Gəzən ölülər (ing. The Walking Dead) — yazıçı Robert Kirkman və rəssam Toni Mur tərəfindən yaradılmış amerikan postapokaliptik komiks seriyası. Toni Mur ilk altı nəşr üçün rəssamlıq etmiş və ilk iyirmi dördün üz qabığını hazırlamışdır.[1] Bundan sonra Çarli Adlard adlı başqa bir sənətçi bu işi öz üzərinə götürüb və seriyanın qalan hissəsinin rəsmlərini çəkmişdir.[2][3] Komiks 2003-cü ildən başlayaraq Image Comics tərəfindən nəşr edilib və 193 seriya davam etmişdir. Robert Kirkman 2019-cu ildə gözlənilmədən komiksi sonlandırmaq qərarına gəlmişdir. Komiks əsasən ağ-qara rəngdə nəşr edilmişdir, yalnız bir neçə xüsusi nüsxəsi rənglidir. 2020-ci ilin oktyabr ayından etibarən nəşriyyat şirkəti nəşrlərinin rəngli versiyalarını buraxmağa başlayıb. Komikslərin rənglənməsi işi Deyv Makkeyqə həvalə edilmişdir.[4][5]
Gəzən ölülər | |
---|---|
ing. The Walking Dead | |
Nəşriyyat | Image Comics |
Yayın tarixi | oktyabr 2003 – iyul 2019 |
Janr | Postapokaliptik |
Yazıçı(lar) | Robert Kirkman |
Rəssam(lar) |
Toni Mur (#1–6) Çarli Adlard (#7–193) |
Vikianbarda əlaqəli mediafayllar |
Komiks Kentukkidə polis əməkdaşı işləyən Rik Qrayms haqqındadır. Bir gün Rik öz vəzifəsini yerinə yetirərkən güllələnir və aldığı ağır yaralara görə komaya düşür. Rik komadan oyananda özünü zombilərin alt-üst etdiyi dünyanın ortasında tapır. Hekayənin davamında Rik, bir qrup sağ qalanlara qoşulur və o, bu cəmiyyətin liderliyini öz üzərinə götürür. "The Walking Dead" 2007 və 2010-cu ildə San Diego Comic-Con-da "Aysner" mükafatına layiq görülmüşdür. Komiks əsasında çəkilmiş "Gəzən ölülər" teleserialı 2010-2022-ci illərdə AMC telekanalında yayımlanmışdır. Orijinal televiziya seriyasına əlavə olaraq, "The Walking Dead" franşizası müxtəlif media formalarını yaradaraq öz kainatını genişlətmişdir. Franşizaya daxildir digər seriallar: "Fear the Walking Dead", "The Walking Dead: World Beyond", "Tales of the Walking Dead", "The Walking Dead: Dead City", "Daryl Dixon" və "The Walking Dead: The Ones Who Love". Bununla yanaşı Telltale studiyası komiks əsasında "The Walking Dead" videooyunun seriyasını hazırlamışdır. Franşiza həmçinin bununla kifayətlənməyərək "The Walking Dead: Rise of the Governor" romanını nəşr etdirmişdir.
Komiksin yaradıcısı olan Robert Kirkman "Living Dead" və "Zombi 2" kimi zombi filmlərini və "Resident Evil" oyunlarını çox sevirdi.[6] Kirman və Mur əvvəlcə kinorejissor Corc Romeronun "Yaşayan ölülərin gecəsi" filminin spin-offu olan və 1960-cı illərdə keçən bir komiks hazırlamaq istəyirdilər.[7] Bunun yaxşı fikir olmadığını düşünən Image Comics-in qurucularından biri olan Cim Valentino onlara maraqlı bir tövsiyə verdi. Cim təklif etdi ki, onlar başdan sona qədər öz hekayələrini yaratsalar daha yaxşı olardı, bu sayədə sahiblik və nəzarət onların əlində olacaqdı və film şirkəti onlara müdaxilə edə bilməyəcəkdi. Beləliklə Kirkman öz orijinal hekayəsini yaratmağın daha doğru olacağını düşündü.
Kirkmanın hazırladığı komiks həmişəki klassik zombi sağ qalma hekayələrinə bənzədiyi üçün dəfələrcə nəşriyyat tərəfindən rədd edildi. O, sonda Image Comics rəhbərliyinə yalan danışmalı oldu. Kirkman onlara komiksdəki zombilərin yadplanetlilərin işğalı nəticəsində ortaya çıxdığını inandırdı. Nəhayət onun uydurduğu yalan işə yarayır və komiks nəşriyyat tərəfindən çap olunur.[8]
"Gəzən ölülər" komiksi 2003-cü ildə Toni Murun müəllifi olduğu təsvirlərlə ilk debütünü etdi. 5-ci nəşrdən başlayaraq Kliff Retborn kölgələmə rəssamı vəzifəsini icra etdi. Çarli Adlard Kirkman tərəfindən dəvət edildikdən sonra 7-ci buraxılışın yeni rəssamı kimi onlara qatıldı. Toni Mur ilk 24 nəşrin üz qabığını dizayn etsə də, seriyanın qalan hissəsini Adlard öz üzərinə götürdü. Komiksin hər buraxılışının sonunda tez-tez "Letter Hacks" adlı bölmə yer alırdı. Bu bölmədə Kirkman nəşrləri müzakirə edir və oxucular tərəfindən göndərilən məktublara, mesajlara və e-poçtlara cavab verirdi.[9] O, tez-tez bu bölməni redaktoru Sean Mackiewicz ilə birlikdə yazırdı.
2010-cu ilin oktyabrında "Gəzən ölülər" teleserialının premyerası baş tutdu və onun uğurunu qeyd etmək üçün Image Comics "The Walking Dead Weekly" nəşrini elan etdi. 5 yanvar 2011-ci il tarixindən başlayaraq seriyanın ilk 52 nəşri bir il müddətində həftədə bir dəfə təkrar nəşr olundu.[10]
2018-ci ilin may ayında komiks seriyasının sahibi olan Image Comics və Skybound Entertainment şirkətləri "The Walking Dead Günü"nü elan etdi. 13 oktyabr 2018-ci ildə pərəstişkarlar üçün əlamətdar tədbir keçirildi.[11] Həmin gün "Walking Dead #1 15th Anniversary Variant Edition" adlı xüsusi komiksin buraxılışı baş tutdu. Bu komiksin üz qabığını rəssam Çarli Adlard hazırlamışdı.
Kirkman 2019-cu ilin iyul ayında komiks seriyasının 193-cü buraxılışının son olacağını bildirdi.[12] Bu qərar gözlənilmədən baş verdi. O, komiksi öz istəyi ilə bitirməyi seçdiyini açıqladı. Kirkman komiksin 193-cü sayına daxil edilən məktubda seriyanı bitirmə səbəblərindən biri olaraq davam etmək üçün materialın olmadığını göstərdi.[13]
Kentukki ştatının Sintiana şəhərində polis məmuru çalışan Rik Qrayms cinayətkarla atışma zamanı yaralanır və komaya düşür. Rik oyananda dünyanın ölülər tərəfindən ələ keçirildiyini öyrənir. O sonralar sağ qalanların yaşadığı kiçik düşərgəyə yollanır və burada arvadı Lorini, oğlu Karlı və iş yoldaşı polis Şeyni tapır. Onların düşərgəsi anidən zombilərin hücumuna məruz qalanda Şeyn, Loriyə aşiq olduğu üçün qısqanclıqdan Riki öldürməyə cəhd edir, bu vaxt Karl atasını qorumaq üçün Şeyni güllələyir.[14]
Though Shane is killed by young Carl in the comics...