Bu məqalə böyük ölçüdə və ya tamamilə tək mənbəyə əsaslanır. |
Gizli imza — müəllifin bilərəkdən gizlədilməsi. XX əsrin əvvəllərində Azərbaycan mətbuatında xüsusilə geniş istifadə olunmuşdur. Açıq imza ilə çıxış etməyin çətin olduğu bu dövrdə ciddi, ictimai xarakterli yazıları gizli imza ilə dərc etdirmək daha münasib idi. Gizli imza ilə verilən əsərlərdə və müxbir məktublarında çarizm, hökumət məmurları, yerli hakimlər, mürtəce ruhanilər gülüş və satira hədəfinə çevrilirdi. Əsasən, satirik jurnallarda gizli imzalardan geniş istifadə olunmuşdur. Məsələn, 1906-cı ildə nəşrə başlayan "Molla Nəsrəddin" jurnalının ilk nömrəsində redaktorun adından başqa heç bir açıq imza yox idi. Beləliklə də, "Molla" örtülü imza ilə mətbuatda çıxış etməyi "qanuni" bir şəkilə saldı. Doğrudur, bu, daimi deyil, müvəqqəti bir çıxış yolu idi. Çünki bir müəllifin üç-dörd yazısı dərc edildikdən sonra dil, ifadə və üslub xüsusiyyətləri ilə yazı sahibinin kim olduğu müəyyən edilir, həmin şəxs təqiblərə məruz qalırdı. Buna görə də "Molla Nəsrəddin" jurnalında və başqa satirik orqanlarda gizli imza ilə iştirak edən müəlliflər tez-tez imzalarını dəyişməli olurdular[1].
Bu və ya digər imzanın bir şəxsə aid olduğunu söyləmək üçün imza sahibinin ədəbi fəaliyyətini ardıcıl şəkildə tədqiq etmək və onu izləmək lazım gəlir. Misal üçün, Üzeyir Hacıbəyov uzun müddət mətbuatda çalışmış və müxtəlif imzalardan istifadə edib. O, müxtəlif zamanlarda, ayrı-ayrı qəzet və jurnallarda "Kəs", "Filankəs", "Behmankəs", "Mizrab", "Musiqiçi", "Hamamçı", "Çı" və digər imzaları işlədib. Ü. Hacıbəyov "Həyat", "İrşad", "Tərəqqi", "Həqiqət", "İqbal", "Sovqat", "Yeni İqbal", "Azərbaycan", "Məktəb", "Kommunist" kimi qəzet və jurnallarda çalışdığı zaman yazıların altında bu imzaları qoyub, həmin mətbuat orqanlarından getdikdə isə, necə deyərlər, imzalarını da özü ilə aparmışdı. Hacıbəyovun gizli imza seçməkdə özünəməxsus üsulu vardı. O, gizli imzalar üçün eyni məna verən müxtəlif sözlər – sinonimlər seçirdi. Məsələn: "Filankəs", "Kəs", "Behmankəs", "Bikəs", "Bir nəfər", "Bir şəxs", "Bir müəllim", "Bir adam", "Bir", "İki", "Üç", "Dörd", "Beş". O, məqalə və felyetonlarına başlıq seçməkdə də eyni üsuldan istifadə edib. Məsələn, "Ordan-burdan", "Oyan-buyan", "Oyandan-buyandan", "Dərədən-təpədən" və s. O, müxtəlif zamanlarda, ayrı-ayrı qəzet və jurnallarda "Kəs", "Filankəs", "Behmankəs", "Mizrab", "Musiqiçi", "Hamamçı", "Çı" və digər imzalarla da yazılar çap etdirirdi[1].
Əksər hallarda isə müxtəlif səciyyəvi adlara (Mozalan, Dabanı çatlaq xala, Lağlağı və s.) müraciət edilirdi. Məsələn, Əliqulu Qəmküsar "Cüvəllağı bəy", Əli Nəzmi "Kefsiz bəy", "Məşədi Sijimqulu" imzaları ilə yazılar dərc etdirmişlər[1].
Hətta bəzən gizli imzalardan o qədər geniş istifadə olunurdu ki, müəlliflər özləri də yazılarını hansı imza ilə dərc etdirdiklərini unudurdular. Məsələn, Cəlil Məmmədquluzadənin özü "Molla Nəsrəddin"də də işlətdiyi gizli imzaların bir çoxunu unutduğu üçün 1927-ci ildə Tiflisdə – jurnalın ilk mürəttiblərindən İsmayıl Haqqı Həsənzadəyə məktub yazıb gizli imzalarını ondan soruşmuşdu. Mirzə Cəlilin həmin məktubuna Həsənzadə belə cavab vermişdi:
Mən bunu iqrar edirəm ki, məcmuənin Tiflisdə çıxan birinci nömrəsindən ta axıradək "Molla Nəsrəddin", "Lağlağı", "Hərdəmxəyal", "Dəli", "Cırcırama" və "Dəmdəməki" imzaları ilə yazılan cəmi məqalələr sən Cəlil Məmmədquluzadənin öz əli ilə yazılmış məqalələrdir |
Əlbəttə, İsmayıl Haqqının göstərdiyi imzalardan Mirzə Cəlil istifadə edib. Lakin həmin imzalarla yalnız Mirzə Cəlil deyil, başqaları da yazılar dərc etdirmişlər. Məsələn, "Lağlağı" imzasından Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Məşədi Qurbanəli Şərifov, Əbdürrəhim bəy Haqverdiyev, Rzaqulu Nəcəfov istifadə etdiyi kimi, "Mozalan" imzası ilə də Mirzə Cəlil, Əbdürrəhim bəy Haqverdiyev, Məşədi Qurbanəli və Salman Mümtaz yazılar dərc etdirmişlər.
Gizli imzanın dəqiqləşdirilməsi, onların müəllifinin müəyyən edilməsi (xüsusən ərəb əlifbası ilə yazmış müəlliflərin) çox əhəmiyyətlidir. Gizli imzalardan 20–30-cu illərdə də geniş istifadə olunmuşdur. Hazırkı dövrdə də gizli imzaya müraciət edən müəlliflər var.
Mirəhmədov Ə. Ədəbiyyatşünaslıq. Ensiklopedik lüğət. Bakı. 1998.