Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Hacı Mahmud əfəndi türbəsi və ya Göy türbə — Hacı Mahmud Əfəndinin ocağı; Aslanbəyli kəndinin qədim qəbiristanlığında Türbə və Yerli Əhəmiyyətli Tarixi Abidə.
Göy türbə (Hacı Mahmud Əfəndinin türbəsi) | |
---|---|
Hacı Mahmud Əfəndinin türbəsi | |
Ölkə | Azərbaycan |
Status | Türbə |
Şəhər | Qazax rayonu |
Yerləşir | Aslanbəyli kəndi |
Sifarişçi | Hacı Mahmud Əfəndi |
Tikilmə tarixi | |
Sahəsi | İç sahəsi- 16 kvadrat metr |
Türbə Aslanbəyli kəndinin qədim qəbiristanlığında, İncəsu çayı boyunca uzanan el yolunun solundadır. Qazax, Gəncə və Borçalı ellərində "Göy türbə" kimi tanınan Hacı Mahmud Əfəndinin türbəsi həm də xalqın inanc yeri kimi məşhurdur. Buraya əhd edib gələnlərin sayı-hesabı bilinmir. Gəncə-Qazax, Borcalı ellərində, Dağıstanda, Türkiyədə tanınan bir ziyarətgahdır. Geniş və möhkəm hasarın içərisində yerləşən dördkünc türbə 1893-cü ildə ucaldılıb. 1835–1896-cı illərdə yaşamış Hacı Mahmud Əfəndi öz dövrünün tanınmış din xadimi olmuşdur. O, dini təhsilini Türkiyədə almışdır. Hacı Mahmud Əfəndi sevimli müəllimi Seyid Mir Həmzə Nigari Qarabağiyə ehtiram əlaməti olaraq Türkiyənin Amasya şəhərində, onun dəfn olunduğu yerdə böyük bir türbə tikdirmişdir. Türbənin qarşısına Hacı Mahmud Əfəndinin adı yazılı lövhə vurulmuşdur. Tikilinin bəzi elementləri göy rənglə boyandığından xalq arasında ona bəzən Göy türbə də deyirlər. Türbədə öz savadı və xeyirxahlığı ilə bütün bölgənin rəğbətini qazanan Hacı Mahmud Əfəndi Qaraninin (1835–1896) və onun məsləkdaşı Seyid Yasinin məzarları yerləşir. Aslanbəyli kəndindəki türbə həm də gözəl memarlıq nümunəsidir. Abidə günbəzlə örtülmüş, üz qatı memarlıq dekorları, ornament və kitabələrlə bəzədilmişdir. Türbəyə xüsusi gözəllik vermək üçün çatma tağlar inşa edilmişdir. Abidənin inşa tarixi divarlarına Ərəb əlifbası ilə həkk edilmiş yazılardan aydın olur. Giriş qapısından bir qədər yuxarıda maddeyi-tarix yazılmışdır. "Binai-tərbeye-tarix arar təbi bulur qəvvas, Dedi kim bu ğəriq oldu səfa Allah səfadır bu. 1318". Bu beytin mənasından məlum olur ki, şeirdəki əbcəd hesabı ilə tapılmasına işarə olunan söz "ğəriq" kəlməsidir. Bu, Hicri-qəməri təqvim ilə 1310-cu , Miladi tarixi ilə 1892-ci ilə düşür. Lakin beytin sonundakı tarixdə 1318-ci il göstərilmişdir. Bu tarixi araşıdran müəlliflər türbənin 1892-ci ildə tikilməsini daha düzgün tarix sayırlar. Tikintinin ətrafı qəbirstanlıqdır. Yaxın qalanın üzərində 1909-cu ildə Həmid Əfəndinin təşəbbüsü ilə tikilmiş Məscid və Hacı Mahmud Əfəndinin evi ucalır.
Yaxın dostu və məsləkdaşı olan Seyid Yasinin 1892-ci ildə vəfatından sonra Hacı Mahmud Əfəndi onun məzarı üstündə türbə ucaldır. Üç il sonra özü də vəsiyyəti ilə orada dəfn edilir. Deyilənə görə türbənin layihəsini Hacı Mahmud əfəndi Türkiyədən gətiribmiş. Tikintini İncə dərəsinin və Borçalının ən məşhur ustaları yetiribmiş. İnşaya rəhbərliyi Hacının kürəkəni Daşsalahlı Mustafa bəy Miralayev edibmiş. Türbə müqəddəs sayılır və hətta sovet hakimiyyəti dövründə qoyulan qadağalara baxmayaraq, indiyə qədər bütün illər uzaq və yaxın ellərdən gələn adamlar tərəfindən ziyarət olunur.
Hacı Mahmud Əfəndi türbəsi (iç sahəsi 4x4 metr) dördbucaqlı formaya malikdir. Türbənin hündürlüyü 6 metrdir. Divarları iç tərəfdən qum-sement məhlulu ilə suvanmış və yaşıl rənglə işlənmişdir. Türbənin bir giriş qapısı və iki pəncərəsi vardır. İçərisində iki qəbir yerləşmişdir. Giriş qapısından içəridə — sol tərəfdə Hacı Mahmud Əfəndinin, sağ tərəfdə isə Seyid Yasin Əfəndinin qəbridir.Baş daşlarında farsca yazılar həkk olunmuşdur. Qeyd etmək lazımdır ki, Seyid Yasin Əfəndi Mahmud Əfəndinin dostu olmuşdur. Türbənin divarları daş plitələrlə üzlənmişdir. Türbə olduğu kimi qorunub saxlanmışdır. Lakin 1987-ci ildə burada təmir işləri aparılmışdır. Təmir işləri türbədə yığılan nəzir-niyaz hesabına icra edilmişdir. Türbə dövlət tərəfindən qeydiyyata alınmışdır.
https://www.youtube.com/watch?v=qf7wAQJOgY8 https://www.youtube.com/watch?v=nYbwWMPPZ8w