Elxan Şükür oğlu Nəcəfi (14 aprel 1986; Ağdam rayonu, Azərbaycan SSR — 20 sentyabr 2023; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi iştirakçısı.
Elxan Nəcəfi | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Ağdam, Azərbaycan SSR |
Vəfat tarixi | (37 yaşında) |
Vəfat yeri | Xocavənd, Azərbaycan |
Dəfn yeri | II Fəxri Xiyaban |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Şükür Nəcəfi |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Rütbəsi | Mayor |
Təltifləri |
Elxan Şükür oğlu Nəcəfi 1986-cı il aprelin 14-də Ağdam rayonunun Yusifcanlı kəndində anadan olub. 1992-ci ildə Yusifcanlı kənd orta məktəbinin birinci sinfinə gedib. 1993-cü il iyunun 12-də Xocavənd istiqamətindən hərəkət edən erməni ordusunun Yusifcanlı kəndinə hücumu zamanı atası şəhid olub.
Elxan Hövsan qəsəbəsindəki 196 nömrəli tam orta məktəbdə təhsilini davam etdirib. Vətənpərvərliyi ilə yaşıdlarından seçilən Elxan 2001-ci ildə 8-ci sinfi başa vurduqdan sonra Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olub. Hərbi liseyi bitirdikdən sonra — 2004–2008-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində "Artilleriya" ixtisasına yiyələnib, 2008–2009-cu illərdə Təlim-Tədris Mərkəzində ixtisası üzrə təhsilini başa vurub və leytenant hərbi rütbəsi alıb.
Ailəli idi, 4 yaşlı oğlu yadigar qalıb.
Beləliklə, Elxan Nəcəfi 2009-cu il iyulun 22-dən Qazax rayonundakı N saylı hərbi hissədə minatan batareyada zabit kimi xidmət etməyə başlayıb. Qısa zamanda nümunəvi hərbi xidmətinə, döyüş və ictimai-siyasi hazırlığında əldə etdiyi nailiyyətlərə görə hərbi hissə komandiri tərəfindən Fəxri Fərmanla təltif olunub. Sonra Ağstafa və Lənkəranda yerləşən N saylı hərbi hissələrdə xidmətini davam etdirib. 2017-ci ildən kapitan rütbəsi ilə Ağcabədi rayonundakı N saylı hərbi hissə komandirinin Tərbiyəvi işlər üzrə müavini vəzifəsində xidmət etməyə başlayıb. 2020-ci ildə mayor rütbəsinə yüksəlib. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin ölkəmizə qarşı törətdiyi növbəti hərbi təxribata cavab olaraq, Azərbaycanın Silahlı Qüvvələrinin əks-hücumu zamanı Elxan Nəcəfinin tabor komandirinin müavini kimi ilk döyüş yolu Cəbrayıl istiqamətində başlayıb. Cəbrayılın işğaldan azad olunmasında iştirak edən Elxan Nəcəfi Zəngilan və Qubadlının erməni işğalından azad olunması uğrunda gedən döyüşlərdə vuruşub. 17 oktyabr 2022-ci il tarixdən 24 dekabr 2022-ci il tarixədək "Komando" Dağ Təlim Mərkəzində "Komando başlanğıc kursunu" müvəffəqiyyətlə bitirərək, "Komando başlanğıc döş nişanı"nı daşımaq hüququna malik olması barədə sertifikat alıb.
Elxan Nəcəfi rayonlarımızın işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyi üçün "Cəbrayılın azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib. Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 0253t nömrəli 30 dekabr 2020-ci il tarixli əmri ilə Elxan "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalla və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250s nömrəli Sərəncamı ilə "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif olunub, bir çox Fəxri Fərman və mükafatlara layiq görülüb.
Mayor Elxan Nəcəfi Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 19–20 sentyabr 2023-cü il tarixində həyata keçirdiyi uğurlu lokal antiterror tədbirləri zamanı — sentyabrın 20-də Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində şəhid olub. İkinci Fəxri xiyabanda dəfn olunub.