Emin Şaiq oğlu İbrahimov — azərbaycanlı sabiq diplomat; hazırda siyasi məhbus; 2007-2020-ci illərdə Azərbaycan Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 2020-ci ilin martında Azərbaycanda insan hüquqlarının pozulmasına etiraz olaraq istefa verib və Azərbaycan iqtidarının tənqidçisi olub. 2023-cü ilin sentyabrında inzibati qaydada həbs edilib. 2024-cü ilin iyulunda isə bu səfər "xuliqanlıq" ittihamı ilə cinayət məsuliyyətinə cəlb olunub.[1][2] Bir sıra yerli və beynəlxalq insan hüquqları təsisatları onun həbsini siyasi motivli hesab edib.[3]
Emin İbrahimov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Sumqayıt, Azərbaycan SSR |
Vətəndaşlığı | Azərbaycan |
Təhsili |
Bakı Dövlət Universiteti (B) Ankara Universiteti (M) |
Fəaliyyəti | diplomat, siyasi məhbus |
Hazırda 3 saylı İstintaq Təcridxanasında saxlanılır.[4]
Emin Şaiq oğlu İbrahimov 13 iyun 1981-ci ildə Sumqayıt şəhərində anadan olub.[5] 2002-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsindən məzun olub.[6] 2005-ci ildə Türkiyənin Ankara Universitetində siyasi elmlər üzrə magistr dərəcəsi alıb.[7] 2009-cu ildə NATO Müdafiə Kollecinin Ali Kursunu bitirib.[8]
2007-ci ildə dövlət qulluğuna imtahan verib və Azərbaycan Xarici İşlər Nazirliyində attaşe vəzifəsində fəaliyyətə başlayıb.[5]
2012-2016-cı illərdə Azərbaycanın Birləşmiş Ştatlardakı səfirliyində katib, 2016-2019-cu illərdə isə Azərbaycanın Uruqvaydakı Diplomatik Nümayəndəliyində işlər vəkili vəzifəsində çalışıb.[9]
2020-ci il martın 3-də Emin İbrahimov Azərbaycanda insan hüquqlarının pozulması və 9 fevral 2020-ci il parlament seçimlərində baş verən saxtakarlığa etiraz olaraq istefa verib. O, istefa ərizəsində bu qərarının səbəblərini açıqlayıb: “Azərbaycanda seçki sisteminin dağılması, siyasi legitimliyin əsaslarının aşınması, azadlıqların sistemli şəkildə boğulması kontekstində diplomat kimi işləmək getdikcə daha ağır mənəvi dilemmalar yaradır. Bu yaxınlarda keçirilən parlament “seçkiləri” mənim üçün son damla oldu. Bunları nəzərə alaraq, sizdən xahiş edirəm ki, mənim diplomatik xidmətdən xaric olunmağım üçün sərəncam verəsiniz”. İstefasından bir müddət sonra iqtidaryönlü saytlarda Emin İbrahimovu hədəf alan məqalələr dərc olundu.[10]
Emin İbrahimov istefa verdikdən sonra ictimai fəaliyyətlə məşğul olub, sosial media hesablarından istifadə edərək Azərbaycan hökumətinin rusiyayönlü siyasətini tənqid edib və ölkədə insan haqlarının pozulmasına qarşı olduğunu bildirib.[5] Siyasi Menecment İnstitutunda diplomatik və təşkilatı idarəetmə üzrə təlimçi olub.[6]
Emin İbrahimov 2023-cü il sentyabrın 19-da Qarabağda aparılan antiterror tədbirləri zamanı sosial media hesablarında yazdığı tənqidlərdən və müharibəni "Rusiyanın əlinə oynayan siyasət" adlandırdıqdan bir gün sonra, sentyabrın 20-də saxlanılıb. Azərbaycan Baş Prokurorluğunun Qeyri-Cinayət Təqibi üzrə İdarəsi onun barəsində materiallar hazırlayıb və baxılması üçün məhkəməyə göndərib. İbrahimovun terroru dəstəkləyən fikirlərini bölüşdüyü iddia edilib. Emin İbrahimov isə ittihamların uydurma olduğunu, onun müharibə ilə bağlı tənqidlərə görə cəzalandırıldığını bildirib. Yasamal Rayon Məhkəməsinin qərarına əsasən Emin İbrahimov İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (qadağan olunmuş məlumatların internetdə yerləşdirilməsi) maddəsi ilə 30 gün müddətinə inzibati həbs cəzası alıb.[11]
Emin İbrahimov növbəti dəfə 2024-cü il iyulun 22-də saxlanılıb və bu dəfə barəsində cinayət işi başlanıb.[12] Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4 (xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən ağız zərər vurma) və 221.1-cı (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.[13] İddiaya əsasən Emin İbrahimov metronun “Xalqlar dostluğu” metrostansiyasının yaxınlığında Kamal adlı birinə bıçaqla xəsarət yetirib.[5] İbrahimov özünü təqsirli bilməyib, bu ittihamın saxta, hadisənin isə qondarma olduğunu deyib.[5] Həbs qərarı verilən məhkəmədə “mən avtoritar rejimin qurbanıyam” deyib.[5] Emin İbrahimovun sözlərinə görə o, iyulun 22-də mənzilində təmir işləri ilə əlaqədar metrostansiyanın yaxınlığındakı mənzilə gedərkən qəfildən naməlum şəxsin ona hücum edərək paltarını cırmağa cəhd etdiyini bildirib.[5] Az sonra həmin əraziyə mülki geyimli polis əməkdaşları gələrək İbrahimovu həbs ediblər.[5] Emin İbrahimov saxlandıqdan sonra Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinə aparılıb.[5] Onun sözlərinə görə o, orada işgəncələrə məruz qalıb, bədəninə elektrik cərəyanı verilib, hətta zorlanmaqla hədələnib.[5] Tələb isə telefonunun parolunu verməsi olub.[5] Milli Məclisin İnsan hüquqları Komitəsinin sədri Zahid Oruc işgəncə məsələsini şərh edən zaman bunun yalan olduğunu, ona qarşı hər hansı təzyiqin olmadığını bildirdi.[14]
Nizami Rayon Məhkəməsinin qərarı ilə Emin İbrahimov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.[15] İbrahimov həbsinə aclığa başlayıb.[16][17][18][19] Avqustun 12-də Emin İbrahimov valideyni, yaxınları cə dostlarının xahişlərindən sonra 20 gün davam edəm aclığı dayandırmaq barədə qərar verib.[20]
Hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılır.[5]
2024-cü il oktyabrın 24-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.[21] Parlament qətnaməsind COP29 ərəfəsində Azərbaycanda fəallara, jurnalistlərə, müxalifət liderlərinə qarşı nəzərəçarpacaq dərəcədə güclənən repressiyaları pisləyib.[21] Qətnamədə Emin İbrahimov da qeyd olunub.[21]