Xorvatiya (xorv. Hrvatska) - Mərkəzi Avropanın cənubunda, qismən Balkan yarımadasının qərbində yerləşən, keçmiş Yuqoslaviyanın tərkibinə daxil olan, 1991-ci ildə müstəqillik qazanan dövlət. Rəsmi adı - Xorvatiya Respublikası (xorvatca Republika Hrvatska). İdarəçilik forması - parlamentli respublikadır. Paytaxtı və ən iri şəhəri Zaqreb şəhəridir. Xorvatiya şimal-qərbdə Sloveniya, şimal-şərqdə Macarıstan və Serbiya, cənubda Bosniya və Herseqovina, cənub-şərqdə Monteneqro ilə həmsərhəddir. Ölkənin qərbində Adriatik dənizinin sahilində yerləşir. Xorvatiya 1992-ci ildən BMT-nin, Avropa Şurasının, ATƏT-in, 2009-cu ildən NATO-nun və 1 iyul 2013-cü ildən Avropa Birliyinin üzvüdür.
Xorvatiya | |||||
---|---|---|---|---|---|
Republika Hrvatska | |||||
| |||||
Lijepa naša domovino Bizim gözəl vətənimiz |
|||||
Himn: |
|||||
Rəsmi dilləri | |||||
Paytaxt | Zaqreb-687 min (2015-ci il) | ||||
İdarəetmə forması | respublika | ||||
Prezident | Zoran Milanoviç [19.II.2020 ~] | ||||
Baş nazir | Andrey Plenkoviç [19.X.2016 ~] | ||||
Sahəsi | Dünyada 127-ci | ||||
• Ümumi | 56594 km² | ||||
• Su sahəsi (%) | 1 | ||||
Əhalisi | |||||
• Əhali | 4 380 min nəfər (128-ci) | ||||
• Siyahıyaalma (31.III.2011) | 4 290 612 nəf. | ||||
• Sıxlıq | 77 nəf./km² | ||||
• Ümumi | 68.843.674.641 $[2], 70.964.606.465 $[2] | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | 88,5 milliard dollar (86-cı) | ||||
• Adambaşına | 20 900 dollar (81-ci) | ||||
Valyuta | avro | ||||
İnternet domeni | .hr | ||||
ISO kodu | HR | ||||
BOK kodu | CRO | ||||
Telefon kodu | +385 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sağ[d][3] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Xorvatlar digər cənub slavyanları kimi Balkan yarımadasına VII əsrdə gəldilər və IX əsrdə xristianlığı qəbul etdilər. 1091-ci ildə Xorvat kralı II Stepanın ölümündən sonra Xorvatiya torpaqları Macarıstan kralı I Latslo tərəfindən işğal edildi. Bu tarixdən etibarən Macarıstanla olan birlik 800 il davam etdi. Bu birlik dövründə öz parlamenti olan Xorvatiyada idarəetməni batır titulu daşıyan kralın yerli nümayəndəsi həyata keçirirdi. Varna (1444) və ikinci Kosovo (1448) döyüşləri nəticəsində Osmanlı dövləti Xorvatiyanın cənub hissəsini hakimiyyəti altına aldı. Mohaç döyüşündə (1526) Macarıstan kralı Lajos məğlub oldu və Xorvat torpaqlarının böyük hissəsi Osmanlı hakimiyyəti altına keçdi. XVI əsrin sonlarına qədər Xorvatiya sancaq bəyləri tərəfindən idarə edildi. 1583-cü ildə əyalət statusu alaraq bəylərbəylərinin idarəsinə verildi.
Vyana döyüşündən sonra Osmanlı dövlətinin Avropada geriləməsindən faydalanan Avstriya Xorvatiya torpaqlarını işğal etdi (1697). Osmanlıların bölgəni tərk etmələrindən sonra Xorvat torpaqları xüsusilə Xorvat olmayan əsilzadələrə verildi. XVIII əsrin sonlarına doğru Avstriyanın mütləqiyyətçi idarəsi Macar və Xorvat əsilzadələrini bir-birinə yaxınlaşdırdı. Xorvat parlamenti 1790-cı ildə Macar parlamentinin xeyrinə bəzi səlahiyyətlərindən imtina etdi. I Napoleon 1805-ci ildə Xorvat və Sloven torpaqlarını İlliriya əyalətinə qatdı, lakin 1813-cü ildə bu torpaqları itirdi. 1822-ci ildə köhnə sərhədlərinə qovuşan Xorvatiya Macarıstan ilə əlaqələrini yenidən qurdu. Bölgə 1849-cu ildə Avstriya torpaqlarına qatıldı. Xorvatiya 1868-ci ildə muxtar statuslu Macar torpağı elan edilərək Xorvat-Sloven Krallığı adını aldı.
Birinci dünya müharibəsindən sonra, 29 oktyabr 1918-ci ildə Xorvat parlamenti Avstriya və Macarıstan ilə olan əlaqələrini qopararaq müstəqilliyini və Serb, Xorvat, Sloven Krallığına qoşulduğunu elan etdi. Bu krallıq daha sonra Yuqoslaviya adını aldı.
İkinci dünya müharibəsi əsnasında Yuqoslaviyanın Almaniya tərəfindən işğal edilməsindən bir müddət sonra, 10 aprel 1941-ci ildə Zaqrebdə müstəqil Xorvatiya dövlətinin qurulduğu elan edildi və İtaliyayla Almaniya tərəfindən dərhal tanındı. Bu dövlət Sloveniya, Bosniya və Herseqovina və Dalmatiya əyalətinin bir hissəsini özündə birləşdirirdi. 1945-ci ildə Zaqreb partizanların əlinə keçdi. Müharibədən sonra Xorvatiya Yuqoslaviyaya birləşdi.
1980-ci illərin sonlarında kommunist ölkələrindəki demokratikləşmə hərəkatı Xorvatiyaya da təsir etdi. 1989-cu ildə Serbiya ilə Xorvatiya və Sloveniyanın əlaqələri pozuldu. Eyni il Xorvat Kommunist Partiyasının konqresində çoxpartiyalı sistemə keçmə qərarı alındı. 1990-cı ilin aprelindəki seçkiləri Xorvat Demokratik Birliyi qazandı. Xorvatiya 1991-ci ilin iyulunda müstəqilliyini elan etdi. Ardınca digər keçmiş Yuqoslaviya respublikaları da müstəqilliklərini elan etdilər. Yuqoslav ordusunun dəstəyini alan serblər Sloveniya və Xorvatiyaya qarşı hücuma keçdi. 1992-ci ildə Sloveniya, Xorvatiya və serblər arasında sülh təmin edildi.
Əhalisi təxminən 3 871 803 nəfər olan Xorvatiyanın sahəsi 56 594 km²-dir. Əhali sıxlığı 85 nəfər/km²-dir. Ölkə əhalisinin 92%-ni xorvatlar, 3%-ni isə serblər təşkil edir. Xalqın təxminən 79%-i katolikdir. Əhalinin 60%-i şəhərlərdə yaşayır. Paytaxt Zaqrebdən sonra əsas şəhərləri Rijeka, Fiume, Zadar, Sibenik və Dubrovnikdir. Ən nüfuzlu ali təhsil müəssisəsi Zaqreb Universitetidir.
Ölkə ərazisi 20 jupaniyə (əyalət) bölünür.
2006-cı ilə əsasən Xorvatiyada şəhər statusuna 127 yaşayış məntəqəsi sahibdir.
Xorvatiyanın iqtisadiyyatı əkinçilik və sənayeyə söykənir. İqtisadiyyatı İkinci dünya müharibəsinin əvvəlinə qədər əkinçilik və maldarlığa əsaslansa da, müharibədən sonra sənaye sürətlə inkişaf etdi. Ölkənin müxtəlif yerlərində çıxarılan neft emal olunur. Zaqreb əhəmiyyətli sənaye mərkəzidir. Varazdin və Karlovakda toxuma, Petrinija və Koprivnicada qida, Sisakda dəmir-polad, Kutinada kimya sənayeləri inkişaf etmişdir. Gəmi nəqliyyatı və turizm əhəmiyyətli gəlir qaynaqlarındandır. 1991-ci ildən başlayan vətəndaş müharibəsi turizmə böyük zərbə vurmuşdur.