II Sam mirzə — 1743-cü ilin son rübündən etibarən I Sam mirzə tərəfindən mərkəzi hakimiyyətə qarşı qiyama Ərdəbildən Şirvana gəlmiş növbəti yalançı şahzadə — II Sam mirzə başçılıq etməyə başladı. Ona Qazıqumuqlu Surxay xanın oğlu Məhəmməd xan kömək edirdi.[1] Nadir şah Şirvanda olan hadisələrdən narahat olduğu üçün oğlu Nəsrullah Mirzəni böyük bir qoşunla yenidən Şirvana göndərdi. Lakin döyüş nəticəsində Nəsrullah Mirzə döyüşdə ağır məğlubiyyətə uğradı. Bu məğlubiyyətdən sonra Nadir şah təcili tədbirlər görməyə məcbur oldu – şah Osmanlı dövləti ilə sülh müqaviləsi imzalayıb, əsas qüvvələrlə Azərbaycandakı üsyaları yatırtmağı qərara aldı. Yeni hərbi qüvvələr almış Nəsrullah Mirzənin qoşunu 1743-cü ilin sonlarında Ağsu yaxınlığında üsyançılarla döyüşə girdi.[2] Ağsu yaxınlığında Şahbağı adlanan yerdə baş vermiş döyüş nəticəsində II Sam mirzəni məğlub edildi. Məhəmməd xan Dağıstana, II Sam mirzə isə Kaxetə qaçdı. II Sam mirzəni həbs edən Kaxet valisi Teymuraz onu Bərdəyə – Nəsrullah mirzənin düşərgəsinə göndərdi. 1743-cü ilin dekabrında II Sam mirzənin bir gözünü çıxartdıran Nəsrullah mirzə onu eşşəyə mindirərək, Qarsa göndərdi ki, "orada meydana çıxan yalançı "qardaşı" Səfi mirzə ilə görüşsün". Lakin II Sam mirzə yolda öldü.[1]