Hüseyn Mehrəliyev

Hüseyn Mehrəliyev (tam adı: Hüseyn İslam oğlu Mehrəliyev; 22 mart 1924, Cəbrayıl rayonu1 yanvar 1998) — Azərbaycan jurnalisti və yazıçısı.

Hüseyn Mehrəliyev
Hüseyn İslam oğlu Mehrəliyev
Doğum tarixi
Doğum yeri Keçəlməmmədli, Cəbrayıl rayonu, Azərbaycan Azərbaycan SSR
SSRİ SSRİ
Vəfat tarixi (73 yaşında)
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Həyat yoldaşı Gülcahan Qarayeva
Uşaqları Bəhruz
Bəhram
Babək
Bəxtiyar
Milliyyəti azərbaycanlı
Təhsili
Fəaliyyəti jurnalist
Partiyası
Mükafatları Qızıl qələm mükafatı

Hüseyn Mehrəliyev 1924-cü il martın 22-də Cəbrayıl rayonunun Keçəlməmmədli kəndində anadan olmuşdur.

Keçəlməmmədli məktəbində oxumuş, daha sonra isə Soltanlı kəndindəki orta məktəbi bitirmişdir.

1941-ci ildə Karyagin şəhərində yerləşən V.İ.Lenin adına pedaqoji məktəbi bitirmiş və həmin ildən əmək fəaliyyətinə başlamışdır. Bir müddət məktəbdə müəllim işləmişdir. H.Mehrəliyev 1946-cı ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil olaraq, 1951-ci ildə həmin şöbəni müvəffəqiyyətlə bitirmişdir. Ordu sıralarına hərbi xidmətə çağırılmış, orada siyasi işçi olmuş, Zaqafqaziya Hərbi Dairəsinin "Lenin bayrağı" redaksiyasında təşkilatçı müxbir vəzifəsində çalışmışdır.

Tələbəlik illərindən başlayaraq müxtəlif qəzet və jurnal səhifələrində onlarca oçerk, felyeton və məqalələrlə çıxış etmiş, 1952-ci ildən isə, mətbuatda peşəkar jurnalist kimi fəaliyyətə başlamışdır.

1959-cu ildə Moskva şəhərində Sov.İKP MK yanında Ali Partiya məktəbinə daxil olan H.Mehrəliyev 1961-ci ildə oranı bitirmişdir. Sonralar "Sosialist Sumqayıtı" və "Abşeron" qəzetlərində redaktor işləmişdir. 1966-cı ildən isə Azərbaycan KP MK-nin orqanı olan "Kommunist" qəzetində şikayətlər və məktublar şöbəsinin müdiri vəzifəsində çalışmışdır.

Hüseyn Mehrəliyev 1970-ci ildən, təqaüdə çıxdığı zamana qədər Azərbaycan Televiziyası və Radio Verlişləri Komitəsində ictimai-siyasi şöbəsinin baş redaktoru vəzifəsində işləmişdir. H.Mehrəliyev 1946-cı ildən Sov. İKP-nin üzvü olmuşdur.

"Arzu ilə əməl birləşəndə" (1965), "Sovxozun ulduzu" (1968) və başqa bir neçə oçerklər kitabı nəşr edilmişdir. "İşıqlar" (1961), "Bizim adamlar" (1961) və başqa almanaxlarda oçerkləri nəşr edilmişdir. Yazdığı bir sıra felyeton, oçerk və məqalələri hazırda Azərbaycan Milli Arxiv İdarəsində saxlanılır.

H. Mehrəliyev yaradıcılığında sərbəst olmağı, stereotipləri qırmağı bacarırdı. Onun müraciət etdiyi mövzular gənc jurnalistlərin fəaliyyətinin istiqamətlərini müəyyənləşdirməkdə bir növ kompas rolunu oynayırdı. O, gənc jurnalistlərə mövzu seçməyi, fakt üzərində işləməyi öyrədirdi.

"Abşeron" qəzetində redaktor işləyərkən iş təcrübəsi az olan gənc jurnalistlərlə həftədə 3 dəfə qəzet buraxır, qəzetin aktual və davamlı olması üçün əlindən gələn bütün bacarığını əsirgəmirdi.

1960-cı illərdə o, bir çox gənc jurnalistlərin peşəkar yetişməsində böyük əməyi olmuşdur. Həmin jurnalistlər sonralar Azərbaycan jurnalistkasında və mühüm dövlət vəzifələrində görkəmli yerlər tutmuşlar. Onlardan Namiq Abbasov, Ələkbər Abbasov, Dilarə Vəkilova, Aydın Əliyev, Rizvan Cəbiyev, Firudin Rəsulov, İlyas Adıgözəlov, Faiq Dərgahov, Polad Qasımov və başqalarını göstərmək mükündür.

Hüseyn Mehrəliyev 1998-ci ilin yanvar ayının 1-də vəfat etmişdir.

Hüseyn Mehrəliyev 1948-ci ildə Qarayeva Gülcahan Ələkbər qızı ilə ailə həyatı qurmuşdur. Həyat yoldaşı 2015-ci ildə vəfat etmişdir, Hüseyn Mehrəliyevin dörd oğul övladı olmuşdur.

O, dəfələrlə partiya, sovet orqanlarına üzv və deputat seçilmiş, medal və mükafatlarla təltif olunmuşdur.

"Kommunist" qəzetində işlədiyi dövrdə iki dəfə "Qızıl Qələm" mükafatı ilə təltif olunmuşdur.

Hüseyn Mehrəliyev beynəlxalq dostluq əlaqələrinin möhkəmləndirilməsi sahəsindəki xidmətlərinə görə Bolqarıstan Xalq Respublikasının Razqrad şəhərinin fəxri vətəndaşı seçilib, Yubiley medalı ilə təltif olunmuşdur.

  • "İşıqlı insan". //"Sahibkarlıq və hüquq" qəzeti.- №25-26.- 2019.- 20 mart.- səh. 4.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]