Günlük

Gündəlik və ya günlük — bir şəxsin və ya kollektivin həyatında baş verən hadisələri günbəgün əks etdirən yazı kitabçası, xatirə dəftəri. Xatirə ədəbiyyatından fərqli olaraq, gündəlikdə dəqiq tarix göstərilir. İlk dəfə XVII əsrdə İngiltərədə geniş yayılmışdır.

Gündəliklər tarixi, tarixi-bioqrafik və ya tarixi-mədəni, bədii sənəd kimi mühüm əhəmiyyətə malikdir (Ceyms Kukun elmi gündəliyi, Vilhelm Karloviç Küxelbekerin lisey gündəliyi, Valter Skott, Stendal, Taras Şevçenko, Lev Nikolayeviç Tolstoy və başqalarının gündəlikləri). Qəhrəmanın gündəliyi şəklində yazılmış bədii əsərlər də var. Belə əsərlərdə qəhrəmanın həyatı ilə bağlı ən mühüm hadisələr, onun daxili aləmi, düşüncələri, hiss və həyəcanları birnci şəxsin dilindən nəql edilir. Məsələn, İvan Turgenevin "Artıq adamın gündəliyi", Mixail Saltıkov-Şedrinin "Ucqardan gəlmiş adamın Peterburq gündəliyi", Mixail Yuryeviç Lermontovun "Zəmanəmizin qəhrəmanı" povestində "Peçorinin jurnalı", Rəşad Nuri Güntəkinin "Çalıquşu" romanında Fəridənin gündəliyi və s.[1]

Azərbaycan yazıçılarından Mehdi Hüseyn, Əziz Şərif və başqalarının gündəlikləri çap olunmuşdur. Keçən əsrdə bir çox siyasi və sosial sarsıntılara məruz qalan xalqların ədəbiyyat tarixlərinin tam mənzərəsinin yaradılmasında gündəliklərin rolu böyükdür. Bu səbəbdən də, bu gün ictimaiyyətə təqdim edilən yazıçı gündəlikləri çox əhəmiyyətlidir. Gündəliklərə müraciət, əsasən, tarixin mürəkkəb, keşməkeşli dövrlərində daha intensiv xarakter alır. Müstəqillikdən sonra 90-cı illərdən başlayaraq bir çox gündəliklər işıq üzü gördü ki, bunlara ictimai-siyasi məzmunlu gündəliklər, hərbi gündəliklər, yazıçı gündəlikləri aiddir. Onların arasında yazıçı gündəlikləri xüsusi yer tutur. Yusif Vəzir Çəmənzəminlinin, Süleyman Rəhimovun, Bəxtiyar Vahabzadənin, Kələntər Kələntərlinin gündəliklərindən parçalar, Xəlil Rzanın gündəlikləri əsasında çap olunmuş elmi-tarixi memuarları bu qəbildəndir[1].

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Hər bir dövrün gündəliklərinin öz spesifik xüsusiyyətləri var.Sovet dövründə ədəbi prosesə hakim olmuş dövlət nəzarəti, qatı senzura rejimi gündəlik janrına müraciəti artırmışdı. Gündəliyə müraciət daha çox daim narahat, düşünən, axtaran yazıçı dünyasının özəlliyindən irəli gələn bir tələbat kimi də özünü büruzə verirdi. Bu baxımdan o dövrdə yaranmış gündəliklərin ayrıca bir mərhələ şəklində öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir[1].

Uzun zaman çap üçün nəzərdə tutulmayan gündəliklər yazıçı üçün öz daxili aləmini "canlandırmaq, özünü narahat edən suallardan "yaxa qurtarmaq ücün" yeganə vasitə idi. Gündəliklər, əsasən, çap üçün nəzərdə tutulmur. Lakin məlum olduğu kimi, heç də bütün gündəliklər "sandıq ədəbiyyatına" aid edilə bilməz. Avtokommunikativlik bu yazıların əsas xüsusiyyətlərindəndir. Bir çox müəlliflərin gündəlikləri ölümündən sonra çap olunur. Bəzi müəlliflər isə, özləri öz gündəliklərini çapa təqdim edirlər. Sovet dövründə də bir çox gündəliklər çap olunurdu. Məsələn, İsmayıl Şıxlının "Cəbhə gündəlikləri", Boris PolevoyKonstantin Simonovun hərbi gündəlikləri ilə yanaşı Korney Çukovskinin, Mixail Prişvinin və başqalarının şəxsi gündəlikləri. Lakin bu əsərlərin çap versiyası əsl variantdan çox fərqlənirdi. Oxucuya dövrün senzurasından keçə biləcək "rəndələnmiş, hamarlanmış" gündəliklər təqdim olunur, zamanın tələbləri ön plana çəkilirdi. Bu səbəbdən də bu gün ilk dəfə nəşr olunan əsərlərlə yanaşı, əvvəllər çap olunmuş nəşrlərə daxil olmayan hissələrə xüsusi diqqət verilir, həmin əsərlərin məruz qaldığı təqib və təsirlərdən bəhs olunur. Bu baxımdan birbaşa oxucuya, müasirlərinə deyil, gələcək nəsillərə ünvanlanmış gündəliklər də mövcuddur[1].

Sovet dövrü ərzində yazılan gündəlikləri məhz bu növə aid etmək olar. Stalin dövründən bəhs edən, Sovet gerçəkliklərini əks etdirən gündəliklər sadəcə qeydlərdən ibarət deyil, onlar dövrlərini olduğu kimi gələcək nəsillərə çatdırmağa hesablanmış "salnamələrdir". Bu əsərlərdə müəlliflərin şəxsi həyatı, gündəlik problemləri, yaxınları haqqında məlumatlara çox az-az rast gəlirik. Əsas mövzu zaman, sistem və yaradıcı insan qarşıdurmasıdır, yaradıcı insanın gizli yaşantılarının təsviridir. Gündəliklərin, gün sözü ilə əlaqələndirilərək, gündəlik qeydlərindən ibarət bir yazı kimi qiymətləndirilməsinə baxmayaraq, çap üçün nəzərdə tutulmuş gündəliklərdə müəllif qeydləri seçimə məruz qalır, maraq doğuran hadisələrin deyil, bütöv bir dövrün, nəslin həyatındakı mühüm, tipik hadisələrin təsvirinə üstünlük verilir. Burada faktlar kortəbii olaraq qeyd olunmur, əksinə, çox ciddi şəkildə seçilir, gələcək oxucularına dövrün mənzərəsini dolğunluğu ilə təqdim edəcək, zamanın çətinliklərini, dəhşətlərini tam olaraq təsvir etməyə imkan verəcək məqamlar yer alır. Bu yazılarda müəlliflər gündəlik qorxunu, narahatlığı nizamlayaraq, həyatdakı xaosdan azad olmağa çalışır, gündəlik qeydlər əvəzinə düşüncələri, mülahizələri ilə bölüşürlər. Avtobioqrafik əsərlərdə olduğu kimi, burada da müəllif özündən, öz ətrafından bəhs edir, həyatının başqa insanlara məlum olmayan məqamlarına toxunur, lakin gündəliklərdə əhatəli xronotop olmur. Bu baxımdan xatirə ədəbiyyatı ilə gündəlik arasında müəyyən fərqlər var. Məsələn, xatirələrdə bəhs olunan faktlardan müəllifi müəyyən zaman kəsiyinin ayırması; gündəliklərə sinxronluq, xatirələrdə retrospektivlik; hadisələrin süjet xətti üzrə inkişaf etməsi, gündəliklərin isə diskret qeydlərdən ibarət olması kimi xüsusiyyətlər özünü göstərir. Lakin müəllif mühakimələri, düşüncələri yer alan hər yazını da gündəlik adlandırmaq düzgün deyil.

Lidiya Ginzburq çox vacib bir fərqə diqqət yönəldir: "Gündəlik yazan kortəbii irəliləyir, o nə öz həyatı, nə də yaxınlarının taleyindən xəbərdar deyil. Burada təsadüfi və dəqiqləşməmiş hadisələr yer alan yüksələn dinamika hakimdir. Romana isə qanunauyğunluğa və qiymətləndirməyə xas retrospektiv dinamika xasdır". Əslində, yazıçıların gündəliklərə üz tutmalarına səbəb onların insana, həyata inamları, daha dəqiq desək, etibar etmələridir. Bu yazıçılar gələcək nəsillər qarşısında özlərinə bəraət qazanmağa, yaşananları olduğu kimi çatdırmağa çalışmışlar[1].

Xəlil Rza Ulutürk 32 ildən artıq müddət ərzində gündəlik yazmış, ictimai-siyasi və ədəbi-mədəni həyatın ən mürəkkəb və məsuliyyətli məqamlarını əks etdirmişdir. Bu yazılar tam şəkildə olmasa da qismən oxucuların ixtiyarına verilmiş, 1998-2007-ci illər ərzində bu gündəliklərin qeydləri əsasında müəllifin bir neçə elmi-tarixi memuarı çap olunmuşdur.

  1. 1 2 3 4 5 Həsənova L. Dövrün ədəbi salnamələri - yazıçı gündəlikləri. 525-ci qəzet. 17 sentyabr, 2015. səh. 8.

Azərbaycan Sovet Ensiklopediyası. VI cild. Bakı. 1982. səh. 121.