Göyçay Ensiklopediyası

"Göyçay Ensiklopediyası"Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) növbəti nəşri.[1]

Göyçay Ensiklopediyası
Janr Ensiklopediya
Mövzu Göyçay rayonu
Orijinalın dili Azərbaycanca
Ölkə Azərbaycan
Orijinalın nəşr ili 2023
Səhifə 694
ISBN 978-9952-39-034-6
Elektron versiya

Azərbaycanın 3-cü prezidenti Heydər Əliyevin 100 illiyinə ithaf olunan kitabın ideya müəllifi və naşiri AVCİYA prezidenti Elxan Süleymanovdur. Kitab daha əvvəllər oxuculara təqdim olunmuş "Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi – Göyçay döyüşləri", "Göyçay döyüşləri Türkiyə tarixşünaslığında" və "Göyçay tarixi"[2][3] kitablarının daha geniş və təfərrüatlı şəkildə davamı kimi hazırlanıb.[4]

2024-cü ildə AVCİYA "Göyçay Ensiklopediyası"nın davamı olaraq, Azərbaycan şairi, dramaturq, Əməkdar incəsənət xadimi İsgəndər Coşqunun əsərlərinin külliyyatından ibarət yeni "Nəğmə dolu ürək" kitabını təqdim edib.[5]

Ensiklopediyada bölgənin tarixi, ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatı, inzibati-ərazi vahidləri, fiziki-coğrafi obyektləri, geoloji quruluşu, yeraltı və yerüstü təbii sərvətləri haqqında məqalələr, müvafiq xəritələr yer alıb. Yerli ədəbi-mədəni mühit, folklor və mərasimlər, maddi mədəniyyət, toponimlər haqqında tanınmış tədqiqatçıların yazdıqları oçerklərlə tanış olmaq olar. Kitaba, ilk növbədə, və daha çox Göyçayın adını xan çinarın ucalığına qaldırmış görkəmli şəxsiyyətlər haqqında məqalələr daxil edilib. Bunların hamısı 951 məqalədə, 11 irihəcmli oçerkdə birləşib.[6]

Ensiklopediyanın elmi-redaksiya şurasının rəhbəri Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, nəşrin baş redaktoru filologiya elmləri doktoru, professor Asif Hacılıdır. Cildin tərtibatında Səttar Bəhlulzadənin "Göyçay" (1972) rəsmindən istifadə edilib ki, bu da Azərbaycanda narın vətəni sayılan bir rayonun simvolu kimi uyğunlaşdırılıb.

Ensiklopediyanın http://goychay-encyclopedia.az/ ünvanında fəaliyyət göstərən elektron versiyası "1905.az STUDİO"da hazırlanıb. Yaradıcı heyətə "1905.az" portalının direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist Fuad Babayev rəhbərlik edir.[7]

2023-ün sentyabrında Göyçayda "Heydər Əliyev Mərkəzi"ndə ensiklopediyanın təqdimat mərasimi keçirilib. Mərasimdə çıxış edən Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev nəfis tərtibatda ərsəyə gətirilmiş geniş məlumat toplusunun buraxılmasını təqdirəlayiq hal kimi dəyərləndirdi və yaradıcı heyətə razılığını bildirdi. Sonra AVCİYA prezidenti Elxan Süleymanov qeyd etdi ki, bu, 2015-ci ildə buraxılmış "Şamaxı Ensiklopediyası"ndan sonra eyni silsilədən hazırlanan 2-ci nəşrdir. Anar Rzayev ensiklopediyanın elmi-redaksiya şurasının sədri olmasından qürur duyduğunu söyləyib. Təqdimatda Milli Məclisin deputatı Zahid Oruc, "Yeni Müsavat" qəzetinin məsul redaktoru Elşad Məmmədli, "Göyçay" rayon qəzetinin redaktoru Adil Məmmədov və başqaları çıxış edib.[8]

  1. ""Göyçay ensiklopediyası" adlı kitabın təqdimatı olub". Azərtac. 2023-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-11.
  2. "Göyçayda "Göyçay tarixi" kitabının təqdimatı keçirilib". Azərtac.
  3. ""Göyçay tarixi" adlı kitabın təqdimat mərasimi keçirildi". goychay-ih.gov.az (az.). İstifadə tarixi: 2024-06-11.
  4. ""Göyçay ensiklopediyası" işıq üzü gördü". Teleqraf.com (az.). 2023-09-27. İstifadə tarixi: 2024-06-11.
  5. Həsənov, İlqar. ""Nəğmə dolu ürək" Göyçayda". Xalqqazeti.az (az.). İstifadə tarixi: 2024-06-11.
  6. Ramiz Sevdimalıyev. "AVCİYA-dan Göyçay sakinlərinə dəyərli hədiyyə". 2024-06-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-11.
  7. ""Göyçay ensiklopediyası" hazırlanır". Azərtac.
  8. ""Göyçay Ensiklopediyası" adlı kitabın təqdimatı keçirildi". goychay-ih.gov.az (az.). İstifadə tarixi: 2024-06-11.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]