Həbib Əbdül Hüseyn oğlu Bayramov (14 iyun 1926, Bakı – 15 avqust 1994, Bakı) — azərbaycanlı tarzən, Azərbaycan SSR xalq artisti (1989).
Həbib Bayramov | |
---|---|
Ümumi məlumatlar | |
Digər adı | Həbibulla Bayramov |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | (68 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Dəfn yeri | II Fəxri Xiyaban |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | tarzən |
Fəaliyyət illəri | 1941–1994 |
Janr | muğam |
Musiqi aləti | tar |
Mükafatları |
Həbib Bayramov 14 iyun 1926-cı ildə Bakı şəhərində anadan olmuşdur. Bayramovun hələ uşaq olarkən musiqiyə olan həvəsini görən atası Əbdül Hüseyn Bayramov oğluna tar alaraq onu Əhməd Bakıxanovun yanına aparmışdır. Həbib Bayramov 1941-ci ildən Ə.Bakıxanovun rəhbərlik etdiyi Azərbaycan Xalq Alətləri Ansamblında çalışmış, 1973-cü ildən ömrünün sonunadək Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Əhməd Bakıxanov adına ansamblının bədii rəhbəri olmuşdur.[1][2]
Həbib Bayramov 1943-cü ildə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbində həm təhsil almış, həm də müəllim çatışmadığı üçün burada muğamat sinfində dərs demişdir. Daha sonra 1949-cu ildən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Azərbaycan Qastrol-Konsert Birliyi təşkil olunandan sonra isə bu birliyin solisti olmuşdur.[1][2]
Həbib Bayramov repertuarında "Rast", "Şur", "Çahargah", "Humayun", "Segah" və digər muğamlar əsas yeri tuturdu. Həbib Bayramov həmçinin saz ifaçısı olmuşdur. Onun sazda ifa etdiyi "Segah", "Humayun", "Bayatı-Qacar" muğamları radionun qızıl fondunda saxlanılmaqdadır.[1][2]
Həbib Bayramov 15 avqust 1994-cü ildə Bakı şəhərində vəfat etmiş, II Fəxri xiyabanda dəfn olunmuşdur.[1][2]
Həbib Bayramov Tükəzban İsmayılovanın həyat yoldaşı, İlhamə Quliyevanın ögey atası olmuşdur.[1][2]