Həmdulla Oruc oğlu Mehrabov — fizik, fizika-riyaziyyat elmləri doktoru, Orta Doğu Teknik Universitetinin professoru.
Həmdulla Mehrabov | |
---|---|
Həmdulla Oruc oğlu Mehrabov | |
Doğum tarixi | |
Doğum yeri | Saraçlı, Bolnisi rayonu, Gürcüstan SSR, SSRİ |
Təhsili | Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsi |
Həmdulla Oruc oğlu Mehrabov 1952-ci ildə Gürcüstanın qədim Borçalı mahalındakı Bolus rayonunun Saraçlı kəndində anadan olmuşdur. 1969-cu ildə Saraçlı orta məktəbini əla qiymətlərlə bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə qəbul olunmuşdur. ADU-nun fizika fakültəsindən 1974-cü ildə əla qiymətlərlə məzun olmuş və həmin il müvəffəqiyyətlə imtahan verərək Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) fizika fakültəsində "Bərk Cisimlər Fizikası" (BCF) ixtisası üzrə aspiranturaya qəbul olunmuşdur.
MDU-nun professoru, dünya şöhrətli alim doktor, professor A.A. Kaçnelsonun rəhbərliyi ilə "İkiqat metal ərintilərində atomların yaxın nizamlı düzülüşünün nəzəri və təcrübi metodlarla tədqiqi" mövzusu üzərində çalışmağa başlamış ve MDU-nun tarixində ilk dəfə olaraq dissertasiyasını vaxtından əvvəl yazaraq MDU-nun Elmi Şurasına təqdim etmişdir. 1978-ci ildə MDU-da dissetasiya işini yüksək səviyyədə müdafiə edərək, BCF ixtisası üzrə fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır.
1978-ci ildə MDU-dan Azərbaycan Dövlət Universitetinə fizika-riyaziyyat elmləri namizədi kimi qayıdan Həmdulla Mehrabov, o vaxtdan bəri ADU-nun "Optika və Molekulyar Fizika" kafedrasında əvvəlcə assistent, sonra baş müəllim, dosent, professor və kafedra müdiri vəzifələrinə qədər yüksəlmişdir.
1984-cü ildə, Həmdulla Mehrabov o zamankı Sovet Sosialist Respublikaları İttifaqında keçirilməkdə olan ağır imtahanlar və seçmə etaplarını başarı ilə keçərək, Yaponiyada 10 aylıq elmi-tədqiqat işləri aparmaq və dərs vermək üçün ezam olunmaq haqqı qazandı. Qeyd edək ki, Həmdulla Mehrabov fizika sahəsində Yaponiyaya uzunmüddətli ezam olunan ilk və tək azərbaycanlı alimdir. Həmdulla Mehrabovun Yaponiya səfəri çox uğurlu keçdi. Belə ki, o, buradakı Tokio, Osaka, Kioto, Naqoya, Çukubo, Xirosima, Nara və digər şəhərlərindəki universitetlərdə və elmi-tədqiqat mərkəzlərində elmi araşdırmalar aparmaqla bərabər, master və doktor tələbələri üçün yüksək səviyyədə dərslər verərək yaponiyalı həmkarlarının dərin hörmətini qazandı. 1984-1988-ci illər arasında, Həmdulla Mehrabov çoxkomponentli metalik sistemlərin statistik-termodinamik nəzəriyyəsini elektron nəzəriyyəsi ilə birləşdirərək metalik sistemlərin nəzəriyəsində yeni bir istiqamətin açılmasına imkan yaratdı. Sadəcə metal ərintilərinin nəzəriyyəsinin inkişaf etdirilməsi ilə kifayətlənməyən Həmdulla Mehrabov, həm də struktur neytronoqrafiyası, rentgen şüalarının difraktometriyası, kalorimetriya, dilatometriya və başqa struktur metodlarından istifadə edərək ikili və çoxkomponentli ərintilərdə çox önəmli təcrübələr də aparmışdır.
Həmdulla Mehrabov, 1989-cu ildə Tbilisi Dövlət Universitetindəki BCF üzrə ixtisaslaşdırılmış Elmi Şurada "Ni-ve Fe əsaslı ərintilərdə atomların nizamlanmasına statik və dinamik defektlərin təsiri" mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsinə layiq görülmüşdür. Dissertasiya işində əldə olunmuş elmi nəticələrin, fiziki-kimyasal və mexaniki xassələri əvvəlcədən məlum ola biləcək yeni və daha üstün xassəli materialların alınması probleminin həllində yeni bir istiqamət açdığı və problemin həlli yollarını göstərərək həm elmi, həm də praktiki cəhətdən çox vacib olduğu xüsusi olaraq qeyd olunmuşdur.
Professor Həmdulla Mehrabov, 1990-cı ildə ADU-nun fizika fakültəsindəki "Optika ve Molekulyar Fizika" kafedrasına müdir seçildi. Kafedrada elmi-tədqiqat və tədris işlərinin təşkil olunmasında böyük əmək sərf etdi. 1991-ci ildə Həmdulla Mehrabov ABŞ-nin Kaliforniya əyalətindəki dünyaca məşhur Kaliforniya Universitetindən bir semestr dərs vermək və birgə elmi-tədqiqat işləri aparmaq üçün dəvət aldı. Santa-Barbara şəhərindəki Kaliforniya Universitetinin "Nüvə və Kimya Mühəndisliyi" departmanında 4 ay həm dərs verdi, həm də elmi-tədqiqat işləri apardı.
Sovetlər İttifaqı dağıldıqdan sonra, 1992-ci ildə professor Həmdulla Mehrabov, Türkiyənin Ankara şəhərindəki dünyaca məşhur Orta Doğu Teknik Universitetində (ODTÜ) uzunmüddətli çalışmaq üçün dəvət aldı. 1992-ci ilin sentyabr ayından bu günə qədər, ODTÜ-nün Mühəndislik fakültəsinə bağlı olan "Metallurgiya və Materiallar Mühəndisliyi" departmanında professor olaraq çalışmalarına davam edir. ODTÜ-də, Həmdulla Mehrabov daha çox Master ve Doktor öyrənciləri üçün dərslər verməklə yanaşı, intensiv olaraq elmi-tədqiqat işlərini də davam etdirir. Türk həmkarları ilə bərabər "Yüksək Texnologiya Materiallarının dizaynı və inkişaf etdirilməsi" laboratoriyasını quran Həmdulla Mehrabov, ODTÜ-də çalışdığı 20 ilə yaxın müddət içərisində BCF və Materiallar Bilim və Mühəndisliyinin həm nəzəri, həm də praktiki cəhətdən ən aktual problemlərinin həlli ilə məşğul olur. Apardığı nəzəri və təcrübi tədqiqat işlərinin həm spektrinə, həm də alınan nəticələrin səviyyəsinə görə onun rəhbərlik etdiyi laboratoriya bu gün dünyanın ən məşhur elmi-tədqiqat mərkəzləri ilə yarışacaq vəziyyətdədir. İri və həcmli amorf və nanokristal materialın dizaynı və inkişaf etdirilməsi sahələrində, professor Həmdulla Mehrabovun laboratoriyası ABŞ və Avropanın ən qabaqcıl elmi-tədqiqat mərkəzləri ilə əməkdaşlıq edərək ortaq çalışmaları müvəffəqiyyətlə yerinə yetirməkdədir.
Bütün bu qeyd olunanlarla yanaşı, professor Həmdulla Mehrabov eyni zamanda, BCF və Materiallar Bilim və Mühəndisliyinin aktual problemlərinin həll olunması üçün, Türkiyə-Azərbaycan, Türkiyə-Ukrayna və Türkiyə-Rusiya ortaq elmi-tədqiqat proyektlərinin təşkil olunmasında, hazırlanmasında və müvəffəqiyyətlə aparılmasında mühüm rol oynamaqdadır.
Dünyanın ən məşhur jurnallarında və beynəlxalq konfransların materiallarında çap olunmuş 200-ə yaxın sanballı elmi məqalənin müəllifi olan professor Həmdulla Mehrabov, bu məqalələrə dünyanın ən məşhur alimləri tərəfindən 500-dən artıq referans verilərək, böyük elmi nailiyyət göstərmişdir. Elmi-tədqiqat işləri ilə yanaşı, professor Həmdulla Mehrabov, qardaş Türkiyə Respublikasında yüksək səviyyəli elmi-texniki kadrların hazırlanmasında da yaxından iştirak etmişdir. Türkiyədə çalışdığı müddətde onun rəhbərliyi altında 20-dən çox Master ve Doktor tələbələri elmi işlərini müvəffəqiyyətlə tamamlayaraq elmi dərəcələr almışlar. Bundan başqa, professor Həmdulla Mehrabov Türkiyənin bir çox dövlət və özəl şirkətlərində məsləhətçi olaraq da iş almışdır.
2000-ci ildə, professor Həmdulla Mehrabov Bərk Cisimler Fizikası və Materiallar Bilim və Mühəndisliyi sahələrində əldə etdiyi böyük nailiyyətlər diqqətə alınaraq, gizli səsvermə yolu ilə yekdilliklə, bütün dünya müsəlmanlarının akademiyası sayılan, İslam Dünyası Bilimler Akademiyasına həqiqi üzv seçilmişdir. Qeyd edək ki, dünya müsəlmanlarının ən nüfuzlu qeyri-dövlət təşkilatı olan İslam Dünyası Bilimler Akademiyasının, müsəlman mənşəli Nobel mükafatı laureatları da daxil olmaqla, gizli səsvermə yolu ilə seçilmiş, toplam 100 həqiqi üzvü vardır. Bununla yanaşı, professor Həmdulla Mehrabov ABŞ-də, Türkiyədə və dünyanın bir çox ölkəsində fəaliyyət göstərməkdə olan akademiya və cəmiyyətlərə həqiqi üzv seçilmişdir. Bundan başqa, professor Həmdulla Mehrabovun həyat və fəaliyyəti, ABŞ-də çap olunan "Marquis Who’s Who" biblioqrafik ensiklopediyasının "Bilim və Mühəndislikdə Kim Kimdir" kitabının 8-ci (2005-2006) çapında yer almışdır. Qeyd edək ki, bu kitabda dünyanın hər yerindən Bilim və Mühəndislikdə böyük nailiyyətlər qazanmış toplam 25000 bilim adamının adı yer almışdır.
BCF və Materiallar Bilim və Mühəndisliyi sahələrində Azərbaycan elmini dünyanın hər yerində layiqincə və yüksək səviyyədə təmsil edən professor Həmdulla Mehrabov, hal-hazırda qardaş Türkiyədəki ingilisdilli Orta Doğu Texnik Universitetindəki "Metallurgiya və Materiallar Mühəndisliyi" departmanında professor və laboratoriya müdiri olaraq, tədris və elmi-tədqiqat çalışmalarını davam etdirir.