Huma Quşu Fondu

Huma Quşu Təhsilə Yardım Fondu — kommersiya məqsədi güdməyən qeyri-hökumət təşkilatıdır. Fond beynəlxalq qurumlarda çalışan və gənc yaşda həyatını itirən Humay Quliyevanın[1] ailə üzvlərinin təşəbbüsü ilə onun xatirəsini yaşatmaq və xeyirxah əməllərini davam etdirmək[2][3] məqsədilə yaradılıb. Ad seçimində Humayın ingiliscə yazdığı bir şeirin "After all, I am named after a bird living its entire life flying invisibily high above the Earth – Huma." ("Axı hər şeydən əvvəl bütün həyatını Yer üzündən gözəgörünməz yüksəklikdə uçmaqla keçirmiş bir quş adıdır adım – Huma." — misrasından istifadə edilib. Deviz isə Nizami Gəncəvinin "Sirlər xəzinəsi" poemasından götürülmüş "Sən ki, Huma quşusan, şərəfli iş gör, əlbət!" misrasıdır.

Huma Quşu Fondu
Növü Təhsilə Yardım Fondu
Şüar “Sən ki, Huma quşusan, şərəfli iş gör, əlbət!”
Yaranma tarixi 17 noyabr 2022-ci il
Prezident Şəhla Vəzirova
humagushu.az

Fondun rəsmi açılışı 17 noyabr 2022-ci ildə olub.[4] Huma Quşu Təhsilə Yardım Fondunun təsisçisi və prezidenti Humayın anası Şəhla Cahangir qızı Vəzirovadır. Fondun fəaliyyətinə nəzarəti üç nəfərdən ibarət Himayəçilər Şurası həyata keçirir.

Məqsəd[redaktə | mənbəni redaktə et]

Huma Quşu Fondunun başlıca məqsədi imkansız və az təminatlı ailələrin istedad və bacarığı ilə seçilən övladlarının ölkəmizdə və Azərbaycanın hüdudlarından xaricdə keyfiyyətli bakalavr və magistr təhsil almasına və cəmiyyət üçün faydalı insanlar, Humay kimi xeyirxah, vətənpərvər gənclər yetişməsinə maliyyə yardımı göstərməkdir. Bundan başqa Fond Qarabağ müharibəsi qazilərinin müxtəlif kurslarda müasir texnologiyalar sahəsində təhsil almalarına, ixtisaslarını artırmağa və yeni ixtisaslara yiyələnmələrinə maliyyə dəstəyi göstərir.

Prinsiplər[redaktə | mənbəni redaktə et]

Xeyriyyəçilik fəaliyyəti üçün təhsilə yardım sahəsinin seçilməsi ilk növbədə Humayın biliyə, təhsilə, kitaba, oxuyub-öyrənməyə olan sonsuz məhəbbəti ilə bağlıdır. Fondun təsisi zamanı onun halal zəhmətlə qazanılmış vəsaitinin bu istiqamətdə xərclənməsinin məqsədəuyğun şəkildə həyata keçməsi, nəcib fəaliyyətinin özündən sonra da davam etdirilməsi ideyası əsas götürülüb. Fond işini genişləndirmək və imkansız gənclərin təhsilinə maliyyə dəstəyini daha böyük miqyasda təmin etmək üçün müxtəlif qurumlardan və vətəndaşlardan xeyriyyə məqsədilə könüllü ianələrin, habelə birdəfəlik yardımların qəbul olunmasını da məqsədəuyğun sayır. Fondun fəaliyyətinin həyata keçirilməsində Humayın qohumları, yaxın dostları və rəfiqələri könüllülük prinsipi əsasında təmənnasız şəkildə iştirak edirlər. Qərarlar kollegiallıq, dürüstlük və fondun nizamnaməsində əksini tapan digər prinsip və meyarlara uyğun qəbul edilir. Bu zaman yalnız maddi imkansızlıq yox, həm də istedad, zəhmətsevərlik, intizam, ictimai fəallıq, vətənpərvərlik, məqsədyönlülük, milli-mənəvi dəyərlərə bağlılıq kimi amillər də əsas götürülür.

Fəaliyyət[redaktə | mənbəni redaktə et]

Fond fəaliyyət göstərdiyi qısa vaxt ərzində bir çox vacib layihəyə imza atıb. STEP IT Academy Baku və MilliSoft IT şirkətinin tərəfdaşlığı ilə həyata keçirilən İkinci Qarabağ Müharibəsi qazilərinin informasiya texnologiyaları üzrə təhsilinə dəstək proqramı, ADA Universitetində magistr təhsili almaq istəyən tələbələr üçün təqaüd proqramı, Azərbaycanda, eləcə də xaricdə bakalavr və magistr təhsili almaq istəyən Azərbaycan vətəndaşları üçün "Kiçik qrantlar proqramı", “İstedadlı gənclərin çoxpilləli təhsilinə dəstək” proqramı bu qəbildəndir. Bu layihələr sayəsində maddi cəhətdən imkansız, lakin istedadlı bir neçə gənc fondun maliyyə dəstəyi ilə Azərbaycanda və ölkə xaricində təhsil almaq imkanı qazanıb.

Ümumilikdə “ADA Universitetində magistr təhsili almaq üçün” təqaüd proqramı[5] üzrə 1, “İstedadlı gənclərin çoxpilləli təhsilinə dəstək” proqramı üzrə 3, “İkinci Qarabağ Müharibəsi qazilərinin informasiya texnologiyaları üzrə təhsilinə dəstək” proqramı üzrə 6, “Kiçik qrantlar proqramı”[6] üzrə isə 4 tələbə fondun maliyyə dəstəyi ilə təmin edilib.

Əməkdaşlıq[redaktə | mənbəni redaktə et]

ADA Universitetində fondun ictimaiyyətə təqdimat mərasimi
Avstriyanın paytaxtı Vyanada fondun təqdimat mərasimi və xatirə gecəsi

Huma Quşu Fondu müxtəlif təhsil müəssisələri və təşkilatlarla əməkdaşlıq əlaqələrinin qurulmasına və birgə layihələrin həyata keçirilməsinə xüsusi önəm verir. 17 noyabr 2022-ci ildə Huma Quşu Fondu ilə ADA Universiteti arasında əməkdaşlıq əlaqələri qurulub və fondun ictimaiyyətə təqdimat mərasimi baş tutub.[4] Əməkdaşlıq çərçivəsində 6 fevral 2023-cü ildə ADA Universitetində magistr təhsili almaq istəyən tələbələr üçün təqaüd proqramı həyata keçirilib[7], eləcə də universitetdə fondun fəaliyyətinə həsr olunmuş "Bir ilin nəticələri" adlı tədbir keçirilib.[8][9][10] Tədbirdə hesabat xarakterli təqdimat edilib, videoçarx və Cadenza orkestrinin ifasında “Ulduzların laylası” adlı möhtəşəm konsert təqdim olunub.

9 yanvar 2023-cü ildə “Huma Quşu” Fondunun prezidenti Şəhla Vəzirova Bakı Slavyan Universitetində rektor Anar Nağıyevlə görüşüb.[11] İşgüzar və səmimi şəraitdə keçən görüş zamanı Fondla Bakı Slavyan Universiteti arasında əməkdaşlıq, burada təhsil alan tələbələrin təqaüd proqramına cəlb olunması məsələləri müzakirə edilib. 4 mart 2023-cü ildə universitetdə “Huma quşu” Fondunun və fondun yeni təhsil təqaüdlərinin təqdimatı keçirilib.[12]

11 mart 2023-cü ildə Xəzər Universitetində Huma Quşu Təhsilə Yardım Fondunun təqdimat mərasimi keçirilib.[13] Tədbirdə fondun təhsilə dəstək və təqaüd proqramları, fəaliyyət göstərdiyi müddət ərzində qazilərə və maliyyə imkanı məhdud tələbələrə təhsilə yardım istiqamətində verilmiş dəstək və gələcək planlar haqqında məlumat verilib.

10 oktyabr 2023-cü ildə Avstriyanın paytaxtı Vyanada fondun təqdimat mərasimi və xatirə gecəsi keçirilib. Tədbirdə fondun fəaliyyət prinsipləri, prosedurları, kommunikasiya imkanları və son bir ildə dəstəklədiyi layihələr barədə təqdimat keçirilib, Azərbaycan və Qərb klassik musiqisi ifa olunub.

Humay Quliyeva[redaktə | mənbəni redaktə et]

Fond Humay Quliyevanın xatirəsini yaşatmaq və xeyirxah əməllərini davam etdirmək məqsədilə yaradılıb

Humay 1985-ci il noyabrın 17-də Bakıda ziyalı ailəsində anadan olub. Kiçik yaşlarından kitaba, musiqiyə, incəsənətə məhəbbət ruhunda böyüyüb. Dörd yaşında sərbəst şəkildə oxumağı öyrənib. 1991-ci ildə Bakı şəhərindəki 20 saylı orta məktəbin birinci sinfinə gedib. 1996-cı ildən təhsilini Avropa liseyində davam etdirib. 2001-ci ildə Açıq Cəmiyyət Fondunun (Soros Fondu) xətti ilə altı ay müddətində şagird mübadiləsi proqramı çərçivəsində ABŞ-nin Kolorado ştatının Denver şəhərində, amerikan məktəbində oxuyub. 2001-ci ildə orta təhsilini başa vurub. 2001-2005-ci illərdə Türkiyənin Bilkent universitetində (Ankara) iqtisadiyyat üzrə bakalavr təhsili alıb. Universiteti bitirdikdən sonra iki ilə yaxın Böyük Britaniyanın Bp şirkətinin Bakı ofisində, İctimaiyyətlə əlaqələr departamentində çalışıb. 2007-2009- cu illərdə ABŞ-nin Kolumbiya universitetində Sosial və İqtisadi İnkişaf (Social and Economic Development) fakültəsində magistratura təhsili alıb. 2010-2012-cü illərdə Dünya Bankının “Junior Professional Association” proqramı çərçivəsində bankın Vaşinqtondakı mərkəzi ofisində gender sahəsində mütəxəssis kimi çalışıb. İşi ilə əlaqədar Afrika qitəsinin geridə qalmış ölkələrindən sayılan Liberiyada xidməti ezamiyyətdə olub. Proqram başa çatandan sonra iki ay ərzində “Financial Times” qəzetində təcrübə keçib. Maliyyəiqtisadiyyatla bağlı bir neçə yazısı çap edilib. 2012-ci ilin yayında Bakıya qayıdan Humay Azərbaycan Respublikasının Mərkəzi Bankında işə qəbul olunub. 2014-cü ildən Humayın Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə əməkdaşlığı başlayıb. BQXK-nın Ukraynanın Mariupol (2014-2015) və Mərkəzi Afrika Respublikasının Bambari (2016-2017) ofislərində nümayəndə kimi çalışıb. Qurumun Ukraynanın Slavyansk şəhərindəki ofisində mülki əhalinin qorunması üzrə nümayəndə kimi fəaliyyət göstərib. Fəal və səmərəli işi nəticəsində Ukrayna Müdafiə Nazirliyi tərəfindən “Ukrayna Silahlı Qüvvələri qarşısındakı xidmətlərə görə” medalı ilə təltif olunub. 2019-cu ilin noyabrından 2021-ci ilin martına qədər BQXK-si Kolumbiyadakı Nümayəndəliyinin Medellin ofisində mülki əhalinin mühafizəsi qrupunun rəhbəri vəzifəsində çalışıb. 2021-ci il martın 13-də Kolumbiyada faciəli şəkildə həlak olub.[14]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Səfir Vilayət Quliyevin qızı Humay Quliyeva vəfat edib - Başsağlığı" (az.). 525.az. 2023-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16.03.2021.
  2. ""Huma quşu" Təhsilə Yardım Fondunun təqdimatı oldu". modern.az (az.). 2023-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17.11.2022.
  3. ""Huma quşu" Təhsilə yardım fondunun təqdimat mərasimi keçirilib (FOTO)". trend.az (az.). 2023-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17.11.2022.
  4. 1 2 "ADA Universitetində "Huma quşu" Təhsilə Yardım Fondunun təqdimatı keçirilib" (az.). Azərtac.
  5. ""Huma quşu" Təhsilə Yardım Fondu ADA Universiteti ilə birlikdə sözügedən universitetdə magistr təhsili almaq istəyən tələbələr üçün əqaüd proqramını elan edir". 2024-01-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-12.
  6. ""Huma Quşu" Fondunun İdarə Heyəti 2023-cü il "Kiçik qrantlar proqramı" müsabiqəsinin nəticələrini elan edib". https://humagushu.az/ (az.). 2024-01-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-12.
  7. ""Huma quşu" Təhsilə Yardım Fondu ADA Universiteti ilə birlikdə sözügedən universitetdə magistr təhsili almaq istəyən tələbələr üçün təqaüd proqramını elan edir". 2024-01-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-12.
  8. ""Huma quşu" Təhsilə yardım fondu hesabat verib".
  9. "В Университете ADA прошло мероприятие, посвященное деятельности "Huma Quşu Fondu" (ФОТО)" (rus). 2024-01-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-12.
  10. ""Huma Quşu" Təhsilə Yardım Fondunun fəaliyyətinə həsr olunmuş "Bir ilin nəticələri" adlı tədbir keçirilib". 2024-01-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-12.
  11. ""Huma Quşu" Fondunun prezidenti Şəhla Vəzirova və Fondun ictimai məsələlər üzrə mütəxəssisi Nigar Babazadə Bakı Slavyan Universitetində olub". 2024-01-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-12.
  12. "BSU-da "Huma Quşu" Təhsilə Yardım Fondunun təqdimatı olub - FOTO". 2024-01-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-12.
  13. "Xəzər Universitetində "Huma Quşu" Təhsilə Yardım Fondunun təqdimat mərasimi keçirilib". 2024-01-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-12.
  14. "Vilayət Quliyevə ağır itki - Foto". 2024-01-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-12.