Elxan Həsənli[1][2] (əsl adı: Elxan Məmməd oğlu Həsənov; alm. Elchan Gassanow;[3] 15 dekabr 1974, Qazax) — Azərbaycan əsilli İsveçrə[4] tarixçisi, tarix üzrə fəlsəfə doktoru, politoloq, siyasi ekspert.
Elxan Həsənli | |
---|---|
alm. Elchan Gassanow | |
Digər adı | Elxan Həsənov |
Doğum tarixi | 15 dekabr 1974 (50 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Atası | Məmməd Həsənov |
Elm sahəsi | tarixşünaslıq |
Elmi dərəcəsi | fəlsəfə doktoru |
Təhsili |
|
Elxan Məmməd oğlu Həsənov (Həsənli) 15 dekabr 1974-cü ildə Azərbaycan SSR-nin Qazax şəhərində anadan olmuşdur. O, 1990–1995-ci illərdə Bakı Dövlət Universitetinin tarix fakultəsində təhsil almışdır.[5] Həsənli 2007–2011-ci ildə İsveçrənin Sürix Universitetinin magistraturasında, 2011–2013-cü illərdə Sürix Pedaqoji İnstitutunda pedaqoji təhsil almışdır.[6]
Elxan Həsənli 1996–1998 ci illərdə Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. O, 1994-cü ildə "Rezonans" qəzetinin müxbiri kimi əmək fəaliyyətinə başlamışdır. Həsənli 1998-ci ildən 2004-cü ilə qədər "Yeni Müsavat" qəzetinin müxbiri işləmişdir.[5] O, 2011-ci ildən 2016-cı ilə qədər İsveçrənin Sürix Universitetində elmi işçi, 2016-cı ildən 2021-ci ilə qədər Sürix meriyasında çətin öyrənən uşaqların təhsili kollecində alman dili, tarix və informasiya-kommunikasiya texnologiyaları müəllimi işləmişdir. Həsənli müəllimlərin təkmilləşməsi üzrə İsveçrə və Almaniya sertifikasiyalarını qazanmışdır.[7]
İsveçrənin Sürix Universitetində təhsil aldığı dövrdə 1 elmi monoqrafiyası, 6 elmi məqaləsi dərc olunmuşdur. "Stalinin Qərbə qarşı müharibə planları" adlı dissertasiyası 2011-ci ildə dərc olunmuşdur. İkinci Qarabağ müharibəsi dövründə İsveçrə və Almaniyanın tanınmış kütləvi informasiya vasitələrində Azərbaycan həqiqətlərinin yayılmasında yaxından iştirak etmişdir. Müəllifi olduğu "Qarabağda konstruktiv münaqişə mədəniyyəti" adlı elmi monoqrafiyası tanınmış internet platformalarında yayılmışdır.[8]
İsveçrə Azərbaycanlıları Assosiasiyasının, İsveçrə Azərbaycan Ticarət Təşkilatının sədri olan Elxan Həsənli[9] İsveçrə jurnalistləri arasında apardığı təbliğat işi 2010-cu ildən başlayır. Elxan Həsənlinin təşkilatçılığı ilə isveçrəli jurnalistlər Qarabağ münaqişəsi zamanı Azərbaycanın üzləşdiyi haqsızlıqları Avropa ictimaiyyətinə çatdırıblar. 2010-cu ildə isveçrəli jurnalistlərin Ağdam rayonunun dağıdılması, viran qoyulması haqqında aparılan araşdırmaları almandilli ölkələrin kütləvi informasiya vasitələrində dərc olunmuşdur.[10]