Azərbaycan Respublikasının Hərbi Prokurorluğu — ixtisaslaşdırılmış prokurorluq olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş başqa silahlı birləşmələrdə Azərbaycan Respublikasının digər qanunları ilə hərbi prokurorluqlara aid edilmiş səlahiyyətləri həyata keçirir.[1]
Hərbi Prokurorluq | |
---|---|
| |
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan |
Yaradılma tarixi | 21 may 1992 |
Tabelik | Azərbaycan Respublikası Baş Prokurorluğu |
Baş qərargah | Bakı |
Rəhbərlik | |
Hərbi prokuror | Xanlar Vəliyev |
Hərbi prokurorun müavinləri |
Rasim Kazımov Şəfahət İmranov |
Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tutulmuş və həbs edilmiş hərbi qulluqçuların saxlanıldığı yerlərdə, intizam hissələrində, eləcə də cəzaların hərbi hissələrdə icra edilməsi zamanı qanunlara və hərbi nizamnamələrə əməl olunmasına nəzarət edir. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində keçirilən idarədaxili yoxlamaların materiallarını tələb edir, Azərbaycan Respublikası Silahlı Qüvvələrində əmlakın talanması, hərbi xidmət əlehinə, habelə hərbi qulluqçular tərəfindən törədilən və ya hazırlanan digər cinayətlər barədə ərizə, şikayət, müraciət, əməliyyat-axtarış fəaliyyəti subyektlərinin məlumatları və qanunvericiliklə müəyyən edilmiş digər məlumatlar əsasında Azərbaycan Respublikası Hərbi prokurorunun qərarı ilə yoxlamanın aparılmasını, bu məqsədlə mütəxəssislərin ayrılmasını, habelə araşdırılan faktların cinayət işinin başlanmasına kmfayət qədər əsəs verib-verməməsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsini təmin edir.
Azərbaycan Respublikasının Baş Prokurorunun müavini Azərbaycan Respublikasının Hərbi Prokuroru təyin edilir.
Keçmiş SSRİ-nin tərkibində olarkən Azərbaycan Respublikasında prokurorluq orqanlarının fəaliyyəti "SSRİ prokurorluğu haqqında" 30 noyabr 1979-cu il tarixli İttifaq Qanunu ilə tənzimlənirdi.
Həmin dövrdə Azərbaycan Respublikasının prokurorluq orqanları sistemində Hərbi prokurorluq orqanları fəaliyyət göstərmirdi. Respublikanını ərazisində Bakı şəhərində yerləşən Hərbi prokurorluq — 63470 saylı hərbi hissə və Hərbi Dəniz Qüvvələri Hərbi prokurorluğu, eləcə də Gəncə, Lənkəran və Naxçıvan Qarnizonları Hərbi prokurorluqları fəaliyyət göstərirdi ki, həmin prokurorluqlar da Zaqafqaziya Hərbi Dairəsinin Hərbi Prokurorluğuna tabe idilər.
SSRi dağıldıqdan sonra həmin prokurorluqlar ləğv edildi və müstəqil Azərbaycan Respublikasının Hərbi prokurorluq orqanları yaradılmağa başlandı.
Həmin prokurorluqların yaranması üçün Respublikamızın Ali Soveti tərəfindən qəbul edilmiş 18 oktyabr 1991-ci il tarixli Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı hüquqi baza rolunu oynadı.
Göstərilən Aktın 4-cü maddəsinə əsasən suveren Respublikanını müvafiq qanunlarının qəbul edilməsinədək onun ərazisində Azərbaycan Respublikasının suverenliyinə zidd olmayan və Dövlət quruluşunun dəyişdirilməsinə yönəlməyən SSRİ qanunları hüquqi qüvvəsini saxlayırdı.
Sonradan Ali qanunvericilik orqanı olan Milli Məclisin 21 may 1992-ci il tarixli Qərarı ilə Azərbaycan Respublikası "Hərbi prokurorluqlar haqqında" Qanun qəbul edildi, 26 avqust 1992-ci il tarixdə isə Respublka Prezidenti tərəfindən "Azərbaycan Respublikasının ərazisində prokurorluq orqanlarının statusunu müəyyən edən keçmiş SSRİ-nin qanunvericilik aktlarının hüquqi qüvvəsini saxlaması və onların tətbiqi qaydaları haqqında" Qanun qəbul edildi.[2]
Bu Qanuna müvafiq olaraq 30 noyabr 1979-cu il tarixli "SSRİ prokurorluğu haqqında" Qanun və 4 avqust 1981-ci il tarixli "Hərbi prokurorluq haqqında" Əsasnamə, eləcə də prokurorluq orqanlarının işçilərinə xüsusi rütbələrin verilməsi, onların mükafatlandırılması, intizam məsuliyyətinə cəlb edilməsi qaydalarını və s. müəyyən edən digər normativ aktlar Azərbaycan Respublikasının ərazisində öz hüquqi qüvvəsini saxlayırdı. Həmin Qanunun 2-ci maddəsi ilə müəyyən edilmişdir ki, SSRİ Baş prokurorunun və SSRİ Baş Hərbi prokurorunun hüquq və vəzifələrini Respublikamızın ərazisində müvafiq olaraq Azərbaycan Respublikasının Baş prokuroru və Hərbi prokuroru yerinə yetirir.
Yuxarıda göstərilən aktların icra edilməsi məqsədilə Azərbaycan Respublikasının Müdafiə Naziri tərəfindən verilən əmrlə Respublikanın Hərbi Prokurorluğu, həmçinin Bakı, Gəncə, Naxçıvan, Lənkəran, Füzuli, Qarabağ Qarnizonlarının və HDQ-nin Hərbi prokurorluqları müvafiq hərbi hissələrin bütün növ təminatlarına qoyuldular.
Müdafiə Nazirinin əmrinə müvafiq olaraq Hərbi prokurorluqların şəxsi heyəti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ştat sayına daxil edildi və müəyyən edildi ki, Hərbi prokurorluqların şəxsi heyəti həqiqi hərbi xidmətdə olmaqla hərbi xidmət keçmənin qaydalarını müəyyən edən Nizamnamə və Əsasnamələr onlara da şamil edilir.
Hərbi prokurorluqların prokuror və istintaq işçilərinin vəzifə ştatlarının siyahıları və bu vəzifələrə uyğun hərbi rütbələr Azərbaycan Respublikası Baş prokurorunun təqdimatı ilə Silahlı Qüvvələrin Baş Ştabı tərəfindən təsdiq olunurdu, Hərbi prokurorluqların maliyyələşdirilməsi isə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən həyata keçirilirdi.
Bu dövrdə Azərbaycan Respublikasının Hərbi prokurorluğu sistemində müəyyən dəyişikliklər olmuşdur. Konkret olaraq Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Daxili Qoşunlar, Sərhəd Qoşunları hərbi prokurorluqları, İxtisaslaşdırılmış Hərbi prokurorluğu, Abşeron Hərbi prokurorluğu yaradılmış, sonradan həmin prokurorluqlar ləğv edilmişdir.
Hal-hazırda Respublikamızda Hərbi prokurorluqların yaradılması və fəaliyyəti üçün hüquqi baza rolunu Azərbaycan Respublikasının 1995-ci il tarixdə qəbul edilmiş Konstitusiyası, 7 dekabr 1999-cu il tarixli "Prokurorluq haqqında" Azərbaycan Respublikasının Qanunu, 29 iyun 2001-ci il tarixli "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanunu, həmçinin "Hərbi xidmət haqqında", "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının Qanunları və digər normativ aktlar oynayır.[3]
Hal-hazırda Azərbaycan Respublikasının Prokurorluq orqanları sistemində Azərbaycan Respublikasının Hərbi Prokurorluğu, Naxçıvan Muxtar Respublikasının hərbi prokurorluğu, Bakı, Sumqayıt, Gəncə, Qazax, Tərtər, Qarabağ, Füzuli, Lənkəran və Zaqatala hərbi prokurorluqları fəaliyyət göstərirlər.
"Prokurorluq haqqında" Azərbaycan Respublikasının Qanunu
Maddə 12. Azərbaycan Respublikası Hərbi Prokurorluğu
Azərbaycan Respublikası Hərbi Prokurorluğu ixtisaslaşdırılmış prokurorluq olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş başqa silaşlı birləşmələrdə, bu Qanunla və Azərbaycan Respublikasının digər qanunları ilə hərbi prokurorluqlara aid edilmiş səlahiyyətləri həyata keçirir.
Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tutulmuş və həbs edilmiş hərbi qulluqçuların saxlanıldığı yerlərdə, intizam hissələrində, eləcə də cəzaların hərbi hissələrdə icra edilməsi zamanı qanunlara və hərbi nizamnamələrə əməl olunmasına nəzarət edir. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində keçirilən idarədaxili yoxlamaların materiallarını tələb edir, Azərbaycan Respublikası Silahlı Qüvvələrində əmlakın talanması, hərbi xidmət əlehinə, habelə hərbi qulluqçular tərəfindən törədilən və ya hazırlanan digər cinayətlər barədə ərizə, şikayət, müraciət, əməliyyat-axtarış fəaliyyəti subyektlərinin məlumatları və qanunvericiliklə müəyyən edilmiş digər məlumatlar əsasında Azərbaycan Respublikası Hərbi prokurorunun qərarı ilə yoxlamanın aparılmasını, bu məqsədlə mütəxəssislərin ayrılmasını, habelə araşdırılan faktların cinayət işinin başlanmasına kmfayət qədər əsəs verib-verməməsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsini təmin edir.
Hərbi prokurorluq öz vəzifələrini hərbi idarəetmə orqanlarından, komandanlıqdan asılı olmayaraq icra edir. Hərbi prokurorluqların işçiləri xidməti fəzifələrinin icrası ilə əlaqədar bütün hərbi idarəçilik orqanlarının, hərbi hissələrin, hərbi müəssisə və idarələrin bina və ərazilərinə maneəsiz daxil ola bilərlər.
Azərbaycan Respublikası hərbi prokurorluqlarına aiddir:
Azərbaycan Respublikası Hərbi Prokurorluğu;
Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğu;
hərbi prokurorluqlar.
Hərbi prokurorluqlar Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qarnizonlarının yerləşdiyi ərazilərdə, bu prokurorluğun fəaliyyət dairəsinə aid edilmiş hərbi hissələrin sayı nəzərə alınmaqla təşkil edir.
Azərbaycan Respublikası Hərbi Prokurorluğuna vəzifəsinə görə Baş prokurorun müavini hesab edilən Azərbaycan Respublikasının Hərbi prokuroru rəhbərlik edir.
Azərbaycan Respublikası Hərbi prokuroru Azərbaycan Respublikası Konstitusiyasının 133-cü maddəsinin IV hissəsinə uyğun olaraq vəzifəyə təyin və vəzifədən azad edilir.
Azərbaycan Respublikası Hərbi Prokurorluğunda idarə, şöbə və digər struktur bölmələri yaradıla bilər. İdarə və şöbələrinin rəisləri və müavinləri Hərbi prokurorun böyük köməkçiləri və köməkçiləri hesab edilir. İdarə və şöbələrə prokurorlar və müstəntiqlər təyin edilə bilər.
Azərbaycan Respublikası Hərbi Prokurorluğunun işçilərini Azərbaycan Respublikasının Baş prokuroru vəzifəyə təyin və vəzifədən azad edir. Azərbaycan Respublikası Hərbi prokuroru həmin şəxslərin vəzifəyə təyin və vəzifədən azad edilməsi barədə təqdimat verə bilər.
Azərbaycan Respublikası Hərbi prokuroru öz səlahiyyətləri çərçivəsində əmr, göstəriş, digər aktlar verir və onların icrası Hərbi Prokurorluğun bütün işçiləri üçün məcburidir.
Azərbaycan Respublikası Hərbi Prokurorluğunda məşvərətçi orqan olan və Azərbaycan Respublikasının Hərbi prokuroru rəhbərlik edən Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kollegiyası yaradılır.
Kollegiyanın tərkibinə Azərbaycan Respublikasının Hərbi prokuroru, onun müavinləri, Naxçıvan Muxtar Respublikanın Hərbi prokuroru, idarə və şöbə rəisləri, Hərbi Prokurorluğun digər rəhbər işçiləri daxildirlər.
Kollegiyanın tərkibini Azərbaycan Respublikası Hərbi prokurorunun təqdimatı əsasında Azərbaycan Respublikası Baş prokuroru təsdiq edir.
Kollegiya öz səlahiyyətləri çərçivəsində bu Qanunun 11-ci maddəsinin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş həddə fəaliyyət göstərir.
Hərbi prokurorluq orqanlarının zabitləri "Hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət keçir və onlar "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının Qanunu və digər qanunlarla müəyyən edilmiş hüquq və imtiyazlara malikdirlər.
Hərbi prokurorluq orqanlarında qulluq edən vətəndaşların hərbi xidmətə çağırışı, onların ehtiyata və istefaya buraxılması Azərbaycan Respublikası Hərbi prokuroru tərəfindən həyata keçirilir.