Elnarə Akimova (28 yanvar 1978, Sumqayıt) — siyasətçi, ictimai-siyasi xadim,Azərbaycan Respublikasının Milli Məclisinin VII çağırış deputatı, ədəbiyyatşünas, tənqidçi, filologiya elmləri doktoru (2017), dosent (2014), Nizami adına Ədəbiyyat İnstitutunda "Uşaq ədəbiyyatı" şöbəsinin müdiri (2018), "Ədəbiyyat qəzeti"ndə ədəbiyyatşünaslıq şöbəsinin müdiri (2016), Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Elnarə Akimova | |
---|---|
| |
Vəzifədədir | |
2024-cü ildən | |
Seçki dairəsi | 2024 — 46 saylı Sumqayıt beşinci seçki dairəsi |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 28 yanvar 1978 (46 yaş) |
Doğum yeri | |
Təhsili | Bakı Dövlət Universitetinin Filologiya fakültəsi |
İxtisası | filoloq |
Fəaliyyəti | ədəbi tənqid |
Elmi fəaliyyəti | |
Elm sahəsi | ədəbiyyatşünaslıq[1], ədəbi tənqid[1], Azərbaycan ədəbiyyatı[1] |
Tanınır | tənqidçi, ədəbiyyatşünas |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Elnarə Akimova 28 yanvar 1978-ci ildə Sumqayıt şəhərində anadan olub. 1995-ci ildə Sumqayıt şəhər Tofiq İsmayılov adına 29 saylı orta məktəbi bitirib. Bakı Dövlət Universitetinin filologiya fakültəsində 1995–1999-cu illərdə bakalavr, 1999–2001-ci illərdə magistr təhsili alıb. 2001–2004-cü illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsilini davam etdirib. 2006-cı ildə "Müstəqillik dövründə Azərbaycanda ədəbi tənqid (90-cı illər)" mövzusunda namizədlik, 2017-ci ildə "Müstəqillik dövrü Azərbaycan poeziyası müasir ədəbi təmayüllər kontekstində" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Hazırda filologiya elmləri doktoru, dosent, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Uşaq ədəbiyyatı" şöbəsinin və "Ədəbiyyat qəzeti"ndə ədəbiyyatşünaslıq şöbəsinin müdiridir. 2004-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Ailəlidir, iki oğlu var.
Elnarə Akimova 2001-ci ildən ədəbiyyat tarixçisi kimi elmi fəaliyyətə və çağdaş ədəbi prosesdə tənqidçi kimi fəaliyyətə başlamışdır. AMEA Nizami adına Ədəbiyyat İnstitutunun "Müasir Azərbaycan ədəbiyyatı" şöbəsində işə başlamış (2001), kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi, baş elmi işçi və şöbə müdiri vəzifələrini icra etmişdir. 2011–2016-cı illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Dissertasiya Şurası nəzdində olan Elmi Seminarın üzvü, 2012–2016-cı illərdə Nizami adına Ədəbiyyat İnstitutunun Azad Həmkarlar Təşkilatının sədr müavini olmuşdur.
2019-cu ildən AMEA Nizami adına Ədəbiyyat İnstitutu nəzdində fəaliyyət göstərən ədəbiyyatşünaslıq üzrə Koordinasiya Şurasının üzvüdür.
2019-cu ildən Nizami adına Ədəbiyyat İnstitutu nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının üzvüdür .
Cəfər Cabbarlı Komissiyasının üzvü, Azərbaycan Mədəniyyət Nazirliyinin "Qızıl Kəlmə" mükafatının ekspertidir.
2015-ci ildən ölkənin nüfuzlu "Ədəbiyyat qəzeti"ndə Azərbaycan ədəbiyyatının yaradıcıq problemlərindən bəhs edən elmi-nəzəri yazılarla çıxış edir.
Ondan artıq kitab, yüzlərlə məqalənin müəllifidir. Elnarə Akimova çox sayda beynəlxalq elmi konfrans və simpoziumların iştirakçısı olmuş, məruzələr etmiş, məqalələri nüfuzlu xarici və ölkə elmi məcmuələrində dərc olunmuşdur. Hər il Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda keçirilən "İlin ədəbi yekunları" elmi-yaradıcılıq müşavirəsində məruzə edir. Müxtəlif Dissertasiya Şuralarında ekspert və opponent kimi çıxışlar edir. Rəhbərlik etdiyi doktorantların (Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Azərbaycan Dillər Universiteti) bir alim kimi formalaşması üçün nəzəri-metodoloji tövsiyələrini verir.
Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilmişdir.[2]
Elnarə Akimova 2024-cü il növbədənkənar parlament seçkilərində 46 saylı Sumqayıt beşinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının üzvü kimi seçkiyə qatılıb. Qələbə qazanaraq Azərbaycan Respublikasının Milli Məclisinin VII çağırış deputatı seçilib.
Milli Məclisin Elm və təhsil komitəsi və Mədəniyyət komitəsinin üzvüdür.
2024-cü il oktyabrın 8-də Azərbaycan - Cibuti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.[3]
Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi parlamentlərarası əməkdaşlıq komissiyasının üzvüdür.