Köhnə-Yeni sinaqoq

Köhnə-Yeni sinaqoq (çex. Staronová synagoga; alm. Altneu-Synagoge‎) — Praqa şəhərində hələ də dini mərasimlər üçün istifadə olunan Avropada ən qədim sinaqoqlardan biridir[1]. O, həmçinin Mərkəzi Avropada ən qədim sinaqoqlardan, Yozefov rayonunun isə mühafizə olunmuş ən köhnə binalarından sayılır.

Köhnə-Yeni sinaqoq
Staronová synagoga
Xəritə
50°05′24″ şm. e. 14°25′07″ ş. u.HGYO
Ölkə  Çexiya
Şəhər Praqa
Yerləşir Yozefov
Aidiyyatı Yəhudilik
Tikilmə tarixi 1270
Üslubu Qotika
Vəziyyəti fəaliyyət göstərir
Rəsmi sayt synagogue.cz
İstinad nöm.1-452
Köhnə-Yeni sinaqoq (Praqa)
Köhnə-Yeni sinaqoq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sinaqoqun əsası guman olunur ki, XIII əsrin ikinci yarısında günümüzə qədər saxlanılmış Köhnə şəhərin orijinal salçılıq sahələrinin üzərində qoyulmuşdur (XIII əsrdə daşqından mühafizə tədbirləri çərçivəsində bina Köhnə Şəhərin ümumi səviyyəsindən 1–3 m yüksəldilmişdir)[2].

Sinaqoqun yaradılması, yəhudi qəbiristanlığının meydana gəlməsi ilə birgə Praqanın Nove Mesto rayonunda yəhudi bağının (çex. Židovská zahrada) əsasının qoyulması ilə sıx bağlıdır. Sinaqoq tədricən yəhudi məhəlləsinin mərkəzinə çevrilir. Onun yaxınlığında açıq bir yer mövcud idi, insanlar buraya bazarlıq etmək və ya paltar yumaq üçün üz tuturdular. Çoxsaylı yanğınlar zamanı ətrafdakı taxta evlərdən sinaqoqa alovun keçməməsini və maksimal şəkildə təhlükəsizliyini təmin etmək məqsədilə, bu məkan daha çox yanğından mühafizə alanı funksiyasını yerinə yetirirdi[3].

Bugünki Duşni (çex. Dušní) küçəsində daha qədim sinaqoqun mövcudluğu səbəbindən, bu bina ‘’Yeni’’ sinaqoq adlandırılmışdır. Daha sonralar qədim sinaqoq yenidən qurularaq məktəbə çevrilmişdir və yeni sinaqoq öz üzərinə hər iki dini binanın funksiyasını götürmüş və ‘’’Staronova’’’ (yəni Köhnə-Yeni) adı ilə məşhurlaşmışdır. Tarixi mənbələrdə alimlər həm də “Böyük məktəb” (Velká škola) adı ilə qarşılaşırlar (bu şərəfli ad məhz yeni sinaqoqa verilmişdir)[1]. Başqa bir ehtimala görə, sinaqoqun adı ivrit dilindəki עַל תְּנַאי (al tnay) sözündən yaranıb. Tərcümədə həmin söz "mövzu ilə əlaqədar" mənasını verir və Avropada yaşayan yəhudilərin istifadə etdiyi idiş dilindəki "alt-nay" (yəni köhnə və yeni) ifadəsi ilə eyni cür səslənir[1].

Yəhudi ratuşası və Köhnə-Yeni sinaqoq. Rəsm əsərinin müəllifi - Vatslav Yansa (1859-1913)

Faktiki olaraq sinaqoqun ən qədim hissəsi II Ottokarın hakimiyyəti altında yaşayan yəhudilərin hüquqlarının azad edildikdən sonra, yəni XIII əsrin ikinci yarısında erkən sistersian qotika üslubunda inşa edilmişdir (binanı bəzəyən daxili daş hüceyrələrinin üslub təhlili XIII əsrin sonuna qədər gedib çıxır). Daha sonra sinaqoqun qərb tərəfində qadın qalereyası, cənubdan isə örtülü vestibül əlavə edilmişdir. Bundan başqa, binada qadınlar üçün xüsusi kiçik zal və daha bir giriş yaradılmışdır. 1358-ci ildə sinaqoq imperator IV Karl tərəfindən xüsusi banner və bayraqla təltif edilmişdir. 1389-cu ildə baş vermiş Pasxa kütləvi iğtişaşları zamanı Köhnə-Yeni Sinaqoq binaya daxil olmağa çalışan 3 minə yaxın yəhudinin qırğınına şahid oldu. Qırğından xilas ola bilən ailələr isə yaşadıqları ərazidə qətlə yetirilmişdir. Sinaqoqun divarları 1618-ci ildə baş vermiş əsaslı təmir işlərinə qədər zərər çəkmiş uşaqların və qətlə yetirilmiş qadınların qan izlərini özündə daşıyırdı. Bu hadisələri sinaqoqun əsas zalının şimal və cənub divarlarında yerləşdirilmiş yəhudi yazıları xatırladır. 1716-cı ildə IV Karl sinaqoqun bərpa olunması barədə yeni sərəncam imzalamışdı. 1883-cü ildə sinaqoq purizm üslubunda çalışan memar Yozef Motsker tərəfindən bərpa edilmişdir. Bununla belə bərpa işləri zamanı binanın Parjij (yəni Paris) küçəsinə baxan hissəsindəki tirlər və qotik qalxanlar bir çox digər memarlıq elementləri ilə yanaşı keyfiyyətsiz surətlər ilə əvəz edilmişdir. Motskerin yanlış düzəlişləri qismən 1922-1924-cü illər arasında aparılan təmir-bərpa işləri zamanı aradan qaldırılmışdı. 1966-1967-ci illər arasında Köhnə-Yeni sinaqoqda tarixi yenidənqurma işləri uğurla həyata keçirilmişdi. Bərpa zamanı sinaqoqun interyerini bir zamanlar bəzəyən unikal ivrit yazıları da geri qaytarılmışdı.

1998-ci ilin ikinci yarısında, Köhnə-Yeni sinaqoqda yenidən yenidənqurma işləri həyata keçirilmişdi. Rekonstruksiya işlərinə rəhbərlik edən Yan Kasl Bələdiyyə başçısından qiymətli hədiyyələrə layiq görülmüşdü. Lakin yenidənqurma zamanı, bəzi səhvlər müşahidə olunmuşdu: misal üçün, qazıntılar zamanı arxeoloqlar başlanğıcda təqdim edilməmişdir. Yeniləmə zamanı hava kondisioneri sisteminin müvafiq ölçüdə quraşdırılmadığından, 2006-2007-ci illər arasında bir sıra əlavə tədbirlər həyata keçirilmişdi. İnteryer dizaynerlərinin xətaları nəticəsində orijinal qotik daş skamyalar ciddi zədələnmişdi.

Binanın təsviri

[redaktə | mənbəni redaktə et]
Sinaqoqun ümumi planı

İkinefli quruluşa malik olan interyer iki böyük sütun tərəfindən dəstəklənən altı tağla əhatələnmişdir. Binanın bu hissəsində onun ən qədim divar hissələri saxlanmışdır. Onunla həmçinin müxtəlif əfsanələr də bağlıdır. Əfsanələrin birinə görə, qədim sinaqoqun təmələbənzər daş qalıqlarını həyətdə oynayan uşaqlar aşkar etmişdir. O zaman ağsaqqallar sinaqoqun mələklər tərəfindən viran olmuş Qüds məbədindən Vltava sahilinə gətirdiklərini bildirdilər. Bu fərziyyəni həmin gün Yerusəlimdən qonaq gəlmiş alimlər də təsdiq etmişdir[4]. Onlar bu daşların üzərində Yerusəlimdə olduğu kimi məbəd qurmağı tövsiyə etmişdilər.

" Qoy tağ iki sütun üzərində yerləşsin, aşağıda yerləşəcək zirzəmiyə isə doqquz pillə aparsın. Əgər sinaqoq bu tələblərə uyğun şəkildə inşa edilsə, ona nə müharibə, nə su, nə də yanğın zərər verməyəcək və o yüzilliklər boyu qalacaqdır. "

Bu Praqadakı bir çox əfsanələrdən biri hesab olunur. Doğru və ya uydurma olmasından asılı olmayaraq, Köhnə-Yeni sinaqoq artıq yeddi əsr boyunca öz yerində dayanır. O bir çox yəhudi iğtişaşlarından və 19-cu əsrdə ətrafdakı bütün gecəqonduların təmizlənməsindən sovuşmuşdur. Və bu günə kimi bu bina Praqa yəhudilərin dini mərkəzi hesab olunur. Sinaqoqda, ortodoksal ənənəyə uyğun olaraq, müxtəlif ayinlər zamanı kişi və qadınlar üçün yerlər ayrıdır. Qadınlar əsas odaya aparan və kiçik pəncərədən ibarət xarici otaqda əyləşirlər. Dam karkası, fronton və yan divarlar orta əsrlərdə yaradılmışdır[4].

Sinaqoqun qeyri-adi xüsusiyyətlərindən biri - qərb sütunundakı ştandartın üzərində quraşdırılmış böyük bayraq, Shema Yisrael mətni və XV əsrdə Praqa yəhudi icmasının simvoluna çevrilmiş yəhudi papağıdır. İcmanın muxtariyyət simvolu sayılan bayraq əldə etmək hüququ, Müqəddəs Roma imperatoru II Ferdinand tərəfindən Praqa şəhərini İşveç ordusunda mühafizə edən yəhudilərin tanınması kimi verilmişdir. Mövcud bayraq isə yəhudilərə Habsburq sülaləsindən olan IV Karl tərəfindən verilmişdir (bayraq bütün ziyarətçilərə nümayiş olunur)[4].

Sinaqoqun arxasında kiçik bir parkda Musanın heykəli yerləşdirilmişdir. Bürünc heykəl 1905-ci ildə heykəltaraş Frantişek Bilek tərəfindən hazırlanmışdır. II Dünya müharibəsi zamanı heykəl almanlar tərəfindən əridilmiş, lakin 1946-cı ildə heykəl Bilekin dul arvadı tərəfindən qorunub saxlanılmış gips modelə əsaslanaraq bərpa edilmişdi və 1947-ci ildə Musanın heykəli sinaqoqun yaxınlığında, öz orijinal yerinə geri qaytarılmışdı.

Bir zamanlar Köhnə-Yeni sinaqoq qaranlıq və tutqun idi, çünki günəş işığı yalnız dar balaca pəncərədən içəri daxil olurdu. Daha sonralar vitraj divarına əlavə edilmiş iki şərq rozettləri də hissolunacaq qədər vəziyyəti dəyişməmişdir. Hal-hazırda sinaqoq XVII və XVIII əsrlərə aid bürünc çilçıraqlara quraşdırılmış elektrik lampalar ilə parlaq şəkildə işıqlandırılır. Divarlarda yerləşən barok latun reflektorlar (əks etdiricilər) ətrafa əlvan rənglər salır.

Şayiələr və xüsusiyyətlər

[redaktə | mənbəni redaktə et]

Köhnə-Yeni sinaqoqa ilə bağlı çoxlu sayda rəvayətlər mövcuddur. Praqanın yəhudi xalq əfsanələri içərisində ən geniş yayılmışı - ‘’’Qolem’’’ adlı süni şəkildə yaradılmış adam haqqındadır. Qolem - rəvayətə görə Praqa şəhərinin baş ravvini, məşhur talmudçukabbalist Yəhuda Löv ben Betsalel (və ya Maharal) adlı saleh ravvin tərəfindən yəhudi xalqının müdafiəsi üçün gildən yaradılmış nəhəngdir[5]. O müxtəlif "qara" işlərin keçirilməsi, yəhudi icması ilə əlaqədar çətin tapşırıqların həlli və ən əsası - vaxtında müdaxiləsi nəticəsində qanla sonu bitəcək böhtanların qarşısını almaq üçün yaradılmışdır.

Öz vəzifəsini yerinə yetirdikdən dərhal sonra, qolem toza çevrilir. Bundan sonra Qolem guya hər 33 ildən bir yenidən doğulur. Bu əfsanə XVII əsrin əvvəllərinə aiddir[6]. Rəvayətə görə, şəhər hakimi gil məxluqdan qorxaraq ravvin Lövə şərt qoyur: əgər o dəhşətli Qolemi məhv etsə, Praqa şəhərində yəhudilərin sıxışdırılmasına son qoyulacaq. Ravvin bu şərti qəbul edir. O, sadəcə olaraq bədheybətin alnında yazılmış "Emet" sözünün birinci hərfini silir və bunun nəticəsində alındakı yazı "Met" (yəni ölü) sözünə çevrilir. Həmin dəqiqə Qolem həlak olur.

Görkəmli ravvinlər

[redaktə | mənbəni redaktə et]

Maharal ilə yanaşı, sinaqoqda ravvin və onun şagirdi Yom Tov Lipmann Heller, kabbalist Yeşaya Horovitz, Yezekel Landau yaxud Şlomo Yehuda Rapaport kimi görkəmli şəxslər işləyib. Hazırda sinaqoqun ravvini Karol Sidondur.

  • Jiří Fiedler. "Židovské památky v Čechách a na Moravě" (çex). Sefer. 1992. (#cite_web_url)
  • Ivan Prokop, Jiřina Chrastilová. "Devět židovských cest" (çex). Paseka. 2008. (#cite_web_url)
  • Jan Muk, Dobroslav Líbal. "Staré město pražské - architektonický a urbanistický vývoj" (çex). Lidové noviny. 1996 Praha. (#cite_web_url)
  • Eva Obůrková. "Kam v Praze" (çex). Computer Press. 2006, Brno. (#cite_web_url)
  • Vratislav Václav Tomek. "Pražské židovské pověsti a legendy : Sbírka staropražských historických pověstí a legend židovských od nejstarších dob pohanských v Čechách" (çex). Končel. 1932, Praha.[ölü keçid]
  • Pavel Vlček. "Umělecké památky Prahy. Staré město, Josefov" (çex). Academia. 1996.[ölü keçid]
  1. 1 2 3 "Old-New Synagogue". Jewish Museum in Prague. 2008-02-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-11-19.
  2. David Wallace, Preface, Anne's Bohemia; Czech Literature and Society, 1310–1420, by Alfred Thomas University of Minnesota Press, 1998, p. xi.
  3. Carol Herselle Krinsky, Synagogues of Europe: Architecture, History, Meaning, Dover Publications, 1996.
  4. 1 2 3 H.A. Meek, The Synagogue, Phaidon, 1995, p. 93.
  5. "The Golem". Temple Emanu-El of San Jose. 2013-09-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-11-19.
  6. "The Golem Lives On". Jewish Post. 2010-09-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-11-19.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]