Fazil Salayev

Fazil İdris oğlu Salayev (1 sentyabr 1931, Bakı20 iyun 1978, Bakı) — Azərbaycan teatr və kino aktyoru.[1]

Fazil Salayev
Doğum tarixi 1 sentyabr 1931(1931-09-01)
Doğum yeri
Vəfat tarixi (46 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Fəaliyyəti aktyor
IMDb ID1596509

Fazil Salayev 1931-ci ilin sentyabrın 1-də Bakıda, İdris Salayevin ailəsində dünyaya gəlib. Əslən Fatmayı kəndindəndir. Hələ uşaq yaşlarından yazı-pozuya böyük həvəsi olan gələcəyin məşhur aktyoru dörd yaşında ilk dəfə öz adını fotosunun arxasına yazıbmış. Orta məktəbi yaxşı qiymətlərlə bitirən Fazil sənədlərini Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə verir və oranı əla qiymətlərlə tamamlayır. Bir müddət orta məktəbdə müəllim işləyir. Hətta Yasamal rayonundakı məktəblərdən birində xalq artisti Afaq Bəşirqızının oxuduğu sinfə rəsm dərsi keçir. Eyni zamanda "Azərbaycan" nəşriyyatında tərtibatçı-rəssam kimi fəaliyyət göstərir. Bundan sonra Fazil sənədlərini Teatr İnstitutuna (Mədəniyyət və İncəsənət Universiteti) verir və qəbul olunur. Teatr İnstitutunu bitirən F. Salayev Akademik Milli Dram Teatrına işə qəbul olunur. İlk illərdə aktyor bu teatrın səhnəsində müxtəlif obrazlar oynayır. Ancaq işinin dəyərləndirilmədiyini görüncə, "Muskomediya"ya üz tutur.

Fazil Salayev kinoda ilk rolunu 32 yaşında oynasa da, məhz kinoaktyor kimi məşhurlaşır. Rejissor Həsən Seyidbəyli onu "Möcüzələr adası" filmində epizodik rola dəvət edir. Cəmi bir il sonra isə qəhrəmanımız rejissor Ağarza Quliyevin ekranlaşdırdığı "Ulduz" filmində müxbir rolunu oynayır. Ardınca "Alma almaya bənzər" filmində Mehdi,"Bizim Cəbiş müəllim" filmində Mıqqı, "Bir cənub şəhərində" Fazil, "Dərviş Parisi partladır" filmində Qulaməli kimi yaddaqalan obrazlar yaradır. "Azdrama"dan küsüb getdiyi illərdə isə "Mozalan" satirik kinojurnalında müxtəlif tipajlar yaratmağa nail olur.1969-cu ildə Şamil Mahmudbəyovun çəkdiyi "Şərikli çörək" filmindəki Qırçı Məhəmməd obrazı isə qəhrəmanımızın istedadını başqa tərəfdən üzə çıxarır. Bu psixoloji rolla sübut edir ki, onun üçün heç bir amplua məhdudiyyəti yoxdur. Bu rol Azərbaycan kinosunda sükutla "danışmağın" bənzərsiz nümunəsidir. Bir vaxtlar televiziya ekranlarında gedən "Komediyalar aləminə səyahət" verilişində tez-tez səhnəciklərdə çıxış etmişdir.

İstedadlı aktyor Fazil Salayev qısa ömür yaşasa da, oynadığı rolları, gözəl mimikası və yumor hissi ilə xalqımızın yaddaşında əbədi qaldı. İllər keçsə də, onun yaratdığı rollara və filmlərə maraq itməyib, sevilə-sevilə baxılır. Çox acı təsadüf oldu ki, sənətkar 1978-ci il iyunun 20-də 46 yaşında kiçik qızı Ofeliyanın doğum günündə həyata əlvida dedi.[2][3]

  1. "Heç kəs qırçı olmaq istəmir…": Unudulmaz böyük sənətkar: [mərhum sənətkar Fazil Salayev haqqında] //Azadlıq.- 2012.-1 iyun.- S.14.
  2. "Arxivlənmiş surət". 2017-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-26.
  3. "Arxivlənmiş surət". 2015-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-26.
  • Aydın Kazımzadə. Azərbaycan kinematoqrafçıları. Bakı: Tərəqqi MMC, 2013.