Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Estetika (yun. aisthētikós — hiss edən, hissiyyatlı) — insanın dünyaya dəyərlilik münasibətinin spesifik təzahürü olaraq estetik sahəni və insanların bədii fəaliyyət sahəsini öyrənən fəlsəfi elm, hisslər haqqında elm. Bir termin kimi ilk dəfə XVIII əsrin alman filosofu Aleksandr Baumqarten işlətmişdir.
Estetika fəlsəfi təfəkkürün bir qolu kimi öz mənşəyini uzaq keçmişdən alır və XVIII əsrə qədər hüsniyyat, gözəllik elmi və yaxud poetika adı ilə öyrənilir. Estetikanın bizə məlum olan 2500 illik tarixi vardır. Estetika ardıcıl və sistemli olaraqilk dəfə klassik yunan filosoflarının əsərlərində işlənmişdir.
Estetika yunan sözüdür. "Aisthetiko" hiss edən, həssas mənasındadır. O, gözəllik qanunlarını, incəsənətin gerçəkliyə münasibətini, onun növ və janrlarını, bədii şüurun qanunauyğun inkişafının özünəməxsus xüsusiyyətlərini bədii yaradıcılıq metodunu öyrənən fəlsəfi fəaliyyət növüdür. Estetik tərbiyə incəsənətin bir növüdür. Estetik tərbiyə insan əxlaqına güclü təsir göstərir. Ədəbiyyat, incəsənət insan mənəviyyatını zənginləşdirir, humanizm, xeyirxahlıq, vətənpərvərlik və b. müsbət keyfiyyətlər formalaşdırır. Gözəllik hissi insan qəlbini təmizləyir, saflaşdırır, onu yaxşı əməllərə yönəldir. Gözəl fikrə və qəlbə malik insan pisliyə, bədxahlığa, qəddarlığa yol verməz.[1]
Estetika termini elmə hələ XVIII əsrdə alman filosofu Aleksandr Qotlib Baumqarten (1714–1762) tərəfindən gətirilmişdir. O bu anlayışı gözəllik nəzəriyyəsi, "Hissi idrak elmi" adlandırmışdır. Onun estetik hadisəni idrak nəzəriyyəsi yönümündən işləməsinin alman klassik fəlsəfəsinin sonrakı inkişafı üçün böyük əhəmiyyəti olmuşdur.
Estetik fikrin tarixi daha qədimdir. Belə ki, 2500 il bundan əvvəl quldarlıq dövründə Misir, Babilistan, Hindistan və Çində yaranmış, Qədim Yunanıstan və Qədim Romada inkişaf etmişdir. Antik filosofların əsərlərində incəsənətin cəmiyyətdə rolu və onun insanın əxlaqına təsiri məsələlərindən bəhs olunmuşdur. Orta əsrlərin "İlahi gözəllik" haqqında mistik təlimlərində hər cür gözəlliyin mənbəyi və ali gözəlliyin təcəssümü allah hesab olunurdu.
Estetika bölmələrinin qarşılıqlı münasibəti bu elmin bütün tarixi inkişafı boyunca bir-birini əvəz etmiş və müxtəlif formalarda başa düşülmüşdür. Dəfələrlə Estetikanı bir neçə müstəqil elmi fənnə (estetik dəyərlər nəzəriyyəsi, estetik qavrayış nəzəriyyəsi, ümumi sənət nəzəriyyəsi) bölmək təklif olunsa da, təcrübə göstərmişdir ki, estetik dəyərləri və bədii mənimsənilməni ayrı-ayrılıqda nəzərdən keçirmək mümkün deyil. Bu, bəzən insanın bədii fəaliyyəti ilə estetik fəallığının eyniləşdirilməsinə səbəb olurdu. Estetikanın hər iki bölməsi bir-birilə təbii şəkildə qarşılıqlı əlaqədə olub, nisbi müstəqilliyə malikdirlər. Birinci bölmədə dəyər münasibətləri sistemində estetikliyin təbiəti və özünəməxsusluğu; çox sayda konkret modifikasiyalarda (gözəllik və eybəcərlik, ucalıq və alçaqlıq, faciəvilik və komiklik və s.) çıxış edən estetik dəyərlərin diferensiasiya qanunauyğunluqları; dəyərlilik və qiymətləndirmənin, estetik qavrayış və estetik təmayüllü təcrübənin dialektik əlaqəsi; mədəniyyətin müxtəlif sahələrində, sosial və fərdi həyatda insanın estetik fəallığının əhəmiyyəti; müxtəlif inikas sahələrində — praktik fəaliyyətdə və müşahidədə, insanların tərbiyəsində və təhsilində estetikliyin və bədiiliyin qarşılıqlı əlaqəsi kimi məsələlər öyrənilir. Estetika elminin ikinci bölməsi bədii fəaliyyətin xüsusi təhlili ilə əlaqədardır. Onun filogenezdə və ontogenezdə meydana gəlməsinin tədqiqini, insan fəaliyyətinin digər istiqamətləri sırasında Estetikanın struktur və funksional özünəməxsusluğunu, eləcə də mədəniyyətdə yerini, bədii fəaliyyətin konkret formalarının (incəsənət növləri və janrlarının) müxtəlifliyini, tarixi modifikasiyaları (cərəyanlar, üslublar, metodlar) doğuran qanunları; cəmiyyətin bədii inkişafının müasir mərhələsinin xüsusiyyətlərini və incəsənətin tarixi inkişaf perspektivlərini ehtiva edir. Bununla yanaşı, Estetika heç vaxt insan tərəfindən dünyanın estetik və bədii mənimsəmə qanunauyğunluqlarını öyrənməklə kifayətlənməmiş, estetik qiymətləndirilmənin müəyyən meyarlarını və bədii fəaliyyətin proqramlarını hazırlamaqla bu və ya digər şəkildə həmin mənimsəməni istiqamətləndirmişdir.
Estetik fikrin uzunmüddətli tarixi təşəkkülü və inkişafı prosesi onu şərtləndirən bir sıra faktorlarla — müxtəlif siniflərin və ictimai qrupların ideoloji və sosial-psixoloji mövqeləri, dəyişən tədqiqat predmetinin — estetik mədəniyyətin və bədii təcrübənin özünəməxsusluqları, estetik nəzəriyyələrin əsaslandığı, yaxud meydana gəldiyi fəlsəfi təlimlərin səciyyəsi, qonşu elmlərin (sənətşünaslıq və ədəbiyyatşünaslıq, psixologiya və sosiologiya və s.) mövqeləri ilə istiqamətlənirdi.
Estetik düşüncə qədim keçmişdə ibtidai cəmiyyətin mifoloji şüurunda yaranmışdır. Müxtəlif xalqlara məxsus miflərin təhlili onlarda fərqli sənətlərin mənşəyi, onların insan həyatındakı rolu, sənətin gözəlliklə əlaqəsi (məs., Apollon Musaget və onun rəhbərlik etdiyi Muzalar barəsində qədim yunan mifi) haqqında insanların ilkin təsəvvürlərinin necə əks olunmasını göstərir. Estetikanın tarixi elmi-nəzəri düşüncənin formalaşması ilə başlamışdır. İnkişafının birinci mərhələsində (Avropada 18-ci əsrin ortalarına qədər davam etmişdir) Estetika hələ müstəqil elmi fənn deyildi, hətta öz adı belə yox idi. Antik dövrdə estetik problematika bir tərəfdən fəlsəfi əsərlərdə (pifaqorçular, Sokrat, Platon, Aristotel tərəfindən), digər tərəfdən incəsənətin müxtəlif növlərinə həsr olunmuş traktatlarda (məs., Polikletin, Qorpinin, Mitruvinin, Horasinin traktatlarında) işlənirdi. Buna baxmayaraq, antik mütəfəkkirlərin bir çox dərin məzmunlu fikirləri Avropa estetik fikrinin bütün sonrakı inkişafı üçün təməlyaradıcı əhəmiyyətə malik olmuşdur (Şərqdə Estetikanın inkişafı spesifik yollarla getmiş, yalnız ayrı-ayrı vaxtlarda Avropa Estetikasının inkişafı ilə təmasda olmuşdur).
Orta əsrlər xristian Estetikası estetik hadisələrin spiritualist anlamını əsaslandırır və sənətin strukturunu simvolik ruhda şərh edirdi (Avqustin, Foma Akvinalı və b.). Yalnız İntibah dövründə estetik düşüncə teoloji bağlardan qurtularaq, dünyəvi, humanist və realist təmayüllü oldu. Lakin bu zaman Estetikanın fəlsəfə ilə əlaqələri zəifləməyə başladı, belə ki, fəlsəfə o dövrdə bilavasitə təbiətşünaslıq biliklərinə istinad edir və bədii-estetik problemlərə dərin maraq göstərmirdi. Həmin dövrdə böyük rəssamların (L. B. Alberti, Leonardo da Vinçi, A. Dürer və b.) və müxtəlif sənət növləri nəzəriyyəçilərinin sənətşünaslıq traktatlarında Estetikadan bəhs edilirdi.
17-ci əsr — 18-ci əsrin 1-ci yarısında gözəlliyin mahiyyəti və sənətin təbiəti problemləri ayrı-ayrı nəzəri traktatlarda (N. Bualo, Ş. Sorel, M. V. Lomonosov və b.), yaxud bədii-tənqid janrına aid əsərlərdə (İ. Bodmer və İ. Breytinger, D. Didro və b.) müzakirə olunurdu. Estetikanın bədii-praktik təmayülü bu və ya digər yaradıcılıq yanaşmasının (manyerizm, klassisizm, barokko, realizm) nəzəri əsaslandırma və müdafiəsi məsələlərinin ön plana çıxması ilə nəticələnirdi. Bu zaman müxtəlif estetik proqramların toqquşması (məs., realizm uğrunda Didro və Q. E. Lessinqin mübarizəsi, İtaliyada və İspaniyada klassisizm və barokko tərəfdarlarının polemikası) ideoloji mübarizələri açıq ifadə edirdi. Maarifçilik ideologiyası incəsənətin yeni inkişafının nəzəri süzgəcdən keçirilməsi prosesinə xüsusi aktuallıq və əhatə dairəsi verdi, bununla da bütün Avropa ölkələrində maarifçilik güclü, eyni zamanda öz fəlsəfi və bədii prioritetləri ilə rəngarəng olan hərəkat doğurdu (Fransada Didro, J. J. Russo, Almaniyada Lessinq, İ. İ. Vinkelman, B. Britaniyada A. Şeftsberi, H. Houm və b.).
Sənətə, onun insan dünyagörüşünün təşəkkülündə yaratdığı imkanlara marağın çoxalması bədii yaradıcılığın müxtəlif növlərinin qarşılaşdırılmasına (J. B. Dübo, C. Harris və b.), sonra isə bütün "nəfis sənət"lərin vəhdəti haqqında təsəvvürlərin (Ş. Battye, M. Mendelson) formalaşmasına doğru aparırdı. Zövq probleminin qoyuluşu da bununla bağlı idi, belə ki, o, bədii yaradıcılığın nemətlərini və gözəlliyini qavramaq, qiymətləndirmək üçün spesifik psixi mexanizm kimi nəzərdən keçirilirdi. Bu məsələdə öz tədqiqat sahəsinə estetik problematikanı fəal şəkildə daxil etməyə başlayan fəlsəfə sənətlə bərabər addımlayırdı (C. Vikonun, K. A. Helvetsinin, Volterin, D. Yummun, E. Berkin traktatları). 18-ci əsrin ortalarında Q. V. Leybnitsin davamçısı A. Q. Baumqarten fəlsəfədə etika və məntiqlə yanaşı, məhz bu sahəyə aid məsələlərə həsr olunmuş xüsusi müstəqil bölmənin ayrılması zərurətini sübut etdi. Baumqarten onu "Estetika", yəni "hissi idrak nəzəriyyəsi" adlandırdı; onun işlənib-hazırlanması gözəllik və sənət haqqında tamamlanmış təlimin yaradılması ilə nəticələndi.
Tarixi inkişafda mədəniyyəti, insan fəaliyyətini, sosial tarixi izah etmək üçün zəruri olan sonuncu müstəqil fəlsəfə bölməsinə çevrilməklə, Estetika elminin ikinci mərhələsi başladı. Baumqartenin açdığı yolla alman fəlsəfəsinin və mədəniyyətinin ən görkəmli nümayəndələri — İ. Kant, İ. H. Herder, F. Şiller, İ. V. Göte, F. V. Şellinq, Q. V. F. Hegel getdilər. Hegel nəzəri analizin insanın bədii fəaliyyətinə, onun inkişafı və mədəniyyətdə yerinə tarixi baxışla üzvi şəkildə birləşən güclü estetik konsepsiya hazırladı, bununla Estetikanın ensiklopedik, əhatəli fəlsəfi bilik bölməsi kimi Baumqartenlə başlayan inkişaf mərhələsini başa çatdırdı.
Bundan sonra Estetikanın tarixində müxtəlif metodoloji və ideoloji təmayüllərin mübarizəsi ilə səciyyələnən üçüncü mərhələ başlanır. İdeoloji planda bu mübarizə 19,20-ci əsrlərin üç başlıca estetik fikir cərəyanının qütbləşməsində ifadə edilirdi. Burjuaziya Estetikası nəzəriyyəçiləri ("parnasçılar" və K. Fridler məktəbindən tutmuş, X. Orteqa-i-Qassetə və X. Ridə qədər) müxtəlif vasitələrlə estetizmi və "xalis sənət", "sənət sənət üçündür" prinsiplərini əsaslandırırdılar. Demokratik Estetika alimləri utopik-sosialist nəzəriyyə (P. Prudondan tutmuş, L. N. Tolstoya qədər) və rus mütəfəkkirlərinin inqilabi-demokratik konsepsiyaları (V. Q. Belinski, A. İ. Gertsen, N. Q. Çernışevski, N. A. Dobrolyubov) formasında çıxış edir, lakin ümumi cəhətləri baxımından cəmiyyətin real həyatı ilə bağlı olan realist prinsipləri müdafiə edirdilər. Sosialist estetika K. Marks, F. Engels və V. Lenin tərəfindən hazırlanmış, onun inkişafında F. Merinq, Pol Lafarq, Q. V. Plexanov, A. V. Lunaçarski, A. Qramşi, D. Lukaç və b. əhəmiyyətli rol oynamışlar. Fəlsəfi-metodoloji planda 19,20-ci əsrlərdə estetik fikrin müxtəlif inkişaf yolları onun fərqli fəlsəfi təlimlərə — obyektiv (F. T. Fişer, V. S. Solovyov) və subyektiv (A. Breton) idealizmin bu və ya digər formalarına, pozivitizmə (Q. Spenser, İ. Ten, C. Dyui) və intuitivizmə (B. Kroçe, A. Berqson), antropoloji materializmə (Feyerbax Estetikası və rus inqilabi-demokratların Estetikası), fenomenologiyaya (N. Hartman, R. İnqarden, M. Düfren), ekzistensializmə (J. R. Sartr, M. Haydegger) əsaslanmasından irəli gəlirdi. Bu dövrdə estetik təlimlərin diferensiasiyasının digər aspekti Estetikanı bu və ya başqa konkret elmlə bağlamaq səylərində ifadə olunurdu; psixoloji Estetika (Q. Fixner, T. Lipps), fizioloji Estetika (A. Qrant-Allen, V. V. Velyamoviç), psixoanalitik Estetika (Z. Freyd, J. Lakan), sosioloji Estetika (M. Qüyo, Ş. Lalo), sənətşünaslıq Estetikası (E. Qanslik, X. Zeldmayr), semiotik Estetika (Ç. Morris, U. Eko), kibernetika və informasiya Estetikası (A. Mol, M. Benze), riyazi Estetika (C. Birkqof) belə yaranırdı. 19,20-ci əsrlərin estetik təlimləri onların hansı konkret bədii yaradıcılıq cərəyanını — tənqidi realizmi (O. Balzak, rus inqilabi-demokratları), naturalizmi (E. Zolya), simvolizmi (V. İvanov, A. Belıy), abstraksionizmi (V. Kandinski) nəzəri cəhətdən əsaslandırmalarına görə də fərqlənirdilər.
Müasir dövrdə estetik mədəniyyət tarixi sosiomədəni hadisə xronotopunda kommunikasiyaya daxil olan bir çox bədii sistemlərin transformasiyası və transmutasiyası kimi başa düşülür. Estetika daha bir sosioloji ölçü qazanır (İ. Ten, Y. Burkhard, Marks, Lukaç, Orteqa-i-Qasset). Bədiiestetik fenomenlər burada iqtisadi, siyasi münasibətlər (mübadilələr, kommunikasiyalar, münaqişələr) sistemində qrupların sosial statuslarının (maraqlarının, məqsədlərinin, təsəvvürlərinin) ifadəsi kimi təsəvvür olunur. Sosiallaşan Estetika cəmiyyətin bir-birilə rəqabət aparan iki özünütəsvir sistemində — siyasi və iqtisadi sistemlərdə inkişaf edir və sosial antropologiya ilə bilavasitə təmasa girir. Modern və postmodern vəziyyətlərdə klassik estetik mədəniyyət mövzusu hələ də problemli olaraq qalır. Burada Muzey statusunu qeyd etmək zəruridir, belə ki, o, klassik paradiqmanı istiqamətverici koordinat kimi müəyyən mənada qoruyub saxlayır və ona münasibətdə modern (neomodern) layihələr özlərini bədii mədəniyyət hadisəsi kimi tanıyır və müəyyənləşdirirlər. Estetik layihələrin kommunikasiyalaşan sistemində klassik paradiqmanın mövcudluğu Avropa estetik mədəniyyətinin fenomenoloji mahiyyətini qorumaqla, onu ümumhumanitar teoloji müddəanın aşkarlanmasına yönəldir.
Maarifçi estetikanın nümayəndələri E. Byerk, Hoqart, D. Didro, J. J. Russo, İ. İ. Vinqelman, İ. Herder və b., xüsusilə onların davamçıları F. Şiller və Höte incəsənətlə gerçəkliyin əlaqəsi ideyasını inkişaf etdirdilər. Marksizm-leninizm klassikləri isə incəsənəti ictimai şüur formalarından biri və gerçəkliyin estetik dərk olunmasının spesifik forması kimi öyrənirlər. Gerçəkliyin estetik dərkinin isə üç tərəfi vardır:
Estetika bu tərəflərin mahiyyətini, qanunauyğunluqlarını və onların konkret təzahürlərini tədqiq edir.