən bir qız idi".[3] O, bir gün model və dizayner olmaq arzusu ilə yaşayırdı.[3]

Elina Hacıyeva intihar etməmişdən əvvəl Yasamal rayonunda yerləşən "Xruşşovka" layihəli evin 5-ci mərtəbəsində ailəsi ilə kirayə qaldığı evdə yaşayıb.[3]

İntihar hadisəsi

[redaktə | mənbəni redaktə et]

Elina Hacıyeva 2019-cu il aprelin 4-də saat 09:11-də məktəbin 3-cü mərtəbəsindən özünü ataraq intihar edib. O, intihardan öncə 30 ketotifen qəbul edib. İntihar hadisəsi zamanı Elina çoxsaylı ağır xəsarətlər alıb: Onun çanaq sümüyü sınmış, döş qəfəsi əzilmiş və ağ ciyərləri zədələnmişdir.[1] Elina Hacıyevanı şok vəziyyətində sorğu-suala tutan şəxs məktəbin direktoru Sevinc Abbasovanın yaxın rəfiqəsi, Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova olub.[4]

Təcili tibb maşını intihar hadisəsindən 2 saat sonra çağırılıb.[5] Bəzi şahidlərin sözlərinə görə, təcili tibb maşını öncə uşaqlar hadisə yerindən uzaqlaşdırılıb və Elina Hacıyeva direktorun otağına aparılıb, orada divana uzandırılıb. Xalidə Bayramova Elina Hacıyevanı danışdıraraq dediklərini görüntüləməyə çalışıb.[4]

Şahidlərin sözlərinə görə, məqsəd Elina Hacıyevanın ailəsindəki problemlər ucbatından intihar etdiyini göstərmək olub.[4] Daha sonra məktəbin direktoru hadisənin səbəbkarı kimi Elinanın ailəsini göstərərək, Elinanın pozğun və uğursuz ailənin övladı olduğunu və ailənin uşaqla maraqlanmadığını bildiriblər.[6]

Saat 11:04-də Elina Hacıyeva ilə bağlı xəstəxanaya çağırış daxil olub, həmin çağırış saat 11:06-da həkimə ötürülüb və təcili tibbi yardım xidməti 11:12-də artıq ünvana yetişib. 11:36-da isə Elina 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.[7] Saat 12:00-da hadisə haqqında anası Sevil Hacıyevaya məlumat verilib və ona qızının xəstəxanaya aparıldığı bildirilib.[1]

İntiharın səbəbləri

[redaktə | mənbəni redaktə et]

İntiharın əsas səbəbləri kimi Elinanın məktəbdə məruz qaldığı qısnama və özünə inamının az olması göstərilir. Elina 2018-ci ildə evinin yaxınlığında yerləşən 162 saylı məktəbə keçəndən sonra məktəblilər onu ələ salmağa və aşağılayıcı adlar verməyə başlayıblar.[3] Elina özünü müdafiə edə bilmədiyindən, hadisələr onun içinə qapanmışdı. Biologiya müəllimi Leyla Mixaylovanın onunla kobud davranması, sinif rəhbərinin ona təzyiqlər etməsi, 10–11-ci sinif oğlanlarının onu təpikləməsi barədə məlumatlar da mövcuddur.[1]

Hadisə barədə Elina anasına müraciət edib. Onun anası Sevil Hacıyeva isə məktəbin direktoruna müraciət edib. Lakin direktor işlə bağlı heç bir tədbir görməyib. Elina intihardan iki həftə öncə dərslərini buraxmağa başlayıb. Anası onu digər məktəbə köçürməyə çalışsa da, Elinanı qəbul etməyiblər.[1]

İntihardan sonra Elina Hacıyeva komaya düşərək, 2 gün sonra xəstəxanada ölüb.[5][8] II Zabrat qəbiristanlığında dəfn edilib.[3]

Hadisə ilə bağlı Səbail rayonu prokurorluğunda[7] Azərbaycan Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü intihar həddinə çatdırma) üzrə cinayət işi açılıb.[1] Məsələ Azərbaycan prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətinə keçib.[9]

Hadisədən sonra məktəbin direktoru Sevinc Abbasova, eləcə də müavini Lalə Məhərrəmova və məktəb psixoloqu Könül Ağayeva işdən çıxarılıb.[10] 11 aprel 2019-cu ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Təhsil Nazirliyinin, Daxili İşlər Nazirliyinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məsələni araşdırdığını bildirib.[5] Təhsil naziri Ceyhun Bayramov 30 gün ərzində məktəblərdə mənəvi-psixoloji və təhlükəsiz mühitin yaradılması üçün rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin), təhsil müəssisələrinin rəhbərlərindən hesabat istəyib.[10]

Aprelin 24-də Bakı şəhər Prokurorluğundan verilən məlumata görə, aparılmış istintaqla həmin məktəbin direktoru işləmiş Sevinc Abbasova xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyib, vaxtaşırı olaraq özünə qapanan Elina Hacıyevanın ruhi-emosional vəziyyətinə xüsusi həssaslıqla yanaşmamaqla, ona psixoloji-mənəvi dəstək göstərilməsinə laqeyd münasibətin ehtiyatsızlıqdan onun ölümünə səbəb olmasına, habelə hadisə baş verdikdən dərhal sonra təcili-tibbi yardım çağırılmasını vaxtında təmin etməyərək E. Hacıyevanı təhlükədə qoymasına dair əsaslı şübhələr müəyyən edilib.[11]

Sevinc Abbasova 15 aprel 2019-cu ildə Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.[11] Bakı şəhəri Səbail rayon Məhkəməsinin 16 aprel 2019-cu il tarixli qərarı ilə S. Abbasova barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.[11]

Avqustun 8-də Bakı Apellyasiya Məhkəməsində Mirzəli Abbasovun sədrlik etdiyi hakimlər kollegiyası cinayət məsuliyyətinə cəlb olunan məktəbin direktoru Sevinc Abbasovanın həbs olunmasından ötrü verilən şikayətə baxıb.[12] Məhkəmədən sonra zərərçəkmişin vəkilləri Azadlıq Radiosuna bildirib ki, şikayət təmin olunmayıb.[12] İttiham sübuta yetirilərsə, məktəb direktoruna 5 ilədək həbs cəzası verilə bilər.[12]

Oktyabrın 11-də Elina Hacıyevanın ölümü ilə bağlı Səbail rayon Məhkəməsində aparılan məhkəmə istintaqı başa çatıb.[13]

Oktyabrın 24-də 162 saylı orta məktəbin şagirdi Elina Hacıyevanın ölümündə günahkar hesab edilən keçmiş direktor Sevinc Abbasovaya 2 il, 2 ay və 14 gün azadlığın məhdudlaşdırılması cəzası verilib.[14] Bundan başqa, Sevinc Abbasova Elinanın anasına 8 min 500 manat maddi və 10 min manat mənəvi ziyana görə kompensasiya ödəməlidir.[14]

Hadisə Azərbaycanda rezonansa və şoka səbəb olub.[15] Sosial şəbəkələrdə istifadəçiləri Elina Hacıyevanın ölümü bağlı məsələnin aydınlaşdırılmasını tələb ediblər və tələblərini #ElinaÜçünSusma heşteqi ilə bildiriblər. Kampaniyanı İnstagram hesabında müğənnilər Nigar CamalRöya, aparıcı Nərgiz Cəlilova, Tvitter hesabında isə bloqqer Adnan Hacızadə, və müğənni Murad Arif dəstəkləyib.[5][4][16]

Aprelin 12-də məktəbin qarşısında əsas etibarilə məktəblilərin anaları etiraz aksiyası keçirib. Aprelin 13-də günorta vaxtı təxminən 50 nəfər Bakıdakı 162 saylı məktəbin yaxınlığında "Məktəbdə zorakılığa son!" adlı aksiyaya toplaşsalar da, polislər etiraz aksiyasına mane olublar.[17]

Populyar mədəniyyətdə

[redaktə | mənbəni redaktə et]

2019-cu ilin iyun ayında Azərbaycan repçisi Aslixan Elina Hacıyevanın ölümünə aid "Elina" adlı mahnını həsr edib.[mənbə göstərin]

  1. 1 2 3 4 5 6 "Məktəbli qızın intiharının dəhşətli təfərrüatı – Oğlanlar təpikləyib, müəllimlər gizlədib". Oxu (az.). 6 aprel 2019. 2019-04-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 aprel 2019.
  2. "Son dörd ildə 10 məktəbli intihar edib – SİYAHI". Oxu (az.). 6 aprel 2019. 2019-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 aprel 2019.
  3. 1 2 3 4 5 6 7 8 9 10 11 12 "Elina ölməmişdən əvvəl yazmışdı ki, mən sizə lazım deyildim, qəbrimin üstünə gəlməyin". www.meydan.tv. www.meydan.tv. 2020-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 aprel 2019.
  4. 1 2 3 4 "Elina Hacıyevanı şok vəziyyətində danışdıran qadın kimdir?". www.meydan.tv. www.meydan.tv. 2022-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 aprel 2019.
  5. 1 2 3 4 "Azerbaijani girl's death by suicide shocks nation". Eurasianet (ingiliscə). 12 aprel 2019. 2022-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 aprel 2019.
  6. "Bakıda məktəbli qızın dəhşətli intihar videosu yayıldı". Sputnik (az.). 10 aprel 2019. 2020-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 aprel 2019.
  7. 1 2 "İki nazirlik Elina Hacıyeva olayı ilə bağlı ilə rəsmi məlumat yaydı". Sputnik (az.). 2020-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 aprel 2019.
  8. "Bakıda şagird məktəbin üçüncü mərtəbəsindən yerə düşdü – İntihar edib?". Oxu (az.). 4 aprel 2019. 2019-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 aprel 2019.
  9. "Məktəblinin intiharı məsələsi ilk gündən prezidentin nəzarətindədir – AÇIQLAMA". Oxu (az.). 11 aprel 2019. 2019-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 aprel 2019.
  10. 1 2 "İntihar etmiş Elina Hacıyevanın ölümünə görə 3 nəfər işdən çıxarıldı". BBC Azərbaycan (az.). 12 aprel 2019. 2019-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 aprel 2019.
  11. 1 2 3 "Sevinc Abbasova cəzasından razıdır". buta.media. buta.media. İstifadə tarixi: 23 aprel 2019.[ölü keçid]
  12. 1 2 3 "Elina Hacıyeva işində direktor həbs olunmadı". www.azadliq.org. www.azadliq.org. 2020-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 avqust 2019.
  13. ""Elina Hacıyeva işi"ndə məhkəmə istintaqı başa çatıb". www.bbc.com. www.bbc.com. 2019-11-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 oktyabr 2019.
  14. 1 2 "CANLI 'Elina işi'. Yeniyetmənin ölümü necə araşdırılır (Xronologiya)". www.azadliq.org. www.azadliq.org. 2021-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 oktyabr 2019.
  15. "Teenager's tragic death at Baku school directs anger towards Azerbaijan's broken system". globalvoices.org. globalvoices.org. 2022-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 aprel 2019.
  16. "Məşhurlar Elina üçün AYAĞA QALXDI: "Ən ağır şəkildə cəzalandırılsın"- VİDEO". publika.az. publika.az. 2021-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 aprel 2019.
  17. "Baku police prevent rally in memory of deceased schoolgirl". Jam-News (ingiliscə). 13 aprel 2019. 2021-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 aprel 2019.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]