FRcollection — Bakıda əsasən Azərbaycan mədəni irsindən ibarət şəxsi kolleksiya.
"FRcollection" Fuad Cəbrayılov və Ruslan Hüseynov tərəfindən yaradılmış, 5 minə yaxın eksponata sahib olan şəxsi kolleksiyadır. Kolleksiya 2003-cü ildən bəri yığılmağa başlanmış, 2012-ci ildə 2 kolleksiya birləşdirilmiş və beləliklə, eksponat sayı 5 minə çatmışdır. Kolleksiyaya XVII-XX əsrlərə aid toxuculuq məhsulları və ənənəvi geyimlər, baş örtükləri, geyim aksesuarları, müxtəlif regional işləmələr, baş geyimləri, qızıl və gümüş zərgərlik məhsulları, metal bəzək materialları, ağacdan düzəldilmiş əsərlər, başmaqlar, arxeoloji əsərlər, keramika məhsulları və s. daxildir.[1] Kolleksiyanın sahibləri Azərbaycanın bölgələrini gəzərək, müxtəlif nümunələri toplamışdır. Eksponatların arasında bir sıra Osmanlı geyimləri də var.[2]
"FRcollection"-a məxsus toxuculuq kolleksiyasında milli geyimlər XVIII-XX əsrlərə aiddir, ancaq geyimlər arasında XIX əsr nümunələri çoxluq təşkil edir. Qadın geyimləri daha çoxdur, bu geyimlər daha çox varlı və elit ailələrə məxsusdur. Geyim kolleksiyasına çuxa, kürk, əba, köynək, şalvar, arxalıq, çəpkən, bahari, ləbbadə, küləçə, nimtənə, nilufər, cütbalaq, çaxçur, çadra, çarşaf, çarıq, sapox, başmaq, başörtüyü, rübənd, cutqu, Buxara papaq, araqçın, şəbkülah nümunələri daxildir.[2]
Kolleksiyaya həmçinin XVIII əsrin sonu, XIX əsrin əvvəlinə aid Quran qabı,[3] XIX əsr aid, flora motivləri ilə bəzənmiş alınlıq baş bəzəyi, XVIII əsrə aid daraq qabı[4], XVIII əsrə aid, Qacar üslubunda möhür qabı daxildir.[5]