"Institutum Neronianum" (mənası – "Neron institutu") — Roma imperatoru Neronun xristianlara qarşı qanunu. Tertullian "Millətlərə" əsərində bununla bağlı məlumat verilmişdir. Onun mövcudluğu şübhə altındadır.
Korneli Tasitin qeydləri və sonrakı dövrün xristian ənənəsinə görə, Roma imperatoru Neron 64-cü ildə şəhərin bir hissəsini məhv edən və Roma əhalisini iqtisadi cəhətdən çökdürən Böyük Roma yanğınına görə xristianları günahlandırmışdır.[1] Entoni A. Barrett yazmışdır ki ki, "böyük arxeoloji səylər son vaxtlar yanğın üçün yeni dəlillər ortaya çıxarıb, lakin onu kimin başlatdığını göstərə bilmir".[2] Tasitin "Annallar"ında qeyd edilmişdir:
Hesabat verməkdən yaxa qurtarmaq istəyən Neron təqsirin üstünü örtmüş və iyrəncliklərinə görə nifrət edilən, xalq tərəfindən "xrestianlar"[a] adlandırılan bir sinfə ən şiddətli işgəncələri vermişdir. Adı ondan qaynaqlanan Xrist Tiberinin hakimiyyəti dövründə prokuratorlarımızdan biri olan Ponti Pilatın əli ilə ağır cəzaya məruz qalmışdı və bu an üçün yoxlanılan ən yaramaz xurafat nəinki şərin ilk mənbəyi olan İudeyada, hətta dünyanın hər yerindən iyrənc və utancverici hər şey öz mərkəzini tapan və populyarlaşan Romada da yenidən baş qaldırmışdır.[4] |
Tasitin bu qeydləri Neronun Böyük Roma yanğınına görə xristianları günahlandırmasını təsdiqləyən yeganə müstəqil dəlildir və ümumiyyətlə həqiqəti əks etdirdiyinə inanılır.[5][6][7] Tasitin müasiri olmuş Svetoni müəllifi olduğu Neronun bioqrafiyasının XVI fəslində yazmışdır ki, "yeni və şeytani xurafata inananların sinfi olan xristianlara cəza verilmişdir". Buna baxmayaraq, o, cəzanın səbəbini göstərməmişdir.[8][9]
Tertullian "Millətlərə" əsərində "institutum Neronianum" haqqında məlumat vermişdir. Buna görə də alimlər Neronun hakimiyyəti dövründə xristianlara qarşı qanun və ya fərman yaradılmasının mümkünlüyünü müzakirə edirlər. Fransa və Belçika alimləri, həmçinin marksistlər tarixən bu fikri dəstəkləmiş və belə bir qanunun rəsmi fərman deyil, ümumi hüququn tətbiqi olduğu irəli sürmüşdülər.[10] Bununla belə, bu fikir mübahisə mövzusu olmuşdur, çünki "institutum Neronianum" sadəcə antixristian fəaliyyətlərini təsvir etmiş, onlar üçün hüquqi əsas verməmişdir. Bundan başqa, Tertulliandan başqa heç bir yazıçı xristianlara qarşı qanun haqqında məlumat verməmişdir.[11]
İngiltərə akademiki Kandida Moss və Kanada tarixçisi Brent Şou bu hesabların düzgünlüyünü mübahisə etmişdir.[12][13] Buna baxmayaraq, Neron dövrünün təqiblərinin həqiqətə uyğunluğu tarixçilərin böyük əksəriyyəti tərəfindən dəstəklənir.[14][15][16][17] Neronun xristianları hədəf aldığı iddiasını dəstəkləyənlər Neronun xristianları yalnız mütəşəkkil şəkildə qəsdən od vurma ittihamı və ya xristianlıqla əlaqəli digər ümumi cinayətlərə görə cəzalandırdığını müzakirə edirlər.[18]
Cozef Brayant qeyd etmişdir ki, "Neronun kütləvi edamları bir presedent yaratmışdır və bundan sonra dövlət səlahiyyətlilərinin ölüm cəzasını tətbiq etmələri üçün təqsirlənən şəxsin sadəcə xristian olması kifayət olmuşdur. Bu vəziyyət imperator Trayan və Kiçik Plininin məşhur yazışmalarında təəccüblü şəkildə təsvir edilmişdir. Bu, xristianların 110-cu ildən əvvəl də sırf xristian olduqları üçün öldürüldüyünü təsdiq etmişdir".[19]