Kürən axşam yarasası

Kürən axşam yarasası (lat. Nyctalus noctula) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinin axşam yarasası cinsinə aid heyvan növü. Xəzi qəhvəyi-kürən rəngdə olan iri yarasadır. Kütləsi 23,0–40,0 q, bədəninin uzunluğu 67,0–80,0 mm-ə, bazusunun uzunluğu 51,0–56,0 mm-ə çatır.

Kürən axşam yarasası
Elmi təsnifat
Beynəlxalq elmi adı

Avropada, Şimali Afrikada, Asiyada yayılmışdır. Azərbaycanın bütün ərazisində meşə landşaftlarında və orada yerləşən yaşayış məntəqələrində rast gəlinir. Dəniz səviyyəsindən 1000 m-dək hündürlükdə yerləşən ərazilərdə tapılmışdır.

Yaşayış yeri və həyat tərzi

[redaktə | mənbəni redaktə et]

Azərbaycanın qərbində oturaq, şərqinsə isə Rusiyanın Şərqi Avropa vilayətlərində (çox güman ki, Volqa boyunda) yaylayan köçəri populyasiya təmsil olunmuşdur. Xəzəryanı ovalıqlarda ilk baharda nisbətən bol olan axşam yarasalarının sayı mayın 2-ci yarısından sonra kəskin şəkildə azalmışdır. Axşam yarasalarının sığınacaqları həm koğuşlar, həm də tikililərlə bağlıdır. Çox vaxt, xüsusən Tuqay meşələrində ağyarpaq qovaqların gövdəsindəki boşluqlarda məskunlaşırlar. İyunun birinci yarısında çoxalmağa başlayır, bir nəsildə 1–2 bala olur. Yığın yerlərində, xüsüsən axşam və səhər saatlarında çox səs-küy salır, çox vaxt sığınacaqdan xeyli məsafədə səsləri eşidilir. Yayda alaqaranlıq vaxtı, yazda isə bir qədər işıqlı havada görünürlər. 30–50 dəqiqədən sonra yemlənən heyvanların sayı kəskin şəkildə azalır. Yem dalınca uçan axşam yarasaları adətən birlikdə eyni istiqamətdə yönəlirlər. Qidanın əsasını böcəklər, iri kəpənəklər təşkil edir.

Yığınlarda heyvanların sayı çox vaxt 30-dan artıq olmamışdır. A. P. Kuzyakinin (1950) məlumatına görə isə 1939-cu ilin iyun-avqustunda Gəncə məscidlərinin çardaqlarında hərəsində 150–200 axşam yarasası olan 2 koloniya yaşamışdır. Tuqay meşələri sahələrində bu heyvanların məskunlaşma sıxlığı hər km2-də 10-a yaxın olmuşdur.

  1. Integrated Taxonomic Information System (ing.). 2004.
  2. Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0