Jak Houdek

Jak Hudek (ing. Jacques Houdek; d. 14 aprel 1981, Velika Qoritsa, Yuqoslaviya Sosialist Federativ Respublikası (indiki Xorvatiya)) — Xorvatiyalı müğənni və bəstəkar. O Xorvatiyanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Jak öz peşəkar musiqi karyerasına 2000-ci ildə başlamışdır və həmin zamandan ifaçı bir çox mahnılar və albomlar təqdim etmişdir. O Xorvatiyanın The Voice səs yarışmasında münsif olaraq faəliyyət göstərir və 2015-ci ildə onun komandasında yer alan Nina Kralyiç yarışmanın qalibi seçilmişdir. Jak Xorvat dili ilə yanaşı İngilis, İtalyan, Alman, İspan, FransızMakedon dillərində də mahnılar ifa etmişdir.

Jak Hudek
ing. Jacques Houdek
Ümumi məlumatlar
Doğum adı Jelko Hudek
xorv. Željko Houdek
Ləqəbləri Gospodin Glas
Mr. Voice
Doğum tarixi (43 yaş)
Doğum yeri Velika Qoritsa, Yuqoslaviya Sosialist Federativ Respublikası (indiki Xorvatiya)
Vətəndaşlığı Xorvatiya Xorvatiya
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, bəstəkar
Fəaliyyət illəri 2000–h.h.
Janr
Musiqi aləti piano
Albom şirkəti Croatia Records
Əlaqəsi Nina Kralyiç
jacqueshoudek.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Jelko Hudek 14 aprel 1981-ci ildə keçmiş Yuqoslaviya Sosialist Federativ Respublikasının Zaqreb qraflığında yerləşən Velika Qoritsa şəhərində anadan olmuşdur. Musiqi məktəbinin piano bölməsində təhsilini bitirdikdən sonra Jak iki ali məktəbdə fərqli ixtisaslar üzrə təhsil almağa başlamışdır; musiqi (solo ifa bölməsi) və bərbərlik peşəsi. O eyni zamanda vokal dərsləri də almışdır. 2001-ci ildə ali məktəbi bitirdikdən sonra o, nüfuzlu Berkli Musiqi Kollecində təhsil almışdır.

Jak 2006-cı ildə Briqita Krkaç ilə ailə həyatı qurmuşdur. Onlar Sofiya və David adlı iki övladı var.

Musiqi karyerası

[redaktə | mənbəni redaktə et]

Jak Hudekin ilk solo konserti 2000-ci ilin fevral ayında Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilmişdir. İfaçının ilk sinqlı "Čarolija" 2002-ci ildə buraxılmışdır. Həmin mahnı ilə Jak Xorvatiyanın Dora pop festivalında çıxış etmişdir. Daha sonra müğənni Croatia Records albom şirkəti ilə anlaşma imzalamışdır. Həmin anlaşma sayəsində ifaçının indiyədək 13 albomu işıq üzü görmüşdür.

2007-ci ildə ölkədə keçirilən parlament seçkisi kampaniyasında Jak Xorvatiya Demokratiya İttifaqı siyasi partiyasının himnini ifa etmişdir. Daha sonra isə müğənni verdiyi müsahibədə siyasətlə maraqlanmadığını və kampaniyadakı çıxışını sadəcə musiqiçi olaraq bir öhdəlik adlandırmışdır.

2011-ci ilin yanvar ayında Jak Britaniyanın Open Mic UK musiqi yarışmasında iştirak etmiş və nəticədə dördüncü yerə layiq görülmüşdür. Eyni zamanda ifaçı Britaniyanın The X Factor yarışmasına qatılsa da, daha sonra Jakın ölkəni tərk etməli olması səbəbindən o yarışmada iştirakını davam etdirə bilməmişdir.

2017-ci ilin fevral ayında Xorvatiyanın HRT telekanalı Jak Hudekin ölkəni Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil edəcəyini elan etmişdir.[1]. 2017-ci ilin mart ayında müğənninin Avroviziya səhnəsində ifa edəcəyi "My Friend" mahnısı dinləyicilərə təqdim edilmişdir. Uzun məşqlərdən sonra Jak 11 may tarixində baş tutan müsabiqənin ikinci yarımfinal mərhələsində 11-ci nömrə altında səhnə almışdır. Nəticədə Jak 141 xalla 8-ci yeri tutaraq, Avroviziya 2017-nin finalına yüksəlməyə nail olmuşdur. Finalda mahnısını bir daha ifa edən müğənni ümumi nəticədə 26 ölkə təmsilçisi arasında 128 xalla 13-cü yerdə qərarlaşmışdır.

  • Čarolija (2004)
  • Kad is sretan (2005)
  • Živim za to (2006)
  • Idemo u zoološki vrt (2008)
  • Crno i bijelo (2008)
  • Najveći Božićni Hitovi (2009)
  • Meni za ljubav (2012)
  • Tko je, srce, u te dirn'o? (2016)
  • "Slap Ljubavi" (2016)
  • "Tugo Moja" (2016)
  • "Kad nekoga voliš" (2017)
  • "My Friend" (2017)
  1. "Jacques Houdek predstavljat će Hrvatsku na Eurosongu u Ukrajini". Večernji.hr (Xorvatca). 2017-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-17.
Əvvəlki:
Nina Kralyiç
"Lighthouse"
Xorvatiya Avroviziya Mahnı Müsabiqəsində

2017
Sonrakı:
Franka Bateliç
"Crazy"

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]