Bu məqalə qaralama halındadır. |
Hitler salamı (alm. Hitlergruß) — Nasist salamlaşması adı ilə də tanınan və Nasional Sosialist Alman Fəhlə Partiyasının üzvləri tərəfindən yaradılmış salamlaşma forması. Hitler salamı verən şəxs Adolf Hitlerə və onun apardığı siyasətə öz bağlılığını ifadə etməkdədir.
Hitleri salamı vermək 1933-cü ildə Almaniyada Nasional Sosialist Alman Fəhlə Partiyası hakimiyyətə gələndən sonra Vermaxt əsgərləri və dinc əhali üçün məcburiyyət halına gətirilmişdir. Üçüncü Reyx dönəmi ərzində sözü gedən jest ümumi birlik ifadəsi kimi izah olunurdu. Günümüzdə keçmiş adı ilə Hitler salamı olaraq bilinən Nasist salamı vermək Almaniya və Avstriyada cinayət məsuliyyəti daşıyır.
1923-cü ilin əvvəllərinə qədər Nasional Sosialist Alman Fəhlə Partiyasının üzvü olan şəxslər öz liderlərini yuxarı istiqamətdə tam şəkildə açılmış qol hərəkəti ilə salamlamaqda idi. Adolf Hitler kütlə qarşısında ona ünvanlanan Hitler salamına sağ əlini qaldırır, dirsəyini yuxarı doğru bükərək cavab verirdi.
Çox yaşa Hitler və Hitlerə Salam olsun kimi anlamlara gələn Hitler salamı alman dilində Heil Hitler! olaraq adlandırılmışdır. 1923-cü ilə qədər Hitler salamı vermək Nasional Sosialist Alman Fəhlə Partiyası üzvləri arasında məcburi olmasa da 1926-cı ildən məcburi hala gətirilmişdir.
Nasional Sosialist Alman Fəhlə Partiyasının üzvləri Hitler salamının italiyalı faşist lider Benito Mussolini tərəfindən verilməsinə ilk öncə etiraz etmişdilər. Etirazın səbəbi salamlaşa formasının eyni zamanda alman etnik kimliyi daşıyan şəxslər arasında bir jestika forması olaraq qəbul edilməsində idi. Alman olmayan şəxslərin Hitler salamı verməsi 20-ci illərin ortalarında birmənalı şəkildə qəbul olunmurdu.
1936 Yay Olimpiya Oyunları Üçüncü Reyxin paytaxtı Berlin şəhərində keçirilmişdir. 1933-cü ildə ölkədə hakimiyyəti ələ keçirən Nasional Sosialist Alman Fəhlə Partiyası Yay Olimpiya Oyunlarından öz təbliğatı üçün istifadə etməyi planlaşdırmışdır. Oyunların açılışı zamanı Adolf Hitlerin əyləşdiyi tribunanın qarşısından keçən bəzi ölkələrin idmançıları füreri Hitler salamı ilə salamlamışdır. Hitler salamından istifadə edən idmançılar Əfqanıstan, Bermud adaları, Bolqarıstan, Boliviya, Fransa, Yunanıstan, İslandiya, İtaliya və Türkiyəni təmsil etməkdə idilər. Bolqar atletlərin hitler salamı ilə yanaşı, meydana hərbi addımlarla daxil olduğu qeyd edilmişdir. Avstraliyalı idmançılar isə onlara təklif edilən Hitler salamı əvəzinə olimpik salamı verərək stadiona daxil olmuşdular.
Qızıl medal qazanan alman idmançıların mükafatlandırma mərasimi zamanı Hitler salamı verdikləri də məlumdur. 1945-ci ildə Üçüncü Reyxin süquta uğramasının ardından hitler salamı vermək rəsmi dairələrdə qadağan edilmişdir. 1970-ci illərdə Avropada güclənən neo-faşist hərəkatları zamanı gənclər arsında məşhurlaşan salamlaşma forması müasir dövrdə qadağan edilib. Belə ki, Almaniya və Avstriyada ictimai yerlərdə insanlara Hitler salamı vermək pul cəzası və 3 ilə qədər həbs cəzalarını nəzərdə tutur.