Atlanta şəhərində doğulub, Çikaqoda böyüyən Kanye Vest 2000-ci illərin əvvəllərində Roc-A-Fella Records səsyazma şirkətində gördüyü prodüserlik işləri ilə məşhurlaşmağa başlayıb.[8][9] O, müxtəlif sənətçilərin sinqlları üçün prodüserlik etmiş, həm də "chipmunk soul" sempl üslubunu təkmilləşdirmişdir. Kanye 2004-cü ildə GOOD Music səsyazma şirkətini təsis edir. Onun buraxdığı ilk altı studiya albomu Rolling Stone tərəfindən 2020-ci ildə tərtib edilmiş "Bütün zamanların ən möhtəşəm 500 albomu" siyahısına daxil edilmişdir. Kanye bir çox sənətçi ilə ortaq albom hazırlamışdır – Jay-Z ilə "Watch the Throne" (2011), Kid Cudi ilə "Kids See Ghosts" (2018) və nəhayət Ty Dolla Sign ilə "Vultures 1" (2024)
Dünyanın ən çox musiqi satışı həyata keçirən musiqiçilərindən biri olan Kanye, 160 milyondan çox səsyazma satmağa nail olmuşdur. Kanye 24 "Qremmi" qalibi olmuş, 75 dəfə namizədlik əldə etmiş, həm də Jay-Z ilə birlikdə ən çox mükafat qazanan repçilərdən biri olmuşdur.[10][11]Time jurnalı onu 2005 və 2015-ci illərdə "100 ən nüfuzlu" insanlardan biri adına layiq görüb. Dəb dizayneri kimi Kanye, Nike, Louis Vuitton, Gap, A.P.C. moda markaları ilə tərəfdaşlıq etmişdir. O, Adidas ilə birlikdə Yeezy ayaqqabılarını təqdim etmişdir. Kanye eləcə də Donda məzmun şirkətinin əsasını qoyub.
Kanye Vestin açıq sözlü fikirləri medianın böyük marağına səbəb olmuşdur. O, sosial mediada, mükafat mərasimlərində və ictimai yerlərdə çoxsaylı qalmaqallara səbəb olub.[12] Kanye musiqi və moda sənayesi, ABŞ siyasəti, irq və köləlik haqqında mübahisəli fikirlər bildirib. Onun xristian inancı, Kim Kardaşyanla evliliyi və psixi sağlamlığı medianın diqqət mərkəzində olub.[13][14] 2020-ci ildə Kanye prezidentlik üçün namizədliyini irəli sürüb. Bununla belə, 2022-ci ildə o, geniş qınaqla üzləşib və antisemitist bəyanatlar verdikdən sonra Adidas, Gap və Balenciaga kimi böyük markalardan tərəfdaşlığını itirib.[15][16] 2022-ci ilin noyabrında o, 2024-cü il prezident seçkilərində namizəd olacağını bəyan edib və Nik Fuentes adlı ağ irqçi ilə ictimaiyyətə görünüb. Kanye Vest hətta Adolf Hitleri tərfiləyib, Holokostu inkar edib[17][18] və özünü nasist kimi qələmə verib, bu da mübahisələri daha da artırıb.
Kanye Vest 8 iyun 1977-ci ildə Corciya ştatının Atlanta şəhərində doğulub.[19][20] Üç yaşında ikən valideynləri boşanmış və o, anası ilə birlikdə İllinoys ştatının Çikaqo şəhərinə yaşamışdır.[21][22] Atası Rey Vest Qara Pantera partiyasının üzvü idi, həmçinin o, "The Atlanta Journal-Constitution" qəzetində çalışan ilk qaradərili fotojuranlistlərindən biri olmuşdur.[22] Anası Donda Vest, Klark Atlanta Universitetində ingilis dili professoru kimi çalışırdı. Eyni zamanda Çikaqo Dövlət Universitetində İngilis dili kafedrasının sədri vəzifəsində idi.[23]
Kanye orta səviyyəli bir mühitdə böyüyüb. İllinoys ştatının Ouk-Lon şəhərindəki Polaris Fərdi Təhsil Məktəbində gedib.[8] 10 yaşında anasının işi ilə əlaqədar olaraq Çinin Nankin şəhərinə köçüb.[24] Orada sinifin yeganə əcnəbi şagird idi. Buna baxmayaraq bu ölkənin mədəniyyətinə və dilinə tez uyğunlaşıb.[25] Sözlərinə görə dərslərindən əla qiymətlər "A və B" alırdı.[26]
Kanye Vest erkən yaşlarında incəsənətə maraq göstərib.. O, beş yaşında şeir yazmağa, üçüncü sinifdə ikən isə rep oxumağa başlayıb.[27] Yeddinci sinifdə o, bəstələdiyi musiqiləri başqa sənətçilərə pul qarşılığında satırdı.[28] Onun gənc yaşlarında prodüser No I.D. ilə yolları kəsişmişdir. Bu şəxs, sonradan Kanye Vestin dostu və mentoru olub.[29] Məktəbi bitirdikdən sonra Kanye 1997-ci ildə Çikaqodakı Amerika Rəssamlıq Akademiyasına qəbul edilmiş, lakin, sonralar oranı yarıda qoyaraq ingilis dili və ədəbiyyət üzrə təhsili almaq üçün Çikaqo Dövlət Universitetinə daxil olmuşdur. 20 yaşında ikən universiteti tərk edərək musiqi karyerasına start vermişdir. Bu qərar əvvəlcə onun anasını məyus etmişdi. Sonradan anası Kanyenin bu seçiminə hörmətlə yanaşıb.
Kanye Vestin sərvəti 2021-ci ildə 1,8 milyard dollar təşkil edib.[30] 2022-ci ildə Kanye Vest yəhudilər haqqında mənfi şərhlər verib və bu, ictimaiyyətin və medianın əks reaksiyası və tənqidi ilə nəticələnib. Yeezy markası üçün Kanye ilə tərəfdaşlıq edən idman geyimləri şirkəti Adidas, bu fikirlərə görə onunla ortaqlığını dayandırmaq qərarına gəlib. Nəticə olaraq Kanye 400 milyon dollar itirib, çünki Adidas ilə müqaviləsi onun üçün əsas gəlir mənbəyi idi.[31]
2021-ci ilin avqustunda Kanye Vest şəxsi səbəblərə görə adını qanuni olaraq "Kanye Omari West"dən sadəcə "Ye"yə dəyişdirmək üçün müraciət edib.[32][33] Müraciət eyni ilin oktyabrında qəbul edilib.[34] Kanye 2018-ci ildən bəri adını dəyişdirməyi düşünürdü və illərdir ki, "Ye" təxəllüsündən istifadə edirdi. 2018-ci ildə Kanye müsahibəsində bu haqda danışıb: "Ye İncildə ən çox istifadə edilən sözdür. Bu "sən" mənasına gəlir. Və bununla mən sənəm. Mən bizik. Bu, yeganə mənasını verən Kanye olmaqdan sadəcə Ye-yə çevrildi."