Fərhad Ramazan oğlu Zeynalov (22 iyun 1929, Ordubad – 16 oktyabr 1984, Bakı) — Azərbaycan türkoloqu, filologiya elmləri doktoru (1966), professor (1968), müasir türkologiyanın inkişafında müstəsna xidmətləri olan elm adamlarından biri.[1]
Fərhad Zeynalov | |
---|---|
Fərhad Ramazan oğlu Zeynalov | |
Doğum tarixi | 22 iyun 1929 |
Doğum yeri | |
Vəfat tarixi | 16 oktyabr 1984 (55 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Elm sahələri | türkologiya, filologiya |
Elmi dərəcəsi | elmlər doktoru |
Elmi adı | professor |
İş yeri | |
Alma-mater | ADU |
Fərhad Zeynalov 1929-cu ildə Ordubad şəhərində anadan olmuşdur. 1947-ci ildə orta məktəbi bitirdikdən sonra Ordubad Şəhər Mədəniyyət Evində direktor işləmişdir. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində (1948-1953) və M. Lomonosov adına Moskva Dövlət Universitetinin aspiranturasında təhsil almışdır (1953-1956). Orada onun elmi rəhbəri məşhur türkoloq N. A. Baskakov olmuşdur. Fərhad Zeynalovun müdafiə etdiyi mövzu – "Nitq hissələrinin təsnifat prinsiptləri" – daha sonra da bir çox elmi tədqiqatlara başlanğıc vermişdir.
1956-cı ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində işə başlamışdır. 1962-ci ildə bu universitetdə Ümumi dilçilik kafedrasının dosenti olmuşdur. Elə həmin universitetdə 1969-cu ildə Türkologiya kafedrasının yaradılması məhz onun adı ilə bağlıdır. O, həmin ildən etibarən bu kafedraya rəhbərlik etmişdir.[2] 1956-cı ildə filologiya elmləri namizədi, 1966-cı ildə elmlər doktoru alimlik dərəcəsi almışdır.
1984-cü ildə vəfat etmiş və Ordubadda dəfn olunmuşdur.[3]
Azərbaycanda türkolgiya məktəbinin yaradıcılarından olan Fərhad Zeynalov onun aktual problemlərinə, o cümlədən türk dillərində nitq hissələrinin təsnif prinsiplərinə, köməkçi nitq hissələrinə, türk dillərinin müqayisəli qrammatikasına, qədim türk yazılı abidələrinə dair tədqiqatların, 11 monoqrafiya, dərslik və tədris vəsaitinin müəllifidir. "Türkolgiyanın əsasları" (1981) adlı fundamental monoqrafiyasında o, türk dillərinin yeni təsnifini vermişdir. ADU-da türkoloji fənlərin və ixtisas kurslarının ("Türkologiyaya giriş", "Türk dillərinin müqayisəli qrammatikası", "Qədim türk yazılı abidələri") tədrisi, bu ixtisaslar üzrə tədris proqramlarının hazırlanması məhz onun adı ilə bağlıdır. Onun "Türkologiyanın əsasları" dərsliyi SSRİ miqyasında ilk belə təşəbbüs idi. Bu kitabın çapdan çıxması xeyli rezonans doğurdu, belə ki, o zamanlar türkologiya hələ təzə-təzə "antisovet" elmləri siyahısından çıxırdı.[4]
Fərhad Zeynalov mətnşünaslıq sahəsində də çalışmış, S.Əlizadə ilə birlikdə "Kitabi-Dədə Qorqud" eposunun elmi-tənqidi mətnini geniş müqəddimə ilə tərtib etmişdir. "Kitabi-Dədə Qorqud və dünya şərqşünaslığı", "Dastani-Əhmədi Hərami – Azərbaycanın ən qədim ədəbi abidəsi", "Türk dillərində analitik yolla yaradılmış felin formaları" və s. elmi əsərləri türkologiyanın ən aktual problemlərinə toxunub. Ümumilikdə, 70-dən çox elmi əsərin, o cümlədən 20-yə yaxın monoqrafiyanın müəllifidir. Əsərləri Türkiyə, Rusiya, Almaniya, Fransa və Macarıstanda çap olunmuşdur. Beynəlxalq elmi məclislərdə məruzələr etmişdir.