Diplomatlar |
---|
Kənd təsərrüfatı attaşesi — bir ölkənin xarici nümayəndəliyində kənd təsərrüfatı sahəsi üzrə ixtisaslaşmış diplomatik nümayəndə. Bu vəzifədə olan şəxs, ölkəsinin kənd təsərrüfatı maraqlarını xarici ölkələrdə təmsil edir, həmin ölkədəki kənd təsərrüfatı siyasətləri və ticarət münasibətləri haqqında məlumatlar toplayır və öz hökumətinə məsləhətlər verir. Kənd təsərrüfatı attaşesi kənd təsərrüfatı ticarəti, ərzaq təhlükəsizliyi, iqlim dəyişikliyi və digər sahələrdə beynəlxalq əməkdaşlığı və dialoqu təşviq edir.[1]
Kənd təsərrüfatı məhsullarının ixracını artırmaq və bazar imkanlarını genişləndirmək üçün yerli şirkətlərə və hökumətə dəstək olmaq kənd təsərrüfatı attaşesinin başlıca vəzifələrindəndir. Vəzifəli şəxs təyin edildiyi ölkədəki kənd təsərrüfatı siyasətlərini, qanunvericilik dəyişikliklərini və ticarət qaydalarını izləyərək məlumatları öz hökumətinə çatdırır. Xarici ölkələrdəki kənd təsərrüfatı məhsullarının keyfiyyətinə, sanitariya və fitosanitar standartlara uyğunluğunu təmin etmək üçün tənzimləyici qurumlarla əlaqə saxlayır.[2] Kənd təsərrüfatı sahəsində beynəlxalq müqavilələr, sazişlər və ticarət danışıqlarında iştirak etmək, hökumətlərarası razılaşmaları təşviq etmək və təmsil etdiyi ölkənin maraqlarını müdafiə etmək də kənd attaşesinin başlıca vəzifələrindəndir. Kənd attaşesi təyin olunduğu ölkədə kənd təsərrüfatı sektorunda baş verən yeniliklər və tədqiqatlarla bağlı məlumatlar toplayaraq, bu barədə öz ölkəsinin kənd təsərrüfatı nazirlərinə və iş adamlarına tövsiyələr verir. Kənd təsərrüfatı məhsullarının beynəlxalq sərgilərdə nümayiş etdirilməsi və bazarda tanınması üçün yerli və beynəlxalq tədbirlərdə iştirak edir. Kənd təsərrüfatı bazarlarına, ticarətə və siyasətlərə dair hesabatlar hazırlamaq və onları hökumətə təqdim edir. Bu vəzifə, kənd təsərrüfatı sektorunun inkişafı və ticarət əlaqələrinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.[3]