Frensis Burney

Frensis Burney (Frances Burney) - 1752/1840-cı illərdə yaşamış məşhur İngilis yazıçı.

Frensis Burney
Frensis Funni Burney

Həyatı[redaktə | mənbəni redaktə et]

İngilis əbəbiyyatının ilk qadın roman yazıçılarından olan Frensis Funni Burney - 13 iyun, 1752-ci ildə, ingiltərənin King's Lynn şəhərində anadan olmuşdur. Atası, bəstəkar və musiqi tarixçisi Charles Burney (1726-1814), anası isə Esther Sleepdir (1725-1762). Kiçik yaşlarından öz cəhdləriylə oxuma-yazma öyrənmiş və ev kitabxanalarında mövcud olan müxtəlif romanlar, dini möizə kitabları, Şekspir, Plutarx vs ədəbiyyat dahilərinin əsərlərindən faydalanaraq biliyini artırmışdır. 10 yaşlarından etibarən adına "Məktublar" dediyi, müxtəlif düşüncə və təəssüratlarını qələmə aldığı yazılarını yazmağa başlamışdır. 1768-ci ildən başlayaraq jurnalda dərc olunan bu məktublar, yazıçının həyatı boyunca yazılmağa və yayımlanmağa davam etmişdir. Anasının ölümü, eyni zamanda atasının ikinci dəfə ailə həyatı qurduğu "Elizabeth Allen" adlı xanımla aralarında olan soyuq münasibət uşaqlığının xoş günlərinə kölgə salsa da, yazmaqdan və yaradmaqdan əl çəkməmişdir. Mr. Burney tərəfindən tərtib edilən musiqi məclisləri səbəbiylə, aralarında ingilis siyasətçi, yazıçı və filosof Edmund Börk, pyes yazıçısı və tiyatr aktyoru David Garrick, yazıçı və leksikoloq (bax: Leksika ) Samuel Johnsonun da olduğu, dövrün bir çox tanınmış şəxsləriylə yaxınlaşma və tanış olma fürsəti əldə etmişdir. İlk romanı olan Evelinanı 25 yaşı olarkən qələmə alan yazıçı, daha sonra, müxtəlif illər ərzində Cecilia, Camilla, Wanderer adlarıyla 3 roman, eyni zamanda bir neçə bioqrafiya kitabı və bir çox pyeslər qələmə almışdır. Həyatının bir qismində, kraliça Charlottenin sarayında, onun yaxın köməkçisi olaraq vəzifə icra etmişdir. 1793-cü ildə, 41 yaşında olarkən Fransız general Alekdandr D'arblay ilə ailə həyatı quran Frensis, 1794-cü ildə bir oğul sahibi olmuşdur. Daha öncə Napoleonun ordusunda xidmət edən Aleksandr, Fransız inqilabı zamanında, məşhur inqilabçı Maksimillian Robespyerin yüksəlişindən sonra ölkəsindən qaçaraq İngiltərəyə sığınmışdır. Onların tanışlıq və evlilikləri də məhz həmin vaxta təsadüf edir. Sonraki illərdə öz vəzifəsinə geri qayıdan ərinin arxasınca Fransaya yollanan Frensis, Fransa-İngiltərə müharibəsi səbəbiylə 10 il müddətində orada qalmağa məcbur olmuşdur. Atasının axırıncı illərində ingiltərəyə gedib-gələn yazıçı, daha sonra ərinin yaralanmasıyla, Fransadan bir dəfəlik dönüş edərək, ingiltərənin Bat şəhərinə yerləşmişdir. 1818-ci ildə ərini, 1837-ci ildə isə oğlunu itirən Frensis Burney, 6 yanvar, 1840-cı ildə, 87 yaşında vəfat etmişdir. Hər üçünün də nəəşi Warcat qəbiristanlığında yanaşı dəfn edilmişdir.

Yaradıcılığı[redaktə | mənbəni redaktə et]

Bütöv bir həyatını ədəbiyyata həsr edən Frensis Burneyin yaradıcılığı 4 roman, bir neçə bioqrafik əsər, jurnal yazıları və pyeslərdən ibarətdir. Yazıçı, ilk romanı olan Evelinanı 25 yaşında qələmə almışdır. Məşhur yazıçı Samuel Riçardsonun yazı tərzindən təsirlənərək qələmə alınan romanda, hadisələr obrazların məktubları üzərindən nəql edilir. Gənc bir qız olan Evelinanın cəmiyyətə atılması və şəxsiyyətinin formalaşmasının ələ alındığı roman, yazıçının atası və dostları tərəfindən bəyənilmədiyi üçün yayımlanmaması qərara alınır. Lakin Frensis, atasından gizli olaraq redaktor Thomas Lowndeslə görüşərək, kitabın, yazılışından bir il sonra, 1778-ci ildə nəşr edilməsinə nail olur. Yazıçının, kübar cəmiyyətə məxsus bir qadının həyatını ələ aldığı digər bir əsəri, 1782-ci ildə nəşr edilmiş "Cecilia" adlı romandır. Kitabın əsəs obrazı olan Cecilia Beverley, yüksək cəmiyyətdən olan bir qadının müvəffəqiyyətlə əks edilmiş bir prototipi olaraq qiymətləndirilmişdir. Frensisin nəaliyyətini daha da artıran bir əsəri isə, 1796-cı ildə işıq üzü görmüş "Camilla" adlı romandır. 18-ci əsrin ən populyar kitabları arasında yer alan romanda, bir qrup gəncin evlilik yolundaki müxtəlif qayğıları ələ alınır. Nəşr edildiyi gündən sevilən və yüksək satış əldə edilən əsər, müəllifə böyük gəlir qazandırmışdır. Belə ki, yazıçı, kitabdan əldə etdiyi qazançla özləri üçün yeni bir ev inşa etdirmişdir. Frensis Burneyin roman janrında qələmə aldığı son əsəri isə "Wanderer" adlanır. 1814-cü ildə nəşr edilən əsər, yazıçının üzərində aralıqlı çalışması səbəbiylə 14 il müddətində ərsəyə gəlmişdir. Daxilində qotik izlərin də görüldüyü romanda, kimliyini gizli tutmağa çalışan əsrarəngiz bir qadının həyatından bəhs olunur. Eyni zamanda, qadınların sosyal azadlıqları naminə ortaya qoyduqları cəhdlər və bu yolda qarşılaşdıqları sayısız çətinliklərə də toxunulur. Yaradıcılığında, məşhur filosof Mary Mollstonecraftdan təsirləndiyi bilinən yazıçı, özü dilə gətirməsə də, əsərlərində Feminizmə meyllilik hiss olunur. Onun, satirik (bax: satira ) tərzdə qələmə aldığı əsərləri, həm öz dövründə, həm də özündən sonraki zamanlarda sevilərək oxunmuş, eyni zamanda bir çoxları üçün də ilham qaynağı olmuşdur. Bunların arasında ən bilinəni Ceyn Ostindir. Yaradılan parlaq qadın obrazları, toxunulan evlilik mövzuları və kitabların xoşbəxt sonluqla bitməsi Ostin yaradıcılığının Frensisin əsərlərinə bənzər yanlarıdır. Romanlarıyla yanaşı, bioqrafik əsərlər də qələmə alan yazıçı, 1793-cü ildə, Fransız miqrant din xadimlərinin həyatlarından bəhs edən, həmçinin, 1832-ci ildə, 3 cild olaraq nəşr edilən "Charles Burneyin Xatirələri" vs. əsərlərin də müəllifidir. Frensis Burney yaradıcılığının ən böyük hissəsini də şübhəsiz onun məktubları təşkil edir. Əlinə qələm aldığı kiçik yaşlarından, vəfat etdiyi vaxtadək həyatının hər hissəsindən dillənən bu məktublar, bir növ müəllifin avtobioqrafiyası kimidir. Tamamilə öz cəhdi və bacarığı sayəsində oxuma-yazma öyrənən, daha sonra isə dövrün məşhur ədəbiyyatçıları sırasına yüksələn Frensis Funni Burney bu yoldaki hər kəs üçün bir bacarıq simvoludur.