Məhəmməd Əmin Rəsulzadə[a] və ya Rəsulzadə (az.-əski. محمد امین رسولزاده; tam adı: Məhəmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə; 31 yanvar 1884, Novxanı, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 6 mart 1955, Ankara, Türkiyə) — Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri[1], Azərbaycan ictimai-siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının sədri (may-dekabr 1918).
Məhəmməd Əmin Rəsulzadə | |
---|---|
| |
27 may 1918 – 7 dekabr 1918 | |
Əvvəlki | Vəzifə təsis edildi |
Sonrakı | Vəzifə ləğv edildi Əlimərdan bəy Topçubaşov (Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti sədri kimi) |
Müsavat Partiyasının başqanı | |
1911 – 6 mart 1955 | |
Əvvəlki | Partiya təsis edildi |
Sonrakı | Mirzə Bala Məmmədzadə |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 31 yanvar 1884 |
Doğum yeri | |
Vəfat tarixi | 6 mart 1955 (71 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | şəkərli diabet |
Dəfn yeri | |
Partiya |
|
Fəaliyyəti | siyasətçi, yazıçı, jurnalist, tərcüməçi |
Həyat yoldaşı | |
Dini | islam |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Onun "Bir kərə yüksələn bayraq bir daha enməz!" ifadəsi XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarı olmuşdur.[2][3][4]
Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olmuşdur. Onun bilinən ən köhnə əcdadı, Novxanı kəndinin sakini Məhəmmədtağı Kərbəlayı Əliəkbər oğludur.[5] Din xadimi olan atası oğlunu pedaqoq Sultan Məcid Qənizadənin müdir olduğu ikinci "Rus-müsəlman" məktəbinə qoymuş,[6] buranı bitirdikdən sonra Məhəmməd Əmin Rəsulzadə öz təhsilini Bakı Texniki məktəbində, rus dilində davam etdirmişdir, lakin təhsilini yarımçıq qoyaraq siyasi fəaliyyətə başlamışdır.
Aprel işğalından sonra Bakıda qalmağın təhlükəli olduğunu və daim axtarıldığını hiss edərək Məhəmməd Əmin Rəsulzadə Bakını tərk edərək Abbasqulu Kazımzadə ilə Lahıca getdi, lakin Lahıcda vəziyyət getdikcə gərginləşirdi. Onun ciddi izlənilməsi haqqında məlumatlar da çatdırılırdı. Məhəmməd Əmin Rəsulzadə 1920-ci ilin avqustun 25-də Lahıcdan çıxıb Qaraməryəm istiqamətinə gedərkən həbs olundu.[7] XI Ordunun Hərbi İnqilabi Şurasının Xüsusi şöbəsinin 1931 saylı həbs vərəqi əsasında Abbasqulu Kazımzadə ilə birgə həbs olunan Məhəmməd Əmin bəy özü haqqında 36 yaşı olduğunu, orta təhsilli və jurnalist olduğunu, hökumətdə olduğunu, Müsavat Partiyasının Mərkəzi Komitəsinin sədri olduğunu, öz hesabına yaşadığını və ailəli olduğunu açıqlamışdır.[8] İosif Stalinlə şəxsi əlaqələri olduğu üçün Rəsulzadənin razılığını aldıqdan sonra Stalin belə məktubla müraciət etmişdi:[9]
R.S.F.S.R. Qafqaz Cəbhəsi Hərbi İnqilab Şurasının üzvü. 7/XI-1920. XI Ordunun Xüsusi şöbəsinin rəisinə.
Xüsusi şöbədə həbsdə saxlanılan Məhəmməd Əmin Rəsulzadə, Məhəmməd Əli Rəsulzadə və Abbasqulu Kazımzadəni azad olunmuş hesab edib, qatara mənim sərəncamıma göndərin. 7/XI-1920-ci il. Respublika Hərbi İnqilab Şurasının üzvü, Xalq Komissarı Stalin
|
Həbsdən azad edilən Məhəmməd Əmin Rəsulzadə ailəsi ilə görüşərək Moskvaya yola düşmüşdür. Moskvada bir müddət RSFSR Millətlər Komissarlığında çalışan Rəsulzadə, oradan Peterburqa, sonra Finlandiyaya, sonra isə Türkiyəyə mühacirət etdi.
1922-ci ilin sonlarından Məhəmməd Əmin Rəsulzadə İstanbulda fəaliyyətə başladı. O, xaricdəki dağınıq halda fəaliyyət göstərən mühacirlər haqqında belə yazmışdır:[10]
Bulunduğumuz mühacirət şərtləri daxilində Azərbaycan davası naminə birləşmək milli davanı yaşatmış və yaşadan fikir sistem və nümayəndələrinə hörmət etməklə olur. Bunun üçün hər türlü kiçik hesablardan və hisslərdən sıyrılaraq fikrə önəm vermək lazımdır |
8 noyabr 1934-cü ildə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri Əlimərdan bəy Topçubaşov Paris ətrafında vəfat etmişdir.[11] Onun dəfnində Məhəmməd Əmin Rəsulzadə və bütün respublikaların sürgündə olan hökumətlərinin nümayəndələri iştirak etmişdir. Onlar Topçubaşovun həyat və fəaliyyəti barədə çıxış etmişdir.[12] Məzarı başında çıxış edən Məhəmməd Əmin Rəsulzadə demişdir:[13]
Xanımlar, bəylər! Millət yolunda çalışanlarımızdan bir böyüyü ilə halallaşırıq. Heyhat! Azərbaycan parlamentinin şanlı rəisini, Nümayəndə Heyətinin sayğılı başçısını müsafiri olduğumuz Fransa torpağına əmanət buraxırıq. Parlamento rəisi, Nümayəndə Heyətinin başçısı, Milli Mərkəz üzvü və sairə kimi mərhumun daşıdığı ünvanları zikr etməklə Əli Mərdan bəy adının mənasını tamamilə anlatmaq, mövzunu bütün şümülü ilə qavramaq qətiyyən mümkün deyildir. Yetmiş beşi haqlayan yaşının heç olmasa əllisini, mərhum durmadan, yorulmadan camaat işinə və millət yoluna vermişdir. Əlli il ömür; yarım əsrlik həyat! Qoca bir dövr!… Bəli, Əli Mərdan bəyin geçinməsi ilə biz, milli həyatımızda başlı-başına bir dövrü təmsil edən mühüm şəxsiyyətdən ayrılırıq; çünki, Topçubaşi Əlimərdan bəyin ismi müəyyən bir nəsli və müəyyən bir dövrü andırır. Rusiyada ali təhsil görmüş, Türk və müsəlman ziyalısını barmaqla saymaq qəbul olduğu bir zamanda idi ki, Əli Mərdan bəy meydana çıxmışdı.
…Çox çəkməz məmləkət qurtular; və o zaman mütəşəkkir millət ilk parlamentinin rəisini, istiqlal davasının vəkilini xatırlar, gələr, səni oğlunla bərabər buradan alar, arzu etdiyin vətən torpağına götürər və xatirəni əbədiləşdirər… Budur sənə söyləyəcəyim son söz! … Sənə bizlərdən minlərlə rəhmət ! … Sənə bizlərdən minlərlə hörmət!! … |
Ankara Universitetinin tibb fakültəsinin klinikasında şəkər xəstəliyindən yatan Məhəmməd Əmin 1955-ci il martın 6-da gecə saat on birə on dəqiqə qalmış üç dəfə "Azərbaycan, Azərbaycan, Azərbaycan!" deyərək əbədiyyətə qovuşdu. Ankara radiosu martın 7-sində saat 22:45-də sabiq Azərbaycan milli şürasının sədri Məhəmməd Əmin Rəsulzadənin vəfat etdiyi xəbərini təəssüflə bütün dünyaya yaydı.
Martın 8-də Ankaranın Hacı Bayram məscidində Məhəmməd Əmin Rəsulzadənin dostları onun tabutu başında fəxri qarovulda dayandılar. Ankara şəhər valisi Kamal Aygün də başsağlığı verməyə gəlmişdi. Bundan əlavə cənazənin önündə "Azərbaycan Kültür Dərnəyi", "Yardımlaşma Dərnəyi", "Milli Kitabxana", "Türk Kitabxanaçılar Dərnəyi", "Qarslı Yüksək Tələbələrə Yardım Dərnəyi", "Qəzetəçilər Cəmiyyəti" təmsilçiləri, İdil-Ural və Krım türklərinin, polşalıların nümayəndələri vardı[14]. Cənazə zamanı Əbdülvahab Yurdsevər, Əhməd Cəfəroğlunun, Mirzə Bala Məmmədzadə, Həmdulla Sübhi Tanrıövərin, Sədri Məqsudi, Cəfər Seyidəhməd Krımər, Abdulla Battal Taymas, Zəki Vəlidi Toğan kimi görkəmli şəxslər də çıxış etdilər. Məhəmməd Əmin Rəsulzadə Ankarada, Əsri qəbirstanlığında dəfn edilmişdir.
Vəfatı ilə bağlı Türkiyədə, İranda və Qərbi Avropa ölkələrində xeyli nekroloq çap olunub. Bunlara misal olaraq Türkiyədə nəşr edilən "Dünya", "Birlik", İranda çap olunan "Aram", "İrani-Nov" qəzetləri, Almaniyada yayımlanan "Azadlıq" radiosunu göstərmək olar. Bunlardan ən maraqlısı S. H. Tağızadənin çap etdirdiyi nekroloqdur. Əsli Ordubaddan olan, özü Təbrizdə dünyaya gəlmiş, Məhəmməd Əmin Rəsulzadə ilə birlikdə İran məşrutə inqilabının əsas rəhbərlərindən biri hesab edilən, sonralar Pəhləvi üsul-idarəsinin tərəfdarına çevrilən və bununla da öz doğma xalqına yad bir adam olan, İranın ən görkəmli dövlət xadimi, diplomatı və alimi sayılan Seyid Həsən Tağızadə "Sühən" jurnalında yazırdı:[15]
Rəsulzadə, bütün ömrüm boyunca, Şərq dünyasında tayına rastlaşmadığım, mübaliğəsiz söyləyə biləcəyim fövqəladə nadir insanlardan biri idi. Məhəmməd Əmin bəy tərbiyəli, qüvvətli və sağlam məntiq sahibi, təmiz qəlbi, doğru sözlü, mətanətli, tam mənasıyla dürüst, fikir və yoluna dərin bir iman bəsləyən fədakar, mücahid və örnək bir insandı. Belələrinə zəmanəmizdə və hələ bizim tərəflərdə rast gəlmək mümkün deyildir. |
Məhəmməd Əmin Rəsulzadə 1903-cü ildə Azərbaycan Gənc İnqilabçılar Dərnəyini bir neçə azərbaycanlı tələbənin iştirakı ilə yaratmışdır.[16] Bu təşkilatın təbliğat işində Hümmət qəzeti böyük rol oynamışdır. Gizli fəaliyyət göstərən bu təşkilatın əsas vəzifəsi gənclərdə milli hisslər yaratmaq, rus məktəblərində oxudulmayan türkcəni inkişaf etdirmək, yerli ədiblərin əsərlərini oxumaq, çarlıq əleyhinə yazılmış şeirləri əzbərləmək və arada-sırada mətbəə üsulu ilə çap edilmiş bəyannamələri paylamaq, fəhlələr arasına gedib, hürriyyət və inqilab fikirlərini onların arasında sistemli surətdə yaymaq idi.[17] 1906-cı ildən etibarən bu təşkilət Müsəlman Demokratik Müsavat Cəmiyyəti adını almışdır. Təşkilatın bir qolu da az sonra İranda qurulmuş və burada başlamış məşrutə inqilabına istiqamət verici rəhbər qüvvəyə çevrilmişdir.
1904-cü ildə Bakıda Müsəlman Demokratik Müsavat Cəmiyyətinin əsasında Rusiya Sosial Demokrat Fəhlə Partiyasının Bakı komitəsinin nəzdində Müsəlman Sosial Demokrat Hümmət Təşkilatı yaradıldı.[6] Bu təşkilatın əsasını Məhəmməd Əmin Rəsulzadə, Məhəmmədhəsən Hacınski, Məşədi Əzizbəyov və Nəriman Nərimanov kimi şəxslər qoymuşdur.[18] Təşkilatın "Hümmət" adlı qəzeti də nəşr edilmişdir.
1907-ci il sentyabrın 29-da inqilabçı fəhlə Xanlar Səfərəliyevin Bibiheybətdə dəfn günü onun qəbri üstündə keçirilən böyük yığıncaqda Prokofi Caparidze, Sultanməcid Əfəndiyev, İosif Stalin ilə birlikdə Məhəmməd Əmin Rəsulzadə də alovlu nitq söyləmişdir.
1908-ci ilin axırında Məhəmməd Əmin Rəsulzadə çar hökuməti tərəfindən onun həbs olunması təhlükəsi ilə əlaqədar olaraq Bakını tərk edərək İrana yola düşür. Məhəmməd Əmin Rəsulzadə Təbrizdə Səttarxanla və onun silahdaşları ilə görüşür. Cənubi Azərbaycanın şəhər və kəndlərini gəzir, xalqın vəziyyətini yaxından müşahidə edir. Məhəmməd Əmin Rəsulzadə İranda Seyid Həsən Tağızadə, Hüseynqulu xan Nəvvab, Süleyman Mirzə, Seyid Məhəmməd Rza və başqalarıyla birlikdə 1910-cu ilin sentyabr ayında İran Demokrat Partiyasının əsasını qoyur. O, "İran-nou" və "İrane Ahat" qəzetlərinin baş redaktoru olur. 1910-cu ilin yayında bağlansa da, payızda, oktyabrın 26-da artıq İran Demokrat Partiyasının orqanı kimi fəaliyyətini bərpa etdi.
Çar hökuməti İrandakı inqilabi hərəkatdan qorxuya düşərək onun əsas rəhbərlərindən biri olan Məhəmməd Əmin Rəsulzadənin ölkədən çıxarılmasını İranın şah hökumətindən tələb eləyir. Məhəmməd Əmin Rəsulzadə təqiblərdən yaxa qurtarmaq üçün 1911-ci ilin may ayında İstanbula gedir. O, Türkiyə paytaxtında həmyerliləri Əli bəy Hüseynzadə və Əhməd bəy Ağayevlə görüşmüş, Yusif Akçura, Ziya Göyalp və başqa alimlərlə yaxınlıq etmişdir. Məhəmməd Əmin Rəsulzadə "Gənc türklər" təşkilatına rəğbət bəsləmiş, "Türk ocağı" cəmiyyətində çalışmış və onun əsas orqanı olan, 1911-ci ilin noyabr ayından nəşrə başlayan "Türk yurdu" jurnalının fəal yazarlarından biri olmuşdur. 1911-ci ilin oktyabr ayında Bakıda Tağı Nağıyev və Məhəmməd Əli Rəsulzadə ilə Abbasqulu Kazımzadə Məhəmməd Əmin Rəsulzadənin tapşırıq və tövsiyələrinə uyğun olaraq Müsəlman Demokrat Müsavat Partiyasının əsasını qoymuşdur. Məhəmməd Əli Rəsulzadə daha sonralar yazırdı:
1911-ci ilin son baharı idi. Arkadaşların gizli toplantı və müşavirə yeri olan rəhmətlik Kazımzadə Abbas bəyin mağazasının arxa odasında Abbas bəylə bərabər oturduq. Arkadaşlarımızdan mərhum Tağı Nağıoğlu içəri girdi və bizə: "Gürcülərin, ermənilərin və rusların siyasi partiyaları vardır. Bizim nədən bir partiyamız olmasın, biz də bir partiya quralım" — dedi. Bir neçə gün müzakirə və müşavirədən sonra Müsavat Partiyasını qurmağa qərar verdik. Zatən mərhum Rəsulzadə Emin bəy də o tarixlərdə, bulunduğu İstanbuldan bizlərə siyasi bir təşəkkülə ehtiyac olduğu haqqında yazılar yazmaqda idi".[19] |
1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə əlaqədar ümumi əfv elan olunur və Məhəmməd Əmin Rəsulzadə vətənə qayıda bilir. 1917-ci ildə fevral burjua inqilabı baş verdi.
Fevral inqilabından sonra, 1917-ci ilin aprelin 15–20-də Bakıda Qafqaz Müsəlmanları Qurultayının keçirildi. Qurultay Məhəmməd Əmin Rəsulzadənin təklifi ilə Rusiyanı federativ şəkildə təşkil etmək haqqında qərar çıxardı. Bu qurulutayda "Azərbaycan qayəsi" məsələsi yenidən ortalığa atıldı.
1–11 may 1917-ci ildə milyonçu Şəmsi Əsədullayevin Moskvadakı evində Rusiya müsəlmanlarının qurultayı keçirildi. Əlimərdan bəy qurultayın idarə heyətinə üzv seçilmişdir.[20] Məhəmməd Əmin Rəsulzadə "ərazi muxtariyyəti" ideyası ilə çıxış etdi:
Rusiyanın idarə forması demokratik respublika olmalıdır. Yer kürəsinin altıda birini tutan, Kamçatkadan Qara dənizə qədər və Arxangelskdən İranla sərhədə qədər uzanan, 170 milyon əhalisi olan çoxmillətli bir dövlət bir mərkəzdən idarə oluna bilməz. Ona görə də Rusiya dövlətinin idarə forması federasiya olmalıdır. |
Onun irəli sürdüyü məhəlli muxtariyyət ideyası qurultayda 271 səsə qarşı 446 səslə qəbul edildi.[21]
Bu dövrdə Məhəmməd Əmin Rəsulzadə özünün "Cəmaət idarəsi" və "Bizə hansı hökumət faydalıdır?" kitablarını çap etdirmiş, onun Moskva müsəlman qurulutayında etdiyi məruzə Əhməd Salikovun çıxışı ilə birlikdə "Şəkli idarə haqqında iki baxış" adı altında çap olunmuşdur.
Ümum-Rusiya Müsəlmanları Qurultayında eyni mövqedən çıxış edən Nəsib bəy Yusifbəylinin sədri olduğu Türk Ədəmi-Mərkəziyyət Firəqsi və Məhəmməd Əmin Rəsulzadənin rəhbəri olduğu Müsəlman Demokratik Müsavat Partiyası 1917-ci ilin iyun ayının 17-də keçirilən qurultayda birləşərək vahid Türk Ədəmi-Mərkəziyyət Partiyası "Müsavat" adı altında fəaliyyət göstərdi. Məhəmməd Əmin Rəsulzadə vahid partiyanın sədri seçildi.
1917-ci il martın 5-də Bakıda Müsəlman İctimai Təşkilatları Şurası və onun İcraiyyə Komitəsi yaradıldı. Məmmədhəsən Hacınski, İ. Frolov, İbrahim bəy Heydərov və başqaları ilə yanaşı Məhəmməd Əmin Rəsulzadə də Komitənin tərkibinə daxil oldu. 1917-ci il martın 29-da Bakıda Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsi təşkil edildi. Onun tərkibinə Məhəmməd Əmin Rəsulzadə, Məmmədhəsən Hacınski, Əlimərdan bəy Topçubaşov və başqaları seçildi. 17 iyul 1917-ci ildə isə 33 nəfərdən ibarət yeni icraiyyə komitəsi təşkil olundu. Məhəmməd Əmin Rəsulzadə yeni İcraiyyə Komitəsinin sədrinin müavini seçildi.
Bakı Müsəlman İctimai Təşkilatları Şurasının İcraiyyə Komitəsi 1917-ci il avqustun 29-da Kornilov əks-inqilabi qiyamını qətiyyətlə pisləyərək, Müvəqqəti hökuməti tam müdafiə etdiyini bildirdi.
1917-ci il sentyabrın 5–6-da və 12-də Bakı Müsəlman İctimai Təşkilatları Komitəsinin növbəti iclası çağırıldı. İclasda Komitənin sədri Əlimərdan bəy Topçubaşov, sədrin müavinləri Məhəmməd Əmin Rəsulzadə və Fətəli xan Xoyski seçildi.[22]
1917-ci ildə Rusiyada baş vermiş Oktyabr inqilabının nəticəsində, Stepan Şaumyanın başçılıq etdiyi bolşevik Bakı Soveti, Bakı quberniyasında hakimiyyəti ələ keçirmişdi. Bakıda rus və erməni silahlı dəstələri Azərbaycan əhalisini qarət etməyə başlayır. Soyğunçuluq, qarma-qarışıqlıq və özbaşına axtarışlar ancaq azərbaycanlıların yaşadığı məhəllələrdə baş veririrdi. Buna etiraz edən müsəlman tacirləri bütün mağazaları bağlamışdılar. 1917-ci il dekabrın 26-da Bakıda türklərin dükan və mağazalarının, demək olar ki, çoxu bağlanmışdı. Hadisələrdən təlaşa düşən azərbaycanlılar narahat olmağa başlayırlar. "İsmailiyyə" binasının qarşısında mitinq keçirilir və buraya 3000 nəfərə qədər türk toplaşır və onlar Müsəlman İctimai Təşkilatları Komitəsindən tələb edir ki, şəhərdə qayda-qanun yaradılması üçün tədbir görsünlər. Çıxış edən natiqlər soyğunçuluğa, zorakılığa və özbaşına axtarışlara etiraz edirdilər. Mitinqə gələn Bakı Soveti İcraiyyə Komitəsinin sədr müavini Prokofi Caparidze əhalini sakiləşdirmək məqsədilə, Sovet tərəfindən hər cür özbaşınalığa son qoymaq üçün lazımi ölçü götürüləcəyinə söz verir. Mitinqdə iştirak edən Məhəmməd Əmin Rəsulzadə şəhərdə qarma-qarışıqlıq olmasın deyə, 5 nəfərdən ibarət komissiya yaradılmasını təklif edir. Uzun müzakirələrdən sonra qəbul edilən qətnamədə göstərilirdi ki, özbaşına axtarışların aparılmasına və silahların müsadirə olunmasına yol verilməsin, müsəlmanların yaşadığı sahələrə müsəlman milisləri qoyulsun. Eyni zamanda, qeyd olunurdu ki, qəbul edilmiş qərarları həyata keçirmək üçün Hərbi İnqilabi Komitəsi ilə birgə 5 nəfərdən ibarət komissiyanın yaradılmasını Milli Komitəyə tapşırılsın. Elə həmin gün qoyulan tələbləri yerinə yetirmək üçün Milli Komitənin təcili yığıncağı keçirilir. Bu yığıncaqda Əlimərdan bəy Topçubaşov, Bəşir bəy Aşurbəyov, Məhəmməd Əmin Rəsulzadə, İbrahim bəy Heydərov və Məmmədhəsən Hacınski iştirak edirdi.[23]
Buna baxmayaraq 31 mart tarixində kütləvi soyqırım həyata keçirildi. Bakı Soveti 1918-ci il aprelin 1-də müsəlman təşkilatlarına ultimatum vermişdi.[24] Ultimatumun tələblərin yerinə yetirilməsi müddəti 1 aprel 1918, gündüz saat 3-ə təyin olunmuşdu. Danışıqlar axşam saat 5-də başlamışdı. Azərbaycanı üzvlər tələbləri yerinə yetirməyə razı olduqlarını bildirmişdilər və cavab sənədinə imza atmışdılar.[24]
Bakı Müsəlman İctimai Təşkilatları Komitəsi ilə Müsavat Partiyasının proqramları üst-üstə düşdüyündən onlar 1917-ci ilin noyabr ayında seçkilərə vahid siyahı ilə gedirdilər. 1917-ci ilin noyabrın 26-dan 28-nə qədər Cənubi Qafqazda Ümumrusiya Müəssislər Məclisinə seçkilər keçirildi. Müsavat Partiyası və Müsəlman Milli Komitələri seçkilərdə vahid 10 nömrəli siyahı ilə iştirak etdi. Bu siyahıda birinci sırada Xüsusi Zaqafqaziya Komitəsinin üzvü Məmməd Yusif Cəfərov, ikinci sırada Əlimərdan bəy Topçubaşov, üçüncü sırada isə Məhəmməd Əmin Rəsulzadənin adı yazılmışdı. Müsavat Partiyası və Müsəlman Milli Komitələrinin vahid 10 nömrəli siyahısı Zaqafqaziya seçki bölgəsində 615 816 (25.08%) səs toplayaraq əsasən Gürcüstan əhalisinin səs verdiyi menşeviklərdən sonra seçkini ikinci tamamladı.[25][26][27] Bu, həmçinin 10 nömrəli siyahıya müsəlmanlarının 63 faizinin səs verdiyi mənasına gəlirdi.[28]
Beləliklə Məhəmməd Əmin Rəsuladə Ümum-Rusiya Müəsisslər Məclisinin üzvü seçildi, lakin Rusiyada hakimiyyətə gələn bolşeviklər 1918-ci ilin yanvarın 5-də fəaliyyətə başlayan Ümumrusiya Müəssislər Məclisinin yanvarın 6-da buraxılması haqqında dekret verdilər.[22]
Bu hadisədən sonra 1918-ci ilin yanvarında Tiflisdə Zaqafqaziyadan Müəssislər Məclisinə seçilən nümayəndələr regional qanunverici orqan olan Zaqafqaziya Seyminin yaradılması qərarına gəldilər və Seymin ilk iclası 1918-ci ilin fevralın 23-də keçirildi. Məhəməd Əmin Rəsulzadə də Seymin üzvü olmuşdur. Seymdə müsəlman üzvlər Müsəlman fraksiyasını təsis etdilər. Məhəmməd Əmin Rəsulzadə bu fraksiyanın ən çox üzvə sahib olan "Müsəlman və demokratik bitərəflər qrupu"nun və Müsavatın rəhbəri olaraq fraksiyanın sədri seçildi.[29]
Qafqaz cəbhəsində vəziyyət və Zaqafqaziyanın müstəqilliyinin elan edilməsi məsələləri istər Seymin, istərsə də hökumətin fəaliyyətində əsas yer tuturdu. Zaqafqaziya Seymindən müsəlman fraksiyasının lideri Məhəmməd Əmin Rəsulzadə bu barədə yazırdı: "Seymdə müsəlmanların bütün səyləri cəbhə məsələsinin dinc yolla həlli və Qafqazın müstəqilliyinin dərhal həyata keçirilməsinə yönəlmişdi. Müstəqil Qafqazın mövcudluğu təkcə Qafqaz müsəlmanlarının deyil, həm də Rusiyanın daimi təhlükəsi qarşısında qalan digər müsəlman ölkələrinin də mənafeyinə uyğun idi".[30]
1918-ci il mayın 11-də Batumda Zaqafqaziya və Türkiyə arasında nümayəndə heyətləri səviyyəsində danışıqlar davam etdirildi. Zaqafqaziya hökumətinin sədri və xarici işlər naziri Akaki Çxenkelinin başçılıq etdiyi heyətin danışıqlarında Azərbaycanı Məhəmməd Əmin Rəsulzadə və Məmmədhəsən Hacınski təmsil edirdilər.[31] Türkiyə tərəfin təmsilçilərinə xarici işlər naziri Xəlil Paşa, Qafqaz cəbhəsi komandanı Vahib paşa və hərbi nazir Ənvər paşa başçılıq edirdilər.[31] Batum konfransında müşahidəçi sifətində general Otto fon Lossovun başçılığı ilə Almaniya nümayəndəliyi də iştirak edirdi. Lossov Batumda gürcü nümayəndələri ilə gizli görüşlər keçirərək, onlara hərbi və iqtisadi yardım göstəriləcəyini vəd etmişdi. Batum konfransında Zaqafqaziya Seyminin nümayəndə heyəti Türkiyənin Qars, Ərdəhan və Batum əyalətləri haqqında tələblərini tamamilə tanıdı və bununla da Brest-Litovsk müqaviləsinin müddəasını təsdiq etdi.[31]
Gürcülər və ermənilər Türkiyə ilə münasibətdə ciddi siyasi ziddiyyətdə idi. Gürcülər Batum və Acarıstanın saxlanılması cəhdində olsalar da, buna nail olmaq üçün Qars və Ərdəhanı güzəştə getməyə razılaşşdılar, lakin müharibə başlamış, 8 gündən artıq çəkməmişdir. Osmanlı aprelin 15-də Batumu tutdu və Qarsı mühasirəyə aldı.[32] Aprelin 19-da Seymə daxil olan Azərbaycan nümayəndələrinin birgə yığıncağında onlar Zaqafqaziyanın müstəqilliyini tələb etdilər. Azərbaycanlı nümayəndələr əks halda Azərbaycanın müstəqilliyi istiqamətində hərəkət edəcəklərini bildirdilər.[33] Müharibədə məğlubiyyət və daxili narazılıqlardan sonra 1918-ci ilin aprelin 22-də Zaqafqaziyanın müstəqilliyi elan edildi. Bir ay sonra, may ayının 25-də gürcülər Seymin buraxılması qərarını alaraq Gürcüstanın müstəqilliyini elan etdilər. 1918-ci ilin mayın 26-da Seymin sonuncu iclası keçirildi və onun fəaliyyəti dayandırıldı.
1918-ci ilin may ayının 27-də Seymin Azərbaycan nümayəndələrinin fövqəladə iclası keçirildi və iclas Azərbaycanın idarə olunması vəzifəsini öz üzərinə götürərək Azərbaycan Müvəqqəti Milli Şurasını elan etdi.[34][35] Tarix üzrə fəlsəfə doktoru Nəsiman Yaqublunun sözlərinə görə, Müsavat Partiyası sədrliyə Məhəmməd Əmin Rəsulzadənin namizədliyini irəli sürdü.[35] İttihad Partiyası istisna olmaqla, qalan təşkilatların səsverməsi nəticəsində Məhəmməd Əmin Rəsulzadə Milli Şuranın sədri seçildi.[35] Milli Şura yaranmış vəziyyəti təhlil etdikdən sonra 1918-ci ilin 28 mayında Tiflisdə Qafqaz Canişin sarayının ikinci mərtəbəsindəki böyük salonda keçirilən ilk iclasında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını elan edilib və Azərbaycanın 6 bənddən ibarət "Milli İstiqlal Bəyannaməsi" imzalandı.[34] Məhəmməd Əmin Rəsulzadə konfransla bağlı Batumda olduğu üçün bu iclaslarda iştirak edə bilməmişdir. Milli Şura şuranın üzvü Fətəli xan Xoyskiyə Azərbaycan Xalq Cümhuriyyətinin birinci müvəqqəti hökumətini təşkil etməyi həvalə etdi.[36] Bir saatlıq fasilədən sonra Fətəli xan Xoyski sosialistlər və müsavatçılardan ibarət müvəqqəti koalisiya hökumətin tərkibini elan etdi. İyunun 17-də Azərbaycan Milli Şurasının iclasında Məhəmməd Əmin Rəsulzadə öz alovlu nitqində deyirdi:[37]
Dünya müharibəsi və Rusiya inqilabının təsiri ilə yeni doğulmuş və həyat siyasətinə ilk qədəm basmış olan Azərbaycan qayəsi əhatə olunmaz mühüm dəqiqələr keçirir. Bu yeni türk nüzad siyasəti rişə və buluğ bulub da millətlər zümrəsinə vəsail-həyat olaraq girə biləcək, yoxsa sısqa çocuq kimi südəmər halında tərki-həyat edəcəkdir? İştə bütün zehinləri işğal edən bir məsələ! İştə bir zaman ki, müqəddərat milliliyi əllərinə alanlar üçün Azərbaycan nüzadini tələf etdirməmək kimi müşkül, fəqət müşküllüyü ilə bərabər şərəfli bir vəzifə və məsuliyyət tərtib ediyor. |
İyunun 17-də Azərbaycan nümayəndələrinin İstanbul Beynəlxalq Konfransına göndərilməsi müəyyənləşdi. Konfransda iştirak etmək üçün Məhəmməd Əmin Rəsulzadə, Xəlil bəy Xasməmmədov və Aslan bəy Səfikürdskidən ibarət nümayəndə heyəti təsdiq edildi. Nümayəndə heyətinə konfrans iştirakçıları ilə siyasi, iqtisadi, maliyyə və hərbi məsələlərlə bağlı danışıqlar aparmaq və müqavilələr bağlamaq səlahiyyəti verilmişdir.
Azərbaycan Milli Şuras iyunun 17-də isə fəaliyyətini müvəqqəti dayandırıb, 6 aydan gec olmayaraq Müəssislər Məclisi çağrılmaq şərti ilə, bütün qanunverici və icraedici hakimiyyəti Müvəqqəti hökumətə vermişdir. Parlamentli respublika idarəçiliyinin hüquqi norma və qaydalarına sadiq qalan Fətəli xan Xoyski hökuməti, eyni zamanda, Müəssislər Məclisinin çağırılması üçün hazırlıq görməyə başladı. Bu məqsədlə xüsusi komissiya yaradıldı.
1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu Bakı şəhərini aldı. Məhəmməd Əmin Rəsulzadə həmin günlərdə İstanbulda idi. O, yazırdı:[38]
O dövrün Hərbiyyə naziri və Baş komandan vəkili bulunan Ənvər Paşa həzrətləri telefon edirdilər: – Əmin bəy, Bakı alındı! Bu qısa xəbərin məndə tövlid etdiyi təsiri qabil deyil, təsvir edə bilmirəm. O təsiri hələ unuda bilmirəm. |
Milli Şuranın qərarından hələ 6 ay keçməmiş, hökumətin təkbaşına hakimiyyəti davam etdirmək səlahiyyəti olduğu halda Fətəli xan Xoyskinin təşəbbüsü və müraciətinə əsasən, 1918-ci il noyabrın 16-da Azərbaycan Milli Şurası yenidən fəaliyyətə başladı. Hökumətin sədri Fətəli xan Xoyskinin təklifi ilə Azərbaycan Milli Şurası Müəssislər Məclisi çağırmaq işini öz üzərinə götürdü. Azərbaycan Milli Şurasının 1918-ci il noyabrın 19-da Məhəmməd Əmin Rəsulzadənin sədrliyi ilə keçirilən iclasında Azərbaycan Milli Şurası həmin il dekabrın 3-də Müəssislər Məclisinin- geniş tərkibli Azərbaycan Parlamentinin çağırılması haqqında qanun qəbul etdi və öz fəaliyyətini dayandırdı. Azərbaycan Milli Şurasının 19 noyabr 1918-ci il tarixli iclasının qərarına əsasən hələ 1917-ci ilin sonlarında Ümum-Rusiya Müəssislər Məclisinə seçilmiş 44 nəfər türk-müsəlman nümayəndə birbaşa yeni yaradılacaq parlamentin tərkibinə daxil edilirdi. Müsəlmanlardan qalan 36 deputat və başqa millətlərin nümayəndələri yenidən seçilməli idi. Yeni Parlamentin formalaşdırılması 1918-ci il dekabrın 3-də başa çatdırılmalı idi.[39]
Azərbaycan Cümhuriyyəti Parlamentinin çağırılması ilə əlaqədar Azərbaycan Milli Şurası adından onun sədri Məhəmməd Əmin Rəsulzadənin imzası ilə 1918-ci il noyabrın 29-da Azərbaycan və rus dillərində "Bütün Azərbaycan əhalisinə!" Müraciətnaməsi dərc edilir:[40]
Vətəndaşlar!
Müharibə və zamanının fövqəladə əhvalını nəzərə alaraq tətil etmiş olan Azərbaycan Şurayi-Millisi iltizam-zaman ilə təkrar Azərbaycanın paytaxtı Bakıda toplandı. Şurayi-millinin ən əvvəl qəbul etdiyi qanun sırf Azərbaycan müsəlmanlarına məxsus olan Şurayi-Millini milli bir şəkildən çıxarıb da dövləti bir şəklə salmaq oldu. Bu ayın 19-da qəbul etdiyi qanunnaməyə görə Şurayi-Milli dekabrın 3-nə qədər 120 əzalıq bir Məclisi-Məbusan halına gələcəkdir. Bu məclisə azlıqda qalan millətlərdən nümayəndələr cəlb olunduğu kimi, məmləkətin vilayətlərindən də vəkillər çağırılmışdır. Bu surətlə yığılacaq məbusan irəlidə ümumi seçmə üsulu ilə Azərbaycan Məclisi Müəssisanı yığışıncaya qədər yurdumuzun sahibi olacaq, onun müqəddəratını həll, hökumətini təşkil və mənafeyini müdafiə edəcək. |
1918-ci il dekabrın 7-də saat 13:00-da Hacı Zeynalabdin Tağıyevin Nikolayev küçəsində yerləşən keçmiş Qızlar Məktəbinin binasında (hazırda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun yerləşdiyi bina) Azərbaycan Parlamentinin təntənəli açılışı oldu.[41][42] Azərbaycan Xalq Cümhuriyyətinin qanunverici orqanı olan Parlamentin işə başlaması ilə şuranın işinə xitam verildi.[43]
Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının və Müsavat Partiyasının sədri Məhəmməd Əmin Rəsulzadə parlamenti açaraq bu münasibətlə onun üzvlərini təbrik etdi:
Möhtərəm Millət vəkilləri!
Azərbaycan Milli Cümhuriyyətinin ilk Parlamentosunu açmaq səadətinin, Siz möhtərəm millət vəkillərini təbrik etmək şərəfinin öhdəmə düşməsi ilə iftixar edirəm (alqışlar)... fəndilər, Rusiyada zühur edən böyük inqilab digər həqiqətlər arasında bir böyük həqiqəti dəxi elan etmişdi. Bu həqiqət millətlərin hürriyyət və istiqlal haqları idi... |
Daha sonra yazılarında o bu günü belə xatırlayırdı:
Biz o zaman, bizim üçün ən yaxşı məsələni – Azərbaycan muxariyyətini müdafiə edirdik, biz onda sağ və sol tərəfdən amansız tənqidə məruz qalmışdıq. Sağdan bizə deyirdilər ki, azərbaycanlılıq şüarı ilə siz müsəlmanları parçalayırsınız, türkçülük bayrağı qaldırmaqla – Allah yıxsın – siz İslamın əsasını sarsıdırsınız. Soldan isə bizi məzəmmət edirdilər ki, Azərbaycan muxtariyyətini tələb edərək biz vahid demokratik cəbhəni yarırıq. Buna baxmayaraq Müsavat Partiyası birinci olaraq Azərbaycanın müstəqilliyi bayrağını yüksəyə qaldırmışdır. |
16 yanvar 1919-cu ildə parlamentin səkkizinci iclasında Müsavat Partiyası və partiya sədri Məhəmməd Əmin Rəsulzadə tərəfindən parlamentə "Parlamentdə hazır olmayan məbuslar haqqında qanun layihəsi" təqdim olunur və layihə yekdilliklə qəbul olunur.
Layihə yekdilliklə qəbul olunur. Həmin iclasda yenə Müsavat Partiyası "Ədəmi-ictimai" qanun layihəsini parlamentə təqdim edir. Bu qanuna görə Məclisi-Məbusan əzası heç vaxt hökumət məmuriyyətində ola bilməzlər. Stanislav Vanseviç bu qanuna etiraz edir və qanunun komissiyaya təqdim edilməsini təklif edir. Mixail Vinoqradov və Aslan bəy Qardaşov da bu təklifi təsdiqləyir. Səsvermə yolu ilə qanun 10 günlük müddətə parlamentə geri təqdim olunmaq şərti ilə komissiyaya təqdim olunur. 25 yanvar 1919-cu ildə parlamentin sayca doqquzuncu iclasında komissiya tərəfindən baxılmış olan "Ədəmi-ictimai" qanunu müzakirəyə çıxarılır. Layihə müzakirələrə səbəb olsa da, Məhəmməd Əmin Rəsulzadənin müdafiəsinin ardından yekdilliklə qəbul edilir.
1919-cu ilin mayında Azərbaycan İstiqlalının bir illiyi münasibətilə keçirilən tədbirlər, toplantılardakı çıxışlar haqqında o dövrdə nəşr edilən "Azərbaycan" qəzetində yazılmışdır:[44]
Bir az keçəndən sonra Məclisi-Məbusan qarşısında Məhəmməd Əmin Rəsulzadə cənabları kürsiyi-xitabətə çıxaraq xalqın alqışları altında bir nitq irad edərək, camaatı milli böyük bayram və bəxtiyarlıq ilə təbrik etdi: “Bizim düşmənlərimiz, azadlıq və istiqlaliyyətimizi gözləri götürməyən rəqiblərimiz deyirlər ki, Azərbaycan istiqlalını xanlar, bəylər elan etmişlər. Xalq onu istəmir. Budur camaat, bugünkü izdiham, bügünkü şadlıq istiqlaliyyətin xanlar deyil, bəylər deyil, xalq tərəfindən elan edildiyini düşmənlərimiz artıq görsünlər” (xalqın alqışı altında nitqinə xitam verir). Ondan sonra başqa natiqlər də nitq etdilər. |
Bakıda I Yusifbəyli hökumətinin 1919-cu il 26 may tarixli qərarı ilə 1919-cu il mayın 28-də Azərbaycanın müstəqilliyinin elan olunmasının 1-ci ildönümü günü kimi qeyd edilmişdi. Bayram günü bütün qəzetlərin, xüsusilə Azərbaycan və rus dillərində nəşr olunan hökumət qəzeti "Azərbaycan"ın bir nömrəsi başdan-başa İstiqlaliyyətin ildönümünə həsr edilmişdi. 6 səhifədə çıxan "Azərbaycan" qəzetinin bütün səhifələrində aşağıdakı şüarlar manşetə çıxarılmışdı: "Yaşasın müstəqil Azərbaycan Cümhuriyyəti", "Yaşasın Cahan Demokratiyası!", "Yaşasın təyini müqəddərat hüququ!", "Yaşasın türk milləti!", "Yaşasın millətlərin qardaşlığı!", "Yaşasın Hürriyyət və İstiqlal, qəhr olsun düşmənlər!". Həmin nömrədə Əlimərdan bəy Topçubaşov, Məhəmməd Əmin Rəsulzadə, Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev və Səməd bəy Mehmandarovun portretləri dərc olunmuşdu.
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 1919-cu il sentyabrın 1-də keçirilən sayca yetmişinci iclasında yüz nəfər azərbaycanlı gəncin hökumət hesabına təhsil almaq üçün xarici ölkələrin nüfuzlu ali məktəblərinə göndərilməsi haqqında məsələ də müzakirə edilmişdir.[45] Xaricə göndəriləcək tələbələri seçmək üçün Xalq Maarifi Nazirliyi yanında Məhəmməd Əmin Rəsulzadə (sədr), Əhməd bəy Pepinov, Qara bəy Qarabəyov, Mehdi bəy Hacınski və Abdulla bəy Əfəndizadədən ibarət münsiflər heyəti yaradılmışdı. Münsiflər heyətinin seçdiyi tələbələrdən 10 nəfərinin İngiltərəyə, 23 nəfərinin İtaliyaya, 45 nəfərinin Fransaya, 9 nəfərinin Türkiyəyə göndərilməsi nəzərdə tutulurdu. Nəticədə isə Xalq Maarifi Nazirliyi tərəfindən xaricə göndərilən tələbələrdən 49 nəfərinə Almaniyanın, 27 nəfərinə Fransanın, 4 nəfərinə İtaliyanın, 1 nəfərinə İngiltərənin, 6 nəfərinə isə Türkiyənin müxtəlif ali məktəblərinə göndərilmələri barədə rəsmi sənəd verilmişdi. Qalan 13 nəfər isə Rusiyaya göndərilməli idi. Rusiyada vətəndaş müharibəsi ilə əlaqədar yaranmış şəraitə görə oraya tələbə göndərmək mümkün olmamışdı.
Parlamentin 1919-cu ilin avqustunda keçirilən altmış yeddinci iclasında birinci məsələ olaraq "Azərbaycan Darülfünunun təşkili haqqında qanun layihəsi" müzakirə edildi. Müzakirə zamanı Məhəmməd Əmin Rəsulzadə belə demişdir:[46]
Darülfünunun faydalarından birisi də budur ki, burada bir kərə elmi bir müəssisə vücuda gələcək. Bununla məmləkətin məchul qalmış bir çox xüsusiyyəti öyrəniləcəkdir. Camaat arasında elmə və fənnə nə qədər həvəs artacaqdır. Digər tərəfdən xaricə getməyə imkanı olmayan tələbələr elm və fənn hasil etmək imkanında olacaqlar. Vaxtilə bu darülfünun get-gedə milliləşəcək. Bununla bərabər orada türk dili ümumi surətdə məcburi olaraq keçiləcək və öyrədiləcəkdir. |
Universitetin ilk rektoru olmuş professor V. Razumovski 1922-ci ildə çap etdirdiyi "Bakı şəhərində universitetin əsasının qoyulması" adlı xatirə oçerkində yazır:
Məhəmməd Əmin Rəsulzadənin sayəsində, onun gücü, maarifçilik köməyi ilə Müsavat Partiyasında universitetin açıq və gizli düşmənləri partiyanın qərarına tabe olmağa məcbur olmuşlar. Biz öz tərəfimizdə artıq iki partiyaya malik idik. "Müsavat" və sosialistlər, bu da parlamentdə çoxluğu təmin edirdi. |
1920-ci ilin mart ayında Bakıda rus dilində çapdan çıxmış, "1920-ci il üçün Azərbaycan respublikasının təqvim-ünvanında" qeyd edilib ki, Məhəmməd Əmin Rəsulzadə BDU-nun Tarixi-filologiya fakültəsində "Osmanlı ədəbiyyatı tarixindən" dərs demişdir. O, burjua xadimi kimi onu damğalamağa çalışanlara cavab olaraq yazırdı ki, "Mən kasıbçılığın üzündən ali təhsil də ala bilməmişəm, öz pulu ilə Rusiyada və Qərbi avropada təhsil alıb və bu gün özünü bolşevik kimi qələmə verən sizləri nə adlandırmaq olar".
27 aprel 1920 tarixində azərbaycanlı bolşeviklər günorta saat 12-də Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi, Rusiya Kommunist (bolşeviklər) Partiyası Ölkə Komitəsinin Bakı bürosu və Mərkəzi Fəhlə Konfransı adından parlamentə 12 saatlıq ultimatum verdilər. Ultimatumu müzakirə etmək üçün yaradılan parlament komissiyası ilə kommunistlər arasında gedən danışıqlardan sonra qərara alındı ki, bu məsələ parlamentin fövqəladə iclasına çıxarılsın. Parlamentin 27 aprel 1920 tarixli sayca yüz qırx beşinci və sonuncu iclası keçirildi. Məhəmməd Əmin Rəsulzadənin təklifi ilə iclas xalqa açıq formada keçirildi. İclasda Rəsulzadə çıxış etdi:[47]
Əfəndilər, mötəcaziz bir ultimatum qarşısında qalmışıq. Burada təslimdən bəhs edirlər. Fəqət əfəndilər, təslim nə demək? Kimə tərki mövqe edirik? Bizə deyirlər ki, hüdudunuzu keçən ordunun başında Nicati adında bir türk komandanı durmuşdur. Rusiyadan gələn bu mötəcaviz ordu təxmin edirlər ki, həyat və məmat mücadiləsində qalan Türkiyənin xilası üçün gedir. Yalandır. Gələn ordu rus ordusudur. Fərzən komandanı bir türk olsa da, yenə rusdur, istila ordusudur. Onun istədiyi 1914-cü il hüduduna qayıtmaqdır. Anadolu imdadına gedəcək bəhanəsilə yurdumuza girən bu işğal ordusu buradan bir daha çıxmaq istəməyəcəkdir. Qızıl Rusiya ilə anlaşmaq üçün hökuməti mütləq bolşeviklərə təslim ultimatumu qəbul etmək zillətinə qatlanmağa ehtiyac yoxdur. Bu mötəcavizanə ultimatumu rədd etməliyik... |
Axşam saat 19.30-da parlamentin fövqəladə iclasında Məhəmmədhəsən Hacınski komissiya adından Müsavat və bitərəflər fraksiyasının lideri Məhəmməd Əmin Rəsulzadə xaric kommunistlərin ultimatumunun bütün şərtləri komissiya tərəfindən qəbul edildiyini elan etdi.
Qızıl Ordu Bakını tutduqdan sonrakı 1 il ərzində 48 min insanın ölümünə səbəb olmuşdur.[48] Məhəmməd Əmin Rəsulzadə yazırdı ki, Azərbaycanın həqiqi diktatoru, cəlladbaşı Pankratov idi, onun əmri fövqündə bir əmr yox idi.[49] Pankratov XI Ordunun Siyasi şöbəsinin rəisi idi.
O, 1938-ci ildən Polşa hökumətində məsləhətçi işləmişdir.
1911-ci ildə Məhəmməd Əmin Rəsulzadənin göstərişi ilə Bakıda Abbasqulu Kazımzadə, Məhəmməd Əli Rəsulzadə və Tağı Nağıoğlunun rəhbərliyində Müsavat Partiyası təsis olunur. 1913-cü ildə Bakıya qayıdan Məhəmməd Əmin Rəsulzadə partiyanın rəhbərliyinə keçir. O, partiyanın proqramında düzəlişlər edərək partiyanın ideoloji bazasının türk-islam sintezi olduğunu qeyd etmişdir.[50] 1917-ci ildə Fevral inqilabına qədər Müsavat Partiyası gizli olaraq fəaliyyət göstərmişdir. Bu ilk mərhələdə Müsavat Rusiya imperiyasında və Yaxın Şərqdə yaşayan müsəlman və türk-dilli millətləri milli azadlıq və demokratik müxtariyyət idealları ətrafında birləşdirməyə çalışmışdır.[51] 1915-ci ilin oktyabr ayında Məhəmməd Əmin Rəsulzadənin redaktorluğu ilə nəşrə başlayan "Açıq söz" qəzeti həm də Müsavat Partiyasının orqanı kimi çap olunub. Müsavatın islamçı ideologiyası ətrafında qurulmasına və onun rəhbəri olan Məhəmməd Əmin Rəsulzadənin türkçülük düşüncələrinə rəğbət bəsləməsinə baxmayaraq, Birinci dünya müharibəsinin ilk illərində Müsavat Partiyası Çar rejimini dəstəkləmişdir.[52]
1917-ci il iyunun 17-də müsavatçılar, Difai Partiyası Gəncə Milli Komitəsinin aparıcı şəxsləri Nəsib bəy Yusifbəylinin, Həsən bəy Ağayevin, Şəfi bəy Rüstəmbəylinin, Xasməmmədli və Şeyxzamanlı qardaşlarının yaratdıqları Türk Ədəmi-Mərkəziyyət Firqəsi ilə birləşərək "Türk Ədəmi-mərkəziyyət Firqəsi Müsavat"ın əsasını qoymuşlar.[53] Birləşmiş partiyanın gərərgahı 1918-ci il Bakıda baş verən qanlı mart hadisələrinədək bu şəhərdə yerlməşmişdir. Müsavatın ilk qurultayı 1917-ci il oktyabrın 26–31-də Bakıda, "İsmailiyyə" binasında keçirilib. Qurultayda partiyanln ilk Mərkəzi Komitəsinə üzvlər seçilmişdir. Onlardan biri də Məhəmməd Əmin Rəsulzadə olmuşdur. Daha sonra o, Mərkəzi Komitənin sədri olmuşdur.
Parlamentin ilk iclasında Müsavat Partiyasının bəyannaməsini sədr Məhəmməd Əmin Rəsulzadə açıqlamışdır:[54]
“Bəli, artıq Azərbaycan ideyası barədə firqələrimiz arasında fikir ixtilafı yoxdur. Azərbaycan fikri millətin şüurunda yerləşmişdir. Üçrəngli əziz bayrağımız hamımızı siyasətcə birləşdirir. Azərbaycan istiqlalını müdafiə etmək hamımız üçün ortaq bir proqramdır. Ona görə firqələr Azərbaycan ideyasını propaqanda etməklə deyil, mövcud faktın siyasətən, hüquqən və xaricən müdafiəsilə məşğul olmalıdırlar. |
Müsavat Partiyasının II qurultayı 1919-cu ilin dekabrında keçirildi (qurultay dekabrın 2-dən 12-dək davam etmişdir). Respublikanın bütün bölgələrindən qurultayda 140 nümayəndə təmsil olunurdu. Qurultayı giriş sözü ilə Məhəmməd Əmin Rəsulzadə açıb və partiyanın Mərkəzi Komitəsinin fəaliyyəti haqqında məruzə ilə çıxış edib. Qurultayın Siyasi Komissiyasına Məmməd Yusif Cəfərov, Musa bəy Rəfiyev, Məmmədhəsən Hacınski, Nəsib bəy Yusifbəyli, Xəlil bəy Xasməmmədov və Məhəmməd Əmin Rəsulzadə seçilmişdir. Qurultayın birinci iclası gecə saat 10-a dək davam etmiş, ikinci gün isə qurultaya Şəfi bəy Rüstəmbəyli sədrlik etmişdir. İkinci gün qurultayın Rəyasət Heyəti seçilmişdir. Seçki nəticəsində Məhəmməd Əmin Rəsulzadə qurultayın Rəyasət Heyətinin sədri seçilmişdir. İkinci qurultayda Məhəmməd Əmin Rəsulzadə yenidən Müsavat Partiyasının sədri seçilib.
Aprel işğalından sonra Məhəmməd Əmin Rəsulzadənin göstərişi ilə Müsavat Partiyası gizli fəaliyyətə başlamış, başına isə onun razılığı ilə Mirzə Bala Məmmədzadə gətirildi.
Əsrimizin əvvəllərindən başlayaraq 1907-ci ilin axırlarına qədər Bakıda inqilabi fəaliyyət göstərən İ. Stalin ilə Məhəmməd Əmin Rəsulzadənin tanışlığı olmuşdur. İstanbulda çıxan "Dünya" qəzetindəki Məhəmməd Əmin Rəsulzadənin "Stalin ilə inqilab" adlı silsilə xatirə-məqaləsinə görə hələ 1905-ci ildə Balaxanı neft mədənlərində varlılar Stalini fəhlələri tətilə dəvət etdiyi üçün neft quyusuna atmaq istəmişlər, ancaq Məhəmməd Əmin Rəsulzadə onu ölümdən xilas etmişdir və o, Müsavatçılar tərəfindən Stalinin Bayıl həbsxanasından qaçırılmasının da təşkilatçısı olmuşdur..
1920-ci ilin noyabr ayının əvvələrində Oktyabr inqilabın ildönümü ilə əlaqədər Bakıda olan İ. V. Stalin Rəsulzadənin həbsdə olduğunu öyrənir. Stalin XII Ordunun xüsusi şöbəsinin rəisi V. Pankratova RSFSR-i Millətlər Komissarlığı adından göstəriş verir və özü şəxsən həbsxanaya gedib Məhəmməd Əmin Rəsulzadəni azad edir. Bununla İ. V. Stalin 1905-ci ildə onu ölümdən qurtaran Məhəmməd Əmin Rəsulzadə qarşısında öz tarixi vicdan borcunu yerinə yetirdi.[55] O, Məhəmməd Əmin Rəsulzadəni özü ilə birlikdə Moskvaya apardı və RSFSR Millətlər Komissarlığında mətbuat müvəkkili vəzifəsinə təyin etdi. Məhəmməd Əmin Rəsulzadə RSFSR Millətlər Komissarlığına tabe olan Moskva Şərqşünaslıq (keçmiş Lazarev) institutunda da fars dilində dərs demişdir. RSFSR-in Millətlər Komissarlığının orqanı olan "Novıy Vostok" jurnalının 1922-ci il 1-ci nömrəsində xəbər verilir ki, jurnalın 2-ci nömrədə Məhəmməd Əmin Rəsulzadənin "Qədim İranın kommunistləri" adlı məqaləsi çap olunacaq. Ancaq saydakı xəbərə baxmayaraq, bu məqalə çap edilməmişdir. Məzdəkizm hərəkatından bəhs edən bu məqalə çox yəqin ki, Məhəmməd Əmin Rəsulzadənin mühacirətə getməsi ilə izah etmək olar. Məhəmməd Əmin Rəsulzadənin xaricə getməsinin düzgün təfsilatı onun vəfatı münasibətilə məşhur Azərbaycan ədəbiyyatşünası, Türkiyədə vəfat etmiş Əbdülvahab Yurdsevərin xatirə yazısında öz əksini tapmışdır. O yazır:[56]
Müsavat Partiyasının gizli mərkəzi komitəsinin ən mühüm təşəbbüslərindən biri M. Ə. Rəsulzadəni Moskvadan qaçırmaq olmuşdur. Əvvəlcə bir yoldaş vasitəsilə, sonra isə sabiq Parlament üzvü, mərhum Rəhim bəy Vəkilovu və Bakı əsgəri təşkilatının rəisi, şəhid yoldaşımız doktor Dadaş Həsənzadəni bir qədər pul ilə Moskvaya göndərmək surətilə M. Ə. Rəsulzadə ilə təmasda olmuşlar. Məhəmməd Əmin Rəsulzadəyə təklif olunmuşdur ki, elmi-tədqiqat adı ilə Leninqrada getsin. Onun oradan rəhmətlik tatar maarifçilərindən Musa Cərurullah Bigiyevin (1875–1949) müyəssər yardımı ilə və qayıqla Fin körfəzi üzərindən üzərək Finlandiyaya qaçırılması təmin edilmişdir.[57]
Məhəmməd Əmin Rəsulzadənin Almaniyanın 1933–1945-ci illərdəki dövlət başçısı Adolf Hitlerlə birbaşa görüşü və münasibəti olmayıb. Onun Almaniya hökuməti ilə əlaqələri Şərq Nazirliyinin SSRİ Millətləri üzrə Baş İdarəsinə başçılıq edən professor Gerhard fon Mende və Almaniyanın Moskvadakı səfiri, Almaniya Xarici İşlər Nazirliyinin təmsilçisi Fridrix-Verner fon Şulenburq vasitəsilə olub. Məhəmməd Əmin Rəsulzadənin Almaniya hökuməti ilə əlaqə qurmaqda başlıca məqsədi, sayı 70 minə qədər olan azərbaycanlı əsirləri xilas etmək və Azərbaycanın müstəqilliyinin Almaniya hökuməti tərəfindən qəbul edilməsi idi. Bununla əlaqədar o, Almaniyada olarkən "Milli Azərbaycan Komitəsi"ni yaratmış, Almaniya hökuməti ilə danışıqlar aparmışdı, lakin Hitler "komitələr" deyil, məhdud səlahiyyətli "milli komissiyalar" yaratmağa üstünlük vermişdi.
Hitlerə və onun nasist ideologiyasına olan münasibətini isə Məhəmməd Əmin Rəsulzadə belə bildirmişdi:
"Hitlerçilik hər şeydən əvvəl komunizm demaqogiyasıa qarşı çıxış etmək üçün yaranmış bir ideyadır. O, faşizm kimi öz müxaliflərindən diktatorluq fikrini götürmüş, lakin oradakı beynəlmiləlçiliyi millətçiliklə əvəz etmişdir".
Almaniyada 1932–1934-cü illərdə nəşr edilən "Demokrasi və Sovetlər" məqaləsində isə Məhəmməd Əmin Rəsulzadə faşizmə münasibətini belə açıqlayırdı:
"Daxildə xaricdəki düşmənlərinin qənaətincə, Hitlerizm demokrasi rejiminin müxalifi olaraq iş başına gəlmiş, təsisinə başladığı idarə İtaliyada olduğu kimi, faşist diktatorluğu imiş."
Məhəmməd Əmin Rəsulzadənın "Müxəmməs" adlı ilk əsəri "Şərqi Rus" qəzetində çap olunmuşdur. Məhəmməd Əmin Rəsulzadənin Əli bəy Hüseynzadənin redaktor olduğu Füyuzat, həmçinin Əhməd bəy Ağayevin redaktorluğu ilə çıxan "İrşad" və "Tərəqqi" qəzetlərində müxtəlif mövzularda məqalələri və şeirləri çap olunmuşdur. Müəyyən müddət o "İrşad" qəzetinin müvəqqəti redaktoru da olmuşdur. 1907-ci ildə çapdan çıxmış Üzeyir Hacıbəyovun "Türk-rus və rus-türk lüğəti" kitabının naşiri də Məhəmməd Əmin Rəsulzadə olmuşdur. Həmin ildə o, A. Blyumun "Fəhlə sinfinə hansı azadlıq lazımdır (Xalq nümayəndəliyi haqqında)" kitabını Azərbaycan dilinə təcümə edib və "Təkamül" qəzeti redaksiyası adından Orucov qardaşlarının mətbəəsində çap etdirmişdir.
1908-ci il dekabrın 5-də Məhəmməd Əmin Rəsulzadənin "Qaranlıqda işıqlar" pyesi tamaşaya qoyuldu. Pyesin ana xəttini milli oyanış və istiqlal hərəkatının təbliği təşkil edirdi. O, özünün bu əsəri ilə "Azərbaycana muxtariyyət" şüarı fikrini yaymağa başlamışdır. Həmçinin Məhəmməd Əmin Rəsulzadənin həmin ildə yazdığı "Nagəhan bəla" adlı pyesi də vardır.
Məhəmməd Əmin Rəsulzadə Türkiyədə olarkən "Yeni lisançılar və türkçülər" məqaləsini, Təbriz həyatından bəhs edən "Bir xan" adlı kiçik hekayəsini, "Dil – ictimai bir əməldir" yazısını "Şəlalə" jurnalında çap etdirir. Bundan başqa, o Maksim Qorkinin "Ana" əsərindən bir parçanı Azərbaycan dilinə çevirib çap etdirir. 1914-cü il sentyabrın 16-da şair, yazıçı və jurnalist Əliabbas Müznibin redaktorluğu ilə ilk dəfə çapdan çıxan tarixi və siyasi jurnal "Dirilik" jurnalıda Məhəmməd Əmin Rəsulzadənin "Dirilik nədir?" adlı məqaləsi nəşr olunmuşdur.
Onun "MAR", "MAR-zadə", "M. R-zadə" "Haman", "Sosialist" və s. kimi gizli imzalarla xeyli məqalələri müxtəlif dövrü mətbuatın səhifələrində çap olunmuşdur.
O, "İran-nou" və "İrane Ahat" qəzetlərinin baş redaktoru olur. 1909-cu il avqustun 24-də fəaliyyətə başlayan gündəlik və müstəqil "İran-nou" 2–3 min nüsxə ilə İranın ən böyük qəzeti oldu. 1910-cu ilin yayında bağlansa da, payızda, oktyabrın 26-da artıq İran Demokrat Partiyasının orqanı kimi fəaliyyətini bərpa etdi. Həmin qəzetlərdə Məhəmməd Əmin Rəsulzadənin çoxlu məqalələri, şeir və publisistik yazıları çap olunmuşdur. Sonralar Seyid Həsən Tağızadə, Məhəmməd Əmin Rəsulzadənin xatirəsinə həsr etdiyi nekroloqda Modern Avropa qəzet formasını ilk dəfə İrana gətirən şəxsin Məhəmməd Əmin Rəsulzadə olduğunu yazmışdır. 1910-cu ildə İranda Etidaliyyun Partiyası təşkil edildi. Bununla əlaqədar Məhəmməd Əmin Rəsulzadə Tehranda 1910-cu ildə fars dilində "Tənqidi-firqeyi-etidaliyyun" adlı kitabını çap etdirmişdir. 1911-ci ildə isə Ərdəbildə müəllifin farsca "Səadəti-bəşər" adlı kitabı nəşr olunmuşdur.
1917-ci ilin may ayında Məhəmməd Əmin Rəsulzadənin redaktorluğu ilə "Qardaş köməyi" jurnalı çap olundu, ancaq jurnalın bircə nömrəsi çıxdı. 1920-ci ildə, Lahıcda olduğu müddətdə Məhəməd Əmin Rəsulzadə "Əsrimizin Səyavuşu" əsərini yazdı.
1923-cü ildə İstanbulda Məhəmməd Əmin Rəsulzadənin "Azərbaycan respublikasının keçmişi, təşəkkülü və indiki vəziyyəti" kitabı çap edilir. "Əsrimizin Səyavuşu", "İstiqlal məfkurəsi və gənclik" kitabları çap edilir. 1923-cü ildə İstanbulda çap edilən "Əsrimizin Səyavuşu" əsəri Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan gənclərinə xitabəti ilə sona çatır:[58]
Əvət, ey vətəndaşlar! Və dolayısıyla sizlər, ey gələcək nəsil, ey gənclik! Ey əsrimizin Siyavuşunun böyümüş oğlu!
Sənin öhdəndə böyük bir vəzifə var. Səndən əvvəlki nəsil yosdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı. Onu min müşkülatla ucaldaraq dedi ki: - Bir kərə yüksələn bayraq bir daha enməz! |
1923-cü ilin sentyabrın 16-da Məhəmməd Əmin Rəsulzadənin redaktorluğu ilə İstanbulda "Yeni Qafqasya" jurnalı nəşrə başlayır. Bu jurnalın fəaliyyəti SSRİ-ni qıcıqlandırmış, 1925-ci ildə SSRİ xarici işlər komissarı Georgi Çiçerin Bakıda belə demişdir:[59]
Son zamanlar müsavatçıların Türkiyədəki fəaliyyətlərinin artdığını qeyd etməmək olmaz. Biz dəfələrlə Türkiyə hökumətinə müraciət edərək Sovet hökuməti əleyhinə yürüdülən bu dözülməsi mümkün olmayan intriqalara etiraz etdik və nəhayət, xitam verilməsini tələb etdik. |
Həmin vaxtlar Azərbaycandan göndərilən bir şəxs ona jurnalın nəşrini dayandırdığı və bolşeviklər əleyhinə çalışmadığı təqdirdə mühacirlərin Azərbaycana qayıtmasının mümkün ola biləcəyini söyləmişdir. Məhəmməd Əmin Rəsulzadə isə həmin şəxsə belə cavab vermişdir:[60]
Mirzə Davudlara söylərsən ki, son qızıl rus nəfəri Poylu stansiyasını keçincə “Yeni Qafqasya”nın da son nüsxəsi çıxacağını sizə təmin edərim. |
1927-ci ildə Moskvanın tələbi ilə Türkiyə hökumət jurnalı qadağan etdi. Rəsulzadə bundan sonra 1928-ci ildə gizli şəkildə "Azəri Türk" adlı jurnalı İstanbulda çap etməyə başladı. Məhəmməd Əmin Rəsulzadə 1928-ci ildə İstanbulda "İnqilabçı Sosializmin iflası və demokratiyanın gələcəyi", "Millət və Bolşevizm" və "Qafqasya türkləri" kimi əsərlərini çap etdirmişdir.
1929-cu ilim mart ayının 1-də Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyində "Odlu yurd" jurnalı çap olundu.[61] O, həmçinin həftəlik "Bildiriş" qəzetinin də nəşrinə nail olmuşdur.
1930-cu ildə Məhəmməd Əmin Rəsulzadənin Parisdə fransız dilində "Azərbaycan və istiqlaliyyəti" və rus dilində "Qafqaz problemi ilə əlaqədar olaraq panturanizm" kitabları çap olundu.
1931-ci ildən Məhəmməd Əmin Rəsulzadənin mühacirət dövrü Avropa ölkələrində davam edir. 1932-ci il yanvarın 10-dan Məhəmməd Əmin Rəsulzadə Berlində "İstiqlal" qəzetinin nəşrinə başladı. Qəzetin ilk səhifəsində Rəsulzadənin "Kəsilməyən səs" məqaləsi çap olundu:[62]
Mütaliənizə təqdim olunan bu qəzet müqəddəs bir mübarizənin müdafiəçisi üçün yüksələn bir səsi mədəniyyət dünyasına çatdırmaq üçün nəşr olunur. Milli Azərbaycan istiqlal mübarizəsinin səsi! – Budur bizi həyəcanlandıran səs! |
1933-cü ildə Məhəmməd Əmin Rəsulzadənin Berlində "Azərbaycan respublikası haqqında bəzi qeydlər" adlı kitabı nəşr olunmuşdur. 1934-cü ilin noyabr ayından etibarən Məhəmməd Əmin Rəsulzadə Berlində "Qurtuluş" jurnalını nəşr etdi. "Qurtuluş" aylıq toplusu "İnsanlara hürriyyət, millətlərə istiqlal!" şüarı ilə işıq üzü görürdü. Məhəmməd Əmin Rəsulzadə 1936-cı ilin sentyabrından Polşada "Müsavat Bülleteni"ni də nəşr etməyə başlamışdır.[63] Onun 1936-cı ildə Berlində "Çağdaş Azərbaycan ədəbiyyatı" məqaləsi çap edilmişdir. Məhəmməd Əmin Rəsulzədinin 1938-ci ildə Berlində alman dilində "Azərbaycan problemi" və 1939-cu ildə Varşavada polyak dilində kitabları nəşr olunmuşdur.
O, 1943-cü ildə İstanbulda nəşr olunmuş "İslam-türk ensiklopediyasının" 1-ci cildində "Azərbaycan ləhcəsi" adlı məqaləsi çap edilmişdir. 1947-ci ildən Ankaraya köçən Məhəmməd Əmin Rəsulzadənin 1949-cu ildə "Azərbaycanın kültür kələnkləri" adlı kitabı işıq üzü görmüşdür. Onun "Çağdaş Azərbaycan ədəbiyyatı" (1950-ci il) və "Çağdaş Azərbaycan tarixi" (1951-ci il) kitabları həmin illərdə Məhəmməd Əmin Rəsulzadənin məhsuldar işlədiyini göstərir. O, 1951-ci ildə Ankarada "Azərbaycan şairi Nizami" adlı sanballı monoqrafiyasını çap etdirməklə dünya nizamişünaslığına bir çox yeniliklər gətirmişdir.
Həmin ildə Məhəmməd Əmin Rəsulzadənin Nyu-Yorkda ingilis dilində nəşr olunan "Ukrayna" toplusunun 1951-ci il 3-cü nömrəsinin 7-ci cildində "Azərbaycan respublikası" məqaləsi çap edilmişdir. Londonda ingilis dilində nəşr olunan Britaniya ensiklopediyasında "Müsavat partiyasının yaranması tarixi və Azərbaycan Xalq Cümhuriyyətinin təşəkkülünə aid" məqalə də onun qələmindən çıxmışdır. İkinci dünya müharibəsindən sonra Türkiyədə nəşr edilməkdə olan Türk ensiklopediyasında Azərbaycana aid məqalələrin bir çoxu Məhəmməd Əmin Rəsulzadə tərəfindən yazılmışdır. Ankarada yaşadığı dövrdə o, "Türk tarix qurumu" və "Türk dili qurumu" ilə yaxından əməkdaşlıq etmişdir. 1952-ci ildən Ankarada nəşr olunan "Azərbaycan" jurnalında xalqımızın tarixi və ədəbiyyatı haqqında silsilə məqalələri yerləşdirilmişdir. Təkcə buradan Məhəmməd Əmin Rəsulzadənin heyrətamiz yaradıcılığına bələd olmaq olar. O, İkinci Dünya müharibəsinə qədər Parisdə rusca nəşr olunan "Qafqaz" (1932–1938) və fransızca buraxılan "Prometey" (1928–1939) jurnallarında öz məqalələri ilə çıxış etmişdir. Onun 1920-ci ildən sonra işlətdiyi açıq və gizli imzalardan "Məhəmməd Əmin Rəsulzadə", "Yalvac oğlu", "Məhəmməd Əmin", "M. Əlif Rəsulzadə" və s. qeyd etmək olar.
1978-ci ildə Ankarada Məhəmməd Əmin Rəsulzadənin "Milli təsanüd" adlı kitabı nəşr olunmuşdur. 1985-ci ildə Oksfordda Məhəmməd Əmin Rəsulzadənin "Qafqaz problemi ilə əlaqədar olaraq panturanizm" adlı kitabı ingilis dilində ön sözlə, rus dilində ikinci dəfə çap edilmişdir. Məhəmməd Əmin Rəsulzadənin 1989-cu ildə "Əsrimizin Səyavuşu" və 1990-cı ildə isə "Azərbaycan respublikasının keçmişi, təşəkkülü və indiki vəziyyəti" adlı kitabları Ankarada yenidən işıq üzü görmüşdür.
Məhəmməd Əmin Rəsulzadə 1951-ci il 26 avqust, 1952-ci il, 1953-cü il 28 may olmaqla Azərbaycan xalqına 3 dəfə müraciət etmişdir.[64]
"Mən Məhəmməd Əmin Rəsulzadə "Amerkanın Səsi" radiosundan danışıram. Həsrətini çəkdiyimiz əziz Vətəninə xitab edə bilmək üçün buna mütəşəkkirəm. Bu radio Birləşik Amerika Dövlətlərinin parlaq tarixini yaradan demokrasi fikirlərini yayır. Bu fikirlər başlıca 2 əsasa dayanır: İnsanlara azadlıq, millətlərə istiqlal!
"Bundan 33 il əvvəl Birinci Dünya hərbinin sonunda çarlıq rejimi çökdü; Vətənimizi istila və istibdadı altında tutan Rusiya İmperatorluğu dağıldı. Azərbaycanlılar illərdən bəri gözlədikləri fürsəti ələ keçirdilər: milli və müstəqil bir Cümhuriyyət qurdular... Demokratiyanın bu yüksək əsaslarını həyata keçirmək üçün qurulan milli hökumət iki il yaşadı. Tariximizin ən şanlı dövrünü təşkil edən bu qısa müddətdə hərbdən və hərc-mərcdən çıxan yurdumuzda əmniyyət və asayiş bərpa edildi. Lazım olan zabitə və ədalət müəssisələri quruldu. Sosial reformlara girişildi. Milli maarifə əhəmiyyət verildi. Mədəniyyət dünyası ilə təmasa gəlindi. Qonşularla yaxşı münasibətlər təsis olundu. Nəticədə Böyük Avropa dövlətləri və Birləşik Amerika tərəfindən Cümhuriyyətimizin istiqlalı tanındı; Lenin və Stalinin imzaları ilə müsəlman millətlərinə sözdə hürriyyət və istiqlal vəd edən bolşeviklər işdə türk və müsəlman dünyasında qurulan ilk cümhuriyyəti Qızıl Ordunun üstün qüvvələri ilə zorladılar. Xalqımız təcavüzə qarşı var qüvvəti ilə savaşdı; fəqət, heyhat məğlub oldu. Nəticədə milli ordunu dağıtdılar, milli ziyalıları kəsdilər, milli sərvəti yağma edərək Moskvaya götürdülər. Bir sözlə məmləkəti sovetləşdirdilər. Tarixin ən qəddar bir istibdadını quran bolşeviklər sovet rejiminə utanmadan demokratiya deyirlər. Sovetlərlə həqiqi demokratiya arasında yerdən göyə qədər fərq vardır, vətəndaşlar! Əziz azərbaycanlılar! Bütün dünyadan əlaqəniz kəsilmiş və təklənmişsiniz. Ətrafınızda sizi xarici aləmdən ayıran dəmir bir pərdə vardır. Başınız min bir bəla və fəlakətlər içindədir. Bu bəlalı və fəlakətli yaşayışı bolşevik propaqandaçıları sizə ideal bir həyat kimi qələmə verirlər. Sovetlər xaricində qalan dünyadakı həyatı fəlakətdən və səfalətdən ibarət bir həyat kimi təsvir edirlər. İnanmayınız, qardaşlar! Dünyada asudə yaşayan, qorxu bilməyən azad insanlar, azad millətlər və müstəqil dövlətlər vardır. Bu millətlərin yaşadıqları məmləkətlərdə insanın nə fikrinə, nə vicdanına, nə də imanına təsəllüd edən yoxdur. Azad insanların birliyindən ibarət olan müstəqil millətlər öz-özlərini idarə edirlər. Azadlıq və milli istiqlal prinsiplərini bundan 175 il əvvəl Amerika, 33 il əvvəl də Azərbaycan bəyannaməsi elan etmişdilər. Bütün dünyanın səadəti kimi Azərbaycanın xilası da bu əsasların tamamilə gərçəkləşməsinə bağlıdır. Təkrar edirəm – İnsanlara azadlıq, Millətlərə istiqlal!" [65] |
Qeyd: Müraciət ixtisarla verilmişdir.
"Əziz vətəndaşlar! Bu gün sizə Azərbaycan tarixinin ən böyük günü münasibətilə xitab edirəm. 34 il əvvəl bu gün Azərbaycan Milli Şurası Azərbaycan Cümhuriyyətini qurdu və istiqlalı bütün dünyaya bildirdi. Bu böyük hadisə ilə biz 100 il sürən çar əsirliyindən qurtulduq. Azərbaycan milləti bu gündən etibarən dünya dövlətləri arasında müstəqil bir mövqe tutmağa əzm etdi.
Azərbaycanın 19-cu əsrin başlarında Rusiya çarlığına qarşı göstərdiyi mübarizə həyəcanlı səhnələrlə doludur. Cavad xanın rus işğalçılarına qarşı "ölmək var, dönmək yoxdur" deyərək şəhid olması Azərbaycan mərdliyinin bir nümunəsidir. Tarixin hər dövründə iləri fikirləri mənimsəyən Azərbaycan xalqı əsrimizin hakim ideologiyasına uyaraq qurduğu müstəqil dövlətə cümhuriyyət şəklini verdi. Türk və müsəlman dünyasının birinci cümhuriyyəti Milli Şura tərəfindən nəşr olunan istiqlal bəyannaməsindəki əsas prinsiplər üzərində quruldu. Bu prinsiplərə görə:
|
Qeyd: Müraciət ixtisarla verilmişdir.
"Əziz Vətəndaşlarım!
"Amerikanın Səsi" radiosunun verdiyi imkanlardan istifadə edərək, bu gün, Azərbaycan tarixinin ən böyük günü olan 28 mayısda sizlərə xitab edirəm. 100 il sürən çar əsarətindən sonra, bundan 35 il əvvəl Azərbaycan Şurayi-Millisi Azərbaycan Cümhuriyyətinin istiqlalını bütün dünyaya elan etdi. Bu tarixə qədər bir millət olaraq varlığını isbat edən Azərbaycan xalqı bu tarixdən etibarən millət olaraq bir dövlət qurmuş və bu dövlətin istiqlalı bütün mövcudiyyəti ilə meydana atılmışdır. Mədəni böyük bir tərəkəyə (mirasa) malik olan vətənimiz siyasət sahəsində çox böyük və dəyərli həmlələr göstərmişdir. İstiqlal uğrunda yapılan tarixi savaşların ən qanlısı 19-cu əsr başlarında Rusiya Çarlığına qarşı yapılmışdır. 30 il qədər sürən bu savaş qəhrəmanlıqlarla doludur. Cavad xanın 1804-də Gəncədəki şanlı qəzası (savaşı) dillərdə dastandır. "Ölmək var, dönmək yoxdur". Bu həqiqi vətənpərəstlərin tətbiq etdikləri ən müqəddəs bir şüardır. 28 mayıs 1918-də istiqlalını elan etməklə Azərbaycan, tarixinin təbii bir nəticəsini fikirdən işə keçirdi. Eyni zamanda o, zəmanəyə hakim olan əsrin böyük şüarından istifadə edirdi. “Hər millət öz müqəddəratını özü həll etməyə səlahiyyətdardır” düsturunda xalqın ümumi rəyinə uyaraq istiqlalını elan edirdi. İstiqlal elanı üzərinə qurulan Milli Azərbaycan Hökuməti az zamanda məmləkətdə çox böyük işlər gördü. 100 ildən bəri əsgərlikdən mən edilən (qadağan edilən) Azərbaycanda bir ordu yaratdı. Çarlıq zamanında dövlət idarəsinə yaxın buraxılmayan azərbaycanlılardan zabitə və əmniyyət qüvvətləri vücuda gətirdi. Sosial sahədə əsaslı islahata girişdi. Kəndçilərə torpaq vermək üçün qanunlar hazırladı. Fəhlələrin haqlarını qorumaq üçün tədbirlər aldı. Xalqı öz ana dilində oxutmağa başladı. Türkcəni dövlətin rəsmi dili elan etdi. Orta və ali məktəblər açdı. Qərbi Avropa demokrasiyaları tipində, xalq nümayəndələrinə cavabdeh bir hökumət üsul-idarəsi yaratdı. Hakimiyyət Millət Məclisinin əlində idi. Parlamentdən etimad almadıqca, heç bir hökumət iş başında qala bilməzdi. Məmləkətdə tam bir azadlıq vardı. O zaman indi sovet zamanında olduğu kimi terror deyilən şeydən heç bir əsər yoxdu. Şəxslər də, məskənlər də əmin və amanda idi. Vətənin qapıları indi olduğu kimi bütün dünyaya qapalı deyildi. Hər azərbaycanlı istədiyi zaman hara istərsə gedərdi. Qonşu və Avropa dövlətləri ilə dostluq münasibətləri təsis edilmişdi. Bütün millətlərlə alış-veriş vardı. Bütün bunların nəticəsində idi ki, cümhuriyyətimizin istiqlalı Avropa dövlətləri ilə Birləşik Amerika tərəfindən tanındı. Onları təqibən böyük bir çox dövlətlər dəxi istiqlalımızı tanıdılar. Türk və müsülman dünyasının bu ilk cümhuriyyətini qardaş və qonşu məmləkətlər dəxi tanıdılar. Türkiyə ilə İran Azərbaycanla münasibətə gəldilər. Aralarında dostluq və qardaşlıq müahidələri (əhdnamə, bağlaşma) imzalandı. 12 yanvar 1920 cümhuriyyətin dövlətlər tərəfindən tanınması günü idi. Bu günü Azərbaycan xalqı candan bayram etdi. Haqlı idi. Bu, həqiqətən böyük bir bayramdı. Çünki, bu gündən etibarən Azərbaycan davası Rusiyanın bir iç məsələsi olmaqdan çıxmış, millətlərarası bir məsələ olmuşdur. Mədəniyyət tariximizin şanlı fikir adamları tərəfindən alqışlanan azadlıq və istiqlal fikri məmləkətimizdə yerləşir və bu, iləri dünya demokrasiyası tərəfindən də təqdir ilə qarşılanırdı. 100 ildən bəri üstümüzə çökən istibdad və istila xəyulası (xəyalı) artıq bizdən uzaqlaşırdı. Heyhat! Qədərin (tale) imtahanları tamam deyilmiş. Qanlı çar istibdadının yerini bu dəfə ondan daha qanlı bolşevik istibdadı tutdu. Bala azadlıq və istiqlalımız qızıl istilaçıların ayaqları altında əzildi. Müqavimət edən məmləkətdə qan gövdəyə çıxdı. Bundan bir ay əvvəl, 28 apreldə sovet propaqandaçıları bu fahiş (çox böyük) istila hadisəsini sizə bir azadlıq və istiqlal hadisəsi kimi göstərdilər. Sözdə, sizə dünyanın ən azad və demokrat bir rejimi kimi qələmə verilən sovet quruluşu işdə ən qəddar və ən yalançı bir istibdad rejimidir. Müqayisə etmək imkanında olsaydınız, bunun nə qədər doğru olduğunu gözünüzlə görərdiniz. Azadlığınızı əlinizdən alanlar millətdən qorxmurlarsa, dəmir pərdəni qaldırsınlar, azadlıq elan etsinlər. Edə bilməzlər. Çünki, ağla qara meydana çıxar. Onlar şəptərə (yarasa) kimidirlər, günəşdən qaçarlar. Azərbaycan və onunla bərabər bütün Qafqasya cümhuriyyətləri həqiqi azadlıq və istiqlallarına 1918-in mayısında qovuşdular. 1920-də isə bu azadlıq və istiqlal Qızıl Rus Ordusu tərəfindən üstün qüvvətlərlə, qanla və atəşlə basdırıldı. Faciələr və qəhrəmanlarla dolu olan bu mücadilədə on minlərlə vətəndaş şəhid oldu. 1920 istilasına qarşı 1918 istiqlal haqqını müdafiə edən Qafqasya millətləri indi 33 ildir ki, müxtəlif vasitələrlə mücadilə edirlər. Zaman-zaman dramatik şəkillər alınan bu mücadilədə vaxtı ilə yalançı kommunist şüarlarına aldanan yol azmış bəzi vətəndaşlar belə bu gün həqiqi millətçilər və vətənpərəstlər cəbhəsinə keçmişlərdir. Yabançı istilası üzərinə əcnəbi məmləkətlərə sığınmış olan Qafqasya immiqrantları milli istiqlal davasını mədəni dünya əfkarı-ümumiyyəsinə (ictimai fikirinə) anlatmaqdadırlar. Bu vəzifəni ifada nə kimi müşküllərə uğradığımızdan burada bəhs etmənin yeri deyildir. Bu qədər demək lazımdır ki, sovetlərdə kommunist rejiminə düşən millətlərin hər cürə haqq və hüquqdan məhrum qullardan ibarət cəmiyyətlər halına gəldiyini azad dünyaya anlatmaq çox qolay (asan) olmamışdır. Şükür ki, hadisələr bizə kömək edir. Dünya sovet həqiqətini görməyə başlayır. 8 ildən bəri hərbi bitirmiş ikən sülhə qovuşa bilməyən dünya artıq məsələni anlayır. Bilir ki, azadlıq və insan haqlarını inkar edən kommunistlər müəzzəm (əzəmətli) bir dövlət halında ayaqda durduqca və dünyanı inqilab atəşilə yandırmaq üçün könlü çəkdikcə yer üzündə heç bir zaman sülh və asayiş buluna bilməyəcəkdir. Azadlıq cahanşümul (bütün dünya üçün əhəmiyyətli) bir fikirdir. Bir tək əsir insan, bir tək əsir millət baqi qaldıqca (yaşadıqca), dünya həqiqi azadlıq və əmniyyət (əmin-amanlıq) üzü görə bilməz. 1918 mayısındakı tarixi qərarları ilə azadlıq denən Birləşmiş Millətlər cəbhəsində yer alan Qafqasya millətlərinin müqəddəratları (taleləri) azad millətlərin müqəddəratları ilə bağlanmışdır. Rusiyadan ayrılmanın bir irtica, başqalarından ayrılmanın bir inqilab olduğunu söyləyən sovet diktatoru Stalin ölmüşdür, amma onun iki üzlü sistemi stalinizm hələ ayaqdadır. Bu sistem gün keçdikcə dünya həqiqətləri ilə daha çox qarşılaşmaqda, haq ilə batil, yalanla doğru üz-üzə gəlməkdədir. Şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq, azadlıq əsasını, Birləşmiş Millətlər prinsipini və insan haqlarını tutan tərəf qalib gələcəkdir. Bu qalibiyyət günəşi qızıl istibdad zülmü altında inləyən əziz vətənimizdə 1918 28 mayıs kimi yenidən doğacaqdır. Buna qətiyyən şübhə etməyiniz vətəndaşlar! Üçrəngli istiqlal bayrağını döşlərində gəzdirən buradakı vətən ayrısı bizlərdən, orada hər cürə qorxu və təhdid altında qəlbləri istiqlal eşqiylə çırpınan azadlıq ayrısı sizlərə candan salamlar göndərir, 28 Mayıs istiqlal qurbanlarının əziz ruhları hüzurunda hörmətlə əyilir və hər iki tərəfi birləşdirən milli böyük həsrəti şairin deyişiylə dilə gətirirəm: Yaşa – yaşa çox yaşa, ey şanlı Azərbaycan!" |
Oğlu Azərin dediyinə görə, hətta bir dəfə (bu təxminən 1925–1926-cı illərdə olub) qatara minib getməyə də hazırlaşıblar, lakin Məhəmməd Əmin Rəsulzadənin atası Axund Hacı Ələkbər məsləhət bilməyib və onlar Bakıda qalıblar. 1932-ci ilə qədər isə Məhəmməd Əmin Rəsulzadə müxtəlif adamlarla ailəsinə maddi yardımlar göstərib, hətta geyim, paltar da alıb göndərib. Sonradan sərhədlər bağlandığından bu mümkün olmayıb. Bakıda gizli fəaliyyət göstərən müsavatçılar isə imkan daxilində Məhəmməd Əmin Rəsulzadənin ailəsinə müəyyən köməklik edib.