Fərəc bəy Zeynal oğlu Sultanov (1860, Saracıq, Şuşa qəzası – 1914, Tiflis) — Azərbaycan pedaqoqu, maarifçi və publisist.[1]
Fərəc bəy Sultanov | |
---|---|
Fərəc bəy Zeynal oğlu Sultanov | |
Doğum tarixi | 1860 |
Doğum yeri | |
Vəfat tarixi | 1914 |
Vəfat yeri | |
Vətəndaşlığı | Rusiya imperiyası |
Uşağı | |
Təhsili |
|
Görkəmli pedaqoq Fərəc bəy Zeynal oğlu Sultanov 1860-cı ildə Şuşa qəzasının Vərəndə nahiyyəsinin Saracıq kəndində anadan olmuşdur. İlk təhsilini molla yanında aldıqdan sonra Şuşa qəza məktəbində oxumuşdur. Qori Müəllimlər Seminariyasını, Tiflis Aleksandr Müəllimlər İnstitutunu bitirmişdir.
1887–1888-ci illərdə Naxçıvan şəhər məktəbinin elm-fənn müəlliminin köməkçisi işləmişdir[2]. Naxçıvan qəza məktəbinin ilk azərbaycanlı elm-fənn müəllimi kimi işə başlayana qədər Fərəc bəyin bioqrafiyasında artıq polis təqibləri də, sonralar çarizm əleyhdarlarının daimi "qeydiyyat yerinə" çevrilən Metex qalasında yaşanan həbs həyatı da vardı.[3] Bəzi mənbələrdə Fərəc bəy Sultanovun 1881–1889-cu illər ərzində Naxçıvanda işlədiyi bildirilir. Fərəc bəy 1890-cı ildən Tiflisə köçmüş, əvvəlcə ruhani idarəsində, eyni zamanda şiə məktəbində işləmiş, daha sonra ömrünün sonuna qədər Zaqafqaziya Dəmir yol idarəsində çalışmışdır. Hələ tələbəlik illərində xalqçılıq ideyaları ilə tanış olmuş Fərəc bəy 1880-ci ildən inqilabi hərəkatda iştirak etmişdir. Bu ildən sosial-demokrat fəhlə dərnəyinin üzvü olmuşdur. 1897–1903-cü illərdə Tiflis Rusiya Sosial Demokrat Fəhlə Partiyasının üzvü olaraq fəaliyyət göstərmişdir. Tiflisdəki xalqçılar dərnəyinin fəal üzvlərindən biri kimi ad çıxarmışdı.
Fərəc bəy Sultanov 1914-cü ildə vəfat etmişdir.[4]
Ədəbi yaradıcılıqla məşğul olmuş, "Əliallahilik təriqəti haqqında bəzi qeydlər" adlı publisist məqaləsini dərc etdirmişdi. Tədqiqatçılar məqalədə Cəlil Məmmədquluzadənin “Ölülər” əsərinin mövzusu, xüsusilə Şeyx Nəsrullah obrazı ilə səsləşən məqamlar olduğuna aid fikirlər söyləmişlər.[5]