Gülarə Munis

Gülarə Munis (Kərimova Gülarə Musa qızı) — yazıçı-publisist, şairə, Azərbaycan Jurnalistlər BirliyininAzərbaycan Yazıçılar Birliyinin üzvü. Şərqdə Azərbaycan türkcəsində iki "Divan" kitabı yazan ilk qadın şairdir. Gülarə Munisin birinci "Divan" kitabı 2007-ci ildə, "İkinci Divan" kitabı isə 2023-cü ildə nəşr olunub.

Gülarə Munis
Doğum adı Kərimova Gülarə Musa qızı
Doğum tarixi (70 yaş)
Doğum yeri Bakı, Azərbaycan
Fəaliyyəti yazıçı-publisist, şairə
Üzvlüyü Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Jurnalistlər Birliyi
Mükafatları "Əmək veteranı" medalı

Həyat və yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Kərimova Gülarə Musa qızı (Gülarə Munis) 30 dekabr 1953-cü ildə Bakı şəhərində anadan olub. Xəzər rayonu 206 №-li məktəbin fəxri məzunudur. Şeirləri və publisist yazıları 1988-ci ildən dövri mətbuatda dərc olunur. 30 kitab müəllifidir.[1]

Azərbaycan Respublikası Təhsil Nazirliyinin qərarı ilə yazıları 2-ci, 5-ci, 8-ci, 9-cu, 10-cu və 11-ci sinif dərsliklərinə daxil edilib. Nağılları "Çaşıoğlu" nəşriyatının 2-ci, 3-cü və 4-cü siniflər üçün hazırladığı "Bütün fənlər" adlı dərsliklərə daxil edilib.[1]

Şəhidlər haqqında "At, o qara örpəyi" və Milli Qəhrəman Sahil Məmmədov haqqında çəkilən "Vətənin Sahili" qısametrajlı filmlərin ssenari müəllifidir. Əhli-beyt qəzəllərinə mahnılar bəstələnib.[1]

Gülarə Munisin əsərlərinə Türkiyədə də müraciət edilir və türkiyəli ədəbiyyatşünaslar tərəfindən şərh edilir. Türkiyədə nəşr olunan "Avrasiya Şairleri Antolojisi" adlı kitabda onun 10 qəzəli nəşr olunub və ölkənin "Ədəbiyyat" qəzetində "Cıdır düzü" hekayəsi dərc edilib.[2]

Respublika Qadınlar Cəmiyyətinin fəxri üzvü, "Yazıçı qadınlar" İctimai Birliyinin idarə həyətinin üzvüdür. M. Ş. Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasının fəxri oxucusudur və kitabxananın "Yaradıcı oxucularımız", "Kitabxanaya kitab hədiyyə edirik", "Şəhidlər ölməz, Vətən bölünməz" layihələrində fəal iştirak edir.[3]

Gülarə Munis çoxsaylı şeirlərin, qəzəllərin, qəsidələrin, nağıl, hekayə, oçerk, esse, mənsur şeirlərin, povestlərin müəllifidir. Onun əlyazmaları Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivində saxlanılır.[4]

Əmək veteranıdır. Bir çox idarə və təşkilatlar tərəfindən diplom və fəxri fərmanlarla təltif olunub. 1974-cü ildə Azərbaycan komsomolunun XXX qurultayının nümayəndəsi seçilib. İranın Urmiya şeir festivalının diplomantıdır (2010).[4]

İki övladı, dörd nəvəsi var.

Seçilmiş əsərləri

[redaktə | mənbəni redaktə et]
  • "Bənövşə yağışı"(mənsur şeirlər). Bakı, "Nurlar" nəşriyyatı, 2006, 160s.
  • "Divan". Külliyat (qəzəllər, qəsidələr, minacatlar, nətlər, heca şeirləri və s. 26 janrda ədəbi nümunələr). Bakı, "MBM" nəşriyyatı, 2007, 408s.
  • "Göydən alma düşmədi" (nağıllar). Bakı, "MBM" nəşriyyatı, 2008,128s.
  • "Söylə mənə, ay nənə!" (uşaq şeirləri və tapmacalar). Bakı, "MBM" nəşriyyatı, 2008, 72s.
  • "İtkin" (İkinci dünya müharibəsi mövzusunda sənədli hekayələr). Bakı, "MBM" MMC nəşriyyatı, 2010, 144s.
  • "Təsəlli ver mənə…" (mənsur şeirlər). Bakı, "Nurlan" nəşriyyatı, 2009, 154s.
  • "Fərman Allahdan gəlib" (İlahi qəzəllər). Bakı, "MBM" nəşriyyatı, 2011, 96s.
  • "Müdriklərdən eşitdiklərim" (hikmətli hekayətlər). Bakı, "MBM" nəşriyyatı, 2012, 128s.
  • "Son dayanacaq" (Qarabağ müharibəsi Milli Qəhrəmanları, şəhidləri və qaziləri haqqında sənədli hekayələr, miniatürlər). Bakı, "MBM" nəşriyyatı, 2013, 156s.
  • "Sahilin arzuları, arzuların sahili" (Milli Qəhrəman Sahil Məmmədovun həyat və döyüş yolu haqqında sənədli xatirə kitabı). Bakı, ""MBM" nəşriyyatı, 2015, 216s.
  • "Munisin deyimləri" (Munisin aforizmləri, fikirləri, tövsiyələri). Bakı, "MBM" nəşriyyatı, 2015, 120s.
  • "Yaddaşlarda yaşayanlar" (xatirə kitabı). Bakı, "Ecoprint" nəşriyyatı, 2019, 124s.
  • "Milyonları olmayan xeyriyyəçi" (sənədli xatirə kitabı). Bakı, "Ecoprint" nəşriyyatı, 2019, 456s.
  • "Emin, sən ölməmisən!" (şəhid haqqında). Bakı, "Ecoprint" nəşriyyatı, 2019, 128s.
  • "Axtar dənizdə məni…" (novella, elegiya, esselər). Bakı, "Füyuzat nəşriyyatı, 160s.
  • "Nura qərq olan ömür" (xatirə kitabı). Bakı, "Füyuzat" nəşriyyatı, 200s.
  • "İkinci Divan" (külliyat). Bakı, "Füyuzat" nəşriyyatı, 424s.

Təltifləri və əsas mükafatları

[redaktə | mənbəni redaktə et]
  • "Əmək veteranı" medalı
  • "Dədə Qorqud" və "Azərbaycan Dünyası" İB-nın "Mehriban Ana" medalı (2019)
  • Azərbaycan Həmkarlar İttifaqının Fəxri fərmanı (1971) "Zərbəçi-komsomolçu" döş nişanı (1972)
  • Ehtiyatda olan general-mayor Akim Abbasovun Fəxri fərmanı (1987)
  • Azərbaycan Respublikası Təhsil Nazirliyi 206 №-li məktəbin "Fəxri Məzun" diplomu
  • "Ağamusa Nağıyev" Diplomu (2010)
  • Beşinci Beynəlxalq Azəricə Rəzəvi şeir Festivalının diplomu. Urmiya şəhəri (2010)
  • "Məhsəti" şairlər məclisi İB-nin "Məhsəti Gəncəvi adına Fəxri Diplom" (2010) və "Ana yurd" Fəxri Diplomu (2013)
  • "Kitab evi" İB-nin "Vətən naminə" Diplomları (2010, 2013)
  • Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin Fəxri fərmanı (2014)
  • Türkiyə Yazarlar Birliyinin Fəxri fərmanı (2015)
  • "BMT yanında Ümumdunya Sülh Federasiyasının üzvü, Sülh Səfiri" diplomu (2015)
  • "RQC Fəxri üzvü" diplomu (2016)
  • Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin fəxri fərmanı (2023)
  • Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Fəxri fərmanı (2023)
  1. 1 2 3 Teymur Əhmədov. XX əsr Azərbaycan yazıçıları. Bakı: «Nurlar» Nəşriyyat-Poliqrafiya Mərkəzi. 2004. ISBN 9952-403-38-0.
  2. "İkinci Divan – Gülarə Munis". "Respublika" qəzeti. 2023-10-27.
  3. "Şair Gülarə Munis "İkinci Divan" kitabını kitabxanaya hədiyyə etdi". azpress.az. İstifadə tarixi: 2023-12-18.[ölü keçid]
  4. 1 2 "Gülarə Munis". AQRA. 2013-05-29. 2023-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-18.