Əli Nəzmi

Məmmədzadə Əli Məhəmməd oğlu (Əli Nəzmi; 1878, Sarov, Yelizavetpol qəzası1 yanvar 1946, Bakı) – şair, ədəbiyyatşünas, tərcüməçi, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Əli Nəzmi
Əli Məhəmməd oğlu Məmmədzadə
Doğum tarixi 1878
Doğum yeri
Vəfat tarixi 1 yanvar 1946(1946-01-01)
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti şair, tərcüməçi
Vikimənbənin loqosu Əli Nəzmi Vikimənbədə

Əli Nəzmi 1878-ci ildə Yelizavetpol (Gəncə şəhəri) yaxınlığındakı Sarov (Goranboy) kəndində yoxsul ailədə doğulmuşdur. İbtidai təhsilini mollaxanada almışdır. Sonra rus-tatar məktəbində oxumuşdur. Atasının vəfatından sonra güzəranı ağır keçdiyindən doğma yurdu tərk edib Orta Asiyanın BuxaraSəmərqənd şəhəriərində iki il tacir dükanında şagird olmuşdur. Mütaliə yolu ilə təhsilini artırmış, klassik Şərq ədəbiyyatını dərindən öyrənmişdir. "Bikəs" təxəllüsü ilə şeirlər də yazmışdır.

Ədəbi fəaliyyətə 1904-cü ildə "Şərqi-Rus" qəzetində dərc etdirdiyi "Kənddə ibtida" adlı ilk şeri ilə başlamışdır. 1905-1907-ci illərin inqilabi hərəkatı onun yaradıcılığında dönüş yaratmışdır. Satirik şeirlərini "Məşədi Sijimqulu", "Kefsiz" və s. gizli imzalarla çap etdirmişdir. "Molla Nəsrəddin" ədəbi məktəbinin görkəmli nümayəndəsi kimi tanınmışdır. Felyeton və satirik şerləri satirik-yumoristik jurnallarda, xüsusən "Molla Nəsrəddin" jurnalında müntəzəm çap olunmuşdur. "İstibdad", "Qorxuram", "Olacaqmı", "Sizə nə", "Ey fuqəra", "Od tutub odlandı vətən" və s. şeirlərində mütləqiyyətə, müstəmləkəçilik siyasətinə, dini fanatizmə və geriliyə qarşı azadlıq ideyalarını təbliğ edir. Doğma kəndində təqib olunduğuna görə ailəliklə Gəncəyə köçmüş, burada xırda ticarətlə məşğul olmuşdur. Eyni zamanda öz satirik şeirlərini gizli imzalarla (A.S.Əlidəyənəkli, "Həcamətverdi", "Sərsəri", "Qanacaqsız", "Şəmşir", "Şəmşirək", "Peşiman qoca", "Gəncə Cavanları", "Müt-şair", "Şallax", "Kav-mahi", "Qoca zığ-zığ", "Papiros-çəkən" və s.) çap etdirir. Azərbaycanda Sovet hakimiyyəti yarandığı ilk gündən yeni cəmiyyətin tərəfdarı kimi fəaliyyət göstərmişdir. O, Gəncə məktəblərində müəllimlik etmiş, sonra "Yeni Gəncə" qəzeti redaksiyasında çalışmış (1924-1926), Bakıya köçüb "Kəndli" qəzeti və "Molla Nəsrəddin" jurnalı redaksiyasında məsul katib olmuşdur (1926-1931). Sonra təqaüdə çıxmışdır, həm də "Yeni yol", "Kommunist" qəzeti redaksiyalarında müxtəlif vəzifələrdə işləmişdir. İkinci Dünya müharibəsi dövründə alman faşizminə qarşı kəskin satirik əsərlərlə çıxış etmişdir. Nizami, Firdovsi, Krılov kimi sənətkarlardan tərcümələr etmiş, eyni zamanda qiymətli ədəbi-tənqidi məqalələr yazmışdır. "Keçmiş günlər" (1944) adlı mənzum xatirəsi XX əsr Azərbaycan ədəbiyyatı və mətbuatını öyrənmək üçün maraqlıdır. 1946-cı il yanvarın 4-də Bakıda vəfat etmişdir.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Əli Nəzmi "Molla Nəsrəddin" jurnalında M.Ə.Sabir kimi, fəal iştirak edən şairlərdən olmuşdur. Cəlil Məmmədquluzadə şairin bu dövrdəki fəaliyyəti haqqında belə yazır: "O vaxt biz məcmuəmizin 12-ci nömrəsində "Quli-biyabani" sərlövhəli bir məqalə ilə varlılarımıza tənəli bir xitab dərc etdik. Ta ki ondan bir neçə vaxt sonra Sabirin "Təmeyi-nahar"ı bizim səsimizə səs vərdi. Burada Məşədi Sijimqulu kefsiz də meydana çıxdı və "pənah Allaha" – deyib, Sabirin "Tömeyi-nahar"ma cavab olaraq "Çayda çapan qardaşım, ağlama, ağları gör" mətləli şeirini göndərdi.

Məşədi Sijimqulunu ilk dəfə məcmuəmizdə nəzm ilə danışdıran, onun təbi şeirini büruzə vərən haman "Tömeyi-nahar" olubdur... Haman M.Sijimqulu ki, öz dediyinə görə "Molla Nəsrəddin"in bu vaxtadək bircə nömrəsini də başdan-ayağa oxumamış keçirməyibdir. Sabirin bundan da qiymətli qeyri əşarına mütəəssir olmayıb, – nə qədər ki, "Tömeyi-nahar"ına olub, ona bir neçə aydan sonra cavab vərməyi özünə borc bilibdir.

Nədir burada şairi mütəəssir edən? Əlbəttə ki, Mollanın mövzusudur".[1]

Əli Nəzmi şeirə 1903-cü ildən başlasa da, "Molla Nəsrəddin"də ilk dəfə nəsr ilə, felyetonları ilə iştirak etmişdir. Jurnalın 11-ci nömrəsində Əli Nəzminin "Əlidəyənəkli" imzası ilə bir kiçik məktubu dərc olunmuşdur. Burada gəncəli quşbaz Hacı Hüseynin oğlu ilə rəftarından bəhs edilir. Hacının oğlu ağacdan dolaşa tutmaq istəyəndə yıxılır, qıçı sınır. Atası bu əhvalatdan xəbər tutub gəlir, oğlundan ilk soruşduğu bu olur: " – Oğul, necəsən? – Quş cibində ölməyib ki? Sağdırmı?"

Jurnalın 14-cü nömrəsində Əli Nəzmi bir kitab-firuşun "Molla Nəsrəddin"dən şikayətini yazmışdı: "Ey Molla Nəsrəddin kişi, bəs deyilmi bu qədər mərdiməzarlıq?... Üç il-dir ki, məndə olan kitablar heç satılmır..." Cameüd-dəvat – 50 cild, "Təbiri-xab-30 cild...".

"Molla Nəsrəddin", 1906, №7, səh.6.

Müəllif bu məktubunda jurnalın mövhumata və mövhumat kitablarına qarşı ardıcıl, şiddətli mübarizəsini nəzərdə tutur. İstər bu məktubda və istərsə quşbaz oğlunun əhvalatında müəllifin qələmindəki məharət, incəlik və satira aydın hiss olunmaqdadır.

Əli Nəzmi də Sabir kimi "Molla Nəsrəddin"in vəzifəsini, məqsədini çox gözəl başa düşmüşdü. Bu jurnal həm məqsədi, həm də dili, üslubu ilə xalqa yaxın olan, xalqın ruhunu ifadə edən yazılar tələb edirdi. Əli Nəzmi də belə yazıların müəllifi idi. Onun on-on beş sətirdə yazdığı duzlu məkrub "Molla Nəsrəddin"ə bütün bir ictimai lövhə verirdi. "Cavan ilə Hacı Ağanın şirin söhbəti" adlı məktubunda köhnəpərəst bir varlının xeyir işlərə münasibətini təsvir edirdi. Təsvir ancaq mükalimələrdən ibarətdir. Bir gənc maarifçinin sualına cavab verən Hacının danışığı, onun simasını, şüurunu və mühakimə dairəsini müəyyən edirdi.

Əli Nəzmi jurnaldakı fəaliyyəti ilə şeirdə də məharət sahibi olduğunu isbat etdi. Demək olar ki, mövzu dairəsi etibarilə şair, Sabirdən seçilmirdi. Köhnəpərəst hacıları, kərbalayıları, istismarçıları, avam, nadan valideynləri, xalqı aldadan falçı, cindar və dərvişləri, Məhəmmədəli kimi şahları, xəsis və mənfəətpərəst "millət xadimləri"ni, "intelli-gentləri" həcv edən şeirlərində tamam Sabir ruhu vardır. Cəlil Məmmədquluzadə göstərir ki: "Molla Nəsrəddin"ə yaraşan şivənin məzəliliyi və duzluluğunda, məharət və lətafətdə Sabirə yavuq gələn və ona əvəz olan – birinci Məşədi Sijimqulu Kefsiz olubdur." [2] İmza atılmasa Sabir ilə Əli Nəzminin şerlərini biri-birindən ayırmaq çətin imiş.

M.Ə.Sabirin vəfatından sonra istər "Molla Nəsrəddin"də və istərsə "Məzəli", "Zənbur", "Tuti" və s. kimi gulgu mətbuatında ("Şimşirək", "Şəmşir" və s. imzalarla) ən yaxşı satirik şeirlər yazan Əli Nəzmi olmuşdur.

Sabir ədəbi məktəbi, xüsusilə 1906-1916-cı illər arasındakı on il müddətində ən yüksək mərhələsini yaşayırdı. Bu dövrdə zahirən yazıçıların işi asan idi, çünki mövzu, hədəf aydın, istiqamət məlum idi. Lakin bu zahirən belə görünür. Əslində, sənətkarın işi bu vəziyyətdə daha çətin olur. Bir halda ki, eyni mövzu bir neçə yazıçı tərəfindən və dəfələrlə işlənir, o mövzunu təzədən və yeni bir qələm sahibinin işləməsi müstəsna güc, ilham və yenilik hissi tələb edir. Sabir kimi nəhəng bir sənətkarın qarşısına çıxmaq və onun işlədiyi mövzuları yazmaq əlbəttə ki, Əli Nəzmi üçün asan deyildi. Əli Nəzmi isə qorxmadı. Sabirlə olan məslək birliyi, onun da qələmini Sabir istiqamətinə uyğunlaşdırdı. Əli Nəzminin cəsarəti, qələmə aldığı mövzulara sərbəst və müstəqil yanaşması, təsvirlərində kitaba yox, həyata əsaslanması onun müvəffəqiyyətinə səbəb oldu.

Sabirin "Dilbər" şeiri yadımızdadır. Əli Nəzmi də eyni istehza üsulu ilə, eyni yığcamlıqla bir müftəxorun təsvirini verir. Şeirinə "Tapmaca" adı qoyur:[3] Sabirin "Ey pul" şeiri məşhurdur. Ümumiyyətlə, pul bu dövrdə qələm sahiblərinin diqqətini cəlb edən mövzu idi. Azərbaycanda kapitalizmin inkişafı əsrin ilk on illərində Bakıda sənayenin artması, kapitalın nəinki iqtisadi aləmdə, həm də məfkurə aləmində hakimlik etməsi ədəbiyyat xadimlərinə təsirsiz qala bilməzdi. Bu zaman pul hər şey idi! İstismar dünyasında pula "bütün müşkül işlərin açan" deyirdilər. Əli Nəzmi bu həqiqəti "Pul" adlı müsəddəsində çox parlaq bir şəkildə ifadə etmişdir. Əgər böyük Sabir bir pulpərəst, köhnə görüşlü kişinin pula necə sitayiş etdiyini göstərmişsə, Əli Nəzminin şeirində pul hökmranlığının özü, bir ictimai azar kimi təsvir olunur. Şair göstərir ki, "hər quru cismə can", "sahibu-hök-mi-rəvan", "zindeyi-cavidan", "amirü-şahu", "amiru-xan", "cinu, ləqəb, nişan"... hamısı ancaq, ancaq puldur. [4] Müəllifın satirası burada müstəsna şiddət kəsb etmişdir. Gülüş ilə yanaşı göz yaşı, istehza ilə yanaşı təəssüf, tənqid ilə yanaşı məyusluq! ("Ay zəhrimar pul! Ay gidi pul!") Əli Nəzminin şerində pul, "məğlubedilməz" bir qüvvə kimi göstərilir. Bu acınacaqlı vəziyyətin səbəbləri şair üçün aydın olmasa da, fəlakətli nəticələri aydındır. Sabirin "Yat qal dala laylay" ruhunda yazılmış "Yat!" sərlövhəli şeirində şair müsəlman ətalətini satiraya tutur:[5] "Dünya və axirət səadətinin yatmaqda" olduğunu düşünən və ömrünü yatmaqla keçirən, əsrin ən böyük ictimai hadisələrinə arı vızıltısı kimi baxan, dünyanı sarsıdıb kökündən dəyişən inqilablar ilə belə ayılmayan müsəlman Oblomovlarına qarşı bundan kəskin nə söz ola bilər? Şair cəhalət və qəflət yuxusuna dalmış həmvətənlərinə qəzəblənir. Bu qəzəb şairin ruhunda da, məntiqi silsilə təşkil edən məcazlarında da eyni şiddətdədir. Şair o qədər təsirlənmiş, o qədər həyəcanlanmışdır ki, sözünü sakit, soyuqluqla deyə bilmir; tənqid qəzəb ilə, gülüş kədər ilə qarışmış olur. Bu daxili həyəcan nəticəsində, bəzən özü hiss etmədən şəxsi kədərini bildirən misralar da yazır. Birinci beyt ilə ikinci beyti müqayisə edək:

Axşam namazını tələsik qıl, yubanma, yat!
Sol böyrün üstiinə uzanıb, qurdalanma, yat!

Bu beyt nadan bir müsəlman mömünü haqqında təsəvvür verir. Bu mömün yeyən, yatan, bir də kor-koranə ibadət edən qafil adamdır. Ancaq ikinci beyt tamam başqa təsəvvür verir:

Çoxdur məşəqqəti gözü açıqlığın, inan,
Açsan gözünü, qəm görəcəksən, oyanma, yat!

Bu çox mənalı, düşünməli beytdir. Bu sözü, bu xitabı avam möminə deməzlər. Bunu dərin düşünən, baxdığı, gördüyü hadisələri duya bilən, o zamanın bütün mütəfəkkirləri kimi kədərlənən, cəmiyyətin dərdini anlayan adama deyərlər. "Gözü açıqlıqda əzab duyan", "Gözünü açıb qəm görən" mömün deyildir. Burada şairin öz kədəri təzahürünü tapmışdır. Bu da yuxarıda dediyimiz kimi təsirdən, öz mövzusunu daxilən yaşamaqdan, ilhamın hərarətindən irəli gəlir. Ə.Nəzminin Sabiri xatırladan bir sıra şeirində bu hərarət açıq duyulur.

"İrsi-pədər", "Gülürəm", "Yorğun bir baxış" şeirlərində də cəhalət və nadanlığın ibrətli mənzərələri vərilmişdir. Ancaq bu şeirlərin hər biri şəkil, əda və ümumən sənətkarlıq cəhətindən birbirindən çox fərqlidir.

Əli Nəzminin bu dövrdəki şeirlərini oxuyanda köhnə dünyanın çirkin və acınacaqlı mənzərələri qəribə bir lövhə kimi təsəvvürdə canlanır. Bu yatanlara, saqqalı hənalı oğrulara, riyakar ruhanilərə, hiyləgər tacirlərə, şeytan ziyalılara baxdıqca gülür, həm də pərişan olursan. Sevinməli bir şey var ki, o da vaxtı ilə bu ictimai tüfeyliləri görən və ömrünü onlarla mübarizəyə sərf edən gözüaçıq, vətənpərəst, insanpərəst azadlıq sevən insanların varlığı və şərəfli əməyidir.

Əli Nəzminin əsərləri də belə bir əməyin məhsuludur. Şair, vətənində gördüyü cəhalət nümayəndələrindən əl çəkmir. Onların varlığı şairi rahat buraxmır, onlan döyəcləmək, qəflət yuxusundan oyatmaq istəyir. Onların təkfiri və hücumu Əli Nəzmini qorxutmur. Şair əmindir ki, bü gün də olmasa, sabah maarif işığı bütün qaranlıq guşələri işıqlandıracaq, günəş şüası yatanları oyadacaqdır.

Belə bir sabahın əlamətlərini hətta Əli Nəzminin satira qırmancını dadan məşədi və kərbəlayıların özləri də duymuşlar. Onlar "zəmanənin dəyişdiyini" görməyə bilməzdilər. "Dəyişilir" sərlövhəli müxəmməsində şair bu duyğunu və bunun ilk təsirlərini qələmə almışdır:[6] Deməli, ömrünü yatmaqda keçirən və bunu həyat bilən adamların hamısı olmasa da, az bir qismi iyirminci əsrin təbəddülatını duymuşdur. "Müftahülfərəc" şeirində səbrə ümid bağlayanları, "Ədəbiyyat, yaxud minacat" satirasında qəzetlərdən qorxub küyə düşən köhnəpərəstləri, "Məzəli" şeirində Məhəmmədəli şahı tənqid atəşinə tutan şair, kütlələri sayıq salmaq üçün bu mənfur simaların bütün çirkin əməllərini açıb göstərir, camaatda onlara qarşı nifrət oyatmağa cəhd edirdi.

Əli Nəzminin şeir dili sadə, səlis, üslubu rəvan, ilhamı qüvvətlidir. O, öz şeirlərində həmişə sadəliyi saxlamağa çalışmışdır. Onda kitab dilinin təsirləri azdır. Bu təsir olsa-olsa ciddi, lirik ruhlu şeirlərdədir. Satirasında danışıq dili və canlı ifadə nümunələri daha çoxdur. Əli Nəzminin təsvirləri yığcam və əhatəlidir. O, vəziyyəti, xasiyyət və lövhəni bir və ya bir neçə söz ilə təsvir etməyi bacarır.

Əli Nəzminin "Sijimqulunamə"sində toplanmış əsərlərindən başqa jurnal və qəzet səhifələrində də bir çox şeirləri vardır.

  1. Sijimqulunamə. Bakı: Azərnəşr, 1927, 508 səh.
  2. Bəlkə bu yaxşı oldu (şeirlər). Bakı: Azərnəşr, 1930, 42 səh.
  3. Üç məşədi. Bakı: Azərnəşr, 1935, 79 səh.
  4. Satira mərmiləri. Bakı: Azərnəşr, 1945, 74 səh.
  5. Seçilmiş şerlər. Bakı: Azərnəşr, 1950, 130 səh.
  6. Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1959, 212 səh.
  7. Şerlər. Bakı: Azərnəşr, 1963, 91 səh.
  8. Seçilmiş şerlər, felyetonlar, məqalələr. Bakı: Yazıçı, 1979, 362 səh.
  1. Əli Nəzmi. Sijimqulunamə (müqəddimə), Bakı, 1927, səh.11-12.
  2. Əli Nəzmi. Sijimqulunamə. Müqəddimə, Bakı, 1927, səh.12.
  3. Əli Nəzmi. Sijimqulunamə, Bakı, 1927, səh.39-40.
  4. Əli Nəzmi. Sijimqulunamə, Bakı, 1927, səh.53.
  5. Əli Nəzmi. Sijimqulunamə, Bakı, 1927, səh.41.
  6. "Məzəli", 1915,№15, səh.2.
  • Mir Cəlal. Azərbaycanda ədəbi məktəblər. Bakı: "Ziya-Nurlan" NPM, 2004, 392 səh.
  • Kamal Camalov. Mollanəsrəddinçilərin maarifçilik ideyaları. Bakı: Elm və təhsil, 2015.