Mustafazadə Elman Əhəd oğlu — "Avropada Azərbaycanın Dostları Cəmiyyəti"nin sədri.
Elman Mustafazadə | |
---|---|
Elman Əhəd oğlu Mustafazadə | |
Doğum tarixi | |
Doğum yeri | Hindarx, Ağcabədi rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ → Azərbaycan |
Uşaqları |
Babək Tomris Azəran |
Milliyyəti | azərbaycanlı |
Təhsili | ADMİU Mədəni maarif fakültəsi |
Elman Mustafazadə 1957-ci ildə Ağcabədi rayonunun Hindarx kəndində dünyaya gəlib.
Əslən Laçın rayonunun İmanlar kəndindəndir.[1] 6 yaşında ikən ailəsi Şuşaya köçüb.
Orta təhsilini Şuşada alıb.
1974-cü ildə Bakıya yollanıb, əsgəri xidmətə çağrılanadək müxtəlif yerlərdə işləyib. Ordudan qayıtdıqdan sonra iki il tikintidə fəhləlik edib.
1981–1986-cı illərdə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Mədəni maarif fakültəsində oxuyub. Təhsilini başa vurduqdan sonra bir il Bakı Yeyinti Sənayesi Texnikumunda müəllim işləyib.
1988–1989-cu illərdə Əzizbəyov adına Mədəniyyət evinin rəhbəri olub. 1989–1990-cı illərdə Azərbaycan Əlvan Metal Birliyinin Təhcizat idarəsində əvvəlcə ekspeditor, sonra isə şöbə rəisi vəzifəsində çalışıb. Arada üç ay Ağdərə rayonunun Xatınbəyli, Orta Güney, Baş Güney kəndlərinin ermənilərdən müdafiə olunmasında könüllülərdən ibarət silahlı dəstəyə rəhbərlik edib.
1990-cı ildə Azərbaycanda kommunist rejiminə etiraz əlaməti olaraq Polşa hökumətindən müvəqqəti məskunlaşmaq izni alıb. 2000-ci ilədək həmin ölkədə yaşayıb. Orada olarkən "Azərbaycan Cəmiyyəti"ni yaradaraq Polşada yaşayan azərbaycanlıları təşkilatlandırıb. Bir müddət sonra "Polşada Azərbaycanın Dostları" adlı cəmiyyətin təsisçilərindən biri və sədri olub. Bundan əlavə 1994-cü ildə "AzerLex" və "AzerPol" ticarət şirkətlərini yaradaraq bizneslə məşğul olub. Qazancından o vaxt Qarabağda döyüşən Azərbaycan əsgərlərinə bir neçə dəfə dava-dərman göndərib. 1993–1995-ci illərdə döyüşlərdə yaralanan səkkiz əsgər və zabiti öz hesabına Polşa xəstəxanalarında müalicə etdirib. 1995-ci ildə M.Ə.Rəsulzadənin təsis etdiyi, sonuncu sayı 1939-cu ildə buraxılan "Qurtuluş" jurnalından sonra ilk qürbət mətbuat nümunəsinin - "Xudafərin" jurnalının işıq üzü görməsinə nail olub. Bu dərgi yeganə azərbaycandilli jurnaldır ki, Avropada yayımlanmasına rəsmi icazə verilib[2].
2000-ci ildən Niderland Krallığında yaşayır. 2006-cı ilədək Niderland və Belçikada Qarabağ münaqişəsi ilə bağlı tədbirlərin əksəriyyətinin təşkilatçısı və aparıcısı olub. 2008-ci ilədək təsisçilərindən biri olduğu "BAK"a rəhbərlik edib. Hazırda "Avropada Azərbaycanın Dostları Cəmiyyəti"nin sədridir.
Babək, Tomris, Azəran-Elgün adlı üç övladı var.