Kamran Qurbanəli oğlu Kazımov (7 dekabr 1990, Voloqda vilayəti – 5 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi.
Kamran Kazımov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 7 dekabr 1990 |
Doğum yeri | |
Vəfat tarixi | 5 oktyabr 2020 (29 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Daxili İşlər Nazirliyi |
Qoşun növü | Daxili Qoşunlar |
Xidmət illəri | 2010-cu ildən |
Rütbəsi | Baş leytenant |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Cəbrayılın azad edilməsi |
Təltifləri |
|
Kamran Kazımov 1990-cı il dekabrın 7-də Rusiya Federasiyasının Voloqda vilayətinin Vaşhi rayonunda anadan olub.[1] Onun atası — Qurbanəli Kazımov 1992-ci ildən 2013-cü ilə qədər Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının sıralarında müxtəlif vəzifələrdə xidmət edib. 1992-ci ilin iyul ayından ailəi ilə birgə Azərbaycanda yaşamağa başlayıb. Kamran Kazımov 1997–2008-ci illərdə Xətai rayonunun 63 nömrəli tam orta məktəbində təhsil alıb.
Ailəli və 2 övlad atası idi.
2010-cu ildə Xətai Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb və 2011-ci ilə qədər Daxili Qoşunların sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurduqdan sonra Kamran Kazımov müddətdən artıq hərbi xidmətə başladı və xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsində davam elədi.
2012–2014-cü illərdə Daxili Qoşunların Ali Hərbi Məktəbində təhsil alıb və ona "leytenant" hərbi rütbəsi verilib. 2014-cü ildən Daxili Qoşunların sıralarında müxtəlif vəzifələrdə xidmət edib. 2018-ci ilin iyul ayından Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Dəstəsində Qrup Komandiri vəzifəsində xidmət edib. 2020-ci ilin avqust-sentyabr aylarında Xüsusi Təyinatlı Qüvvələrdə təlimlərdə olub.
Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş leytenantı olan Kamran Kazımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ağdərə istiqamətində bir sıra strateji nöqtələrin azad olunmasında fərqlənib, həmçinin Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Kamran Kazımov oktyabrın 5-də Cəbrayılın azad edilməsi zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamran Kazımov "Qarabağ" ordeni ilə təltif edildi.[2]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamran Kazımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamran Kazımov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.[4]