Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Hacı Məcid əfəndi Mustafa əfəndi oğlu (1829–1908) — din xadimi, İslam Şəriəti alimi, müdərris.
Hacı Məcid Əfəndi | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Şamaxı |
Vəfat tarixi | |
Vəfat yeri | Şamaxı |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | din xadimi |
Fəaliyyət illəri | XIX əsrin ikinci yarısı, XX əsrin əvvəlləri |
Əslən indiki İsmayıllı rayonunun Diyallı kəndindəndir.
Cənubi Qafqaz mədrəsələrində oxumuş və dövrünün görkəmli üləmalarından dərs almışdır. Göyçay qəzası Diyallı prixod mollası (1874–1889), Bakı quberniyası Sünni məclisinin sədri (1889–1908) işləmişdir.
Hacı Məcid Əfəndi Azərbaycanda, xüsusilə Şamaxıda XIX əsrdə elmin, mədəniyyətin, təhsilin yaradıcılarından biri olub. İstanbulda, Bağdadda, Tiranada dini təhsil alıb, qayıdandan sonra Bakı Quberniyasının Müsəlman Məclisinin sədri, eyni zamanda Cümə məscidinin Baş İmamı olub.
Mirzə Ələkbər Sabir Hacı Məcid Əfəndi Əfəndizadə ilə səmimi dostluq münasibətində idi. Sabirin Hacı Məcid Əfəndinin ölümünə iki şeir yazması bu münasibətdən irəli gəlirdi.
Cəlil Məmmədquluzadə isə əksinə "İrşad" qəzetində Ə.Ağayevin Hacı Məcid Əfəndini "ustadı-kamil", "məlazül-möminin", "məlcəül-müslimin" kimi dəbdəbəli ifadələrlə səciyyələndirməsi haqqında istehza ilə yazırdı: "Bu işlərin hamısını adam mülahizə eləyəndə adamın yadına, məsələn, Zəngəzur acları düşür. Sonra adam öz-özünə deyir ki, dəxi niyə ürəyimi sıxıram? Şamaxıda ki "məlcəül-müslimin" var, dəxi niyə ürəyimi sıxıram? Sonra adamın yadına əcnəbi millətlərin ayağının altında payimal olan və yavaş-yavaş mətruk olmağa üz qoyan müsəlman millətləri düşür, yenə adam deyir ki, niyə qüssə eləyirəm, Şamaxıda Hacı Məcid əfəndi kimi "pənahgahımız" var" ("Molla Nəsrəddin", 1907, N2I6).
Hacı Məcid Əfəndinin üç oğlunu 1930-cu ildə xalq düşməni kimi, bir gecədə güllələyiblər. Bu qardaşlar 1918-ci ildə baş vermiş erməni-müsəlman davasında həm türk qoşununun tərkibində, həm də özlərinin yaratdığı atlı dəstə ilə vuruşublar və əhalini daşnakların törətdiyi soyqırımdan qurtarıblar. Böyük bir din xadimi ailəsindən olmaları da onların qətlinin səbəblərindən idi.