Fuad Hacızadə

Fuad Mahmud oğlu Hacızadə (19 iyun 1952, Siyəzən) —Azərbaycanda aerokosmik tədqiqatlar sahəsində birinci elmlər doktoru, professor, Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü.[1]

Fuad Hacızadə
Doğum tarixi 19 iyun 1952(1952-06-19) (72 yaş)
Doğum yeri
Elm sahəsi aerokosmik tədqiqatlar
Elmi dərəcəsi texnika elmləri doktoru
İş yeri
Təhsili

Fuad Mahmud oğlu Hacızadə 19 iyun 1952-ci ildə Siyəzən şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1974-cü ildə Leninqrad Dövlət Universitetinin riyaziyyat-mexanika fakültəsini biitirmişdir. Həmin ildən Azərbaycan Milli Aerokosmik Agentliyində əmək fəaliyyətinə başlamış, burada adi mühəndislikdən baş direktorun birinci müavini vəzifəsinədək yüksəlmişdir. 1991–2007-ci illərdə agentliyin Ekologiya İnstitutunun direktoru olmuşdur. 2008–2009-cu illərdə Azərbaycan MEA Geologiya İnstitutunda baş elmi işçi, 2009–2011-ci illərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında rəis müavini vəzifələrində çalışmışdır.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

F. Hacızadə Azərbaycanda aerokosmik tədqiqatları sahəsinin yaradıcılarından hesab edilir. O 1983-cü ildə SSRİ Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunda "Yerin "Meteor-28" süni peykindən alınan infraqırmızı spektrlər əsasında atmosferin kiçik qaz komponentlərinin həcminin təyini" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır.

Fuad Hacızadə apardığı nadir aerokosmik tədqiqatların nəticələri ilə dəfələrlə Azərbaycanda və xaricdə bu mövzulara həsr edilən seminar, konfranssimpoziumlarda çıxış etmişdir.

O, 1994-cü ildə Bakıda keçirilən "Ekologiyanın müasir problemləri" adlı beynəlxalq konfransın təşkilatçılarından biri olmuşdur. 1998-ci ildə Avstriyanın Qrats şəhərində BMT tərəfindən "Yerin təbii ehtiyatlarının tədqiqi və müasir kosmik texnologiya" mövzusunda keçirilən beynəlxalq simpoziumda F. Hacızadənin Azərbaycanda ətraf mühitin aerokosmik üsullarla öyrənilməsi sahəsində aparılan işlər barədə məlumatı dinlənilmişdir. Alim 2000-ci ildə Rusiyanın Sankt-Peterburq şəhərində "Beynəlxalq radiasiya" simpoziumunda da geniş elmi məruzə ilə çıxış etmişdir.

Bir sıra xarici ölkələrdə, o cümlədən Almaniyada (1976-cı il), Türkiyədə (1993-cü il), Avstriyada, İranda (1997-ci il) qısamüddətli elmi ezamiyyətlərdə olmuşdur.

Ekoloq alimin Azərbaycanda və xaricdə 100-dən artıq elmi məqaləsi və əsəri çapdan çıxmışdır. 1997-ci ildə "Atmosferin ekoloji monitorinqi" adlı monoqrafiyası nəşr etdirmişdir. O, atmosferin ekoloji monitorinqi sahəsində apardığı tədqiqatları və aldığı elmi nəticələri yekunlaşdıraraq, 1998-ci ildə "Atmosferin ekoloji monitorinqi üçün cihazların və üsulların işlənməsi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetində və digər ali təhsil ocaqlarında ekologiyaya və yerin aerokosmik tədqiqatına dair silsilə mühazirələr oxumuşdur.

Professor F. Hacızadə Rusiyanın populyar dövri elmi nəşrlərindən biri olan, Sankt-Peterburqda çap edilən "Biosfera" beynəlxalq elmi-tətbiqi jurnalının redaksiya üzvüdür. O, həmçinin 1999-cu ildə Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü seçilmişdir.

Professor F. Hacızadə elmi kadrların yetişməsində fəal iştirak edir. İndiyədək onun rəhbərliyi ilə doqquz elmlər namizədi, bir elmlər doktoru öz araşdırmalarını uğurla yekunlaşdırmış, müvafiq elmi dərəcə almışlar.

İctimai-siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Fuad Hacızadə Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edir. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 1999–2007-ci illərdə YAP Binəqədi rayon təşkilatının sədri olmuş, YAP-ın I və II qurultaylarında partiyanın Siyasi Şurasının üzvü seçilmişdir.

  1. "Arxivlənmiş surət". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-08-24.