Kürfürst (alm. Kurfürst, (ⓘ), hərfi mənada — "seçilmiş knyaz", Kür — "seçki" və Fürst — "knyaz"; lat. princeps elector imperii) və ya qısaca seçicilər, Müqəddəs Roma İmperiyasının imperatorunu seçən seçki kollegiyasının üzvləri idi. Reyxstaqlarda seçici knyazlar xüsusi kollegiya təşkil edirdilər, imperator və ya kraldan sonra gəlirdilər[1]. Onlar Müqəddəs Roma İmperiyasının sarayından azad idilər, onların mülkləri (knyazlıqları) bölünməz idi və onların Reyxstaqların təyin edilməsində iştirak etmək hüququ var idi. Kürfürstlərin xüsusi nişanları var idi: kürfürst geyimi və papaqları olurdu. 1806-cı ildə Müqəddəs Roma İmperiyasının ləğvi ilə kürfürst titulları da bitdi, təkcə Hessen-Kassel 1866-cı ilə qədər onu saxladı.
Kürfürstlər Kollegiyası (alm. Kurfürstenrat), Almaniya Arxkansleri vəzifəsində Mayns knyaz-Arxiyepiskopu tərəfindən idarə olunurdu.[2] Yeddi kürfürst 1356-cı il Qızıl Fərmanı tərəfindən təyin edilmişdi. Hər bir kürfürst müasir Nazirlər Kabinetinə bənzəyən "İmperiyanın Böyük Dəftərxanası"na (alm. Reichserzämter) sahib idi və İmperator sarayının üzvü idi. Üç ruhani seçici arx-kansler (alm. Erzkanzler) idi. Yerdə qalan altı nəfər dünyəvi kürfürstlər idi və onlara saraydakı mövqelərini əks etdirən gerb simvolları verilmişdi.
Adı | Növü | Vəzifəsi |
---|---|---|
Mayns knyaz-arxiyepiskopu | Ruhani | Almaniyanın baş kansleri |
Köln knyaz-arxiyepiskopu | Ruhani | İtaliyanın baş kansleri |
Trir knyaz-arxiyepiskopu | Ruhani | Burqundiya baş kansleri |
Bohemiya krallığı | Dünyəvi | Baş saqi |
Pfals kürfürstlüyü | Dünyəvi | Baş mehmandar |
Saksoniya kürfürstlüyü | Dünyəvi | Baş marşal |
Brandenburq markqraflığı | Dünyəvi | Baş kamerlen |
Bavariya hersoqu 1623 və 1648-ci ildə Vestfaliya Sülhünə uyğun olaraq kürfürst kollegiyasında yer tutanda, onların sayı səkkizə yüksəldi və "baş xəzinədar" titulu aldı. 1692-ci ildə Hannover kürfürstü (rəsmi olaraq Brünsvik-Lüneburq) Doqquzillik müharibə zamanı "baş bayraqdar" kimi doqquzuncu kürfürst oldu.
Bavariya vərasət müharibəsindən sonra 1779-cu ildə Tesxen müqaviləsi nəticəsində Pfals və Bavariya kürfürstlükləri birləşdirildi. 1803-cü ildə Alman mediatizasiyası nəticəsində Köln və Trir knyaz-arxiyepiskopluqları ləğv edildi. Mayns knyaz-arxiyepiskopu və baş kansler İnqilabçı Fransa tərəfindən işğal edilmiş itirilmiş ərazisinə görə kompensasiya olaraq yeni qurulan Regensburq knyazlığını aldı. Daha sonra 4 dünyəvi kürfürst daha siyahıya əlavə edildi:
Lakin bu dəyişikliklər az təsir göstərdi, çünki II Fransiskin Müqəddəs Roma İmperatoru kimi taxtdan əl çəkməsi ilə imperiya yalnız üç il sonra dağıldı.