Missiyanın rəhbəri

Missiyanın rəhbəri — bir ölkəni xaricdə təmsil edən diplomatik nümayəndəliyin ən yüksək vəzifəli şəxsi.

Diplomatiyada rolu

[redaktə | mənbəni redaktə et]

Diplomatiyada "missiya rəhbəri", adətən səfir, daimi nümayəndə, baş konsul və ya yüksək rütbəli diplomat olur. Missiya rəhbəri təyin edildiyi ölkədə və ya beynəlxalq təşkilatda öz ölkəsinin maraqlarını təmsil edir və müdafiə edir.[1] Eyni zamanda diplomatik əlaqələri və qarşılıqlı əməkdaşlığı inkişaf etdirir. Onun əsas vəzifələrinə ikitərəfli münasibətlərin təşviqi, siyasi, iqtisadi və mədəni əlaqələrin qurulması və müzakirələrin aparılması daxildir. Missiya rəhbərinin fəaliyyəti diplomatik missiyanın rəhbəri olaraq geniş və çoxşaxəlidir. Onun bir sıra vəzifə və öhdəlikləri vardır. Birinci növbədə təmsilçilik vəzəifəsi gəlir. Missiya rəhbəri öz ölkəsini xarici dövlətdə və ya beynəlxalq təşkilatda rəsmi olaraq təmsil edir. O, ev sahibi ölkənin hökuməti və ya təşkilat rəhbərliyi ilə rəsmi əlaqələr qurur və öz ölkəsinin mövqeyini müdafiə edir. İkinci vəzifəsi diplomatik əlaqələrin qurulması və idarə edilməsi ilə bağlıdır. Missiya rəhbəri ev sahibi ölkə ilə ikitərəfli əlaqələri inkişaf etdirmək, mövcud problemləri həll etmək və əməkdaşlıq üçün yeni imkanlar tapmaq üçün məsuliyyət daşıyır. O, siyasi, iqtisadi, mədəni və sosial sahələrdə əməkdaşlıq müqavilələri hazırlayır və həyata keçirir. Üçüncü vəzifəsi maraqların qorunmasının təmin edilməsidir. Missiya rəhbəri öz ölkəsinin və vətəndaşlarının hüquqlarını və maraqlarını qoruyur. Bu, zərurət yarandıqda konsulluq xidmətlərinin göstərilməsini, vətəndaşların hüquqi və siyasi dəstəyini əhatə edir. Başqa vəzifəsindən biri də məlumatları toplama və məruzə etməkdir. Missiya rəhbəri ev sahibi ölkədəki siyasi, iqtisadi və sosial vəziyyətlə bağlı məlumatlar toplayırvə bu məlumatları öz hökumətinə məruzə edir. Bu məlumatlar ölkənin xarici siyasətinin formalaşdırılmasında mühüm rol oynayır. Danışıqlar aparmaq da missiya rəhbərinin vəzifələrindən biridir. Missiya rəhbəri xarici siyasət məsələlərində ev sahibi ölkə ilə danışıqlar aparır. O, ölkəsinin maraqlarını müdafiə etmək və ya mübahisəli məsələləri həll etmək üçün diplomatik vasitələrlə çalışır. Konsulluq funksiyaları da missiya rəhbərinin vəzifələri sırasında yer alır. Səfirlik və ya konsulluğun nəzdində fəaliyyət göstərən konsulluq bölmələri missiya rəhbərinin rəhbərliyi altında xaricdə yaşayan və ya səyahət edən vətəndaşlara dəstək göstərir. Onlar vizalar, pasportlar və digər konsulluq xidmətləri ilə bağlı məsələləri həll edirlər. Mədəniyyət və ictimaiyyətlə əlaqələr yaratmaq da missiya rəhbərinin öhdəlikləri sırasındadır. Missiya rəhbəri iki olkə arasında mədəni və elmi mübadilələrin təşviqinə dəstək olur. O, həmçinin media ilə əlaqələri idarə edir və ölkəsinin imicini möhkəmləndirmək üçün ictimaiyyətlə əlaqələr tədbirlərini həyata keçirir. Missiya rəhbərinin fəaliyyəti həm diplomatik etikete uyğun olmalı, həm də ikitərəfli münasibətlərdə tarazlığı qorumaq bacarığı tələb edir.[2]

  1. Denza, Eileen. 15 – Classes of Heads of Mission // Diplomatic Law: Commentary on the Vienna Convention on Diplomatic Relations (Book series) (ingilis) (Fourth). Oxford, UK: Oxford University Press. 14 January 2016. ISBN 9780198703969. 14 March 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 January 2023.
  2. "U.S. Diplomatic Missions: Background and Issues on Chief of Mission (COM) Authority". www.everycrsreport.com (ingilis). 27 February 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 June 2023.