Flüvial relyef formaları

Flüvial relyef formaları (lat. fluvius-çay) — axar suyun (su-eroziya və su-akkumulativ) yaratdlğı morfoskluptur mezorelyef forması. Qütb buz zonlarında axan buzlaqlar formasında, qalan quruda çay qolları və çaylar şəklində formalaşır. Axar su hər yerdə iş görür və onun yaratdığı relyef formaları universaldır. Hətta tropik səhralarda da meydana gəlir. Flüvial geomorfoloji komplekslər bütün quru sahəsinin yarısından çoxunu (59 %) tutur.[1]

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Vasili Dokuçayev hələ 1878-ci ildə göstərmişdir ki, eroziya formaları təkamül sırları təşkil edir. Səthi yuyulma xətti yuyulmaya keçdikdə eroziya parçalanmasının başlanğıc formalarını eroziya şırnağı və şırım yaradır. Eroziyanın qarşısı vaxtında alınmayanda eroziya şırnağı genişlənərək yarğanlara, yarğanlar da müəyyən vaxtdan sonra qobuya və ya quru dərələrə çevrilir. Su axını sabit olduqda çay dərələri inkişaf edir.

Məhəllin erozion parçalanma intensivliyi axar suların işinin enerji səviyyəsi ilə müəyyənləşir. Ümumiyyətlə, axın nə qədər böyük olsa energetik səviyyə də bir o qədər yüksək olur. Lakin maksimal eroziya parçalanması zolağının oxu semiarid (yarımarid) iqlimə doğru dəyişir. Çayların normal düşmə profilini səciyyələndirdikdə biz demişdik ki, ərazinin erozion parçalanma dərinliyi, həmçinin, onun yüksəkliyindən, eroziya bazisinin vəziyyətindən asılıdır. Bu qanunauyğunluğa əsas dəyişikliyi süxurların litolgiyası verir. Qranit və diabaz süxurlıar çətin eroziyaya uğradığı halda, çöl zolağının lyoslarını hər leysan yağışı intensiv yuyur.

Hər hansı proses kimi, eroziyanın da nəticələri onun təsir vaxtı ilə mütənasibdir. 10–13 min il bundaq qabaq buzdan azad olmuş ərazilərdə eroziya formaları qədim relyefli yerlərdəkinə nisbətən müqayisəolunmaz dərəcədə zəif təzahür edir.

Bilavasitə eroziya ilə əlaqəli şəraitdə akkumulyativ relyef formaları yaranır. Çayların çıxardığı və çökdürdüyü materialın həcmi, əlbəttə, eynidir, lakin onun bir hissəsi qurudan kənarda — dənizlərdə şelfdə və ya geosinklinallarda çökür, nəticə etibarilə materiklər üçün eroziya-akkumlyativ balans mənfi olur. Əvəzində isə dağ əmələgəlmə epoxaları nəinki materiklərin itirdiyini qaytarır, həm də onların sahəsini xeyli genişləndirir.

Relyef formaları

[redaktə | mənbəni redaktə et]

Flüvial relyefin bir neçə geomorfoloji kompleksi ayrıd edilir:

Yarğan relyefi

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Yarğan
Əkin sahəsində yarğan
Ümumi Sırt yüksəkliyi

Yarğan — leysan yağışı və qar sularının yuma fəaliyyəti nəticəsində əmələ gəlmiş böyük ölçüdə dikdivarlı çəkəyə deyilir. Baş yarğandan yan qollar ayrılır. Böyük və kiçik yarğanların və eroziya çuxurlarının mürəkkəb sistemi belə yaranır.

Yarğanların əmələgəlməsinə və inkişafına hündür relyef, leysan yağış tipi, qarın sürətlə əriməsi və məhəllin yumşaq çəküntüləri səbəb olur. Yarğanların artmasına antropogen amillər də (meşələrin qırılması, yamacların şumlanması) təsir edir.

Yarğanların ölçüsü çox müxtəlif olub məhəllin hündürlüyündən və süxurların xarakterindən asılıdır. Adətən, onların dərinliyi 10–12 metr, bəzən 80 metr olur. Uzunluğu bir neçə kilometrə çata bilir. Zaman keçdikcə yarğanların dibi normal düşmə əyrisinə yaxın profil alır, dərinləşmə prosesi yavaşıyır. Yan eroziya və denudasiya prosesləri üstünlük təşkil etməyə başlayır və nəticədə yamacların dikliyi azalır. Yarğan qobuya və ya quru dəryə çevrilir.[2]

Tək-tək yarğanlara hər yerdə təsadüf olunur, yarğan-qobu relyef kompleksləri isə yalnız çöl və meşə-çöl zonalarına, xüsusən Valın-Podol, Orta Rus, Stavropol, Volqaboyu yüksəkliklərinə, yüksək Preduralyeyə, Novosibirsk vilayətindəAltay diyarında Altay dağətəklərinə, ABŞ-nin orta qərbinə və Kanadaya xasdır. Bu zonalarda yarğanlar ərazinin bəzən 30 %-ə qədərini tutur.

Eroziya presesləri gildən təşkil olunmuş yerlərdə baş verirsə, orada yarğan relyefi deyil, sırt relyefi əmələ gəlir. Türk dillərində sırt — yüksəklik deməkdir. Belə relyef dəyirmi zirvələri və az meyilli yamacları olan təpələrin, yamacların və dibləri çimlənmiş geniş dərələrin növbələşməsi ilə səciyyələnir. Sırt relyefin xüsusiyyətləri güclü rütubət şəraitində gilin dik yamacları saxlaya bilməməsilə əlaqədardı. Tipik sırt relyefi Zavoljyedə Samara çayından Ümumi Sırt yüksəkliyinədək yayılmışdır.[3]

Yağıntı təsadüfü düşən və sabit axım olmayan səhralar üçün quru yataqlar səciyyəvidir. Onlar müvəqqəti axınların yataqlarıdır. AfrikadaƏrəbistanda onlara vadi, Avstraliyada krik deyilir. Onlar, adətən, yüksəkliklərdən və dağlıq ərazilərdən başlanır, quru axarsız çökəkliklərdə qurtarır. Onlardan bəziləri keçmiş humid iqlim çaylarının yataqları olmuşdur.

Orta Asiyada sıhralardakı quru yataqlara uzboy deyirlər. Uzboy Sarıqamış çıkəkliyi ilə Xəzər dənizi arasında qədim çay yatağının adıdır.[4]

Çay dərələri

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Çay dərələri

Xətti uzanan, talveq üzrə birtərəfli düşən və ağızdan açıq olan oyuq relyef formasında dərə deyilir. Dərələr, əsasən, eroziya mənşəlidir, lakin çox halda onların meydana gəlməsində və inkişafında digər geoloji amillər də rol oynayır. (tektonik, buzlaşma və s.). Dərələr heç vaxt kəsişmir. Onlar rastlaşdıqda birləşib, mürəkkəb sistem əmələ gətirir. Düzənlik çay dərəsinin yetkin yaşında, adətən, aşağıdakı morfoloji elementlər olur: əsas sahillər (sağ və sol), yamaclar, terraslar, subasar və yataq.[5]

Allüvial düzənliklər

[redaktə | mənbəni redaktə et]
Yeni Zellandiyada allüvial düzənlik
Alp dağlarında sürüşmə
border=none Əsas məqalə: Allüvial düzənlik

Relyefin inkişafı əslində Yer qabığı maddələrinin yerdəyişməsidir. Eroziya ilə eyni zamanda akkumulyasiya da baş verir. Akkumulyasiya agentlərinə müvafiq olaraq morfoskulptur formalar — allüvial, allüvial — gölallüvial — prolüvial (prolüvium — leysan yağışı və qar sularından əmələ gələn müvəqqəti axın çıküntüsü) olur. Allüvial — prolüvial düzənliklər Yerin arid sahələrinin — Orta və Mərkəzi Asiya, Şimali Amerika, Şimali AfrikaAvstraliyanın dağlarını dövrələyir. Ən böyük allüvial və göl — allüvial düzənliklərə Böyük Çin ovalığı, Qərbi Sibirin mərkəzi hissəsi, Orta Asiya ovalıqları (QaraqumQızılqum), Macarıstan, Podan, Mesopotamiya, Hind -Qanq, Ussuri, Vilyuy ovalıqları aid edilir.[6]

Sürüşmələr və suffozion relyef formaları

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Sürüşmə

Səth suları ilə yanaşı, yeraltı sular da, birinci növbədə qrunt suları da morfogenetik amildir. Onların fəaliyyəti relyefdə sürüşmələrdə təzahür edir. Sürşmə çayların, göllərin, dənizlərin, yarğanların, süni sututarların, karxanalarınkanalların sahillərində, həmçinin təpəli düzənliklərin, yüksəkliklərin və dağ ətəklərinin yamaclarında ağırlıq qüvvəsinin təsiri altında süxurların aşağı sürüşməsinə deyilir. Sürüşmə ən çox sukeçirməyən gil ilə qum-çınqıl laylarının növbələşdiyi yerlərdə baş verir. Sürüşmələrin baş vermə imkanı layların düşmə bucağı yamacın meylinə uyğun gəldikdə artır. Yamacın ətəyinin altını çay və ya dəniz yuyan zaman süxurların tarazlığı pozulur və qrunt sürüşür.[7]

Suffoziyanın relyef əmələgətirmə təsiri vardır. Suffoziya yumşaq süxurlardan süzülən suyun xırda mineral hissəciklərin aparması deməkdir. Bu, tavanın çökməsi ilə nəticələnir. Suffoziya mənşəli dayaz qapalı alçaqlıqlar — çöl nəlbəkiləri və ya çuxurlar — arid iqlimi olan düzənliklər üçün (xüsusi çöl zonaları üçün) səciyyəvidir. Onların diametri 10-dan 50 m-dək, dərinliyi −1–2 metrdir. Bəzi çöl suffoziya çuxurlarında yastı dibli kiçik göllər yerləşir.[8]

Karst mağarası. Xorvatiya.
border=none Əsas məqalə: Karst

Həll olunan süxurlardan — əhəngdaşlardandolomitlərdən, bəzən də gillərdən və duzlardan təşkil olunmuş ərazilərdə özünəməxsus relyef əmələ gəlir. Axar suların hər yerdə adi eroziya fəaliyyəti burada onların həlledici təsirilə birləşir. Həll olunmuş süxurların aparılması nəticəsində relyefdə boşluqlar yaranır. Relyeflə birlikdə məhəllin hidroloji rejimi də dəyişir. Belə relyef və onunla əlaqədar olan hidrocoğrafi şəbəkə karst relyefi və ya sadəcə karst adlanır. Bu ad Balkan yarımadasındakı məşhur Karst platosunun adındandır.

Əgər həll olunan süxur layları üzdə yatırsa, karst açıq karst, səthi karst və ya Aralıq dənizi karstı adlanır; müəyyən dərinlikdə olan və həll olunmayan qumdaşı-gil çöküntü qatı ilə örtülən karsta örtülü və ya Orta Avropa karstı deyilir. Örtülü karst açıq karsta nisbətən daha geniş yayılmışdır.[9]

Çatlarda sirkulyasiya edən su şaquli boşluq açır və o, qıf şəklində səthə çıxır. Açıq karstda səthi yuyulma qıfları adı haldır. Qalın əhəngdaşı laylarında onlar düzgün qıf, boşqab və qazana oxşar formada olur. Onların dibində dərin dəlik olur. Belə qıflar böyük deyil, az halda diametri 100 m-ə çatır. Uçqun qıflar böyük ölçüdə olur. Onlardan birini Balkan yarımadasının cənubunda Oxrid gölü tutur. Gölün uzunluğu 30, eni 15 km, dərinliyi 695 metrdir.

Karst hadisəsi gedən əhəngdaşları, dolomitlər və ya gips qatlarında karstın açıq və ya örtülü olmamasından asılı olmayaraq mağaralar əmələ gəlir. Karst mağaraları uzun qalereya şəklində olur, bəzi yerlərində genişlənərək böyük zallara çevrilir. Adətən, onların Yer səthinə kiçik bir çıxışı olur.

  1. "Wilson, W.E. & Moore, J.E. 2003. Glossary of Hydrology, American Geological Institute, Springer, 248pp". 2022-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-05.
  2. Докучаев, Василий Васильевич Овраги и их значение // Сочинения, т. 1. — М.-Л., 1949. (Первая публикация — 1876).
  3. Востряков А. В. Миоценовые пестроцветные отложения южной части Общего Сырта // Учёные записки Саратовского государственного университета. — 1959. — Т. 65, вып. Геология.
  4. Гладышев А.И. Путешествие по уснувшей реке // Природа. — 2002. — № 9. — С. 42–50
  5.  Azərbaycan Respublikasının Coğrafiyası. I cild. "Regional Coğrafiya". Bakı, 2015, səh.43. Əlizadə E. K., Tarixazər S. Ə.
  6. http://www.nrcs.usda.gov/wps/PA_NRCSConsumption/download?cid=nrcs142p2_053182&ext=pdf Arxivləşdirilib 2016-10-22 at the Wayback Machine . Glossary of Landform and Geologic Terms. National Cooperative Soil Survey. National Soil Survey Handbook—Part 629
  7. Оползни. Исследование и укрепление. М., 1981
  8. Максимович Г. А. Основы карстоведения: Том I. Вопросы морфологии карста, спелеологии и гидрогеологии карста Arxivləşdirilib 2023-07-20 at the Wayback Machine Пермское книжное издательство. 1963. 446
  9. Гвоздецкий Н. А. Карстовые ландшафты: Учебное пособие. — М.: Изд-во МГУ, 1988. — 112 с
  • L. P. Şubayev. Ümumi Yerşünaslıq. Bakı. "Maarif", 1986, 452 s. səh: 369–381

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]