III Leo (yun. Λέων ὁ Ἴσαυρος) (675[1][2], Qəhrəmanmaraş – 18 iyun 741, Konstantinopol) — Bizans imperatoru.[3][4][5]
III Leo | |
---|---|
yun. Λέων Γ΄ | |
Əvvəlki | III Feodosi |
Sonrakı | V Konstantin Artabasd |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 675[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 18 iyun 741 |
Vəfat yeri | |
Vəfat səbəbi | şiş |
Fəaliyyəti | hərbi qulluqçu |
Uşaqları |
Anna V Konstantin İrina Kosmo |
Dini | xristianlıq |
Rütbəsi | strateq |
Vikianbarda əlaqəli mediafayllar |
Əslən indiki Suriyanın şimal bölgəsindən olan Leonun ailəsi, II Yustinianın bölgədə apardığı siyasətlə Trakyaya köçürülmüş ailələrdən biridir. II Yustinian taxtdan endirildikdən sonra 705-ci ildə yenidən hakimiyyəti əldə etmək məqsədilə Konstantinopola səfər etmiş, bu səfər əsnasında onu və ordusu qarşılayan Leo ordu ehtiyaclarının qarşılanmasında köməklik göstərmişdir. Beləcə, imperatorun ordusuna qatılan Leo sonrakı illərdə hərbi karyerasında sürətlə yüksəlməyə başlamışdır. II Anastasi dönəmində əyalət birliklərindən birinin başına gətirilən Leo, bu vəzifədə ikən Anadoluya yürüş edən ərəblərlə mübarizə aparmışdır. Daha sonra qızını, özü kimi ordu generalı olan Artabasdla evləndirərək onun dəstəyini qazanmış, topladığı hərbi birliklərlə imperator III Feodosiyə qarşı ayaqlanmışdır.
İlk mərhələdə imperator ordusunu məğlub edən Leo Nikomediya yaxınlığında imperatorun yeganə oğlunu və bəzi aristokratları əsir aldı. Bu hadisənin ardından Konstantinopol yaxınlığında sülh müzakirələrinə başladı. Nəticədə III Feodosi Efesə çəkilməsinə icazə verilməsi şərtilə taxtdan çəkildi və Konstantinopol patriarxının da təsdiqiylə Leo şəhərə daxil olaraq 25 mart 717-ci ildə Ayasofiyada imperator elan edildi. Onun taxta çıxmasıyla 22 ildir davam edən anarxiya dönəmi başa çatdı.
Ancaq o əsnada ərəblər Anadolunun böyük bir hissəsini ələ keçirmiş, 15 avqust 717-ci ildə 80 minlik orduyla Konstantinopolu mühasirəyə almışdı. 1 sentyabr günü ərəblərə məxsus 1800 gəmilik donanma da mühasirəyə qatılmışdır. Ərəb gəmilərinin yandırılaraq məhv edildiyi bu mühasirə əsnasında Haliç boğazına ilk dəfə zəncir çəkilmişdir. Bu məğlubiyyətin bir digər səbəbi də ərəb ordusunda yaranan qıtlıq və hava şəraitinin pisləşməsi idi. Digər tərəfdən Bizansla müttəfiq olan bulqarların da ərəblərə hücum etməsinin ardından 15 avqust 718-ci ildə mühasirə qaldırıldı. 720-ci ilin avqutsunda 2 yaşlı oğlu Konstantini ortaq imperator elan etdi. Mühasirənin ardından bölgədəki ərəb ağalığına son qoymaq məqsədilə Xəzər xaqanı ilə ittifaq quran III Leo, oğlu və varisi Konstantini 733-cü ildə xaqanın qızı Çiçək xatunla evləndirərək bu ittifaqı daha da möhkəmləndirdi. 740-cı ildə ərəblərə qarşı qazandığı qəti qələbənin ardından onların qərbi Anadoluda irəliləyişinin qarşısı alındı.
Hərbi sahədə qazandığı qələbələrin ardından imperiyada inzibati və hüquqi sahələrdə islahatlar aparan III Leo ikonamaxiyaya dəstək vermişdir. Ancaq onun ikonalara qarşı yürütdüyü bu siyasət yerli əhali və katolik kilsəsinin narazılığına səbəb oldu. Paytaxt Konstantinopolda kiçik həcmli iğtişaşlar törədildi.
741-ci ildə vəfat edən III Leonun 24 illik səltənəti əsnasında Bizans imperiyası hərbi sahədə bir çox nailiyyətlə əldə etmiş, ancaq dini zəmində yaranan çaxnaşmalar imperiyanın sonrakı illərdə içinə düşdüyü böhranı daha da alovlandırmışdır.
Mariya adlı xanımının və bu xanımından 4 övladının olduğu bilinir. Oğlunun doğulmasının ardından 718-ci ilin avqustunda Avqusta ünvanı almışdır.